Ana səhifə BAŞ YAZI Pıçıltılı və həzin misralar-VAHİD ASLAN poeziyası haqqında

Pıçıltılı və həzin misralar-VAHİD ASLAN poeziyası haqqında

Müəllif: Bizim Yazı
1. 198 baxış

 Şair Vahid Aslanın “Yağış havası” kitabı masamın üstündədir.
Kitabdakı şeirləri oxuduqca onun misralarında hay-küysüz, qışqırtısız bir səs, sevgi pıçıltısı eşidirəm. Həm də o pıçıltıda bir dağ bulağının sakit şırıltısına bənzəyən bir həzinlik duyuram. Necə də gözəldir, poeziya əslində öz təbiiliyi ilə müqəddəsmiş:

 

Dağlar, yenə darıxmışam şəhərdə,

“Sarıtel”in yanğısı var içimdə.

Dağlar, xatırlayın, siz məni hərdən,

Ağır-ağır obaların köçündə…

 

Onun hər şeirində böyük məna yükü var. Həmin “Dağlar” şeirində yamaclarda nərgizin, bənövşənin açmasından, dərələrin yuxusunun qaçmasından, zirvələrin qarının əriyib çaylara sarı üz tutmasından poetik bir dillə təsvir edilir. Şair  Vətən torpağının “döşündə bulaq”, “meşəsində quzqulaq” olub bitməyi arzulayır. Məncə Vətən sevgisi bundan yaxşı verilməz. Ana məhəbbəti də cod əlləri ilə saçımıza çəkdiyi incə bir sığalla başlayıb. Mənə elə gəlir ki, ilin fəsilləri də ömrün fəsilləri kimidir. Vahid müəllimin fəsillərə, həyata öz baxışı var. Həm də mənalı, dürüst, düşündürücü:

 

Dərələr kədərli,

Zirvələr fikirli,

Yollar yorğun kimidi,..

Ağacların yarpağı

Payızın sarı simidi,

Külək oxuyur yenə

Ayrılıq şərqisini…

 

Bu misraları tələsik oxusan husnü pozular, asta-asta, düşünə-düşünə oxumaq lazımdır Vahid Aslan poeziyasını. Onun şeirləri çox genişdir. Vahid Aslan şeirlərində həm mənalı sözlərdən istifadə edir, həm də adi sözləri mənalı ifadəyə çevirməyi bacarır.

 

Yolu atlı oldu, sözü qanadlı,

Şığıyıb zamanı ötdü bu atlı,

Bir gün də gördükü, ölməzlik adlı

Nəğməsi qonubdu milyon dodağa.

 

Bu misralar şairin İlyas Tapdığa həsr etdiyi şeirdəndir. Zahirən adı görünən bu misralar əslində çox əzəmətlidir.

Vahid Aslan poeziyası təsadüfən yaranan və sıradan olan poeziyalar silsiləsindən deyil. Orada böyük şair Rəsul Rza ənənəsi, Əli Kərim axıcılığı var. Onun şeirləri doğulub-böyüdüyü torpağın bulaqları kimi dumdurudur. Şairin “Çətindərə” şeirini oxuyuram. İlk baxışda adama elə gəlir ki, nə çoxdur vətən torpağında dağlar, dərələr… Burada qeyri-adi nə var ki… Oxuduqca duyursan ki, yox, vətən torpağının bir parçasının gözəlliyi, təmiz havası, buz bulaqları ilə yanaşı daha geniş məna kəsb edir. Mövzu ictimailəşdirilir:

 

Şairim, ilğıma düşən çağındı,

Ən gözəl təbiət şeiridi bura.

Elə tanrıya da daha yaxındı,

Dünyanın ən gözəl yeridi bura…

 

Çətindərə təkcə yaylaq deyil. O Vətən torpağının bir parçasıdır. Ona görə də əzizdir, təmizdir, unudulmazdır, ayrılmaq  çətindir. Bax, Vahid Aslan poeziyasının dərinliklərinə baş vurduqca gəldiyim əsas qənaət də budur.

Vahid Aslan poeziyası rəngarəng bir çəmənliyi xatırladır. Əlvan çəmənlikdə adam hansı çiçəyə yaxınlaşmağı seçə bilmədiyi kimi şairin şeirləri də həyati mövzularla doludur. Vətən məhəbbəti, ataya hörmət, anaya sevgi, övlada rəğbət bir-birini əvəz edir. Onun şeir kitabını əlindən yerə qoymaq istəmirsən. Axı o şox gözəl və mənalı həmsöhbətdir. Vahid müəllimin qəhrəmanı öz istədiyinin nazını şəkməyi bacarır.

 

Özüm bilirəm niyə,

Sığmırsan yerə-göyə,

Nazını şəkim deyə,

Mənə naz eyləyirsən.

Gülüm düzünü bilsən,

Elə yaxşı ki, hərdən,

Mənə naz eyləyirsən…

 

Bu bir gənclik müraciətidir, əbədi sevginin mənalı təzahürüdür.

Vahid Aslan poeziyasının əsas özəyi Vətən məhəbətidir:

 

Asta vur torpağa ayaqlarını,

Vətən torpağını əzərsən, yavaş.

Əymə o ağacın budaqlarını,

Budağı kökündən üzərsən, yavaş.

 

Ümid edirəm ki, bu qəbildən olan şeirlər gələcəkdə dərsliklərə düşəcək, şirin-şəkər övladlarımız bu şeirlərdən bəhrələnəcək. Şair özü də ictimaiyyətçidir, o daim kollektiv arasında, dost sırasındadır, eli bəhərləndirir, özü də eldən bəhrələnir. Folkloru, xalq ədəbiyyatını çox gözəl bilir, hər şeirinin kökü xalqa bağlıdır. Vahid Aslan tanınmış yazıçı Qərib Mehdiyevin dərnəyində yetişənlərdəndir. Mərhum şair İ.Tapdıq Qərib Mehdiyevə həsr etdiyi şeirdə yazırdı:

 

Qəribəm, mənanı arama adda

Qərib ha deyiləm ədəbiyyatda…

 

Qərib Mehdiyevin müəllimlərin həyatından yazdığı “Əlifba kitabı” povesti indi də sevilə-sevilə oxunur. Vahid Aslan belə bir müəllimdən ilk dərsini aldı.

Vahid Aslan yaradıcılığında diqqəti daha çox cəlb edən şəhid şairə həsr edilən “Nizami Aydın” poemasıdır. Nizami Aydın da Qərib müəllimin ədəbi dərnəyində yetişən bir şair olmuşdur. Nizami Aydın 31 yaşında Qarabağın müdafiəsi uğrunda “Tərlan” ləqəbli tankı ilə vuruşmuş, özünün yanıb kül olması hesabına 40 nəfər əsgəri düşmənə əsir düşməkdən xilas etmişdir. Poema ağır, lakin ümidli bir sonluqla qurtarır:

 

Qeyb olub, ümid var bir də doğulsun,

Qəbri qazılmayan Nizami Aydın.

Qardaş, balalara and yeri olsun,

Sənin şəhid adın, Aydın soyadın.

 

Vahid Aslan ədəbi yaradıcılıqla bərabər, həm də elmi araşdırmalarla, publisistik və populyar məqalələr hazırlamaqla məşğuldur. Bu dünyagörüşlü yanaşma şairin şeirlərində də duyulur.

“Yağış havası” Vahid Aslanın sayca 9-cu şeirlər kitabıdır. O, çox müqəddəs bir yoldadır. Ona səmimiyyətlə uğurlar diləyir, müvəffəqiyyətlər arzulayıram.

Cəmil Hüseynli 

 

 

 

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.