Ana səhifə BAŞ YAZI Hardasan dünyanın halal Adamı

Hardasan dünyanın halal Adamı

Müəllif: Bizim Yazı
697 baxış

Bizim Yazı tanınmış şair İbrahim İlyaslının şeirlərini təqdim edir:

Necəsən?

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

Hardasan dünyanın halal Adamı

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.

Torunu sudan çək, balıqçı baba

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var –
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır –
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

Bilirəm

Olur bil də “olmaz”ı,
Olmaz bil də “olur”u.

N.Fazil Qısakürək

Başıma olmazın oyunlar gəlir,
Daha “olmaz”ları “olar” bilirəm.
Mən nələr çəkirəm bir Allah bilir,
Elə ki, gecənin bağrını yarıb,
Oxuyan quşları “Qu”lar bilirəm.

Dərd bilib özümü atıram oda,
Məni bu alovlar yandırar çətin.
Udduğum havada, içdiyim suda
Düşmən məhəbbəti, dost xəyanəti,
Axır məqsədini bular, bilirəm.

Gördüm bir səhranın yüz çuxurunu,
Görək çuxurunu, söz çuxurunu.
Allaha aşikar, bəndədən gizlin,
Axıb tapmayanda öz çuxurunu,
Harda veyillənir sular, bilirəm.

Adamlar ağzına su alıb susur,
Qaraca daşları dinən görürəm.
Beş dərə bir dağın dibini pusur,
Havalı başımdan çəkilir duman;
Uca zirvələri enən görürəm,
Dibsiz quyuları “dolar” bilirəm.

Təbrizim döyülür, Şuşam talanır,
Sabahım göynəyir güman içində.
Gecələr yuxuma xəncər saplanır,
Səhərlər dururam al-qan içində…

Bal kimi uduram bu təsəllini,
Palıd koğuşunda nolar, bilirəm.
Başıma olmazın oyunlar gəlir,
Daha “olmaz”ları “olar” bilirəm.

O sevdalı çağlar yadındadırmı?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

Başına döndüyüm

Uca tanrım, ucalığın haqlandı,
Bir mətləbim var, başına döndüyüm:-
Məni qoymur öz ömrümü yaşayam,
Abır – həya, ar, başına döndüyüm.

Dindirirəm – qara daşlar ağlayır,
Dillənmirəm – dilim mamır bağlayır.
Dərələrdə sellər məni haqlayır,
Zirvələrdə qar, başına döndüyüm.

Bu yürüşnən bir mənzilə çatmazdım,-
Belə bilsəm, heç başımı qatmazdım.
Mənə qalsa, ipə – sapa yatmazdım…
Yatdım, oldum xar, başına döndüyüm.

Ətək – ətək üstümə od tökdü ki,
Kəlmə – kəlmə ürəyimi sökdü ki…
Ağ günümü göy əskiyə bükdü ki,
Bir nainsaf yar, başına döndüyüm.

Təmənnam yox kimlərdənsə baş olum,
İbrahiməm, İbrahim də kaş olum,
Ya bilmərrə daşa döndər, daş olum,
Ya neynirsən gör, başına döndüyüm!

Bildim

Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.

“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki sol nədi, sağ nədi, bildim.

Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.

Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.

Getsin

Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.

Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan,- de,
Oxunu daşlara tuşla da getsin.

Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.

Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? – Qoşa da getsin!

Nə olur mənə haqq olur

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərman taxt iləndi.

Dünya qananla doludur,
Sağ yenə sağın soludur.
Yol olan yoxluq yoludur,
Varlıq olan vaxt iləndi.

Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

Hardasan

Məni doğmalar təkləyib,
Ən yaxın yadım, hardasan?
Qırılıb düşüb yanıma
Qolum-qanadım, hardasan?

Sevincinə sallanır “ah”,
Kədərə bax – Allah, Allah!
Ya İbrahim-Xəlilüllah,
Sınır inadım, hardasan?

Lənət qarana, ağına,
Lənət dostuna, yağına…
Axır gəldim ayağına
Dadi-bidadım, hardasan?!

Gəl, könlünə bir söz deyim

Mənim yüküm ağırdı, dost,
Mənnən yola varamazsan.
Mənim göyüm sağırdı, dost,
Sən altında duramazsan.

Mən həm yoxam, mən həm varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən – soramazsan.

Nədir əyrində düz – deyim,
Nədir birində yüz – deyim.
Gəl, könlünə bir söz deyim:
Bir də məni aramazsan!

Sənə heyran

Səfərə çıxırsan – uğurlar olsun,
Özündən muğayat ol, sənə heyran.
Qoy öpsün mübarək qədəmlərini
Bəxtəvər-bəxtəvər yol, sənə heyran.

Sayənə sərilən yerlər sayıldı,
Ətrini duyunca güllər bayıldı…
Göylər başın üstə hayıl-mayıldı,
Sağ sənə heyrandı, sol sənə heyran.

Həsrət gözlərini oyub, gözləyir,
Qurbanlıq qəlbini soyub, gözləyir.
Qanını qaşığa qoyub gözləyir,
İbrahim dediyin qul, sənə heyran.

Gəl

Nerələrdə qaldın, gözümün nuru,
Bir anlıq həsrətin bir il oldu, gəl.
Sırsıra bağladı ocağım-odam,
Sənsiz Sumqayıtım Sibir oldu, gəl.

Gözəllər xasından sevib-seçdiyim,
Keç desə yolunda candan keçdiyim.
Oturub-durduğum, yeyib-içdiyim.
Yatıb-oyandığım səbir oldu, gəl.

Allahdan aşağı nə var unutdum,
Tutiya ətrinlə könlüm ovutdum.
Hər kəlmə başında adını tutdum,
Hər kəlmə canıma cəbir oldu, gəl.

İstəyir

Bilirsənmi, səni, ömrüm,
Ürəyim necə istəyir…
Elə SƏN deyib döyünür,
Hər gün, hər gecə istəyir.

Kürləşib uşaq sayağı,
Dinc durmur əli, ayağı.
Bu qədər qoruq-qaytağı
Almır da vecə, istəyir.

Nə işarət, nə söz qanır,
Nə “səbr elə”, nə “döz” qanır.
Alov tanıyır, köz qanır,-
Tezcə, lap tezcə istəyir!

Barışır

Nə sirdi, bu xalq deyilən,
Susub, ünüynən barışır?
Yeddi yerə parçalanır,
Yeddi yönüynən barışır!

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır.

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan:-
Kölənin köləsi olan
Hansı günüynən barışır?!

Hər işin gözəldi…

Hər işin gözəldi sənin, ay gözəl,
Sən mənə zülmü də gözəl verirsən.
Açılır ovucun ağ zambaq kimi,
Həsrəti vüsaldan əzəl verirsən.

Özüyün özündən xəbərin yoxdu,
Bu boyda dünyaya sığışmır ədan.
Düzlərdə pələsəng olub qalmışam,
Dağdan səsin gəlir, dəryadan sədan.

Yollar bihuş olur sən yeriyəndə,
Qarşına yüyürür güllü cığırlar.
Quşlar budaqlardan, balıqlar sudan,
Çiçəklər çəməndən sənə baxırlar.

Qəddinə küsənir sərv ağacları,
Dəli qızılgülün hirsi qındadı.
Yerindən tərpədir ətrin daşları,
Yer üzü heyranlıq məqamındadı.

Belə ovsunlayan olmayıb məni,
Sehir qızı sehir, sirr qızı sirsən.
Öyrətmən yaradıb yaradan səni,-
Bəşərə gözəllik dərsi verirsən.

 

***
Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən umud gözləməyən,
Quş olub uçar, inşallah.

Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.

Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.

Bir sənsən könlümdə…

Qəlbində yerim yox, köksündə necə?…

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi.
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Payız yarpağıtək saralıb-sollam,
Üstümü almağa qarlı qış gələr.
Qanlı qismətimin qurbanı ollam,-
Bəlalı sevdalar mənə tuş gələr.

Sən də xoş gəlibsən, buyur başa keç,
Könül ovçusunun yeri başdadı.
Mənim kimi şikar görübsənmi heç?-
Mənim tək şikarın yeri başqadı.

Aman ver, söküldü canımın tabı,
Ruhumun qalası baxışlarında.
Mələk “günah”ı var, şeytan “savab”ı
Zalımın balası, baxışlarında.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi..
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Tural Adışirinin təqdimatında

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.