OKtay Hacımusalı
yad maşınlardan ağlaya ağlaya düşən qız
neçə məsum körpənin ruhu dolaşıb ayağına
düşürtdü səni
özün özündən iyrəndin
düşdün öz gözündən
sürücünün ehtiraslı
od alovlu baxışlarını
dolu dolu gözlərin öldürdü
yad maşınlardan ağlaya ağlaya düşən qız
kimə acıq eləmişdin axı kimə
bəndmişsən ki bircə himə
yanında yavaşıyan maşına əyləşməyin
donuq donuq baxa baxa heç nə demədən
keyləşməyin
halbahal elədi yazıq sürücünü
belə asan gözləmirdi ovunu düzü
yad maşınlardan ağlaya ağlaya düşən qız
gedəcəyin son dayanacaqdan geri qayıtmaq
mümkün deyildi özün bilirsən
səni
bala bala aldadacaqdılar
sonra
sonra
qəfildən atacaqdılar
anan namaz üstdə imiş
get nəzir çıxart
pay payla yeddi evə
yad maşınlardan ağlaya ağlaya düşən qız
son əmanət səndədir hələ ki
möhkəm dur möhkəm
səni sındıra bilməyəcəklər