Ana səhifə BAŞ YAZI İbrahim İlyaslı haqqında

İbrahim İlyaslı haqqında

Müəllif: Bizim Yazı
515 baxış

Soylu ATALI

I. DUYĞULARIN SARVANI

Yolun başlanğıcına qədər də yol var. Yol istəyən Yolun başlanğıcına qədər yolayrıcına gəlib çatır. Yaradıcılıq da bundan sonra başlayır. Yaradıcı ömür daim yol üstə olur. Axtarışlar yolu, yaradıcılıqlar yolu insandan sonsuz, tükənməz eşq istəyir. Eşq olmasa Ömür qurulmur. Dolanmaq üçün yaşayanların yolu həyat yoludur – təbii, fiziki taleyin ixtiyarında olmaqdır. Özünü tapmaq üçün yaşayanların yolu həyatdan üstün olmaqdır. Yolayrıcı dediyimiz də bu iki yönün fərqidir. Buna görədir ki, Yolun başlanğıcına qədər Yolayrıcı var. İnsan öz taleyini yolayrıcında müəyyən edir. Təbii həyatla yetərlənməyənlər Böyük Yolun Başlanğıcına gəlib çxıırlar. Böyük Yolda sonsuz əzablar yaşanır – dərd də sonsuz olur, dərddən işıqlanmaq da; kədər də sonsuz olur, fərəh də. Dünyaya gəlməyin mənası Böyük Yolda dərk olunur; özünütəsdiq Böyük Yoldadır. Böyük Yolda özünü aldatamq olmur. Böyük Yol əsillik ölçüsü yaradır. Böyük Yolda qeyri-əsil mücadilə, qeyri-əsil yaradıcılıq yerimir. Ona görə əsillər – Böyük Yola üz tutanlar az olur. Azların qurulması çox vacibdir.
Saflığında doğma olan İbrahim İlyaslı təbii və səmimi duyğuları ilə Yol üstədir. Bu gedişdə onun qayğılı, axtarışlı ifadələri el dilindədir, ona görə də safdır. Çünki ürəyi təmizdir. Ürəyinin təmizliyi sevgi pıçıltıları kimi poetikləşir. Ağrıyanda da saflığını qoruyur, qəzəblənəndə də. Yaşadığı dövrün ziddiyyətlərlə dolu ahəngsizliyi duyğularının təmizliyinə xələl gətirə bilməyib. Bir çox şeirlərində ürəyi öz saflığının ardıcıllığı ilə danışır.

Nə gözəl toxunub fələyin toru? –
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini, çölünü xışla da getsin.

Şərin, yamanlığın sistemli şəkildə qurulması, eybəcərliyin cəmiyyətin həyat tərzinə çevrilməsi, mühitə hakim kəsilməsi hər addımda insana fəlakətli aqibət vəd edir. Ona görə də “içini-çölünü şumla da getsin” – Həyat kökündən dəyişməlidir, insana yaramır həyatın gedişatı…
Sadə el diliylə fəlakətə barmaq tuşlayır İ.İlyaslı. Sonra şər felinə əyilən cəmiyyətdən aralanıb təbiətə üz tutur, saflığına həmdəm axtarır:

Görəm nədir qaranlıqda
Meşələrin vahiməsi.
Gözümə adam dəyməyə,
Qulağıma adam səsi.

Könlümü sözə kökləyə
Dağ çayının şırıltısı.
Bir misramı səksəndirə
Kəkliklərin pırıltısı.

Meşələrin qaranlığı cəmiyyətin qaranlığından mənalıdır. İnsanın özünə yadlaşmasından cəmiyyət mühiti vahiməyə çevrilib. Mühitin antiinsani vahiməsi sərt, amansız, öldürücü olduğuna görə könül təbiətə meyil edir. Vəhşi təbiətin vahiməsi daha cazibəli görünür cəmiyyət xofundan. İnsan cəmiyyət qaranlığının boşluğuna düşəndə cəmiyyət onu yeyir, mənəvi heçə çevirir. Ona görə insan cəmiyyətdən qaçır, təbiətə pənah aparır, – özümlüyünü təbiətdə axtarır. Təbiətlə doğmalaşmaq ürəyə məzmun verir – arzular nəğməyə çevrilir.
Başqa bir yerdə

Bildi dünyalıqdır dünyanın varı, –
Yarı yolluları, yarı yolları.
Gəzdi bu dünyada olmayanları,
Olanlar öldürdü Akif Səmədi.

Bu, ruh əhlinin bildiyi və dediyi sözə bənzəyir. Yaşadığın bəsit dünyada ülviyyət axtarmaq ümid verməz. Ya bu bəsit dünyadan təcrid olmalısan, ya da onun bağrını yarıb mayasına bulaşmış şər felini ali sözlə yumalısan. Poeziya həm də belə bir mübarizədir əslində.

II. POEZİYA RUHUN HARAYIDIR

Şeirin halı duyğulardan, məzmunu isə idrakdan gəlir. Ona görə də şeiriyyəti sırf duyğu hadisəsi saymaq doğru olmaz. Əlbəttə, şeirin gözəlliyi, eləcə də məna, məzmun yükü duyğuların və idrakın yetginliyindən asılıdır. Duyğu yetgin, idrak yetginsiz olarsa şeirin ritmik deyilişi yaxşı səslənəcək, ancaq söz yalın və kəsərsiz olacaq. Əksinə, idrak yetgin, duyğu qeyri-yetgin olarsa, söz quru və sərt olmaqla poetik cazibəsini azaldacaq. Əsil şeir Duyğu və İdrak Birliyində yaranır. Bu səbəbdən də şairanə duyğular özündə qalmamalı, idrakilik mühitinə daxil olmalıdır. Və idrakiliklə yetginləşməli, qətiyyətləşməli, – yeni mərhələyə qədəm qoymalıdır. Şeiriyyətin ruhu ümumiləşdirmələr yolu ilə hadisəçiliyi ötməlidir. Daha böyük hədəfləri nişan verən obrazlara üz tutmalıdır.
Ümumən, yaradıcılıq insan ömrü ilə təndir, – həm ömür kimi mənalı, məzmunlu, həm də ömür kimi ahəngdar böyümə xislətlidir. İlk şeiriyyət körpə məsumluğu, saflığı kimi doğulur. Gənclik kimi şövqlü, ehtiraslı, heyrətli, həm də ideala can atan. Və nəhayət, şeiriyyət böyüyür, sistemləşir, bədii assosiasiyalar vasitəsiylə fəlsəfiləşir – müdrik, sanballı poeziya zənginliyinə çatır. Şeiriyyət nə qədər saf, məsum olursa olsun, əgər o, yetginləşmirsə, kamil obrazlarla bitgin bir sistemə çevrilmirsə, poeziya sayılmır. Poeziya – bədii-fəlsəfi axtarışlarla olmalını, görünənlə görünməyənin əlaqəsini, vəhdətini öyrənib vəsf eləyən şeiriyyətdir. Şeiriyyət riyazi üsullarla doğulmaz. Daha doğrusu poeziya – məhsuldar çoxluqla, yaxud hadisələri sadalamaqla yaranmaz. Şeiriyyət – mənanı kəşf edən ali duyğularla idrakiliyin vəhdətində ülviləşir, müqəddəsləşir və ali həyat nəğməsinə çevrilir. İlahi məqamları fəth edir, insanın mahiyyətindəki xəlqi çalarların bilinməsinə, öyrənilməsinə yardımçı olur.
Poeziya – ruhun bədii hekayətidir. O, yaddaş hadisəsi deyil, düşüncə hadisəsidir. Bu səbəbdən də həvəskar şeiriyyət poeziyaya çatmır. Dediyimizə bir az aydınlıq gətirək: İnsan təbiətə doğmalaşanda duyğuları mərhəmləşir. Belə halda o, şeir diliylə danışmaq istəyir. Bəzən də şəxs bədii kitablarla doğmalaşanda şeir diliylə danışmaq istəyir. Kitablardan yaddaşa hopan və bədiiləşən zövqlər fərdin estetik arzularına qarışıb ifadəyə qayıdır. Ancaq bu cür yazarlıq poeziya sayıla bilməz. Klassik dillə desək, poeziya yaddaşdan deyil, ürəkdən doğmalıdır.
İkinci, poeziya – yaradıcının özünə dediyi sözdür. İnsan özünə deyə bilmədiyi sözü başqalarına da deyə bilməz. Başqa sözlə, özü ilə ülvi ünsiyyəti olmayanın gələcəyə deməyə sözü olmur. Bu cəhətdən yanaşanda poeziyada tarixiliyin önəmi də özünü göstərir. Tarixiliyin önəminə iki aspektdən yanaşmaq olar: Birinci, şeiriyyətdə obrazların, eləcə də fikrin, düşüncənin tarixi önəm daşıması – ədəbi yaradıcılığın ideya yönünə təsir göstərməsidir. Məsələn, “Leyli-Məcnun”, “ənəl-həqq” ideyası üstə yaranan şeiriyyət, “Hamlet” və b.k. bütövlükdə Şərq və Qərb ədəbiyyatının ideya qaynağı kimi ədəbi bəhrə vermişdir. Biz “Leyli-Məcnun”da özündənkeçmənin kamil səviyyəsini, insani keyfiyyətlərin ilahi qüvvələrlə yarışını dərk edirik. Habelə “Hamlet”də ümumən faciəviliyin konsepsiyasını oxuyur, “ənəl-həqq” ideyasının izhar olunduğu şeiriyyətdə bəşəriyyətin öz insani mahiyyətiylə üz-üzə qoyulmasını müşahidə edirik. Bu səbəbdən də poeziyada tarixiliyin məna etibarilə ənənəyə çevrilməsi ictimai tərəqqidə həlledici çəkiyə malikdir.
İkinci, poeziyada tarixiliyi biz şəxsiyyət və ənənə əlaqəsində dərk edirik. Məsələn, Azadlıq və İnsanlıq uğrunda özündən keçənlərin yenidən obrazlaşdırılması və örnək göstərilməsi.
Ümumiyyətlə, hesab edirik ki, poeziyanın hədəfləri təbiəti vəsf etmədə, yaxud ictimai pozuntuları ifadə etmədə məhdudlaşmamalıdır. Bəzən deyirlər, filankəs təbiət şairidir. Bizə görə təbiət şairi olmaq ali bir səviyyə deyil. Çünki təbiəti görmək və öymək yaradıcını heç də gərginliyə, iztiraba sövq eləmir.  Çünki təbiət paxıl deyil, şöhrətpərəst deyil, qısqanc, xudpəsənd deyil. Bu səbəbdən də gülü-çiçəyi, ceyranı-cüyürü, dağı-ormanı sevmək, öymək yaradıcıdan xüsusi istedad tələb eləmir. Balaca bir təb və poetik təcrübə bəsdir ki, təbiət şeirləri yaransın. Ancaq bəşər övladı – insan çox mürəkkəbdir. Onda heyvan da var, insan da; ali də var, bəsit də; ülviyyət də var, ziyankarlıq da. Bu səbəbdən də mövzu olaraq insana müraciət etmək, ondakı ilahini görmək və göstərmək yaradıcıdan özünü ötmək tələb edir. Mürəkkəb xarakterlərin arxasında mahiyyəti, bəsitliyin arxasında ülviyyəti görmək – ilk növbədə yaradıcını özünü kəşf etməyə, özünü daxili kamilliyə yetirməyə çağırır.
İnsani poeziya yaratmaq üçün gərgin yaşayan, zəngin yaşayan yeni istedadlarımız qabağa durmalı və böyüməlidir. Şairlik belə bir bədii-fəlsəfi poeziya qüdrəti ilə təsdiq olunur.
Sonuc: Klassik Şərq ənənəsi –
Poeziya – Ruhun harayıdır – aşiqanə təb, vəcdli ilham – şəxsiyyəti müqəddəs tələblərə qovuşduran!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

6 Od Ayı, 33-il  (iyul-2011), Atakənd

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.