Ana səhifə YAZILAR Debüt: Samir Səyyadoğlu (Vəliyev)

Debüt: Samir Səyyadoğlu (Vəliyev)

Müəllif: Bizim Yazı
732 baxış

/8 fevral 1987-ci ildə Bakıda doğulub. BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsi Fəlsəfə bölümünün məzunudur(2009). Azərbaycan Yazıçılar Birliyinin (2011)üzvüdür. “Ömrümün baharı”, “Bir sevdam var ürəyimdə adlı şeir kitabları yayımlanıb./

Yuxusuz gecəm

Yenə sənsizliyin bir gecəsindən
Gözümü dikmişəm səhərə sarı.
Asılıb otağın pəncərəsindən
Çölə sovururam mən saatları.

Sanki birdən sənli görünər deyə
Yuxu da gözümə görünmür, qaçır.
O susmuş vicdanın dil açmır niyə?!
Yoxluğun başıma gör nələr açır.

Qısılıb ilan tək ümidlər ələ,
Mənim arzularım boy atmayacaq.
Odur ki, sən mənə bir yuxu dilə,
Özü də kimsənin oyatmayacaq.

Dünya

Zülmət yatağına yıxıb gecəni
O pak Ay təninə toxunma dünya!
Könül ürpərdəsi kinli nəğməni
Dillərə hopdurub oxunma dünya!

Yalanın açıqda göydən-yerəcən,
Çoxmu azdıracan düzü yolundan?!
Demə, ümidsizə ümid verəcən,
De ki, atacaqsan tutub qolundan.

Demə, ürəyini güldürəcəksən,
De ki, boğacaqsan göz yaşlarında.
Yetmədi?..
O zaman öldürəcəksən,
Əcəlin qıyğacı baxışlarında…

Sən yaxşı bilirsən, can almaq nədi,
Yalan demirmişlər səndən deyənlər.
Baxsana, əllərin qan içindədi,
Bizim qanımıza bulaşmış əllər…

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.