Ana səhifə BAŞ YAZI Şeir haqqında şeir…

Şeir haqqında şeir…

Müəllif: Bizim Yazı
472 baxış

Ruslan TALIB

(CƏLİLABAD)

Döyüş meydanıydı şeirlər əvvəl,
Döndərdik mənfəət, xeyir yerinə.
Qısaldıb boyunu hekayələrin
Xalqa sırıyırıq şeir yerinə.

Min il yol qət edib yuxusu gəlir,
Yoxsa, bu yollarda şikəstləşibdir?
Hər şeydən azadlıq qoxusu gəlir,
Daha şeirimiz də sərbəstləşibdir.

 

Ha deyək… – ta yoxdur bizdən yuxarı
şeir var?
yoxdur ki – devrilib şeir…
Göbəyi bayırda, dizdən yuxarı
geyinən qızlara çevrilib şeir…

Gündüz hara gedib yerli-yatağlı
Necə,neyləyibsə,şeirindədir.
Abır yaxşı şeydi…
zalımın oğlu
Gecə neyləyibsə… – şeirindədir.

Hara əl atmırıq bir şeir üçün,
Vəsfini yer ilə, göyün qutardıq.
Əvvəl – yar yaxanı düymələ idi,
İndi – dur əynini geyin qutardıq.

Çoxunun boynuna keçibdir artıq,
Bu ilmə, bu ilgəy, boyunduruq, bax.
Belə şeirlərə vaxt itirincə
Evdə qadınını soyundurub bax.

Bir ləkə salırıq, kölgə salırıq
Xalqın mənəviyyat işıqlarına.
Qadağan edəcək atalar daha,
Şeir oxumağı uşaqlarına.

Hardasan Bəxtiyar, hardasan? – bu gün,
Yaman darıxmışam bir şeir üçün…

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.