Ana səhifə BAŞ YAZI Poeziyanın görəvləri…

Poeziyanın görəvləri…

Müəllif: Bizim Yazı
410 baxış

Andjey Bursa (1932-1957; Polşa) –

Şair, nasir və dramaturq olmaqla bərabər, eyni zamanda rəssam idi.
Sağlığında 37 şeiri və bir hekayəsi çap olunub.
İlk kitabı ölümündən sonra nəşr olunub.
1957-ci ildə 25 yaşında ürək çatışmamazlığından vəfat edib.
Gənc ikən dünyasını dəyişməsinə baxmayaraq, onun şeirləri polyak ədəbiyyatında xüsusi çəkiyə malikdir.
1967-ci ildən Polşada  Andjey Bursa adına ödül təqdim olunur.

Cəllad

Deyirlər cəllad daha
nə maska
nə frak geyinir.
Parisdə bəlkə geyinirlər, amma bizdə yox)
O, çox sadə geyinir
hamı kimi “sadə”
qəhvəyibozxətli
geridə qalmış şit
aciz insan zövqlü
onlar teatrın böhranı(na) üçün tələ qururlar
onu da necə lazımdı səhnələşdirə bilmirlər

mən asılanda
cəllad frakda olmalıdı

Məzəmmətli təşəkkür duası

Sən məni kor yaratmadın
Şükür, Tanrı

Sən məmi qozbel yaratmadın
Şükür, Tanrı

Sən məni əyyaş oğlu yaratmadın
Şükür, Tanrı

Sən məni sulu beyinlə təəccübləndirmədin
Şükür, Tanrı

Sən məni pəltək çolaq liliput
epilentik  qermafrodit at milçəyi
hər hansı floradan faunadan yaratmadın
Şükür, Tanrı.

Bəs sən məni niyə polyak yaratdın, Tanrı?

Poeziyanın görəvləri

Poeziya həyatın ayrılmaz hissəsidi
Onun məqsədi – həyata xidmət etmək

Evin sahibəsi etməlidi:
toz                   silmək
zibil                 atmaq
xalça               asmaq
döşəməni      düzəltmək
uşaq                yedirtmək
ərzaq               almaq
gülləri             sulamaq
plitəni             basdırmaq
nahar              hazırlamaq
qabları           yumaq
bələk                təmizləmək
şalvar              yamamaq
düymə             tikmək
corab               çözmək
xərclikləri       saymaq
və hələ minlərlə cürbəcür
işlərigörməkhansıkıhaq-
qındaheçbirtəssəvvürümüzyox

sonra bir az romantik poeziya
və bay-bay…

Başmaq

Uşaqlar böyüklərdən yaxşıdı
heyvanlar uşaqlardan
deyirsən əgər bеlə davam etsə
danılmaz nəticə budu
infuzoriya-başmaq bizə əzizdi

nə olsun

başmaq mənə daha əzizdi
nəinki sən köpək oğlu

Ehtiyatlı ol, dram!

Balaca adam
bazar ertəsi tək boz
bozdu, bu boz fonda boz siçovul tək
sərbəst növlənmiş və yığılmış
tək-tək və topdan satılan
ağıldankəm-adam
heç kimə lazım olmayan çoxluqdan biri
tənha ağıldan kəmlər
əslində
damğalandığı nömrədən də
daha çox
həddən artıq lazımsız
qəfildən  b ö y ü k  b i r  s e v g i y l ə  a l o v l  a n d ı.

(Azərbaycan türkcəsinə çevirən: Rəfail TAĞIZADƏ)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.