Ana səhifə BAŞ YAZI “…ƏLLƏRİMİ BİLƏN YAR…”

“…ƏLLƏRİMİ BİLƏN YAR…”

Müəllif: Bizim Yazı
884 baxış

Hanifi I.Azərbaycanın dövlət müstəqilliyi qazanmasının 20-ci il dönümü ilə bağlı Türkiyənin Ərzurum şəhərində 02-04 aralıq ayı tarixlərində düzənlənmiş “Bir ürəkdə iki can. Türkiyə-Azərbaycan” başlıqlı Uluslararası toplantı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi və Aziziyyə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Ərzurum şair və ozanları gecəsi”ndə iştirak edənlərin sırasında mən də var idim. Tədbir öncəsi və tədbirdən sonra Ərzurumda yaşayan ünlü şair qardaşlarımız Hanifi İspirli, Rıdvan Canım, Mehmet Yaşar Genc ilə yaxından tanış olduq. Çay süfrəsi arxasında bir-birimizə şeirlər oxuyub, sənət söhbətləri etdik. Bir sözlə, çox mənalı bir zaman keçirdik. Azərbaycana dönmək ərəfəsində Hanifi bəy mənə “Hiç kimsə” adlı şeirlər kitabını bağışladı. Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunda keçirilən növbəti məclislərin birində gənc şair Emin Piri Hanifi bəyin həmin kitabını məndən götürüb oxumaq istədiyini bildirdi. Bir neçə gündən sonra şair dostumuzun kitabından seçdiyi bir neçə şeiri Azərbaycan türkcəsinə uyğuladığını dedi və həmin şeirləri mənə verdi. Bilgisayarımda yaranmış sorundan dolayı həmin şeirləri uzun müddət axtarsaq da bula bilmədik. Bu günlərdə xoş bir təsadüf nəticəsində həmin şeirlər yenidən qarşıma çıxdı.
Hanifi İspirli əfəndinin həmin şeirlərini gənc şair Emin Pirinin uyğulamasında “Bizimyazı.com” saytına təqdim edir, həm Hanifi bəyə, həm də Emin bəyə sayğılarımı bildirir, başarılar diləyirəm!
İbrahim İLYASLI

HANİFİ İSPİRLİ

TANIQ

Göyüzüm –
Məni heç tərk etməyənim,
Geriyə dönüb gəlimmi sənə?

Hər şey yasaqdı, bilirəm –
Çaylar dənizə qovuşdu,
Üstümə yorğan olmağını gözlədim.

Yağmuruna daldım, bilmədim boğuldum,
Röyalarımda yuxulardan qovuldum.

Göyüzüm – uzaqdakı yaxınım,
Sirli sevdamı tərk etməyənim,
Yellə saçlarını ulduz tökülsün.

Sevdamın şahidi –
Əllərimi bilən yar.

Göyüzüm –
Uzaqdakı tək örtüyüm.
Yağmurlarını göndər mənə
Gözləməkdən sıxıldım burada…

HEÇ KİMSƏ…

Dayan, gözlə, getmə
Heç kimsə qalmasın, çəkilsin sular da.
Minlərlə ilin ağırlığı var çiyinlərimdə
Eşqə görə qazanan kim
Burax onlar getsin,
Sən getmə!

Minlərlə zaman bitirdik,-
Hind, Çin, Yunan, Ərəb
Qövmlər içində axtardıq,
Bürüşmüş bir tarix səhifəsində
Heç kimsə olmadığını anladıq,
Sən getmə!

Leylanın Leyli olduğu zamanlara,
Yusifin quyulardan çıxarıldığı ana
Durmadan döndürüb zamanı
O yana bu yana
Bəzən qadın, bəzən ana.
Amma həmişə aşiq olunana
Çatmaq üçün axtarıb durduq.
Buludlar getsin,
Ulduzlar getsin,
Heç bir şey qalmasın,
Amma sən dayan,
Sən getmə!

Növbəsi gələn getdi,
Əlimdə qələm bitdi.
Sığındığım kitabda qələmim itdi,
Həvarim yox, üç dəfə xoruz banladı.
Məni aparırlar bilirəm
Seyr etməyin çarmıxa çəkilməyimi…
Heç kimsə qalmasın,
Sən getmə!

Mən könüllüyəm, ey tale
Barmağım havada növbəmi gözləyirəm.
Şah deməyə nə qaldı, nə oyundu bilirəm
dualarımda gizli sir olan,
Səma olan, bəzən eh həyata bürhan olan
Semahda pir olan,
Səcdədə qul
Özünü özündə vuran Həllac olan,
Əsatir oxuyan,
Taleyini toxuyan
Nə var ki, burada Leyliyə Məcnun olmağa?!
Nə qaldı onda onun olmağa?!
Mən tək başıma gözləyərəm,
Heç kimsə qalmasın!..

DUA MƏQAMINDA

O zamanda ilk günah
İlk qadın
İlk kişi
İlk təslimçilik
İlk var olma
İlk yox olma…
Amma nə varsa ilk adına
O gecə yaşandı,-
Tanrı inkar edildi,
Sonra hu çəkildi.
Vücudlar inkar edildi,
Uşaqlar var edildi.
Soyuq stansiya salonunda
Biletçiyə,
Gözətçiyə,
Tanrıya rəğmən
Hər şey yaşandı.
Olmayacaqlar sınandı,
Daha vaxt var bilindi
Əllər açıldı…

TƏK BAŞIMIZ

Aynalara şəkil çəkilməz,- dedim
Həm də neçə dəfə dedim…
Ağladım, anlatdım, susdum, söylədim
Amma sən dinləmədin,
Çəkdin şəklimi aynalara.
Alıb apardılar qayalıqara,
Qaldırıb ordan-bura çırpdılar,
Qırıq-qırıq edib atdılar…

Söz söylədim – nağıl kimi dinlədin,
Səni öpdüm – çiçək toxunuşu sandın,
Ağladım – ah edib inlədin…
Susdum, gizli də olsa səninləydim
Uçurumlarda qaldıq tək başına…

AZAN

Dinləməkdən qaçdığın azan oxunur,-
Quyudan səs gəlir.
Dağların başında leylimlə bir türkü,
Ağız-ağıza verib qurd-quş səndən danışır.
Mən oturub azanı dinləyirəm,
Röyalarımıza belə yasaqlanan azanı.
Əllərimdən tut, indi ayağa qalx,
Ceyran ovçuları iş başındaymış kimi
qoşa su verilmiş qılıncım
başımı kəssə belə bitməyəcək qisasım.

Hərə bir künc tapıb ağlayır,
Quşlar üstündən keçib yolur tüklərini.
Hər daşa bir baş sayı qədər dua,
Əllər yenə dodaqlarla qoşulub azana!-
Dinləməkdən qorxduğum azana.
Adını sən qoymadın,
Mən isə heç bilmədim.
Dadı yox heç bir şeyin, buradayam,
Kar qulaqlar üstündə yuxudayam.

Qaçacaq yer, yox, yaxalandıq
Azana, ovçuya, türküyə.
Quşlara salam,
Quşlara və lələklərinə…

SƏN GEDƏRKƏN

Sən gedərkən axşam erkən olur,
Əlimdəki bardağa kədər dolur.
Ay mənə inad olsun deyə
Durmadan gözün qırpır…

Axşamın belə gələcəyini bilməzdim,
Güllə kimi otağıma enəcəyini bilməzdim.
Bir işıldaböcəkdən oğurlayaraq işığı
Otağıma girəcəyini bilməzdim.

Azərbaycan türkcəsinə uyğulayanı: Emin PİRİ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.