Ana səhifə YAZILAR Zaur Qəriboğlu. Fikir cizgiləri

Zaur Qəriboğlu. Fikir cizgiləri

Müəllif: Bizim Yazı
746 baxış

ATAMIN GÖZ YAŞLARI…

Mənim təsəvvürümdə atalar müqəddəs varlıqdır. Hətta elə bir varlıq ki, ataları yerdəki Allah da adlandırmaq olar. Mənə görə atalar çox qürurlu olur, onlar ağlamır, hər şeyə soyuqqanlı yanaşırlar. Ata göz yaşı görmək yuxu kimi gəlirdi mənə. Fəqət, sən demə, atalar da ağlayırmış…
***
Mənim atam çox qapalı və qaraqabaq adamdı. Onu heç vaxt (Öncələr içkili olan vaxtlarını çıxmaq şərtiylə) kiminləsə danışan, gülən, dərdini bölüşən, ağlayan görməmişdim. Bu adam ancaq özüylədir, özünü başqasına açmır. Fəqət, atamın ürəkdən danışıb, gülən vaxtını ilk nəvəsi, qardaşımın oğlu Nihadla görmək olar ki, böyüklərdən fərqli olaraq, bu uşaqla daha sərbəst və səmimi olur.
Nihadın altı yaşı var, bu il, daha doğrusu bir neçə gün sonra evimizin yanındakı orta məktəbə gedəcəkdi…
***
Ötən günlərin birində qardaşımla arvadının arasında yenə söz-söhbət oldu, o, uşağını da götürüb, anasıgilə getdi. Qardaşıma acıq vermək üçün: – “Sizi uşağa həsrət qoyacağam” deyib, Nihadı telefonda belə atasıyla və bizimlə danışmağa qoymadı.
***
Günorta idi. Evdə heç kim yox idi. Anam bibimgilə getmiş, qardaşım işdə, atam isə yenə də həmişəki kimi öz otağında idi. Mən də öz otağımda uzanıb, Joze Saramaqonun “İsanın incili” romanını oxuyurdum. Birdən atamın otağından həmişə Nihadla birgə dinlədiyi bir uşaq musiqisinin səsini eşitdim. Atam heç vaxt tək olanda, musiqi dinləməz, ya televizora baxar, ya da yatardı. Amma indi cizgi filmindən olan musiqinin səsi atamın otağının bağlı qapısının o tayından evə yayılırdı. Öz – özümə sevindim: – Yəqin, Nihad evə qayıdıb, – deyə, sevincək, kitabın vərəqini qatlayıb, ayağa qalxıb, atamın otağına tərəf getdim ki, Nihadı öpüm (Evdə olanda, hər gün ona iyirmi qəpik verib, öpürəm. Elə-belə babasından başqa heç kimi öpməyə qoymur). Sevindiyimdən heç qapını da döymədən, birbaşa açıb otağa girdim. Atam həmişəki kimi divanda uzanmışdı, televizor da sönülü idi.Mobil telefonuna yazdırdığı, Nihadın çox sevdiyi cizgi filmdən olan musiqini qoşub, ağlayırdı atam… Məni görcək, tez gözlərini gizləməyə çalışdı. Amma mən onun nəmli gözlərini, qızaran burnunu gördüm. Dərhal narahat olmasın deyə: – Mənim qələmim bu otaqda qalmayıb ki, – deyib, otaqda bir az eşələnib, çölə çıxıb, öz otağıma gəlib, içimi boşaltmaq istədim. Atam Nihadın evdə olmaması, onun “baba” sözünü özünə məxsus şəkildə uzadaraq: “Baabaa” deməsi üçün qəribsəmişdi. Onun üçün də ağlayırdı. Fəqət, mən atam kimi ağlaya bilmədim. İçim parçalandı, atamın üzündə gəzdirdiyi gözlərinin yaşına ürəyimin gözləri hönkürdü. Demək, atam kimi ağlamaq üçün gərək, özüm də ata olam və həmin hissləri yaşayam.
Hamı atamı soyuqqanlı, özündən başqasını sevməyən kimi bilirdi. Amma mən bu gün atamın göz yaşalrında içində gəzdirdiyi sevgini gördüm. Demək, atam yenə də sevirdi… Əvvəllər mən uşaq olarkən, məni necə sevirdisə, bu gün də həmin sevgiylə, bəlkə, ondan da çox məhəbbətlə ilk nəvəsini – Nihadı sevirdi…
***
Kim deyir ki, sevgi müvəqqətidir, insan sevgisi heç vaxt əbədi ola bilməz?!
Sevgi ana bətnində uşaq formalaşan mərhələdə onun bədənində yoğrulur. İlk sevgini bətndə anaya duyur, ananı sevir. Daha sonra doğulur, əzizlərini, evini, vətənini sevməyə başlayır. Bu sevgilərin arasında yerini dəyişmələr baş verir: Yəni içindəki sevgi məhv olmur, sadəcə, ötürülə-ötürülə davam edir. Bu gün atamı sevgisiz, soyuqqanlı bilməyimizin yanlış olduğunun şahidi olmaqla, sevgi ötürülməsinin bir daha həqiqət olduğunu özüm üçün isbat etdim. Atam doğulandan bəri olan sevgilərini balaca Nihadda cəmləyibmiş.
13 Sentyabr 2011/Bakı şəhəri

SEVGİ HAQQINDA…

Görən, sevgisiz həyat ola bilərmi?.. Hansısa bir canlı – adam, heyvan, böcək, gül, ağac yaşaya bilərmi sevgisiz?.. Bu yazımla öz baxışımla bu məsələyə aydınlıq gətirməyə çalışacağam.
1. Kainat yarananda sevgi ilə yaranıb. Allah bu kainatı – yeri, göyü, adamı, heyvanı, böcəyi, gülü, ağacı sevərək yaradıb. Buna kimsənin şübhəsi olmsın. Yəni, gördüyümüz nə varsa, Allahın sevgisindən doğub.
2. Sevgiyə zənnimcə, ötürülmə qanunu da deyə bilərik. Yəni adamdan – adama, heyvandan – heyvana, böcəkdən – böcəyə, güldən – çiçəyə, ağacdan – yarpağa, sudan – torpağa və torpaqdan insana ötürülə-ötürülə yaşamımızı əhatə edir.
3. Ana bətnində uşağın formalaşmasında sevgi ötürülməsi də böyük rol oynayır. Daha doğrusu, uşağın bətndə formalaşması, digər maddə və hüceyrələrlə birgə sevgi ilə də əmələ gəlir. Uşaq ilk sevgisini bətnində olduğu anaya duyur.
4. Uşaq doğulduğundan artıq bədənində topladığı sevgini dünyaya gələn andan paylaşdırmağa başlayır.
İlk ötürdüyü sevgi ailədə gördüyü adamlara – ataya, bacıya, qardaşa, nənəyə, babaya və s. şəxslərə olur.  Bununla yanaşı olaraq, rahatlıq tapdığı məkana da sevgisindən ötürür. Hansı ki, ilk olaraq bu məkan ana qucağı olur. Körpə ananın qucağını tərk etmək istəmir.
5. Uşaq böyüdükcə, içində olan sevgi onun yaşadığı evə, məhəlləyə, daha sonra məktəbə, məktəbdənsə, vətənə, vətəndən isə  millətə ötürülür. İndi deyə bilərsiniz ki, vətənini, millətini sevməyən o qədər adam var ki… Əslində, yanılırsınız. Vətənini, millətini sevməyən, insanların da daxilində öz doğulduğu məmləkətə və həmin məmləkətin insanlarına sevgi olur. Sadəcə, ola bilər ki, bu sevgini göstərə bilmir. Daha doğrusu, ürəyindən ötürülən sevgi qapısı  bağlıdır. Demək, bu adamlar xəstədir. Sevgi xəstəliyinin müalicəsi isə elə sevgiylə də olmalıdır.
6. Artıq adam kimə isə aşiq olmaq mərhələsinə yetişir, elə zənn edir ki, həyatda hər şeydən çox sevdiyi bu qadın və ya kişidir (sevənin cinsinə görə dəyişir). Fəqət, nişanlılıq evlilik mərhələlərində bu sevgi yenə də öz qanununa əməl edərək, ötürülə – ötürülə davam edir. Evlilik mərhələsində, sevginin ilk günlərindən fərqli olaraq, həmin sevgi şəhvət hisslərinə ötürülür, ordan da kişidən qadına, ondan da ilk mərhələyə qayıdırıq – uşağın formalaşmasına…
7. … Və insan (bəlkə də insan yox, adam) qocalığa doğru gedir. Qocalıq insan sevgisinin ən ali mərhələsidir ki, bu mərhələdə sevginin istiqaməti insan özü də bilmədən, hiss etmədən, hətta deyərdim ki, istəmədən torpağa ötürülür. Sonda, insan sevgisini ötürdüyü torpağa qovuşur.
… Və torpaqdan da ilkin mərhələyə – yaranışa qayıdır.
14 Setyabr 2011/Bakı şəhəri

YAŞAMIN BEŞ MƏRHƏLƏSİ…

1. Doğuluş…
İnsan dünyaya məxluq olaraq gəlir – daha doğrusu doğulur. Doğulduğu anda heç nə bilmir. Bu dünyanın bütün dərd-sərindən xəbərsiz olur. İnanıram ki, məxluq doğulmazdan öncə, bu dünyanın dərd-sərini, onu qarşıda gözləyən mərhələləri bilsəydi, elə ana bətnindəcə intihar edərdi, ölü doğulardı. Nə edək ki, doğuluş əlimizdə deyil.
2. Həyat…
Doğuluş əlimizdə olmadığı kimi həyat da, yaşamamız da əlimizdə deyil. Yəni, doğuldunsa, yaşamalısan. Amma necə yaşamaq?! Hə, bax, bu bir az qəliz məsələdir. Zənnimcə, insan məxluq olaraq doğulduğu kimi həyatda adam olaraq da formalaşır. Adamlığın son mərhələsində insanlıq mərhələsinə addımlayır, elə bu mərhələdə də yol başlayır…
3. Yol…
Adam çoxlu sayda keçidləri olan bu insanlıq yolunun hansınısa seçib, insanlığa doğru addımlayır… Bu yolda, yıxılır, büdrəyir, sıxılır, tapdanır, ayaq altında qalır, əzilir. Bəzən də, hamar yol tutub, gedir… Fəqət, hara gedir, bunu dərk edirmi?.. Hər iki halda, bu yolun sonunda yuxardakı mərhələlərdən fərqli olaraq, ÖLÜM adlı qapı var. Bu qapıya çatmaq, onu açıb, içəri daxil olmaq, hər adama nəsib olmur. Bunun üçün bu yolda mücadilə ilə yanaşı, həm də yaratmalısan, yeni yollar açmalısan ki, səndən sonra insanlıq mərhələsinə gələn adamlar sənin yaratdığın yollardan istifadə edə bilsinlər. Və sənin yaratdığın yolun üzərindən öz yollarını çəksinlər, nəhayətdə, insanlıq mərhələsinin sonundakı ÖLÜM qapısından içəri girə bilsinlər. Amma məxluq, adam mərhələləri müvəqqəti olsa da, ölüm dediyimiz mərhələ ilə insanlıq bitmir, yenə də yaşayır… Əslində bu yolun əzəməti də ondadır ki, adamı insanlaşdırıb, əbədi yaşadır.
4. Ölüm…
Məxluq doğuluşdan, adam olandan, daha sonra insan olma mərhələsində də anlamırdı, daha doğrusu qəbul etmək istəmirdi ki, onun doğuluşu, həyata gəlməsi, yaşam yoluna çıxması, bu yolda, hansı uğurları qazanıb, qazanmamasından asılı olmayaraq, ölüm qapısına tələsirdi ki, bu qapıdan əbədiyyətə daxil olsun. Yəni, insanın həyatda bütün mücadiləsi doğuluşdan bəri əbədiyyətə qovuşmaq uğrunda olur. Özü də bilmir ki, onun bütün çabaları sən demə əbədiyyət üçün idi. Fəqət, əbədiyyətə də yuxarıda qeyd etdiyim kimi hər insan daxil ola bilmir. Çünki çoxu elə yoldaca qapıya çatmadan, məhv olur, daha doğrusu kül olub, sovrulur.
5. Əbədiyyət…
Hə, artıq bu yaşamaq mərhələsidir. Bundan öncəki dörd mərhələnin hər biri bu mərhələyə çatıb, yaşamaq üçün idi. İstər məxluq, istər adam, istərsə də insan, hər biri dərk etməyərək, yaşamaq eşqi ilə çırpınır. Həmin bu yaşamaq da əbədiyyətdə olur. İnsan ölüm qapısından daxil olduqdan sonra dərk edir ki, o bundan öncə yaşamırdı, sadəcə, yaşamaq uğrunda mücadilə edirdi. Bu mücadilədə YOLda yıxılıb, məhv olanlar da oldu, ÖLÜM qapısından ƏBƏDİYYƏTƏ daxil olanlar da…
İnsanlığın əbədi yaşaması əbədiyyətdə olur.
13 Sentyabr 2011 – ci il/Bakı şəhəri

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.