Ana səhifə YAZILAR Yusif GÜNAYDINdan “8 mart” ayarlı şeirlər

Yusif GÜNAYDINdan “8 mart” ayarlı şeirlər

Müəllif: Bizim Yazı
907 baxış

(Çağdaş gözəlləmələr)

***
Zümrüdə

Səni unutmaqmı olar,
Anıram, Züzü, anıram.
Od olub düşdün canıma,
Yanıram, Züzü, yanıram.

Son eşq, son ümid, son röya,
Sonrası – qaldı sonraya.
Tapındım ulu Tanrıya
Tanıram, Züzü, tanıram.

Bir çiçəklə bahar olmaz,
Durğun sular axar olmaz.
Səndən də mənə yar olmaz,
Qanıram, Züzü, qanıram.

Bir başqa Zümrüdə
Zümrüd zülm eləməz onu sevənə,
Nurlu gözlərində mərhəmət çoxdu.
Adı Zümrüddüsə, qəlbi qızıldı,
Belə xəzinənin qiyməti yoxdu!

Naznaz
Kaş birdə görəydim o gül üzünü,
Ürəyim təskinlik tapardı, Naznaz!
İlıq qumlar üstə düşən izini,
De, hansı küləklər apardı, Naznaz?

Çıxsam da yoluna mən dönə-dönə,
Bir də qovuşmadı kölgəm kölgənə.
Hardasan, üz-üzə dayanaq yenə,
Ömür çox iti bir axardı, Naznaz!

Qalsın xatirələr başlı-başına,
Bir bax yuva quran qumru quşuna.
Mən qədəm qoysam da ömrün qışına,
Yenə yer üzündə bahardı, Naznaz…

Lamiyə
Bir kərə telini saldın çiyninə,
Amandı, bir daha salma, Lamiyə!
Ən zalım gözəl də bir yol can alar,
Rəhm elə, yüz dəfə alma, Lamiyə!

Yaz gəlsin yurduma, gəlsin, nə gəlsin,
Süsənlər, sünbüllər çəmənə gəlsin.
Nə ki dərd-qəmin var, qoy mənə gəlsin,
Bir də qəm-qüssəyə dalma, Lamiyə!

Tanrıdanmı gəlib pay camalına?
Çox gəzdim, tapmadım tay camalına.
Ağ duvağ yaraşar al camalına
Gəl toyu təxirə salma, Lamiyə…

Tünzaləyə
Yaz gəldi, günəş güldü, düzən laləlik oldu,
Dan parladı, şeh düşdü, çəmən jaləlik oldu.
Biçarə könül inlədi hicran ələmindən,
Yandıqca onun çarəsi Tünzaləlik oldu..!

Yenə Tünzalə üçün
Yaman ümidliyəm vüsal anına,
Sən canın, gəl vurma üstünü, Tünü!
Ruhum can atmada daim yanına
Duy göylərdən gələn istini, Tünü!

Nazlı-qəmzəlisən, məyər danıram?
Bir “şirin” sözündən alovlanıram.
Elə alışıram, elə yanıram,
Gör başımdan çıxan tüstünü, Tünü!

Bu eşq müqəddəsdi, bu eşq tanrısal,
Səni görəcəyəm, hara qanrılsam.
Mənim həm dinimsən, həm də tanrımsan,
Neynirəm Buddanın büstünü, Tünü?!

Bənövşə gözlüm
Sənin gözlərində gördüm baharı,
Bahar elə sənsən, bənövşə gözlüm!
Çovğun geri dönər sevda yolundan
Mənə sarı dönsən, bənövşə gözlüm!

Baxıram üfüqə qızaranda dan,
Bəlkə dan yeliylə gələ səs-sədan…
Ruhumu oxşayan, qəlbimə yatan,
Könlümdən keçənsən, bənövşə gözlüm!

Uymayıb baharın xoş növrağına,
Mələk tək çəkildin səma tağına
Yer üzü çevrilər cənnət bağına
Göydən yerə ensən, bənövşə gözlüm!

İlahə
İstedadlı müğənni İlahə İbadovaya

Vallah bu gözəllik ilahidəndi,
Gör harda qurmusan taxtı, İlahə!
Demə bu sevdaya düşdüm nədəndi,
Bu da bir qismətdi, baxtdı, İlahə!

Bu nalə çox qədim çağdanmı gəlir,
Çoxdanmı ucalıb, çoxdanmı gəlir,
Saf nəfəs, xoş avaz haqdanmı gəlir?
Yalnız haqdan gələn haqdı, İlahə!

Kimi qəhr edirsən, fələk, sən kimi?
Məzlum tapammadın deyən mən kimi.
Ceyran gözlərini süzdürən kimi
Nur olub, qəlbimə axdı İlahə!

Heç məhəl qoymadım ulduz falına,
Xoş ümidlə çıxdım sevda yoluna.
Bəlkə rəhm elədi rəbbim quluna,
Bəlkə bəndəsinə baxdı İlahə?

Duydum bir hikməti, anladım aha!…
Duyan tək tapındım ulu allaha.
Hicrində taqətim qalmadı daha,
Durma, al canımı, vaxtdı, İlahə!…

Nazilə
İnlər qəm şərqisi bəm pərdəsində,
Gəl onu çıxarma zilə, Nazilə!
Həzin bir nisgil var titrək səsində
Adı çətin gələ dilə, Nazilə!

Demirəm hüsnünə hər gül yaraşır,
Zər-xara geyənə zər gül yaraşır.
Şəksiz, tər sinəyə tər gül yaraşır,
Özün də zinətsən gülə, Nazilə!

Yerin var çiçəyin, gülün içində,
Varam o bal tutan dilin üçün də.
Gözəl görünərsən tülün içində
Bürünsə gül bədən tülə, Nazilə!

Gül matah mal deyil gül bazarında,
Öz gülünü ara, bul bazarında.
Qulam bu sevdanın qul bazarında
Mərhəmət etsənə qula, Nazilə!…

N.S.
Gülüm gül üzünü məndən çevirib,
Xara meyl eylədi, xar oldum, oldum.
Rindü rusvalığım keçdi Məcnunu,
Günbəgün cahana car oldum, oldum.

Neylədim yaxına, yada, bilmədim,
Nədən ömrüm getdi bada, bilmədim.
Vüsal şərbətindən dada bilmədim
Hicran ağusundan zar oldum, oldum.
Yoxmuş etibarın, a güvəndiyim,
Yetər qara geyib, göy bələndiyim.
Məni bəyənmədi mən bəyəndiyim,
Neynim, özgəsinə yar oldum, oldum…

Alagöz gözəl
Qəlbimi sındırıb, əzməksə qəsdin,
Bu qəlbim, bu da sən, ala, əz, gözəl!
Sənə olmaz deyən məsud olmasın,
Sənə hər şey olar, alagöz gözəl!

Hicran can üzəndi, könül qırandı,
Demirəm tab elə, ya da döz, gözəl.
Nədən sevda yolu alatorandı,
Bəlkə sən bilirsən, alagöz gözəl?

Yaz gəlib, nur saçır od çərşənbəsi,
Mənmsə canımı sarıb buz, gözəl.
Hərdən iş başına yubansan nə qəm,
Görüşə yubanma, alagöz gözəl..!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.