Ana səhifə BAŞ YAZI Yolların ömrünə calanır ömrüm…

Yolların ömrünə calanır ömrüm…

Müəllif: Bizim Yazı
741 baxış

Zirəddin QAFARLI

TÖKÜLƏN DOLMURSA…

Bu dünya dediyin bilirsən özün,
Cavabsız sualdır, sualsız cavab.
Üstündə gəzdiyin bu yer üzünün
Bir ucu günahdır, bir ucu savab.

Mən sənin qədrini bəlkə bilmədim,
İndi bu həsrəti daşıyım necə?!.
Bircə yol zülmünü çəkə bilmədim,
İndi xoş günləri yaşayım necə?

 

Götürdüm boynuma günahlarımı,
İtirdim sayını etirafların.
İlahi, bir belə günah olarmı,
De nədir günahı qəlbi safların?

Deməli, mənimki yaşamaq deyil,
Deməli, özümü aldadıram mən.
Bənzəmək-kiməsə oxşamaq deyil,
Nə cür yetişsəm də, kal dadıram mən.

Getdiyim yolları döndərib geri
Gərək kəndir təki salım boynuma.
Mən bu günahları, bu sitəmləri
Nə qədər, nə qədər alım boynuma?!.

Hara üz tutum mən bu gün, ah…hara?
Dünyanın sərhədi, çəpəri yoxdu.
Özüm sahib oldum bu günahlara,
Bəlkə də Allahın xəbəri yoxdu?!.

Dünyada günahsız yaşamaq olmur,
Axı bir Haqqı var bu haqsızların!
Demək bir halda ki, tökülən dolmur
Günahı var imiş günahsızların…

YOXUYMUŞ

Gəldinsə, deməli getməyin də var,
Dünyayla qalmağa əmr yoxuymuş.
Burda su xəmiri aparıb gedir,-
Suyu çox aparan xəmir yoxuymuş.

De, kimin yanına qolu düşməyib?!
Kimin komasına dolu düşməyib?!
Elə bil şahların yolu düşməyib.
Elə bil Teymurtək Əmir yoxuymuş!

Qaldıqca üst-üstə qalandı hər şey,
Dünyanın özünə qalandı hər şey,
Sən demə, quruca yalandı hər şey,
Səndən sonra bir səs-səmir yoxuymuş!

Deyirəm, yoluna, izinə heyif,
Vaxtın yoxuşuna, düzünə heyif,
Zirəddin, özünə, özünə heyif,
Ölümdən o yana ömür yoxuymuş!

HEÇ DEMİRSƏN

Niyə səni tez itirdim, bilmədim,
Nə apardım, nə gətirdim, bilmədim,
Ömrü-günü zay bitirdim, bilmədim,
Seçəmmədim nə payızı, nə yayı,
Qurban sənə bu həyatım, yat, uyu!

Dəli kimi dolanıram dünyanı,
Deyirəm ki, əhvalımı bil yəni,
Sənlə keçən ömür hanı, gün hanı?!
Gözlərimə hopub çayların suyu,
Qurban sənə bu həyatım, yat, uyu!

Sən həyata sevinc verdin, qəm aldın,
Bu dünyadan nə aldınsa kəm aldın,
Kim deyir ki, ömür sürüb kam aldın?!
Görrəmmədin oğul toyu, qız toyu,
Qurban sənə bu həyatım, yat, uyu!

Gedib çatmır uzaqlara əllərim,
Dönüb yetim uçaqlara əllərim,
Olub daha para-para əllərim,
Sızıldaram yazıq-yazıq ilboyu,
Qurban sənə bu həyatım, yat, uyu!

Nə müddətdir bənd olmuşam yollara,
Heç demirsən bəs sən hara, yol hara?
Görüm məni aparacaq yol hara…
Belə gəldi tale payı, bəxt payı,
Qurban sənə bu həyatım, yat, uyu!

HƏLƏ NƏ YAŞIN VAR…

Şeirin də, sözün də məni göynədir,
Bir az bayatısan, bir az ağısan.
Qardaş, inanmaram, altmış yaş nədir?
Sən hələ balaca kənd uşağısan.

Çoxdan yolum düşmür, uzağam eldən,
Günləri sayıram, ömür-gün bitir.
Kosalar kəndindən əl eləyib sən
Əsrik dərəsinə bir salam yetir.

Yaz görüm nələr var dağda, binədə,
Hər gün görüşdəyəm, toy-düyündəyəm.
Gələndə sakitlik gətir mənə də,
Dostum, mən şəhərin hay-küyündəyəm.

Söz qoş, söz düzənlə- yox sözün sonu,
Bizdədir ixtiyar, ay Barat Vüsal!
Bir də ki, nə altmış, at getsin onu,
Hələ nə yaşın var, ay Barat Vüsal!

Səsinə qoşulsun çayların səsi,
Xoş illər ələnsin yaşının üstə.
O ilham pərisi, Tanrı kölgəsi
Bir an çəkilməsin başının üstdən.

Şeirin də, sözün də dürdür, incidir,
Bir az bayatısan, bir az ağısan.
Demə ki, altmış yaş səni incidir,
Yox, qardaş, sən elə kənd uşağısan!

BİLMİR

İllər hara gəldi baş alıb gedir,
Nə binə tanımır, nə dəyə bilmir?
Ürək qızdıranda bir ürəksizə
Ürək də ürəkdən “hə” deyə bilmir.

Olmadım bir ada, bir sana borclu,
İnsan yaranmayıb insana borclu.
Qalmışıq dünyada bir cana borclu,
Bir ömür bir borcu ödəyə bilmir.

Çəkilə hər dərdim, qadam qəfildən,
Yüz ömrün tamını dadam qəfildən.
Bir də görürsən ki, adam qəfildən
Tuş gəlir qorxuya, hədəyə-bilmir.

Tanrım özü salıb kəməndə, bəndə,
Neyləsin əlacsız bu fağır bəndə?!
Atdan yıxılanda, əldən düşəndə
Nə desin bu vaxta, vədəyə- bilmir.

Zirəddin, özünü qına, qınasan,
Nizəyə çuvalsan, qılınca qınsan,
Boğula-boğula yaşayır insan,
Yazılan yazılıb,- əl dəyə bilmir.

AYDIN, EY…
SƏN GƏRƏK ŞAİR OLAYDIN

İncitək misralar düşmür dilindən,
Aydın, ey… sən gərək şair olaydın.
Deyəsən sənətdə yerin səhv düşüb,
Aydın, ey… sən gərək şair olaydın.

Dünyada hər şeydən əzəl ürəkdi,
Axtar Yer üzünü əl-əl- ürəkdi.
Ürək qayğılısa, gözəl ürəkdi,
Aydın, ey… sən gərək şair olaydın.

Ömür-elə sözdü, sazdı səninçün,
Qışın oğlan çağı yazdı səninçün,
Zirəddin bu şeiri yazdı səninçün,
Məndən çox sən gərək şair olaydın.

YOLLARIN ÖMRÜ

Keçir yollardaca bu ömrüm, günüm,
Yollara qovuşur həyatım mənim.
Məni çox axtarma, başına dönüm,
Məni çox soruşma, həyatım mənim!

O qədər gedəsi yerlərim qalıb,
İnsanam, mənim də gözləyənim var.
Yorğun ayaqlarım yaman qocalıb
Yaxşı ki, “tələsmə, döz” deyənim var.

Yollar bu dünyadan keçib gedirmiş,
Yolçuluq, dünyadan xəbərimiz yox.
İnsan özü boyda sirmiş, sehrmiş.
Yox, bilə bilmərik bu sirri biz – yox!

Yollarda yaranır sözüm, söhbətim,
Ağaclar duyurmu, daşlar bilirmi?!
Gəl məni axtarma, ay məhəbbətim,
Gəl məni soruşma, ölən dirilmir!

Dünyaya ocaqtək qalanır omrüm,
Ömrümdən uzundu kolların ömrü.
Yolların ömrünə calanır ömrüm,
Ömrümdən başlayır yolların ömrü.

BİR XATİRƏ DANIŞIN

Uşaqlaşmaq istəyirəm hər bu kəndə gələndə,
Bacılarım, anamızdan bir xatirə danışın.
Yaddaşımı pozub daha şəhərlərin hay- küyü,
Bacılarım, anamızdan bir xatirə danışın.

Danışın ki, uşaqlıqdan dəcəliydim elə mən,
Havasına uçuram ki, o illərin hələ mən.
Qoşulmuşam əsib gedən küləyə mən, yelə mən,
Bacılarım, anamızdan bir xatirə danışın.

Boyanmışdı taleyinin qarasına, ağına,
Məlhəm ola bilməmişik ürəyinin dağına.
Qayğıların çoxluğundan gecikərdi sağına,
Bacılarım, anamızdan bir xatirə danışın.

Dünyanın naz-nemətindən heç özünə qıymadı,
Doyuzdurdu bizi hər gün, ancaq özü doymadı,
Özü yetim böyümüşdü, bizi yetim qoymadı,
Bacılarım, anamızdan bir xatirə danışın.

Danışın ki, Zirəddinin anasıydı anamız,
Bir soğulmuş gölün, Allah, sonasıydı anamız.
Ömrümüzün-günümüzün mənasıydı anamız,
Bacılarım, anamızdan bir xatirə danışın.

BİR CANDI VERMİSƏN

Məni yaratdınsa, Özün yarandın,
Səni hardan, necə tanıyardım bəs?
Sonralar məni də bir bəndən sandın,
Mənim bəndəliyim həvəsdi, həvəs!

Nə vaxtsa bu həvəs sönüb gedəcək,
Közərən o işıq sönəcək bir vaxt.
Gələn nə vardısa dönüb gedəcək,
Sənin də xoş üzün dönəcək bir vaxt.

Beləcə, hələlik Səninləyəm mən,
Bilmirəm o yanda varsanmı Özün?!
Sənə yalvarmağı yaman sevirsən,
Qorxudub gözümü bu odun, közün.

Bir candı vermisən, şükür buna da,
Bir də ki, neynirdim bu canı Sənsiz?!
Özün qalırsansa fani dünyada,
Bəs niyə yaşadım dünyanı Sənsiz?

Nə yolum məlumdur, nə adım, Tanrım,
Öz verdiyin “göz”dür-gördüm gözümlə.
Nə qədər özümü aldadım, Tanrım,
Nə qədər oynayım özüm özümlə?!

İSİNMİR

Daha bu dünyada nəyim var, nəyim?!
Səniydin həmişə arxam, kürəyim,
İsinmək istəyir hər gün ürəyim,
Di gəl ki, açılmır kefim – isinmir!

Ağlaram gecələr için-için mən,
Dərd dolu qədəhi necə içim mən?!
Tanrının Günəşi doğur içimdən,
Eşiyim nur saçır, evim isinmir.

Tökdü Zirəddinə hirsini dünya,
Görmür yaxşısını, pisini dünya,
Deyirlər, sevgiylə isinir dünya,
Nə qədər sevimsə, sevim, — isinmir!

YANMIŞ ADAMAM

Eşqim yaşımla düz gəlmir,
Ömrü tanımış adamam.
Lap elə uşaqlığımdan
Hər şeyi qanmış adamam.

Bu qədər coşub qaynama,
Çat düşüb könül aynama.
Ürəyimlə çox oynama-
Ürəyi yanmış adamam!

Dözürəm sitəmlərinə,
Dərdlərinə, qəmlərinə,
Axı mən qədəmlərinə
Yoltək uzanmış adamam.

Olumum, ölümün qəti,
Gəlib, getmədim xəlvəti,
Bu dünyada var-dövləti
Vallah, boş sanmış adamam…

İnsaf eylə, göz qoyan var,
Hara gedim, de, ha yan var?!
Mənim də abır-həyam var-
Bir az tanınmış adamam…

PAYIZ

Bu dünya necə də kövrək görünər,
Nələr pıçıldayar, eh,.. nələr payız.
Gah dönüb çöllərdə yalquzaq olar,
Bir körpə quzutək gah mələr payız.

Ürəyim uşaqdı- oyanıb baxar,
Xatirə önündə dayanıb baxar,
Hər yan eyni rəngə boyanıb baxar,
Dərələr payızdı, təpələr payız.

Çən, duman görünər gözə tül kimi,
Açılar dan yeri qızılgül kimi,
Bir payız toyunda qızıl pul kimi
Xəzəli başıma səpələr payız.

“Azərbaycan” dərgisi – 3/2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.