Məhəlləmizin başında Ağabəy adında yaşlı bir kişi yaşayırdı. İlk baxışdan başqalarından heç nə ilə fərqlənməyən bu insanla az müddət söhbətdən sonra məlum olurdu ki, o, həddindən artıq dindardır, bir az da dəqiq desək avamdır (rus türkcəsində desək, fanatikdir) və dar düşüncəsi ilə bütün məhəllə sakinlərindən fərqlənir. Əslində məhəlləmizin sakinlərinin əksəriyyəti, xüsusilə də qocalar dindar idi. Amma “Məşədi İbad” demiş, bir o qədər yox. Bu kişi həyatının mənasını dini qanunlara ciddi riayət etməkdə görürdü. Deyərsiniz burda pis nə var ki?! Heç nə. Məsələ bunda idi ki, o, bütün bunlara şüurlu şəkildə deyil (məsələn, birindən eşitdiyi hədisin doğru və yalan olmasının fərqinə varmadan) kortəbii şəkildə ona əməl edirdi. Amma bu kişinin bir özəlliyi də var idi ki, o, dindar olduğu qədər də çalışqan idi. Bütün ömrünü ağır zəhmətlə çalışaraq ailəsini dolandırırdı. Məni görən kimi yanına çağırar, həmsöhbət olardıq. Çox söhbətlər edərdi. Danışardı ki, ömründə bir tikə belə haram çörək yeməyib, heç kimin bostanına daş atmayıb, qonşunun toyuğunu həyətində görəndə “mənimkidir”-deməyib. Bir sözlə saf, təmiz, alın təri ilə, halal bir ömür yaşayıb. Çevrəsindəkilər də bunu təsdiq edər, istər qohumları olsun, istərsə də qonşuları onun geniş ürəkli insan olmasından, cüzi qazancından daim kimsəsizlərə əl tutmasından ağız dolusu danışırdılar.
Hələ bu harasıdır? Ağabəy kişinin atası haqqında danışırdılar ki, o, dükandan heç nə almaz, hətta taxılı belə öz qapısında əkib becərərdi ki, birdən bu taxıl müsəlman olmayan məmləkətlərdən gətirilər. O da yeyər, ibadəti zay olar. Bir sözlə bu ailənin möminliyi təkcə bizim kənddə deyil, bütün ətraf kəndlərdə məşhur idi.ar dindar idi. Amma “Məşədi İbad” demiş, bir o qədər yox. Bu kişi həyatının mənasını dini qanunlara ciddi riayət etməkdə görürdü. Deyərsiniz burda pis nə var ki?! Heç nə. Məsələ bunda idi ki, o, bütün bunlara şüurlu şəkildə deyil (məsələn, birindən eşitdiyi hədisin doğru və yalan olmasının fərqinə varmadan) kortəbii şəkildə ona əməl edirdi. Amma bu kişinin bir özəlliyi də var idi ki, o, dindar olduğu qədər də çalışqan idi. Bütün ömrünü ağır zəhmətlə çalışaraq ailəsini dolandırırdı. Məni görən kimi yanına çağırar, həmsöhbət olardıq. Çox söhbətlər edərdi. Danışardı ki, ömründə bir tikə belə haram çörək yeməyib, heç kimin bostanına daş atmayıb, qonşunun toyuğunu həyətində görəndə “mənimkidir”-deməyib. Bir sözlə saf, təmiz, alın təri ilə, halal bir ömür yaşayıb. Çevrəsindəkilər də bunu təsdiq edər, istər qohumları olsun, istərsə də qonşuları onun geniş ürəkli insan olmasından, cüzi qazancından daim kimsəsizlərə əl tutmasından ağız dolusu danışırdılar.
Ağabəy kişidə mənim diqqətimi ən çox çəkən cəhət o idi ki, o, hər şeyi qismətlə, alın yazısı ilə bağlayırdı. Məsələn, güclü qar yağırdı, o işə gedə bilmirdi. (Əksər kənd sakinləri kimi Ağabəy əminin də ruzusu gündəlik işdən çıxırdı). Belə günlərdə arvadı Məsmə xala ondan soruşardı:
-A kişi, bu gün işə gedəcəksənsə səninçün bir şey hazırlayım?
Ağabəy kişi cavab verərdi:
-Qismətimdə olarsa gedərəm.
Arvadı hirslənər və astadan deyərdi:
-Görüm sənin bu dünyaya qismət olub doğulan gününə daş düşəydi.
Ağlım kəsəndən qismət məsələsinə mənim xüsusi yanaşmam olub və mən bu qismət məsələsini heç vaxt qəbul etməmişəm. Ağabəy kişinin qismət konsepsiyasına da inamsız yanaşırdım. Peyğəmbərlərin belə dolanmaq xatirinə ağır zəhmət çəkdikləri halda birinin heç bir zəhmət çəkmədən evdə oturub qismətini gözləməsi nə dərəcədə doğrudur? Mənim 18 yaşım olanda siqaret çəkən dostlarım mənə də çəkməyi təklif etdilər. Mən Allahın mənə verdiyi ağılın köməyi ilə bunun orqanizmə zərərli olduğunu bilirdim və indiyə qədər də siqaret çəkmirəm. Buna qismət neyləsin? Qismət məsələsində mən kəndimizin ən məzəli adamı sayılan, bir az da qulağı ağır eşidən Ağadadaş kişiyə daha çox üstünlük verirdim. Çünki, o, həmişə deyərdi ki, “Allah çəkdiyin zəhmətə qiymət versin”. Və ona sabahın xeyir deyəndə “aqibətin xeyir” deyil, “axırın xeyir” – deyərdi. Yeri gəlmişkən, Ağadadaş kişi çox şən, hazırcavab və Allaha şükürlü bir insan idi. Hər dəfə evə təzə bir əşya alanda mənə göstərərdi. Evlərində özü demiş Xruşşov dövründən qalma enli bir dəmir çarpayı vardı. Bu çarpayını mənə göstərib deyərdi:
-Bax, bu çarpayıda üçümüz yatırıq.
-Üçüncüsü kimdir, ay Ağadadaş kişi?
-Mən, arvad, bir də ki, rəhmətlik atam mənimlə Səkinənin (arvadının adı Səkinə idi) arasında yatır.
-Bu necə olur?
Gecələr elə ki, dönürəm arvada tərəf, tez deyir ki, sən atanın goru mənimlə işin olmasın.
Ağadadaş kişinin 4-ü qız, 3-ü oğlan olmaqla 7 uşağı vardı və bu qızları köçürmək onu əməllicə “bankrot etmişdi”. Hər dəfə bu barədə söhbət düşəndə Ağadadaş kişi ah çəkər deyərdi: Kasıbın əkdiyi bitmir ki, …
Deyəsən mətləbdən uzaqlaşdıq. Biz axı Ağabəy kişidən danışırdıq. Ağabəy kişinin bütün xasiyyətlərini mənimsəmiş, bircə bu qismət işində atasının əksi olan oğlu Coşqun bu yöndə onunla mübahisə edirdi. Amma Ağabəy kişi “kor tuduğunu buraxmaz” məsəlinə ciddi riayət edirdi. Coşqun yüksək ailə tərbiyəsi görmüşdü və buna görə də kənddə hamının sevimlisi idi. Bir də ki, onun ürəyində atasından qorxu hissi var idi. Çünki, Ağabəy kişi ötkəm adam idi və sözü çəp gələn kimi ”bös-böyük cahıl” olan Coşqunun qulağını şillə ilə alışdırırdı. Odur ki, o, çox zaman atasının səhv, yanlış fikirlərini sükutla qarşılayırdı. Bunu görən atası da:
-Görürsən, heç nə deyə bilmirsən. Belə tutarlı faktların qarşısında nə deyə bilərsən ki..?
Ağabəy kişinin savadlı, daha doğrusu ali təhsilli adamları görməyə gözü yox idi. Fikirləşirdi ki, elm uşaqların başını xarab edir və onlar dindən uzqlaşırlar. Oğlunu məktəbə göndərməklə çox səhv iş gördüyünü düşünürdü.
-Nəslimizdə oxumuş yox idi, canımız çıxmırdı ki, bir tikə çörək qazanıb acından ölməmişik.
Oğlunun İnşaat Mühəndisləri Universitetinə daxil olması isə Ağabəy kişini əməlli-başlı özündən çıxarırdı. Lakin anasının uzun-uzadı xahiş-minnətdən sonra yumşalıb bir söz deməmişdi. Sovet dövrünü yaşamış, böyük texniki tərəqqinin şahidi olmuş bir insanın bu dərəcədə avam olması təəccüb doğururdu.
İllər keçir, həyat öz axarı ilə davam edirdi. Artıq Coşğunun evlənmək, ailə qurmaq vaxtı çatmışdı. O, qonşuluqdakı Gültac adlı bir qıza könül bağlamışdı. Lakin Ağabəy kişi bu izdivacın qəti əleyhinə idi. Səbəbi də o idi ki, qız ali təhsilli idi və kənd məktəbində ədəbiyyat müəllimi çalışırdı. Ailələri isə namaz qılmır, oruc tutmur, nə bilim ağ balıq və kolbasa yeyirlər. Bunu bilən kənd camaatı tez-tez Ağabəy kişidən soruşurdular:
-Ay Ağabəy, de görək, xeyir iş nə vaxtdı?
-Hansı xeyir iş?
-Oğlunun xeyir işin deyirik də.
-Kim sizə dedi ki, mən xeyir iş etmək istəyirəm? Gedin öz işinizlə məşğul olun.
Coşqun isə yiyələndiyi ixtisasa aid iş tapa bilmir, atası kimi isə xırda çalışmaq istəmirdi. Hər dəfə bu barədə söz düşəndə Ağabəy kişi hirslənərdi:
-Sən ağa, mən ağa, inəkləri kim sağa?
Bir gün kəndin işi-gücü olmayan avara cavanları Ağabəy kişiyə sataşmaq qərarına gəldilər. Bir kağıza gözəl bir xətlə “Bismillahir-rəhmanir rəhim. Bu məktub cənnətdən göndərilib. Mömin insanlara müjdə, Allahı tanımayanlara isə ciddi xəbərdarlıqdır. Məlumunuz olsun ki, Səudiyyə Ərəbistanında ağ paltar geyinmiş şəxs bir kişinin yuxusuna girib və ona bildirib ki, insanlar dindən üz döndərib, bu yaxınlarda onlar cəzalandırılacaqlar və bu məktubu alan hər şəxs onun üzünü köçürüb başqalarına da paylamalıdır” sözlərini yazıb xəlvəti həyətlərinə atdılar. Ağabəy kişi bu məktubu oxuyan kimi şiri-nərə döndü:
-Gördünüz ki, mən sizə demişdim, belə getsə dünya dağılacaq.
Məktubu özündə saxlamaqdan qorxan Ağabəy kişi onu kənd camaatına paylamaq qərarına gəldi. Lakin camaat bunu alarsa hərəsi bir neçə nəfərə vermək lazım olduğunu anladığından heç kim bu kağızı ondan almadı. Onda Ağabəy kişi məktəbə gedib məktubları şagirdlərə payladı. Bunun məktəbdə necə tufan qopardığını kənd məktəbində müəllim işləyən atam mənə axşam danışdı. Coşğun atasının bu hərəkətindən çox üzüldü. Demək olar ki, hər gün atasından bir gülünc hərəkət eşidirdi.
Ağabəy kişinin bir özəlliyi də onda idi ki, bir balaca dini savadı olanı, məsələn Quranı qırıq-qırıq da olsa oxuya biləni alim adlandırırdı. O cümlədən özü də molların ağzından bir neçə kəlmə eşitdiyindən məclislərdə özünü alim, oxumuş, savadlı bir insan kimi aparır, tez-tez mollalarla mübahisə edirdi. Hətta son zamanlar Ağabəy kişinin özünü alim sayıb yanına məsləhətə gələnlər də vardı. Elə ki, bir çətin məsələ haqqında söhbət düşdü, Ağabəy kişi döşünü qabağa verib “Mütrüb dəftəri”indəki Qasım əmi kimi deyərdi:
-Burda çətin nə var bəyəm? Məndən soruşun, cavabını verim.
Birisi soruşardı:
-Ay qonşu, nə qədər çalışıram bu uşağı avaraçılıqdan qurtara bilmirəm, sən alim adamsan nə məsləhət görürsən?
Ağabəy kişi bunu da qismətlə bağlayıb deyərdi.
– Bu onun alnına yazılıb, əgər qismətində varsa avaraçılıqdan qurtaracaq.
Bizim ailəmizdə 6 yaşından etibarən Qurani-Kərimi oxuyub-öyrənmək bir ənənə halını almışdı. O cümlədən 6 yaşıma çatanda məni də Gülhüseyn mollanın yanına qoydular ki, Quranı Kərimi və qiraəti öyrənim. Elə bu andan da atam məni özü ilə tez-tez yas məclislərinə aparardı ki, qiraətə qulaq asım və düzgün tələffüzü öyrənim. Ağabəy kişi də adəti üzrə heç bir məclisi buraxmazdı. Gözünü mollanın ağzına dikər, mərsiyə oxunduqda isə istər-istəməz gözlərindən yaş axardı. Ağlamaq işində o qədər mahir olmuşdu ki, arvadlar onun yanında yalan idi. Məclislərin birində molla xəlifələrdən birinin Ələvilərə zülmündən danışırdı. Guya bu xəlifə Ələvilərdən birini təhqir etmiş, həmin şəxs də əsəbiləşərək, Kufə şəhərindən əlini uzadıb, Şam şəhərində xəlifənin bığlarını dartmışdı. Molla bu söhbəti avazla danışır, arada hönkürüb ağlayırdı. Pah atonnan, bilsəniz Ağabəy kişi necə ağlayırdı? Göz yaşı su yerinə axırdı. Onun göz yaşlarını Kür çayına töksəydilər, Kür daşar Aran rayonlarını yenidən sel basardı.
Bu gülməli və məzəli hadisə isə heç yadımdan çıxmaz. Bir dəfə yenə də atam məni qonşudakı bir yas məclisinə aparmışdı. Hüzür sahibi varlı hacı olduğundan evin bütün otaqları və artırması adamla dolu idi. (Yoxsuların yas məclisində bir neçə adamın iştirakına baxmayaraq, varlı məclislərində adam əlindən tərpənmək olmur. Bu artıq bir ənənə halını alıb və mənim fikrimcə çox pis bir adətdir. Hər dəfə belə halla qarşılaşanda mənim uşaq qəlbim kövrəlirdi və bu hafizəmdə dərin iz buraxırdı.) Məclisdə məruzə etmək üçün (xalq arasında buna “mouzə” deyirlər) Molla Nəxşibəndi adlı bir Axund dəvət olunmuşdu (Bu adın mollanın həqiqi adı, yoxsa ki, ləqəbi olduğunu bilmirdim, hər halda hamı onu bu adla çağırırdı). Atamdan soruşdum. Tarixçi olduğu üçün şəriət tarixinə az-çox bələd olan atam mənə məlumat verdi ki, Əmir Teymur dövründə yaşayan Xacə Bəhayəddin əl-Nəqşbəndi “Nəqşbəndiyə” adlı bir təriqət yaratmışdı. O dövrün bütün insanları Xacəyə böyük ehtiramla yanaşırdılar. Əmir Teymur hətta onun qəbri üzərində möhtəşəm bir məqbərə ucaltmışdı. Bu məqbərə bugünün özündə belə Orta Asiya müsəlmanlarının sevimli ziyarət yeridir. Yerli dindarların dediyinə görə bu məqbərəni 3 dəfə ziyarət etmək Məkkə ziyarətinə bərabər tutulur. Daşkənddə yüksək dini təhsil almış və bu müqəddəs məqbərəni bir neçə dəfə ziyarət etmiş Nəqşbəndi Peyğəmbərin Məkkədəki acınacaqlı həyatından danışır və dilindən məclisə ətir saçılırdı. (Bunu mən atamın ona diqqətlə qulaq asmasından bilirdim. Çünki, atam boşboğazlığı sevmir, təkrar eşidən kimi durub məclisi tərk edirdi). Lakin özünü bütün mollalardan ağıllı, çoxbilmiş sayan Ağabəy Axundun uzun-uzadı danışması ilə razılaşa bilmir, onun sözlərinə müdaxilə edib hətta bəzi məsələlərdə onunla mübahisə etmək istəyirdi. Axund bir qurtum çay içib söhbətinə balaca ara verən kimi Ağabəy kişi söhbətin mövzusunu dəyişdirmək istədi:
-Axund ağa, çoxdandır ki, bu sualın cavabını axtarıram.
Axund əlindəki stəkanı yerə qoyub Ağabəy kişiyə sarı dönüb dedi:
-Buyurun, buyurun.
– Niyə bizim cavanlar axışıb Rusiyaya gedirlər?
Ağabəy kişi guya ki, böyük bir elmi sual verdiyini, və Axundun bu sualı aça bilməyəcəyini bilirmiş kimi gah gözlərini onun ağzına dikir, gah da özündən razı kimi cammatı süzürdü. Axund bu səviyyəsiz sualdan bir anlıq duruxdu. Camaatın çoxu kimi mən də hiss etdim ki, bu onun xoşuna gəlmədi. Amma sualı cavabsız da qoymaq istəmədi:
-Bilirsiniz, uşaq anadan olandan sonra iki ildən az olmayaraq anasının südünü əmməlidir. Ana südünü əmdikcə ana məhəbbəti, Vətən məhəbbəti damla-damla uşağın qanına hopur. Amma indiki qadınların çoxu uşağı ana südündən məhrum edir və onları süni südlə qidalandırır. Ona görə də uşaq böyüyən kimi qaçır Rusiyaya ki, görsün anası Rusiyanın hansı fermasındadır.
Məclis əhli bu sözlərə qəh-qəh çəkib güldülər. Nəqşibəndi isə qətiyyən gülmür, iti nəzərlərini Ağabəy kişinin üzünə dikib sözlərinin ona necə təsir etdiyini bilmək istəyirdi. Biz hamımız bu sözlərin Ağabəy kişi üçün ömürlük bir ibrət dərsi olacağını düşündük.
Bir gün də eşitdik ki, kəndin yuxarı başında qırxdır. Məclisi molla Ağabəy aparacaq. Bəri başdan deyim ki, bizim kənddə əksər adamlar ləqəbləri ilə tanınır. Bu ləqəblərin bir neçəsi ilə oxucuları tanış etmək istəyirəm. Məsələn kəndin məscidində gecələyən və tezdən azan verib camaatı namaza səsləyən Xeybərə “xoruz Xeybər”, arvadların işinə qarışan Əzizağa da “qız Əzizağa” ləqəbi ilə tanınır və s. Yazıq Ağabəy də məclisdə çaşıb dini-şəriətdən bir neçə kəlmə danışmışdı və olmuşdu “molla Ağabəy”. Əslində bu ad Ağabəy kişinin ürəyindən idi. Xülasə “molla” keçib oturmuşdu yuxarı başda və qabağında da çayla xurma xümsdən və zəkatdan danışırdı. Mən İslamın ən vacib və çətin sahəsi olan xüms-zəkat haqqında Ağabəyin haçan öyrəndiyinə təəccübləndim və diqqətlə ona qulaq asdım. O, ağzına gələni danışırdı. Bu zaman kəndimizin yuxarıda təsvir etdiyim avara cavanlardan biri yanındakılara göz vurub Ağabəy kişidən soruşdu:
-Molla əmi, ruh nədir?
Ağabəy kişi üzünü həmin cavana çevirib:
-Necə yəni, ruh nədir, ruh elə ruhdur da.
Hamı diqqətini “molla”ya yönəltmişdi. Mən ruhun bir neçə cür, məsələn, mənəvi ruh, cismani ruh və b. haqqında eşitmişdim. Lakin bu haqda daha nə isə yeni bir söz eşidə biləcəyim marağı ilə bütün diqqətimi Ağabəy kişiyə yönəltmişdim. “Molla” isə vurnuxur və bu sualın cavabını verə bilmirdi. Bilsəniz Ağabəy kişi necə pərt oldu? Fikirləşdik ki, bu hesabla gərək o bir də camaat içinə çıxmaya. Lakin o, daha böyük şövqlə mollalığı davam etdirirdi. Ərəb dilindən əsla başı şıxmayan Ağabəy kişi “Yasin” surəsini Kiril əlifbası ilə dəftərçəsinə yazdırmış, boş vaxtlarında kənd qəbristanlığında durub “müştəri” gözləyirdi. Bu barədə onu qınayanlara isə belə cavab verərdi:
-Burda mənlik bir iş yoxdur. Bunlar tale, qismət məsələləsidir. Yəqin belə olacağı qabaqcadan mənim alnıma yazılıb.
Coşğun nə qədər çalışırdısa, atasını yolundan döndərə bilmirdi. Ağabəy əmi çox tərs, inadçı idi. Dediyindən dönmürdü. Anası isə daha çox qorxurdu. Çünki Coşqunun sevdiyi qızın ailəsi Ağabəy əminin nazıyla çox oynamaya bilərdi. Həm də söhbət gəzirdi ki, Gültacı kəndimizə qıraqdan gələn bir müəllimə nişanlamaq istəyirlər. Belə olarsa bəs Coşqunun halı necə olacaqdı?
Tam bu əsnada dostları, Coşqunun özündən xəbərsiz bir hiylə işlətmək fikrinə düşdülər. Onlar Ağabəy kişini elə onun öz metodu ilə qorxudub yumşaltmağı qərara aldılar. Dostlar Coşqunun dərzilikdə xüsusi məharəti olan anasına bir mələk paltarı tikdirdilər. Yaz axşamlarının birində onlar qəbristanlıqda gizlənib cüməaxşamından qayıdan Ağabəy kişini gözləməyə başladılar. Qəbristanlıq kənarına yetişəndə Ağabəy kişinin qulağina qəribə səslər gəldi. Ulayış, çığırtı və daha neçə-neçə qəribə səslər. Dostlar bu səsləri ona görə seçmişdilər ki, Ağabəy kişini buna hazırlasınlar. Qəfil qarşısına çıxsaydılar o, qorxar, xəstə ürəyi partlaya bilərdi. Az sonra bir “mələk” onun qarşısında peyda oldu. Ağabəy əmi bunun bir xəyal deyil, həqiqət olduğunu bilincə duruxub yerində qaldı. Dili, dodağı qurudu. Gözünü mələkdən çəkmirdi. “Mələk” qabaqcadan əzbərlədiyi sözləri xüsusi məharətlə söyləməyə başladı.
-Ey bəni adəm! Al bu məktubu. Bu məktub sənə cənnətdən gondərilib. Oxu və içindəkilərə əməl et. Yoxsa əməllərin heçə dönər, əzaba düçar olarsan, cənnətə düşmək arzun da puça dönər.
Ağabəy əmi əli titrəyə-titrəyə məktubu aldı, kəkələdi, danışmağa çalışdısa da, bacarmadı. Azca özünə gələndən sonra ordan uzaqlaşdı. Həmin gecəni ilan sancan yatdı, amma Ağabəy kişi yata bilmədi. Səhəri açıq gözlə açdı. Məktubu açmağa uzun-uzadı tərəddüd etdi, lakin mələyin qorxusu üstün gəldi. O məktubu açdı, oxudu. Orada yazılmışdı ki, “Ey bəni adəm Ağabəy kişi sən nə cürətlə Allahın istəyinə qarşı çıxırsan. İki sevən gənci bir birindən ayırmaqla məhv olmaqmı istəyirsən? Bəs qorxmursanmı ki, biz səni qıl körpüsündən keçərkən qır qazanın yuvarladaq?!”
Ağabəy kişini soyuq tər basdı. Bir az özünə gəlsin deyə çay evinə yollandı. Buradakıların əksəriyyətinin isə bu plandan xəbəri vardı. Axşama doğru Ağabəy kişi tamamilə yumşaldı, əvvəlki ötkəmliyindən əsər-əlamət qalmamışdı. Coşqun atasının yumşalmasını eşitdikcə buna təəccübləndi. Anası ona əsil əhvalatı bildirəndən sonra o dostlarına təşəkkür etdi. Ağabəy kişi isə hər gün çay evinə gələr lovğalanıb deyərdi:
-Siz məni avam hesab edib fanatik deyirdiniz, amma hansınızın gözünə mələk görsənib?
Bir neçə gündən sonra Coşqun Gültacla evlənib xoşbəxt oldu, Ağabəy kişi isə uzun müddət bu hiylədən xəbərsiz yaşadı.