Ana səhifə YAZILAR “Yadımdan çıxmışdı, deyim”… – Qubadan şeir sovqatı

“Yadımdan çıxmışdı, deyim”… – Qubadan şeir sovqatı

Müəllif: Bizim Yazı
525 baxış

Zakir MƏMMƏD 

Əhvalat

Yadımdan çıxmışdı, deyim:
Bir həyat borcluyam sənə.
Çapıb murada yetməyə
Bir də at borcluyam sənə.

Yağıb tez kəsən yağışam.
Çətin bir yana yığışam.
Bilməyib çox sındırmışam,
Qol-qanad borcluyam sənə.

 

Bu qəmdən doyaq, doymayaq?
Sirr edib yayaq, yaymayaq?
Tapıb ad qoyaq, qoymayaq?
Yaxşı ad borcluyam sənə.

Ürək dilə gələ gərək.
Eşqdən bir zəlzələ gərək.
Başımıza gələ gərək,
Əhvalat borcluyam sənə.

Ağır

Bir ağır işə qol qoyduq,
Qolumuz qaldıra bilmir.
Yana çəkilib yol qoyduq,
Yolumuz qaldıra bilmir.

Ayağın möhkəm uzadıb,
Dəvə qulağında yatıb…
Bu daşı ağıllı atıb,
Dəlimiz qaldıra bilmir.

Olsa da, bu işlər xırda,
Başa iş açır axırda…
Bir söz daş kimi ağırdı,
Dilimiz qaldıra bilmir.

***

Bir az kimə istəsən də,
Bir az elə bel bağla.
Bir az kimya istəsən də,
Bir az gülə bel bağla.

Bu qapını yavaş aç
ya baş apar ya baş aç…
Nə tarixə savaş aç,
nə bir belə bel bağla…

Baş altda bu nə balınc? –
Dünya gülüncdü, gülünc…
Əyninə Misri qılınc,
Bir də Çənlibel bağla..!

Təbrizə gedək

Yanlışımı, düzümü?
Hər şeir söz düzümü.
Dolanıb yer üzünü
Bu axşam bizə gedək,
Çıxıb, Təbrizə gedək.

Günü günə qatlayıb,
Od-ocağı odlayıb;
Bu çayı da adlayıb
Öz evimizə gedək,
Çıxıb ,Təbrizə gedək.

Sevdik safı, sadəni;
Haqq yoluyla gedəni.
Verib əhdi, vədəni
Bir-birimizə gedək,
Çıxıb, Təbrizə gedək.

Su kəssə də aranı,
Dağ tutsa da oranı,
Göy yağdırsa boranı
Qalxsa qar dizə, gedək,
Çıxıb, Təbrizə gedək.

Yuxularda nənnimiz,
Dilimizdə himnimiz.
Arta-arta sinnimiz
Çatsa lap yüzə, gedək,
Bir gün Təbrizə gedək.

Şeirimiz dalğa-dalğa
Ruhumuza tutalğa.
Bir xalq ayağa qalxa!
Şərdən gündüzə gedək,
Bir gün Təbrizə gedək.

Yandırıla od-ocaq.
Vaxt bir az baş qatacaq.
El arzuya çatacaq –
Könlü təptəzə gedək,
Burdan Təbrizə gedək.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.