Ana səhifə BAŞ YAZI Varlığımızın folklor İşığı

Varlığımızın folklor İşığı

Müəllif: Bizim Yazı
52 baxış

Soylu Atalı

Folklor xalqın milli-mənəvi varlığını ifadə eləyən əsas keyfiyyətlərdən biridir. Bizim üçün bunun da mərkəzində aşıq sənəti durur. Dastanlarımıza yaxşı baxın, – qəhrəmanlarımızın hamısının sinəsində saz var. Dastanlarımızın döyüş qəhrəmanları meydana təkcə qılıncla deyil, sazla giriblər. Baxmayaraq ki, döyüşlərdə qan var, ölüm var, məğlubiyyət, qalibiyyət var – sonucda işığa çıxma var, çünki saz var, söz var. Saz – qalibiyyətin ali ruhu kimi çıxış edib. Saz mərdliyin harayını çəkib, namərdliyin üzərinə yeriməyə haylayıb – Koroğluda olduğu kimi. Bizim ulularımız sazla qalib gəliblər. Mərdlik və saz – igidin birüzlülüyüdür. Sinəsində saz olan – Həmzəliyə aldanar, ancaq Həmzəliyə enməz. Döyüşlərdə qəhrəmanın mərdliyini qılınc ifadə eləyib: – üz-üzə, hiyləsiz, məkrsiz, bicliyə deyil, kişiliyə arxalanmaq; ölümlə öcəşənin öldürməyi sevməməsi. Aman verməyi bacaran, basılanı kəsməyən, yıxılanı döyməyən… kimi keyfiyyətlər sazda haraylaşıb.
Bəlkə də bugün sazımızla qalibiyyətimizin bir-birindən ayrılması kişiliyin, mərdliyin aradan getməsinə görədir. (Koroğlu tüfəngi görəndə qılıncı yerə qoydu, bicliyin yaşadığı yerdə mərdlik məğlub olacaq deyə). Bu gün sazımızı çalsaq da, qalibiyyətimiz görünmür. Çünki dünyamız saz dünyası deyil.
Folklor sənət hadisəsi deyil, kişilik, mərdlik, qeyrət hadisəsidir – döyüşkənlik və xilas hadisəsidir. Folklor – xalq ruhunun yaşaması, gələnəkləşməsi, ulusallığın gələcəkləşməsi deməkdir. Folklor xalq ruhu deməkdir. Xalq ruhu xalqın həyatında əsaslı yaşamayanda sənətləşmə, tarixləşmə, arxivləşmə həddində qalır. Bununla da xalq özgələşməyə uğrayır.
Yüz illərdir yadellilər Azərbaycanda xalq ruhunun işığını söndürməyə girişiblər. Güney Azərbaycanda amansız fars-islam rejimi bu xalqın ruhunu torpağa basdırıb, üzərində asudə gəzməyə çalışır. Ərəb-islam işğalının türk özümlüyündə yaratdığı boşluqlar Borçalının Azərbaycandan təcrid edilib gürcü çarlığına təslim edilməsindən sonra onun aqibətində qabarıq şəkildə özünü göstərdi. Xalqın folkloru müəyyənliyini itirdi. Aşıq sənəti dağınıq, başıpozuq duruma düşdü və demək olar ki, inkişafı dayandı. Təsadüfi deyil ki, Borçalıda aşıq sənətini araşdıranlar 20-ci yüzilin əvvəlindən başlayırlar. Nikolay Rusiyası ərəb-islam zərbəsinin təsirlərinə daha da əlverişli şərait yaratdı – Borçalı türklərinə təhsildə heç bir qapı açılmadı. Mədrəsəçilik gerizəkalılıq yaratdı. Aşıq sənəti məktəbləşmədi. İslam ruhuyla (ruhsuzluğu) saz ruhu bir-birinə əks hadisələrdir. İslam qapalılıq, itaətkarlıq yaradır. Saz Yerlə-Göylə əlləşir, insanın qəlbinə tanrılarla yarışmaq əhvalı gətirir. Nikolay Rusiyasınını siyasətinə görə, Borçalı oğullarının hərb sənətinə yiyələnməməsi üçün onları əsgərliyə çağırmırdılar. İnsanlarımz arasına nifaq salınır, onlar məsuliyyətə cəlb olunmur və bununla da aralarında düşmənçilik əhvalları genişləndirilirdi. Əlbəttə, belə bir şəraitdə xalq ruhunun yaşaması və inkişaf eləməsi mümkün deyildi.
20-ci yüzildə Borçalı aşıq məktəbinin inkişafı Sovet ideolojisinin dini təsirləri zəiflətməsi ilə başladı. Söz yox ki, biz buna görə kommunizm uydurmasına minnətdar deyilik. Ruhumuzda islam təsirirnin azaldılması deyil, rədd olması gərəkdir. Bunun üçün isə biz başqa bir şərin səxavətinə küsənməməliyik. (Dəmirqapı) türklərində biz Sovet dönəmi ilə xalq ruhunun dirçəlməsini, aşıq məktəbinin yaranmasını müşahidə eləmədik). Borçalı gürcü çarlığına təslim edildikdən sonra gürcü varlığının kölgəsində diqqətdən kənarda qaldı. Ümumazərbaycan, bütövlükdə ümumtürk hadisəsinin üzvi hissəsi kimi dərk olunmaqdan məhrum edildi. Azərbaycan özü bütövlükdə daha da əyalətləşdi və tarixini təhrif eləyənlərin pəncəsində sıxıldı. Bugün də biz – Quzey Azərbaycanda Avropalaşma meyilləri olmasa – islam qaranlığında itirirlər. Ancaq nə yazıqlar ki, bizim ayaqda durmağımız xalq ruhunun inkişafına görə deyil, yad ideolojiliklərin (dinçilik və avropalaşma) həyatımızda yaratdıqları özgələşmə balansına görədir! Acınacaqlı, utancverici, yoxluq kimi bir “varlıq”…
Sazımızı çalanları yarışdırırlar, muğamımızı oxuyanları yarışdırırlar, ancaq bunların heç biri müstəqil şəkildə xalq ruhunun dirçəlməsinə təkan vermir. Yarışlarla pul qazanırlar, mükafat alırlar, yaraşığa minirlər. Beləliklə, içərimizə kənardan gətirilən əyləncələrə qarşılıq bir əyləncə təcrübəsi yaradılır. Belə getsə, müqəddəs dəyərlərimiz vəhşi “musiqilər”lə bəhsə girə-girə adiləşəcək. Bu gün xalq ruhunda müqəddəs dəyərlərin oturuşması əvəzinə, meyxana hərcayiliyi, hədyanlığı, boşboğazlığı, tüfeyliliyi daha çox təsir göstərməkdədir.
Biz, Mütləqə İnam Ocağı, xalqın “gen yaddaşı” deyilən (əslində “qan yaddaşı” deyilməlidir) varolmanın özülünü qorumaq üçün milli-mənəvi, ruhani ideyalarımız ilə dirəniş yaratmaqdayıq. Biz, xalq ruhunun yeni səviyyədə yaşaması üçün ulusumuza, milli-bəşəri bir həyat sistemi təqdim edirik. İçərimizdə yaşadılan gerilədici əhvalları ardıcıl rədd edirik. Mütləqə İnam sivilizasiyasının oturuşması ilə sazımız yenidən türk ruhunu çalacaq.
Sazımız ali həyat nəğməkarıdır. Təsadüfi deyil ki, ölünün üstündə saz çalmaq, sazla layla demək gələnəyimiz var ( bu gün azalmış olsa da). Bu əməl böyük türk mahiyyətinin varlığı kimi dərk olunmalıdır. Varlığa münasibətin yüksək qiyməti kimi bilinməlidir. Burada ölümdən üstün olan həyata münasibət yeni mərhələyə keçir. Ölməzlik sazın laylasında, harayında təsdiqlənir. Saz ali kədəri çalmaqla, insan xilqətindəki ülvi gözəlliklərə işıq salır. Bu halda saz kədərdə insanı kiçilməyə qoymur, onu gələcəyin üfüqlərinə baxmağa çağırır. Bəli, sazımız ölünün üstündə Ali Həyat nəğməsi oxuyur. Sazımızın çaldığı ümid dünya qədər əzəlidir, yaşam qədər ölməzdir. Türkün sabah yolu sazçılıqdır. Çünki sazda işıq var, döyüşkənlik var, birüzlülük var, mərdlik var…
Sazla aşiqlənib kişiliyimiz.
Türkün üzünün ağlığı sazlanıb.
Bəşər ümmanına türk Qədimliyi axıb, hopub.
Göylər qədər arı, vicdan qədər duyğun, qeyrət qədər coşğun nəğmələrimiz, türkülərimiz yaşayır sazımızda.
Onu din qaranlığından, Batı hərcayiliyindən çıxarıb İnam İşığına tutmalıyıq. Onda o, mənliyimizi yenidən çalacaq – qədimliyimizə (folklorumuza) doğma.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.