Ana səhifə BAŞ YAZI “Vətən yolunda” qəzeti və Mirzə İbrahimov

“Vətən yolunda” qəzeti və Mirzə İbrahimov

Müəllif: Bizim Yazı
1. 136 baxış

Pərvanə Məmmədli

Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr  olunan “Vətən  yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.
Güney Azərbaycan mövzusu Mirzə İbrahimovun yaradıcılığında önəmli yer tuturdu. Onun bir çox publisistik və ədəbi əsərləri, eləcə də “Gələcək gün” romanından ayrı-ayrı parçalar Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin səhifələrində çap edilmişdi.
1941-ci ildə Təbrizdə Azərbaycan dilində çıxan “Vətən yolunda” adlı ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Qəzetini ilk sayı 1941-ci il oktyabr ayının 11-də çapdan çıxmışdı. Qəzet  ora­dakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı və günaşırı nəşr olunurdu. “Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən idi. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. Qəzetin redaksiyasında şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, Cabbar Məcnunbəyov, jurnalist, elm və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Əsgər Ağayev, Qulam Məmmədli, Ələkbər Abbasov, Nüsrət Bağırov, Həmid Yolçiyev, Cavanşir Şirinov, Cəfər Xəndan (baş redaktor müavini), Mehdixan Vəkilov, Mirzağa Quluzadə, Rəhim və Məmmədağa Sultanov qardaşları, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləmişlər.
1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.
Mirzə İbrahimov Təbrizdə qəzet çıxarmaqla yanaşı, Güney Azərbaycanı qarış-qarış gəzir, ən ucqar kəndlərdə belə olur, əhali ilə görüşür, onların dərdlərini, istəklərini öyrənirdi. Digər tərəfdən o, gələcək əsərləri üçün materiallar toplayırdı.
O, yazılarını çox zaman “Əjdəroğlu”, bəzi hallarda İ.Mirzə kimi imzalayırdı. “Vətən yolunda” qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu. Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin də onun qələminə məxsus olduğunu ehtimal etmək olar.
“Vətən yolunda” qəzetinin ilk sayi oktyabrın 11-də, 4000 tirajla nəşr olunmuşdu. O dövr üçün bu tiraj yüksək göstərici idi, lakin qəzetin ilk sayı qısa müddətdə satılıb qurtarmışdı.
Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar, nəsr və poeziya örnəkləri ilə zəngin idi. Bütün bunlar söz yox ki, qəzetin redaktoru Mirzə İbrahimovun gərgin zəhməti bahasına başa gəlirdi.
Qəzetin iknci sayından başlayaraq incəsənətlə bağlı yazılara geniş yer ayrılırdı. Bülbülün Azərbaycan operasının zirvəsi olan “Koroğlu”, Şəmsi Bədəlbəylinin “Arşın mal alan”, Həbib Səmədzadənin “Leyli və Məcnun”la bağlı yazıları oxucularda maraq doğururdu. “Şah İsmayıl” və “Gülzar” operaları haqqında yazılar, habelə İ.Hidayətzadənin, Niyazinin, G.İsgəndərovanın, O.Sarıvəllinin məqalələri də diqqət çəkirdi.
Qəzetdə nəşr olunan bədii örnəklərin əsas bölümünü poeziya təşkil edirdi. İlk saylarda S.Vurğunun, S.Rüstəmin, O.Sarıvəllinin bir çox şerləri dərc olunmuşdu. O illərdə “Vətən yolunda” və “Azərbaycan” kimi qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı.
“Vətən yolunda” qəzetində çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi:
1) Sovet sosialist ideologiyasının təbliği; 2) yerli əhalinin maarifləndirilməsi.
Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu “ciddi cəhdlə” göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. “Böyük Vətən müharibəsi cəbhələrində”, “Böyük Vətən müharibəsi qəhrəmanları”, “Sovet İttifaqında” və s. rubrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni  idi. Təbii ki, sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan jurnal İranda Kommunist təbliğatına xidmət edirdi.
İkinci qismə isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı örnəklərini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil  idi. Jurnal belə yazıları verməklə yüksək amala xidmət edirdi. Güneydə milli şüurun, milli iftixar hissinin oyanmasına çalışırdı.
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi.
Qəzetin səhifələrində Azərbaycan ədəbiyyatının N.Gəncəvi, X.Şirvani, M.Füzuli, M.P.Vaqif, M.F.Axun­dov kimi klassiklərinin, eləcə də Mirzə Cəlil, M.Ə.Sabir, M.S.Ordubadi və S.Vurğun kimi  çağdaş şairləri və digər söz sənətkarlarını tanıdılırdı.
“Vətən yolunda” qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.
“Vətən yolunda” qəzeti bədii söz sənətinin sayğı və dəyərini özünə qaytarmaqla yanaşı Güney Azər­baycan ədəbiyyatında, publi­sis­ti­kasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü. Quzey­dən gələn yaradıcı aydınlara Mirmehdi Etimad, Əli Fitrət, Balaş Azəroğlu, Mehdi Çavuşi, Əli Tudə, Hökumə Bülluri, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmməd Abbasi, Hilal Nasiri, Yəhya Şeyda, Məhəmməd Biriya və başqa yerli həmkarları da qoşulmuşdu. O illərdə qoyulan bünövrəni sonrakı illərdə güneyli aydınlar layiqincə davamlı inkişaf etdirirdi.
1945-ci ildə “Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” təşkil olunmuşdu, qəzet həm də az zaman içərisində Güney Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrilmişdi.
Məclis “Şairlər məclisi” adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuədə yalnız məclis üzvləri deyil, Güney Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin  bütün sayları 1945-ci ilin noyabr ayında bir kitab şəklində çap olundu, 424 səhifədən ibarət olan bu kitabda 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı. Bu toplu Güney Azərbaycan yazarları ilə bağlı ilk antologiya kitabı idi. Aradan 40 il keçdikdən sonra bu gələnək şəklində davam etdirildi. Mirzə İbrahimovun rəhbərliyi və redaktorluğu ilə Bakıda IV cildlik  “Güney Azərbaycan ədəbiyyatı antologiyası” çap olundu.
“Vətən yolunda” qəzetinin yeni Güney Azərbaycan ədəbiyyatının yaranmasında, yerli ədəbi simaların və müəlliflərin meydana gəlməsində eləcə də formalaşmasında böyük rolu olmuşdur.
Göründüyü kimi, Azərbaycan ədəbiyyatında, publi­sis­ti­kasında yeni qələm ordusunun meydana çıxmasında “Vətən yolunda” qəzetinin və onun ilk  redaktoru Mirzə İbrahimovun rolu danıl­mazdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.