Ana səhifə YAZILAR SAZINI GÖTÜRÜB QAÇIR BİR UŞAQ…

SAZINI GÖTÜRÜB QAÇIR BİR UŞAQ…

Müəllif: Bizim Yazı
423 baxış

Duyumuna, zövqünə heyrət etdiyim dostum Aşıq Elburus bir gün mənə Kəlbəcərin son anlarında lentə alınmış kadrları xatırlatdı. Vertolyota sarı qaçan adamların arasında əlində saz aparan bir uşağın da olduğunu dedi. Bu görüntülərə çox baxsam da, doğrusu həmin məqamı nəzərdən qaçırmışdım. Sonralar bu çəkilişə bir az da diqqətlə baxdım və həmin uşağı gördüm. Az qala özü boyda olan sazını götürüb vertolyota sarı qaçırdı. Bəlkə də bu gün bütün kəlbəcərlilərin aşıq sənətinə sadiq qalması, kəlbəcərli gənclərin bu sənəti şərəflə davam etdirməsi həmin uşağın gətirdiyi sazın hesabınadır.

Və bu şeiri bir elin sənət yolundan o uşağın qoparıb gətirdiyi izi yeni bir yola çevirən, Şəmşir ocağının közünü yenidən şölələndirən kəlbəcərli gənc aşıqlara ithaf edirəm:

Yolları qoluna dolaya bilmir,
İzini götürüb qaçır bir uşaq.
Canını götürüb qaçmır ,ilahi,
Özünü götürüb qaçır bir uşaq.

Dözərmi bu yükə ən şirin çağı,
Yoxdurmu sevimli bir oyuncağı?!
Sığışmır ovcuna Şəmşir ocağı,
Közünü götürüb qaçır bir uşaq.

Alıb öyüdünü hansı ustanın,
Çəkir şələsini şeyrin, dastanın.
Ənvərin, Bəhmənin, Məmməd Aslanın,
Sözünü götürüb qaçır bir uşaq.

Biri daş-qaşını götürüb qaçır,
Biri üst-başını götürüb qaçır.
Böyüklər başını götürüb qaçır
SAZını götürüb qaçır bir uşaq.

Elşən ƏZİM
17.12.2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.