Ana səhifə BAŞ YAZI SƏNƏTİN ESTETİK DƏYƏRLƏRİ GƏNCLİYİN MÜZAKİRƏ MÖVSUZU OLDU

SƏNƏTİN ESTETİK DƏYƏRLƏRİ GƏNCLİYİN MÜZAKİRƏ MÖVSUZU OLDU

Müəllif: Bizim Yazı
131 baxış

ART Glry1HEDEFde2AzAtaMda.Topluabi220151107_123155“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində yaddaqalan silsilə tədbirlər keçirilib

Ədəbiyyat, musiqi və təsviri sənət fərqli yaradıcılıq sahələr olsa da, onların bədii-estetik harmoniyası insanlara yüksək zövq aşılayır, mənəvi yöndən zənginləşdirir. Çağdaş dövrdə bu fərqli sahələri təmsil edən gənc istedadların fikir mübadiləsi aparması və işbirliyi yeni-yeni ideyaların gerçəkləşməsinə zəmin yarada, əlverişli mühitin formalaşması ilə sonuclana bilər. Elə məhz bu kimi fikir və ideyadan yaranan, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı Layihəsi də üç gün ərzində gənc istedadlı şairlər, rəssam və bəstəkarlar arasında yaradıcı işbirliyi mühitin formalaşmasına və fikir mübadiləsinə bir töhfə oldu.
Silsilə tədbirlər başlamazdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftolmoloq akademik Zərifə xanım Əliyevanın məzarını, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını, habelə Bakı Türk Şəhidliyini ziyarət etmişlər.
Layihə çərçivəsində “HƏDƏF” Nəşrlərinin Mərkəzi Qərargahında keçirilən ilk tədbiri giriş sözü ilə açan Layihə rəhbəri Əfsanə Ələsgərli tədbirin, ümumən Layihənin məqsəd və məramı barədə geniş bilgi verdi. Bildirdi ki, DGTYB öncəki layihələri daha çox gənc yazıçı və şairlərin, türkoloqların yaradıcılığını əhatə edirdisə, bu dəfə yaradıcılıq və işbirliyi mühiti gənc yazarlar, bəstəçilər və rəssamlar arasında formalaşdırılır. – “Məqsədimiz odur ki, gənc bəstəçilər, yazarlar və rəssamlar öz yaradıcılıq ideyalarını ortaya qoya bilsinlər, eyni zamanda bir-birilə işbirliyi içində olsunlar. Layihənin sonucu olaraq qarışıq janrlı əsərlərin toplandığı toplu nəşr ediləcək. Bu topluda həm musiqiçilərin, həm yazarların, həm də rəssamların əsərləri yer alacaq”.
Layihənin məsləhətçisi, Atatürk Mərkəzinin şöb müdiri, tanınmış şair-publisist Əkbər Qoşalı qeyd etdi ki, bu cür layihələr fərqli yaradıcı mühiti təmsil edən, perspektiv vəd edən gənclərin ideya mübadiləsi, işbirliyi üçün yeni, əlverişli mühit yaradacaq, deyə ümid edirik. Layihədə əsas məqsəd fərqli sənət sahələrindən olan gənclərin fikir mübadiləsi və ortaq işlərin bir müstəvi üzxərində maddiləşməsi, gələcəkdə onlar arasında ədəbi-estetik harmoniya və ilişkilərin möhkəmlənməsinə töhfə verməkdir. – “Ən azından, gənc bəstəçimiz gənc şairimizin şeirinə musiqi bəstələsin, rəssamımız yazarımızın kitabının üz qabığını işləsin, illustrasiya çəksin və s. Məhz bu cür uğurlu işbirliyi sonucunda həm istedadlar parlayacaq, həm də sənət aləmində peşəkarlıq əmsalı artmış olacaq, keyfiyyətli əsərlər meydana gələcək.“
“Hədəf” Nəşrlərinin, KitabEvim.Az-ın qurucusu, dos.dr. Şəmil Sadiq qloballaşan dünyada kitabın, ədəbiyyatın bədii-estetik dəyəri, müxtəlif yaradıcı sahələrin bir-birinə qarşılıqlı təsiri, fənlərin inteqrasiyası, yaradıcı mühitlərin diffuziyası barədə məruzə ilə çıxış etdi. Ardıcıl olaraq, uluslararsı kitab sərgi-yarmakalarındakı yenilikləri izlədiklərini bildirən natiq, qardaş Türkiyədə, qardaş Türkmənistanda, Almaniyada keçirilən bir sıra kitab sərgilərinə qatıldığını vurğuladı. Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində yazar və rəssamın uğurlu işbirliyi ayrı bir gözəllikdir, buna bir çox örnək göstərmək olar. – “Çox istərdim, gələcəkdə Azərbaycanda da yazarlar və rəssamlar kitabın ərsəyə gəlməsində birgə çalışsınlar. Biz artıq çap etdiyimiz kitablarda bu gələnəyi yaratmağa başlamışıq.”
Azərbaycan aşıq sənətinin ölkəmizdən qıraqda da tanıdılmasında önəmli xidmətləri olan əməkdar mədəniyyət işçisi, solo-saz ifaçısı dr. Nemət Qasımlı milli musiqimizin keçdiyi tarixi yol, onun tanıdılması və yaşadılmasında görülən işlər, qazanılan uğurlar barədə söhbət açdı. Bildirdi ki, aşıq sənəti insanların mənəvi dünyasını zənginləşdirməyə xidmət etməklə yanaşı, həm də xalqımızın genetik yaddaşına hopmuş milli mənəvi sərvətidir. Tarixin çətin sınaqlarından çıxan milli musiqimiz, aşıq sənəti, eləcə də, muğam sənəti məhz ustad sənətçilərimizin gərgin əməyi sayəsində qorunub saxlanılıb. “Bu gün sevindirici haldır ki, ölkəmizin birinci xanımı Mehriban xanımın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısı”na salınan aşıq və muğam sənəti uluslararası aləmdə geniş təbliğ edilir. Gənc musiqiçilərimizin ifası əcnəbiləri heyran qoyur. Düşünürəm ki, bu cür layihlər də gənc musiqiçilərlə digər yaradıcı sahədən olan gənclər arasında yeni yaradıcılıq körpüsü olacaqdır.”
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun məsul əməkdaşı Vüsalə Niftəliyeva çıxış edərək, təmsil etdiyi qurumun yaranması, məqsədi və fəaliyyət istiqamətləri barədə geniş bilgilər verdi. Bildirdi ki, prezident İlham Əliyev cənablarının sərəncamı ilə yaradılan Fond, gənclərin toplum üçün ictimai önəm daşıyan və güncəl mövzulara həsr olunmuş yaradıcı ideyalarını gerçəkləşdirmək üçün imkanlar verir: “Beləki, öz layihəsini fonda təqdim edən gəncin layihəsi müsabiqənin şərtlərinə uyğun olaraq, qalib gələrsə, fond onu maliyyələşdirir. Bu da dövlətimizin uğurlu gənclər siyasətinin bariz örnəyini təşkil edir. DGTYB-nin təqdim etdiyi Layihə üç fərqli sənət sahələsini əks etdirməklə, yaradıcı gəncliyə böyük imkanlar açır.”
Hövsan Mədəniyyət Evinin rəsm müəllimi İsmayıl Cabbarov qeyd etdi ki, çağdaş dövrdə gənclər, yeniyetmələr arasında rəssamlığa meyl edənlər çoxdur. Təqdirəlayiq haldır ki, onlar arasında maraqlı yaradıcı ideyaları, diqqəti cəlb edən əsərləri olan bir çox gəncin uğurları məhz Hövsan Mədəniyyət Evinin adı ilə bağlıdır.“ – Şagirdlərimin öz əsərlərini məhz bu Layihədə geniş auditoriyaya təqdim etməsi onlar üçün bir stimul olmaqla yanaşı, həm də yaradıcılıq axtarışlarına bir töhfədir.”
Yeni nəsil bəstəçiıərindən Firudin Allahverdi dünya musiqi tarixi, müxtəlif musiqi janrlarının formalaşması və çağdaş dövrdə bəstəçilik məktəblərindən, yeni dövrün çağırışlarından söhbət açdı. Qeyd etdi ki, bu cür tədbirlər gənc bəstçilərlə yazarlar arasında işbirliyi üçün imkan yaradır.
Türkiyədə fəaliyyət göstərən Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, tanınmış rəssam Nəvai Metin rəssamlıq sənətində gənclərin vəd etdiyi perspektivdən, görülən işlərdən danışdı.
Tədbirin gedişidə gənc bəstəçilər Kamran Nəsirov və Fərid Fətullayevin bəstələri səsləndirildi, gənc ifaçı Emin Məmmədzadə gitarada ifaları və dinləyicilər tərəfindən maraqla qarşılandı.
Sonda tədbir sual-cavab şəklində, fikir mübadiləsi aparılaraq davam etdirildi.

“Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı”

Silsilə tədbirləin ikinci günü Layihənin bir qrup iştirakçısı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış musiqiçi, Xalq artisti Firəngiz Əlizadə ilə görüşüb fikir mübadiləsi apardılar. Layihənin məqsədi Xalq artistinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, bayağı musiqilərin mövcud olduğu dövrdə, istərdik ki, peşəkar bəstçilər məhz istedadlı gənc şairlərimizi tanıyıb, onlarla yaradıcılıq müzakirələri aparsınlar. Düşünürük ki, məhz bu cür müzakirə və tanışlıqdan sonra daha keyfiyyətli və gözəl mahnılar, bəstələr yaranar.
Gənc şairlrin yaradıcılığı ilə tanış olan, onların şeirlərini dinləyən Xalq artisti Firəngiz Əlizadə, Layihənin missiyasını təqdir etdi və bildirdi ki, İttifaq da gənc bəstəçi və şairlərin yaradıcı fikir mübadiləsinə töhfə verməyə hazırdır. –Beləki, İttifaq gənc şairlərin seçilmiş şeirlərini gənc bəstəçilərə təqdim etməklə, onlar arasında işbirliyinə töhfə verə bilər.
O, bu yaxınlarda Bəstəkarlar İttifaqının qardaş Türkiyədən İLESAMın və digər yaradıcılıq birliklərinin ortaq işi olan “Şarkıdan mahnıya, mahıdan şarkıya” adlı konserti xatırlatdı.
Daha sonra Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans zalında “Sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa” keçirildi.
Bir çox aydınların, yaradıcı gənclərin iştirak etdiyi “Dəyirmi masa”da həmçinin gənc rəssamların əsərləri nümayiş etdirilirdi.
İlk olaraq, məruzə ilə çıxış edən prof.dr. Rahid Ulusel mədəniyyət və incəsənətin bəşəriyyət tarixində yeri və rolundan, insanın estetik zövqünü formalaşdırması və fərqli sənət sahələrinin vəhdətindən söhbət açdı.
Əməkdar incəsənət xadimi, sənətşünas alim prof.dr. Ziyadxan Əliyev sənətlərin estetik harmoniyasından və vəhdətindən söhbət açdı. Qeyd etdi ki, təbiətdə mövcud olan gözəllikləri hər sənət sahəsi bir cürə qavrayıb əks etdirir; biri sözə, digəri melodiyaya, başqa biri isə təsvirə çevirir. Bu sahələr hər nə qədər fərqli olsalar da, bir-biri ilə sıx bağlıdır.
Tanınmış yazar, tarixi romalar müəllifi, “Olaylar” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Yunus Oğuz ədəbiyyatın, söz sənətinin mənəvi gücündən söhbət açdı. Bildirdi ki, ədəbiyyat hər zaman insan düşüncə və fikirlərinin bədii inikası olmaqla, həm də onun mənəvi zövqünü formalaşdırıb, mənəvi zənginliyə xidmət edir.
Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun başçısı, tanınmış şair İbrahim İlyaslı çağdaş ədəbiyyat təsərrüfatında bir çox istedadlı gənclərin yetişdiyini vurğuladı. Qeyd etdi ki, öncəki nəsil ədəbiyyat nümayəndələri ilə rəssam və bəstəçilər arasında sıx dostluq və yaradıcılıq əlaqələri vardı.
Hər dörd məruzəçi bir fikrə şərik çıxdılar ki, çağdaş dövrdə də gənc yazar və bəstəçilər arsında da bu cür sıx əlaqələrinin yaradılması cəhdləri təqdirəlayiq haldır. Bu baxımdan bu cür layihələrin rolu əvəzsizdir. Yunus Oğuzun söz sənətində fəlsəfi ağırlıq, Ziyadxan əliyevin rənglərin anlatdıqları, Rahid Uluslelin harmoniya fəlsəfəsinin anlatdıqları, İbrahim İlyaslının istedadlı gəncliklə peşəkar iş və s. barədə fikirləri geniş maraq doğurmaqla yanaşı, gənclərin bir sıra sualları ilə də müşayiət olundu. Məruzəçilər verilən sualları cavablandırdıqdan sonra, bölgələrdən gəlmiş, eləcə də, paytaxtdakı yaradılıq qurumlarını, elm müəssisələrini təmsil edən gənclər, mütəcxəssislər öz düşüncələrini bölüşüb, təkliflərlə çıxış etdilər. Belə bir inam vurğulandı ki, burada səslənən nəzəri-metodoloji və tematik fikirlər yalnız tədbir iştirakçılaraı arasında qalmayacaq, İKTnin verdiyi imkanlarla daha geniş kütlələrə çatdırılacaqdır.

Sonra söz Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının üzvü, “Virtual Qarabağ Mərkəzi”nin başçısı Nurəddin Mehdiyevə verildi. O, Layihənin qarşısına qoyduğu məqsədin zərurətdən meydana gəldiyini vurğuladı. Qeyd etdi ki, bugünkü istedadlı və yaradıcı gənclik həm də milli mənlik şüuruna sahib olmalı, öz yaradıcı fikir və əsərlərində həm də dövlətçiliyimizi, vətən sevgisini tərənnüm etməlidir. “Virtual Qarabağ” Mərkəzinin fəaliyyətindən bəhs edən natiq, gəncləri Azərbaycan həqiqətlərinin, özəlliklə də, Ermənistanın elan olunmamış müharibəsi, Azərbaycan torpaqlarının işğalının tarixi kökləri barədə bilgiləri uluslararası aləmə çatdırmaqda fəal olmağa çağırdı. O bildirdi ki, Qarabağ həqiqətlərini ədəbiyyatın, musiqinin və rəssamlığın dili ilə söyləməklə, dünyaya daha geniş mesajlar vermək mümkündür.
Daha sonra, sevilən bəstəçi Sevinc Tofiqqızının Umummilli Liderin həyat və fəaliyyətinə həsr etdiyi kompozisiya təqdim olundu.
İşçi günün axşamı isə sənətlə bağlı müzakirələr Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında davam etdirildi. Gənc şairlər həmyaşıd rəssamların əsərləri ilə tanış oldu və fikir mübadiləsi apardılar.

Üçüncü gün: müzakirələr, nəticəlr və perpektivlər…

Silsilə tədbirlərin üçüncü günü Azərbaycanda Atatürk Mərkəzinin konfrans salonunda yekun dəyərləndirmə – “Qapanış Toplantısı”na həsr edildi. “Simurq” – Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov kulturologiyanın önəmi, həyatımızda rolu barədə ətraflı məruzə etdi, gəncləri maraqlandıran sualları cavablandırdı.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun məsul əməkdaşı Vüsalə Niftəliyeva da öz növbəsində Layihənin yaradıcı gənclər arasında yeni yaradıcı mühit yaradacağına inamını ifadə etdi. O ümidvar olduğunu bildirdi ki, layihə qarşısına qoyduğu məqsədə çatacaq və yaradıcı gənclər arasında işbirliyi mühiti formalaşaraq, ölkəmizə, mədəniyyətimizə töhfələr verəcək.
Azərbaycan Pedoqoji Universitetinin dosenti, dr. Təranə Turan Rəhimli “ fərqli yaradıcı sənətlərin harmoniyasına baxış” adl məruzə ilə çıxış etdi. O qeyd etdi ki, təsviri sənət, ədəbiyyat və musiqi bir-biri ilə sıx harmoniya içindədir. Odur ki, onları bütövlükdə bir-birindən ayırmaq düzgün olmazdı. Dünya incəsənət və ədəbiyat tarixindən örnəklər gətirən məruzəçi qeyd etdi ki, bir sıra tanınmış şəxsiyyətlər sənətin bir neçə növü ilə eyni vaxtda məşğul olmuşlar. Bu da, yaradıcı sahələrin ədəbi, estetik harmoniyasını və vəhdətini bir daha sübut edir.
Əlyazmalar İnstitutunun elmi işçisi, dr. Könül Aydın Nehmətova DGTYB-nin hər zaman faydalı layihələrlə çıxış etdiyini bildirərək bu dəfə də öz gələnəyinə sadiq qaldığını qeyd etdi. Vurğuladı ki, üç fərqli sahədən olan gənclərin yaradıcı əməkdaşlığı yeni-yeni sənət əsərlərinin meydana gəlməsinə stimul olacaqdır.
Tədbirin gedişində gənc şairlərin şeirləri dinlənildi və musiqiçilər öz ifalarını təqdim etdilər.
Daha sonra layihə iştirakçılarına “Onur” və “Qatılım Bəlgəsi” təqdim edildi.
Qeyd edək ki, layihənin yekunu olaraq, gənc yazar, bəstəkar və rəssamların əsərlərindən ibarət toplu gələn ay ictimaiyyətə təqdim olunacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.