Qurban kəndin ən saf, təmiz, dilinə yalan dəyməmiş adamıdır, desəm, yalan olmaz. Yalan danışanda qulaqları qızarır, boynunun arxasından çiyinlərinin ortasına doğru bir neçə tər damcısı süzülür. İlk baxışda düşünürsən ki, nəsə fikirləşircəsinə əlini başına uzadacaq. Həmin tər damcısını təmizləmək üçün əlini başının sağ tərəfindən çiyninə sürüşdürəndə məsumluğu bir daha qabarır. Qurbanın qoyunlara olan sevgisini tamam təsvir etsəm, gərək hekayəni romana çevirəm. Sizi ağıllı telefonunuzdan çox kənarda saxlamadan keçirəm mətləbə.
Qurban ata-anasını uşaq vaxtı avtomobil qəzasında itirib. Bəxtin, taleyin sərt üzünə uduzmuş bir adam kimi bütün günü kəndin çəmənliklərini səfil-səfil dolaşır. Qurbanın arzuları qoyunlarının otladığı çəmənlikdən uzağa getmir. Həmin balaca, şirin çəmənliyin içində dolaşır gələcəyi, ümidləri, sevgisi. Çəmənlikdə doğulan körpə quzular işıldadır gözlərinin bəbəyini.
Qurban insanlardan qaçır. Dinib-danışdığı bir-iki adam ya olar, ya olmaz. Hətta süd məhsullarından dadlı ağartı məhsulları da qayıra bilir. Kənd camaatı neçə dəfə ona pul qazanmaq da təklif edir.
Alver adamı olmayan Qurbana etdiyimiz dükan açmaq təklifi sosialist ölkə rəhbərindən özəl müəssisənin açılmasına icazə almaq kimi bir şeydir. Nəhayət, kənd camaatı Qurbanı yumşalda bilir.
Qurbanın pendirləri ölkə sərhədlərinə yetişməkdə olsun, biz də əhvalatçılığımıza davam edək.
Qurbanın bir neçə xüsusiyyətini sizinlə bölüşməsəm, ürəyim dayanmasa da, döyüntüsü sürətlənə bilər. Qoyunlar canavar yemədiyi, ya da başlarına nəsə qəziyyə gəlmədiyi təqdirdə əcəlləri ilə ölürlər. Qəssabxananın qabağında kəsilmək üzrə olan qoyun, quzu görəndə çalışır tez onu alıb sürüsünə qataraq “ölümdən xilas etsin”. Kənddə “Xilaskar Qurban” kimi tanınan qəhrəmanımızın saflığından kəndin avaraları istifadə edir, sata bilmədikləri qoyun olanda qəssaba 5-10 manat hörmət edib dükanın qabağında bağlamasını xahiş edirlər.
Qurban sonuncu dəfə kəndin girəcəyindəki qəssabxananın qarşısındakı ətlik quzunu xilas edir kəsilməkdən. Qəssab əvvəl qoyunun qurbanlıq olduğunu deyərək tərəddüd etsə də, Qurbanın təklif etdiyi pula mədəni dildə desək, təslim olur.
“Ölüm”dən xilas etdiyi quzunun çəmənlikdə qaçışmasına tamaşa edir əllərini başının arxasında çarpazlayaraq. Sürüsündə yüzə yaxın qoyun-quzu olmasına baxmayaraq Qurban onları gözucu saymağı bacarır.
Axşam sürünü evə gətirəndə qoyunların sayının azalması ilə Qurbanın sifəti göy qurşağı kimi yeddi rəng alır. Çomağı əlinə alıb ağlaya-ağalaya çəmən boyu qaçmağa başlayır. Çəmənliyin qurtaracağında bir neçə qoyunu parçalanmış halda tapanda əsəbiləşib sevimli çomağını uzağa tullayır.
Qurban qoyunlara baxdıqca gülümsəyir, gözlərindən süzülən yaş çəmənlikdəki otları əyir.
