Ana səhifə TÜRK DÜNYASI Qazaxıstanın Astana və Türkistan şəhərlərində “Şuşa Günləri” keçirilib

Qazaxıstanın Astana və Türkistan şəhərlərində “Şuşa Günləri” keçirilib

Müəllif: Bizim Yazı
154 baxış

Qazaxıstanın Astana və Türkistan şəhərlərində “Şuşa Günləri” keçirilib

 

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa Günləri” layihəsi növbəti dəfə 3-6 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Astana və Türkistan şəhərlərində Şuşa şəhər Dövlət Qoruğu İdarəsi və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Qazaxıstanda keçirilən “Şuşa Günləri”də Şuşanın və bütövlükdə Qarabağın tarixi və mədəniyyətini əks etdirən müxtəlif proqramlar nümayiş olunub.

3 oktyabr 2023-cü il tarixində Astanada keçirilən “Şuşa Günləri”ni açıq elan edən Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Kumis Seitova Şuşa şəhərinin zəngin tarixi və mədəni əhəmiyyətindən danışıb. K.Seitova “Şuşa Günləri” layihəsinin Türk Dünyasının iki qardaş dövləti – Azərbaycan və Qazaxıstanı daha da yaxınlaşdırdığını qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva öz çıxışında Şuşanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğulların yazdıqları tarix adlandırıb. Təşkilatın prezidenti Şuşanın neçə-neçə şəxsiyyətləri dünyaya bəxş etdiyini vurğulayaraq, Fondun “Şuşa Günləri” layihəsinin məqsədinin bu irsin Türk Dünyasında və onun hüdudlarından kənarda daha çox tanıdılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşanın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən, şəhərin siyasi, iqtisadi və mədəni-humanitar əhəmiyyətindən, hal-hazırda Şuşa və bütövlükdə Qarabağda aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı danışıb. Eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbüssü ilə Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması xüsusi qeyd olunub və minnətdarlıq bildirilib.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Astanada keçirilən “Şuşa Günləri”nin Şuşanın mədəniyyətinin və incəsənətinin Qazaxıstanda daha da geniş tanıdılması və iki ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Səfir Türk dünyasının iki dövləti arasında son illər ərzində yüksələn xəttlə davam edən qardaşlıq və dostluq münasibətlərindən söz açıb.

5 oktyabr 2023-cü il tarixində Türkistanda təşkil olunan “Şuşa Günləri” çərçivəsində Türkistan vilayətinin başçısının müavini Beisenbay Tajıbayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər. Natiqlər Şuşanın işğaldan azad edilməsindən sonra ilk qardaşlaşma münasibətlərinin Türkistan şəhəri ilə qurulduğunu vurğulayaraq, iki şəhər arasında gələcək əməkdaşlığın daha da gücləndirilməsi, Şuşanın Azərbaycanla yanaşı, bütün Türk Dünyasının mənəvi inkişafına təsiri, onun zəngin tarixi və mədəni irsindən bəhs ediblər.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi tərəfindən hazırlanmış, Şuşada hazırda davam edən yenidənqurma işlərini əks etdirən qısa video material nümayiş olunub.

Tədbirlərin bədii hissəsində Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” Qadın Milli Geyim Kolleksiyası təqdim olunub. Eyni zamanda, Azərbaycan rəssamları Zaur Mirzəyev və Rövşən Bayramovun Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgisi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti qonaqlara unudulmaz anlar yaşadıb. Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir.

“Şuşa Günləri” layihəsinin tərkib hissəsi olan, Azərbaycanın görkəmli şairəsi, Qarabağ Xanlığının son varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş və Fond tərəfindən hazırlanmış “Şuşanın tək incisi” sənədli filmində Qarabağın tarixi, mədəniyyəti və ədəbiyyatı əks olunur. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Xurşidbanu Natəvan obrazını Azərbaycanın Xalq artisti Mehriban Zəki canlandırıb.

“Şuşa Günləri” çərçivəsində muğam qrupu: Rüstəm Müslümov (tar), Səyyar Teymurov (kamança), Ceyhun Muradov (nağara) və Günay İmamverdiyevanın (xanəndə) ifasında Qarabağa həsr olunmuş musiqilər səsləndirilib.

Tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri akademik Nizami Cəfərov, Fatma Yıldırım, Qazaxıstan Respublikası Parlamentinin Senatının deputatı Darxan Kıdırali, Parlamentin Məclisinin deputatları Aydos Sırım, Məhərrəm Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, AQEM-ın İcraçı direktoru Kayrat Sarıbay, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin içraçı direktoru Tural Novruzov, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və digər qurumların nümayəndələri iştirak ediblər.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başlatdığı “Şuşa Günləri” layihəsi daha öncə Bursa, Daşkənd və Budapeşt şəhərlərində uğurla keçirilmişdir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.