Ana səhifə BAŞ YAZI Xalq şairi Vaqif Səmədoğlu Qazaxda anıldı

Xalq şairi Vaqif Səmədoğlu Qazaxda anıldı

Müəllif: Bizim Yazı
405 baxış

Fevralın 18-ində Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xalq şairi Vaqif Səmədoğlunun anım törəni keçirildi. Qazax rayon Ədəbiyyat Müzeyinin iclas zalında baş tutan törənə ziyalılar, ədəbiyyat adamları, mədəniyyət işçiləri, KİV təmsilçiləri və sadə ədəbiyyatsevərlər qatılmışdı. Tədbir böyük şairimizin həyat və yaradıcılığından bəhs edən “Şairin ölümü, Ölümün şairi” adlı video  çarxın nümayişi ilə başladı. Qazax - Vaqif S1Şairin şeirlərindən və müsahibələrindən seçmələr yer alan video çarx  iştirakçılara duyğulu anlar yaşatdı. Törən boyu Qazax Dram Teatrının aktyorları – Xanım Məmmədovanın, Zamanə Orucovanın, Hacı Hacıyevin və Yusif Qocanın ifasında Vaqif Səmədoğlunun  şeirlərindən seçmələr səsləndi. Teatrallaşdırılmış  kompozisyaları şairin sözlərinə yazılmış “Uzaq yaşıl ada”, “Bir axşam taksidən…”, “Çiçək yağışı” “Bir sabah”  kimi mahnılar əvəz edirdi. Daha sonra çıxışlar başladı. AYB-nin Qazax zona filalının başçısı, əməkdar incəsənət xadimi, tanınmış şair Barat Vüsal öz çıxışında Vaqif Səmədoğlu yaradıcılığının coxşaxəli yönlərindən danışdı, şeirlərindən  örnəklər verdi. Böyük Səməd Vurğun ocağının numayəndəsi olan Vaqif Səmədoğlunun istər şair, dramaturq, publisist  kimi, istərsə də  ictimai-siyasi xadim kimi mənsub olduğu ailəyə layiqli olduğunu vurğuladı. Onun təkcə “ölüm şairi” deyil, həm də Tanrı ilə danışan şair olduğunu bildirdi. Şairlə bağlı ilginc xatirlərini bölüşən natiq, “Vaqif öldü, qələm başın sağ olsun” deyə çıxışına yekun vurdu…

Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülaya Həsənova Vaqif Səmədoğlunun nəinki şeirləri, pyesləri, həm də səsləndirdiyi fikirləri, aforizmə çevrilmiş deyimləri ilə də yaddaşlarda qalacağanı bildirdi. Onun ictimai-siyasi xadim kimi Qazaxı Milli Məclisdə, ölkəmizi Avropa şurasında layiqli təmsil etdiyini, daim dövlətmizin qayğısıyla əhatələndiyini nəzərə çatdırdı.

Huseyn Arif Poeziya Dərnəryinin başçısı, tanınmış şair Saqif Qaratorpaq, Vaqif Səmədoğlunun öz şeirində dediyi kimi Yer kürəsindən düşdüyünü, ölümün əlindən tutub öz doğmalaırına qovuşduğunu dedi. Onun poeziyasını dənizsiz təsəvvür etməyin çətin olduğunu özəlliklə vurğulayan natiq, ustad şeirindən bir neçəsini səsləndirdi.

Gənclik adından söz verilən istedadlı gənc yazar Taleh Mansur Xalq şairi haqqında söz demək sorumluluğunun fərqində olduğunu ifadə etdi. Onun “qağayını nəzərə almasaq, dənizlə Tanrı arasında heç nə yox…” misralarını xatırladaraq qeyd etdi ki, bu fikirə söykənsək, belə çıxır ki, insan olmasa Yerlə Tanrı arasinda da heç nə yoxdu… O, “Nə yaxşı ki, böyük şairimizi xatırlayan, sevən siz insanlar varsınız” deyə çıxışına yekun vurdu.

Sonda AYB Qazax filialını başçısı Barat Vüsal tədbirin araya-ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə – Qazax rayon İcra Hakimiyyətinə, Dram Teatrının aktyorlarına, iştirakçılara və Vaqif Səmədoğlunun həyat və yaradıcılığına işıq salan “Ölümün şairi, Şairin ölümü” adlı video-çarxı düzənləmiş  gənc operator və monatajçı Şamil Muradlıya öz şükkranlığını bildirdi. Bu cür tədbirlərin toplumumuza, ölkəmizə gərəkli olduğunu diqqətə çatdırdı.

Tədbir Vaqif Səmədoğlunun sözlərinə yazılmış “Bəlkə də“ mahnısının sədaları altında sona çatdı…

 TALEH

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.