Ana səhifə BAŞ YAZI Pololkovnikə məktub olmayacaq…

Pololkovnikə məktub olmayacaq…

Müəllif: Bizim Yazı
361 baxış

Cavid ŞÜKÜR

Ədəbiyyatın “Titanik”-i batdı. “100 ilin tənhalığı”-ı bircə kitaba sığdıran adam yüzcə il də yaşamadı… 

“Sehrli oyuncaqlar mağazası” adlı bir filmdə heç vaxt unutmayacağım bir parça var: “Kral Lir beşinci pərdədə öləndə Şekspir bilirsən nə yazmışdı? “O öldü”. Bu qədər… Artıq deyil. Şah, mah yox, bənzətmə yox, şişirdilmiş son sözlər yox. Teatr ədəbiyyatının ən təsirli əsərində yazılan sözlər budur. “O öldü”. “O öldü” deyə bilmək üçün Şekspir kimi dahi olmaq gərəkdi. Amma yenə də nə zaman o iki kəlməni oxusam üzərimə həmişə böyük bir hüzn çökür. Bilirəm, üzgün olmaq çox təbiidi. Sadəcə, “o öldü” sözündən dolayı deyil, o iki kəlmədən öncə gördüyümüz həyat üzündən. Mən həyatımdakı beş pərdəni yaşadım və bitirdim”…
“Əslində Şekspir daha bərbəzəkli, gəlişigözəl söz tapmayıb” deyil bu parçanın çözümü. Əsas məsələ Şekspirin ölümün başlanğıc ola bilcəyi qədər bir son da olmasını diqqətə çatdırmağa çalışmasıdır. Ölüm bütün dəbdəbənin sona yetməsi, puç olmasının təsdiqidir. Ölüm dəbdəbəyə sığmır. Ölüm “o öldü” sözü qədər soyuqdur…
Markes öldü…
Markeslə “tanışlığımın” uzun tarixçəsi yoxdu. Təxminən 4 il əvvəl kitabxanaların birinin tozlu rəflərini eşələyərkən, nazik, köhnə, vərəqləri siqaret çəkən kişilərin bığları kimi sapsarı bir kitab gördüm. Cildində yekə, qırmızı xoruz şəkli çəkilmişdi. Adıyla üz qabığındakı təzad məni cəlb etmişdi – “Polkovnikə məktub yoxdur”. Təbii ki, kitabı oxudum. Həm də birnəfəsə. İlahi, insanın yalnızlığı, ümidləri, inamı, mübarizə əzmi, çarəsizliyi detallarına qədər bu cür aydın təsvir edilə bilərmi?! “Yox” deməyin – Markes bacarıb. Markesin qələmində şeytanilik var. İlk oxuduğumdan bəri bu fikirdəyəm. Sonralar onun başqa əsərlərini oxuyanda – “Gözlənilən bir qətlin tarixçəsi”, “Hüznlü fahişələrim”, “Sənin qar üzərindəki izinlə”, “100 iin tənhalığı” – bundan daha çox əmin oldum – Şeytanla Tanrının əsas fərqi odur ki, Tanrını insan dərk etməlidir. Şeytansa həmişə adamın yanındadır və ruhumuzun müqabilində bizə hər şey verə biləcəyini durmadan təlqin edir. Yəni Markes insanı təbdən çıxara biləcək qədər möhtəşəm əsərlər yaratmaq müqabilində ruhunu şeytanamı satıb? Yaxud sata bilməzdimi? – adi insan bunları bacarmazdı.
Markes insanın daxilindəki hansısa nöqtələrə toxunur və bu toxunuşda belə, nəsə bir şeytanilik var.
…Apreldi… Markes öldü… Görəsən, Makondada avqustda olduğu kimi yağış yağırmı? Yenə iki dost telefonda susurmu? Yenə böyük ev sevgiylə doludurmu? Yenə alnı xaçla damğalanmış Aurelianolar dolaşırmı küçələrdə? Yenə güllələnmiş halda tapılırmı cəsədləri?
…Markes öldü…
Görəsən, yenə polkovnik hər səhər üzünü güzgüsüz, əlhavasına təraş edirmi? Yenə yarışlar başlayanadək xoruzu yemləməkçün nə qədər pul lazım olduğunu hesablayırmı? Yenə hər çərşənbə köhəlmiş kostyumunu geyinib poçt gəmisini qarşılayırmı? Hər dəfə “yox” cavabını alanda “yazacaqlar, mütləq yazacaqlar” deyə poçtalyondan daha çox özünü inandırmağa çalışırmı? Görəsən, yenə alzeymer xəstəsi olan adamlar şəhərin ən hündür yerində “Tanrı var” yazırlarmı?!.
…Apreldi… Hava durğundu… Hə, bir də gecədi… Hə, bir də Markes öldü…
Polkovnik, sizə heç kəs yazmayacaq! Markes öldü…

18.04.14

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.