Ana səhifə YAZILAR “PAYTAXTDAN BÖLGƏLƏRƏ… BÖLGƏLƏRDƏN PAYTAXTA…”

“PAYTAXTDAN BÖLGƏLƏRƏ… BÖLGƏLƏRDƏN PAYTAXTA…”

Müəllif: Bizim Yazı
356 baxış

Bolgelerden Sesler - 2Bölgə yazarları üçün poeziya gecəsi

18 oktyabr 2014-cü ildə (saat 17:00), Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “PAYTAXTDAN BÖLGƏLƏRƏ… BÖLGƏLƏRDƏN PAYTAXTA…” layihəsi çərçivəsində “zirvə tədbiri” – musiqili poeziya gecəsi keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi tədbirdə ölkəmizin müxtəlif bölgələrində yaşayıb-yaradan istedadlı gənc şairlər öz şeirlərini oxuyacaq. Tanınmış ədəbiyyatçılardan təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına, estetik dəyərlərinə görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və ödüllə təltif ediləcək.
Qeyd edək ki, Əfsanə Ələsgərlinin rəhbəri olduğu “PAYTAXTDAN BÖLGƏLƏRƏ… BÖLGƏLƏRDƏN PAYTAXTA…” adlı layihənin məqsədi paytaxt mühitindən kənarda – bölgələrdə yaşayıb-yaradan istedadlı gənc yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının ümumrespublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır. Layihə çərçivəsində nəşr edilən “Bölgələrdən səslər (2)” toplusu da məhz bu məqsəddən irəli gəlib.
“Bölgələrdən səslər” toplusunun birinci cildi 2012-ci ildə işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Kitabın ən böyük uğuru bir sıra imzaların ədəbi mühitə qazandırılması ilə yanaşı gənc yazarların bir-birini tanıması olub. Bu baxımdan “Bölgələrdən səslər” toplusunun ikinci cildinin yayımlanması işin davamlılığı baxımından diqqəti cəlb edir.
Qeyd edək ki, musiqi və poeziyanın vəhdət təşkil edəcəyi həzin ovqatlı “Poeziya gecəs”ində rəsmi şəxslər, ədəbi ictimaiyyətin bir sıra tanınmış simaları, QHT sektorunun, nümayəndələri, KİV təmsilçiləri, tələbə-gənclər və digər şeir-sənət dostları iştirak edəcək.
Giriş sərbəstdir, maraqlananlar iştirak edə bilər.

“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb

Azərbaycan Respublikasının bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən Səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb.
İşin diqqət çəkən yönlərindən biri də odur ki, antologiya gənc yazarların öz nəsildaşları tərəfindən tərtib edilib. – Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduğuqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlarımızdan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır. İstedadlı gənc yazarlardan Əfsanə Ələsgərlinin “ön söz” yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və dos.dr. Rəsmiyyə Sabir redaktə ediblər.
“Nurlan” nəşriyyatında işıq üzü görən antologiyada verilən poziya və nəsr örnəkləri janr, mövzu, üslub və s. baxımından rəngarəngdir. Buraya heca, sərbəst və əruz vəznində yazılan şeirlər, günümüzün bəzi gerçəkliklərini, gənclik dünyasının yaşantılarını, folklor və mifologiyadan qaynaqlanan mənzərələri yansıdan hekayələr, esselər… daxildir.
Qeyd edək ki, DGTYB bundan öncə, 2012-ci ildə “Bölgələrdən səslər”in birinci cildini hazırlamışdı və o ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Sözügedən antologiya bir çox gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması, onların ədəbi aləmdə uğurla addımlamasına təkan olub. Bunu nəzərə alaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayıb-yaradan gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması üçün “Bölgələrdən Səslər”in ikinci cildi oxucuların mühakiməsinə verilir.
Antologiya 18 oktyabr 2014-cü il (saat 12.00) Azərbaycan respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda (Bakı, Cəfərov qardaşları küçəsi-16) ictimaiyyətə təqdim ediləcək. Maraqlananlar iştirak edə bilər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.