Ana səhifə ŞEİR Özbəkistanın gənc tanınmış şairi Cahangir NAMAZOVdan poeziya nümunələri

Özbəkistanın gənc tanınmış şairi Cahangir NAMAZOVdan poeziya nümunələri

Müəllif: Bizim Yazı
139 baxış

Özümü anladım, Sənisə danıb,
Bu dünya fanidir, sevgi min əsrin.
Yağışlar dilədim, utanıb, yanıb,
Göz yaşları axdı Həsən Bəsrinin.

Özümü itirdim bir an içində
Məcnunluq istirab, cənnətlik azar,
Ruhu cəm et deyib eşqin gücündə
“Məlamət” et dedi, pir Həmdun Qəssar.

Dörd tərəfim Qiblə, hər yan işıqlı,
Sərxoşam, xəyalım göy eşqindədi.
Sevgidə huşyar ol, oyaq ol deyə,
Səsini qaldırdı Cünəyd Bağdadi.

Yollarım eşq ilə yaşıllanardı,
Dövrəyə səslərdi “Zikri dövran”i.
Ruhuma səbirdən dərs oxudardı,
Şeyxül Abdulqədir özü – Cilani.

Açılardı bir-bir səmada sirlər,
Dünya tanınardı geniş bu ara.
Gözlərim qamaşardı, parladı nurlar,
Bir nəzər salanda Nəcməddin Kübra.

Ayrılıb gedirəm özümdən özüm,
Göylərim yamyaşıl, bir gözəl- mavi.
Təsbehə çevrildi indi hər sözüm,
Dualar etməkdə Əhməd Yəssavi.

***

Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.

Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək  dağılmış ömrüm.

Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.

Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?

Məni xatirata  çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.

Sinəmdə ilahi dərdlər gül açdı,
O  böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.

Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.

Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.

Azərbaycan dilimə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

***

Bağlandım arzunun zəncirlərinə,
Gərəyidən artıq duydum ehtiras.
Eşq varmı könlümdə, ömrümdə mənim,
Bilmirəm kimləri etmişəm xilas?

İstədim, ürəkdə canlandı tüğyan
Gücləndi nəfsimin küləkləri də.
Qəlbimdə təlatüm, ruhumda üsyan
Məyusam, kövrəyəm, bu qədər sirdə.

Duyğular tüfantək daşmaqda dinməz
Təşbeh, şeirlərim söz çevirməsi.
Sözsüz, öz-özümə gəldim diksinməz,
İndi məndən mənlik üz çevirməzmi?

Hər bir dəqiqəmi sözlərə yazdım,
Hər ötən günüümü eylədim kitab.
Qayğı-şadlığımı hesaba aldım,
Hələ də özümə gətirmirəm tab.

Bildim, anladım ki, nə varsa sərab,
Dünyəvi, ötəri çox dərdi gördüm…
Sevgidən yaranmış ürəyim xarab,
Eşqin gecələrin yatıb ötürdüm…

Aldanıb aldanmış xəyallarıma,
Faydasız öyməkdə baharlar, yazlar.
Müəzzinlər azan verdiyi anda.
Zirəklikdə məni ötdü xoruzlar…

EY BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.

Cahangir NOMOZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.