İnsan ömrünün illərlə ölçülən tərəfi, bir də illərə sığmayan mənəvi tutumu vardır. Birincisini göstərən təqvimdir, ikincisini isə insanın gördüyü işlər, toxunduğu könüllər, yetişdirdiyi düşüncələr, yaşatdığı dəyərlər müəyyənləşdirir. Elə aydınlar var, onların ömür yolu haqqında danışmaq, əslində, bir mənəvi mühit haqqında söz açmaq anlamına gəlir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru
Salatın Əhmədlinin 70 illik yubileyi də bizə belə bir fürsət verir: ömür və əməyin, yaradıcılıq və xeyirxahlığın, elmi fəaliyyət və ictimai məsuliyyətin bir-birini necə tamamladığı üzərində düşünmək fürsəti… Aydınlıq yalnız biliklərə yiyələnməklə tamlıq bulmur; işin içində biliyin mənəvi məsuliyyətini daşımaq da var. Yalnız yazmaqla da iş bitmir; yazılanın insan yaşamında, toplum yaddaşında, milli-mədəni düşüncədə hansı izləri buraxdığını dərk etməkdir məsələ. Öz sözünü dedin – sağ ol; başqasının sözünə də qulaq verdin, onu anladın, dəyərləndirdin və gələcəyə ötürdünsə – çox sağ ol.
Salatın xanımın ədəbi-elmi fəaliyyətinə bu baxış bucağından yanaşdıqda onun yaradıcı əməyinin diqqətəlayiq bir cəhəti üzə çıxır: özünü ifadə etmək istəyi ilə başqalarının mənəvi sərvətini üzə çıxarmaq qayğısının qovuşması. Bax, bu, yaradıcılıq özəlliyinin yanı sıra həm də aydın (aydınlıq) əxlaqıdır.
Budur, qarşımda Salatın xanımın bu il gün üzü görmüş “Gülxani Pənahın nəsr və təmsil yaradıcılığı: mövzu, problematika və bədii sənətkarlıq” adlı araşdırması var. Filologiya elmləri doktoru, professor Səhər Orucovanın elmi rəyçi olduğu bu əsər çağdaş ədəbi prosesin konkret bir yaradıcılıq örnəyi üzərindən araşdırılması baxımından diqqət çəkir.
Kitabın əsas məziyyəti bir yazıçının yaradıcılıq dünyasını mövzu və ideya, obraz və xarakter, tarix və yaddaş, insan və toplum, sənətkarlıq və mənəviyyat müstəvilərində nəzərdən keçirmək cəhdindədir. Burada bir Azərbaycan xanımının başqa bir xanıma diqqət və qayğısı da var və məncə, bunun özü də ictimai, mədəni-mənəvi məzmun daşıyır. – Onları bir araya gətirən ədəbiyyat, mədəniyyət, elmdirsə, bu, əlbəttə, diqqətə, təqdirə layiqdir.
Salatın Əhmədli Gülxani Pənahın nəsr və təmsillərinin arxasında dayanan insan talelərini, mənəvi sınaqları, ictimai münasibətləri, milli yaddaş qatlarını və əxlaqi seçimləri diqqət mərkəzinə gətirir. Ədəbiyyatşünaslıq burada özünün ilkin görəvlərindən birinə – bədii sözü anlamaqla insanı anlamağa qayıdır.
Kitabın birinci fəslində “Ölüm vadisi” romanı geniş araşdırılır. Qafqazın mürəkkəb tarixi-siyasi gerçəklikləri, savaş və əsirlik, qurtuluş və zorakılıq, milli kimlik və insaniyyət arasındakı münasibətlər incələmənin əsas yönlərini təşkil edir. Müəllif qurtuluşu yalnız siyasi-hüquqi kateqoriya kimi götürmür – onu həm də mənəvi məsuliyyət anlayışı kimi nəzərdən keçirir. – Məncə, burada diqqətçəkən ən önəmli cəhət budur.
Romanın Süleyman, Umar, Kamran və digər obrazlarının taleyində insanın öz qurtuluşu ilə başqasının qurtuluşu qarşısındakı məsuliyyəti arasında dərin bağlılıq üzə çıxarılır. Bu yanaşmanın kulturoloji önəmi vardır; çün mədəniyyət həm də insanın başqa insana münasibətinin keyfiyyətidir. İnsanın ləyaqətini qorumaq, özgəsinin ağrısını duymaq, zora qarşı mənəvi dirəniş göstərmək mədəniyyətin ən önəmli göstəricilərindəndir.
Salatın Əhmədlinin araşdırmasında bu məsələlərin önə çəkilməsi onun ədəbiyyatı həyatın vacib suallarından ayırmadığını göstərir.
Kitabın ikinci fəslində Gülxani Pənahın hekayə yaradıcılığı geniş mövzu dairəsində incələnir. “Laməkan”, “Acı həqiqətlər”, “Nehrə yağı”, “Həcc ziyarəti”, “Ailə”, “Dəvə kimi”, “Dost yanğısı” və b. əsərlərin araşdırılması yazıçının bədii dünyasının müxtəlif qatlarını üzə çıxarmağa xidmət edir. Burada ailə münasibətləri ilə sosial ədalət, tarixi yaddaşla fərdi tale, dini-fəlsəfi düşüncə ilə psixoloji yaşantı, məişət gerçəkliyi ilə mənəvi seçim arasında bağlar müəyyənləşdirilir.
Özəlliklə “Laməkan” hekayəsinin Nəsimi obrazı və tarixi həqiqətin bədii təfsiri baxımından araşdırılması diqqətəlayiqdir. Nəsimi bizim üçün insanın mənəvi ucalığının, düşüncə qurtuluşunun, həqiqətə sədaqətin rəmzidir. Bu obrazın çağdaş nəsrdə necə yaşadığını araşdırmaq, əslində, milli-mədəni yaddaşımızın davamlılığını izləməkdir. Burada filoloji və kulturoloji baxış cəmindən önəmli bir məqam ortaya çıxır: ədəbiyyat keçmişi yeni zamanın mənəvi sualları ilə yenidən danışdırır. Bu anlamda Salatın Əhmədlinin tədqiqatında tarix, bədii mətn və çağdaş oxucu arasında düşüncə körpüsü qurmaq meyli görünür. Ədəbiyyatşünaslıq əsərin mənəvi və estetik imkanlarını yeni oxunuşlara açmalıdır. – Ədəbiyyatşünasın işinin dəyəri elə bunda deyilmi?
Salatın xanımın araşdırmasında ailə, güvən, sədaqət, vicdan, ədalət və xeyirxahlıq kimi anlayışların dönə-dönə gündəmə gəlməsi təsadüfi görünmür. Bunlar ayrı-ayrı əsərlərin mövzusu olmaqla yanaşı, insan və toplum münasibətlərinin dayaq nöqtələridir. Ədəbiyyatın bu dəyərləri qorumaq imkanını üzə çıxarmaq isə özlüyündə mədəni xidmət sayılmağa layiqdir.
Kitabın üçüncü fəslinin Gülxani Pənahın təmsilyaratma ustalığına həsr olunması ayrıca önəmə malikdir.
Təmsil ilk baxışda sadə, hətta bəzən uşaq ədəbiyyatına yaxın görünən bir ədəbi türdür. Halbuki onun arxasında böyük ictimai-fəlsəfi düşüncə gələnəyi dayanır. Təmsil daha çox heyvanların, quşların, təbiət varlıqlarının dili ilə toplumun gerçək mənzərəsini insanın gözü önündə canlandırır.
Salatın Əhmədli “Qartal və Şahin”, “Məşvərət” kimi təmsillərin incələnməsində güc və ədalət, hakimiyyət və məsuliyyət, bilik və sərvət, təkəbbür və təvazökarlıq məsələlərinə diqqət yetirir. Bu incələmələrdən doğan qənaətlərdən biri budur ki, insanın böyüklüyü başqasının yüksəlişinə şərait yaratmaqdadır. Bu fikir, əslində, yalnız təmsil poetikasına aid sayılmamalıdır. O, sağlam ictimai münasibətin, aydın həmrəyliyinin, mədəni davranışın da ölçüsüdür.
Ədəbiyyat bəzən bir cümləlik əxlaqi həqiqəti bütöv bir həyat mənzərəsi ilə əsaslandıra bilir. – Ədəbiyyatın gücü bəlkə elə bundadır?.. – Ədəbiyyatşünasın görəvi isə həmin mənzərənin arxasındakı düşüncə mexanizmini, bədii məntiqi, mənəvi nəticəni açmaqdır.
Salatın xanımın bax, bu yöndəki araşdırması onun bədii mətndə həm hadisəni, həm də hadisənin doğurduğu ictimai, əxlaqi mənanı görməyə çalışdığını nümayiş etdirir.
***
Söz – mədəniyyət daşıyıcısıdır; ulusun tarixi təcrübəsini, mənəvi yaddaşını, dünyaduyumunu və gələcək təsəvvürünü özündə yaşadır. Bu baxımdan Salatın Əhmədlinin araşdırmasını qarşılıqlı bağlılığı olan üç müstəvidə dəyərləndirmək mümkündür.
Birincisi, ədəbi-estetik müstəvi – obraz, süjet, kompozisiya, konflikt, dil və üslub özəlliklərinin araşdırılmasıdır.
İkincisi, kulturoloji müstəvi – ailə, toplum, milli yaddaş, inanc, əxlaq, sosial münasibətlər və mənəvi dəyərlərin bədii mətndəki ifadəsinin öyrənilməsidir.
Üçüncüsü, filoloji ilə kulturolojinin sintez müstəvisidir – sözün mədəni yaddaşı necə yaşatdığını, bədii düşüncənin insanın özünü və dünyanı anlamasına necə təsir göstərdiyini müəyyənləşdirməkdir.
Bu üç müstəvi birləşəndə ədəbiyyatşünaslıq insan və mədəniyyət haqqında düşüncə sahəsinə çevrilir.
Əlbəttə, sözügedən monoqrafiyanın bütün elmi sonuclarını mübahisəsiz qəbul etmək və ya onun hər yanaşmanı eyni nəzəri səviyyədə qiymətləndirmək doğru olmazdı.
Ayrı-ayrı məqamlarda təsviri təhlilin daha dərin müqayisəli-nəzəri ümumiləşdirmələrlə zənginləşdirməsi də mümkün görünür; lakin kitabın geniş mətn materialını bir araya gətirməsi, müxtəlif janrları əlaqəli şəkildə nəzərdən keçirməsi və mənəvi-əxlaqi problemləri diqqət mərkəzində saxlaması onun nəzərəçarpan məziyyətləridir.
Belə araşdırmalar ədəbi irsin öyrənilməsinə, çağdaş yazarların yaradıcılığının sistemləşdirilməsinə, gələcək araşdırmalar üçün mətn və mülahizə zəmininin formalaşmasına xidmət edir.
***
İndi isə xeyirxahlığın aydın(lıq) ölçüsünə toxunmaq istərdim.
Salatın Əhmədlinin yubileyindən söz açarkən onun xeyirxahlıq, fədakarlıq və ictimai fəaliyyətlə bağlı özəlliklərini ayrıca dəyərləndirmək istərdim.
Xeyirxahlıq bəzən bir insana əl tutmaqdır, bəzən onun yolunu açmaq, bəzən də gördüyü işin qədir-qiymətini bilməkdir. Bir də xeyirxahlığın elmi-mədəni ifadəsi var: başqasının zəhmətini öyrənmək, yaradıcılığını araşdırmaq, onun sözünü yeni oxuculara çatdırmaq… Bu sonuncu xidmət heç də az əhəmiyyətli deyil. Əlbəttə, elmi-mədəni xeyirxahlıq tənqidi düşüncədən yan keçmək anlamı daşımır; əksinə, başqasının əməyinə göstərilən ən yüksək sayğı biçimlərindən biri də onu elmi dürüstlüklə dəyərləndirməkdir.
Hər bir yaradıcı insanın öz əsərlərindən başqa, həmin əsərlərin necə oxunduğundan, necə anlaşıldığından və hansı mənəvi mühitdə qarşılandığından ibarət ikinci bir ömrü də var. Bu ikinci ömrün formalaşmasında tənqidçinin, ədəbiyyatşünasın, araşdırmaçının əməyi danılmazdır.
Salatın xanımın Gülxani Pənah yaradıcılığına həsr etdiyi geniş araşdırması bu anlamda başqa bir qələm yiyəsinin ədəbi dünyasına göstərilən diqqət və sayğının ifadəsi kimi də qiymətləndirilə bilər. Burada Gülxani xanımın yaradıcılığından doğan vurğularla Salatın xanımın araşdırma mövqeyi arasında maraqlı uyğunluq görünür. İnsana dayaq olmaq, özgəsinin haqqını tanımaq, mənəvi məsuliyyətdən yayınmamaq, gücü ədalətlə ölçmək, yaxşılığı ictimai davranış prinsipi kimi anlamaq…
Bunlar həm araşdırılan əsərlərin ideya dünyasında, həm də belə əsərlərin öyrənilməsinin mənəvi məntiqində öz əksini tapır.
Əslində, insan öz əməyinin nəticəsini yalnız öz adına yazılan uğurla ölçmür; başqasının uğuruna sevinmək, onun yaradıcılığına yol açmaq, mədəni mühitin zənginləşməsinə çalışmaq da aydınlığın göstəricisidir. Belə münasibət ədəbi mühitdə qarşılıqlı güvəni gücləndirir, nəsillər və yaradıcılıq çevrələri arasında mənəvi bağları möhkəmləndirir.
Mədəniyyətin yaşaması üçün əsərlər çevrəsində yaranan sağlam münasibətlər də gərəklidir. Bəlkə elə buna görə xeyirxahlığı mədəniyyətin yazılmamış qanunlarından biri saymaq olar…
***
Yubiley insanın geriyə baxdığı, gördüyü işləri dəyərləndirdiyi, qarşıdakı yollar haqqında düşündüyü mənəvi dayanacaqdır. Ancaq yaradıcı insan üçün yubiley heç zaman yalnız ötən illərin hesabatı sayılmır. O, həm də yeni sözün, yeni düşüncənin, yeni xidmət imkanlarının başlanğıcıdır.
Salatın Əhmədlinin ədəbiyyatşünaslıq fəaliyyətinin dəyərini müəyyənləşdirərkən onun tədqiqat əməyinin milli-mədəni mühit üçün önəmini də görmək gərəkdir.
Bu baxımdan Salatın Əhmədlinin 2024-cü ildə nəşr olunmuş “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji sözlüyü” kitabını da ayrıca xatırlatmaq yerinə düşər. Bölgənin söz sərvətinin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi həm dilçilik hadisəsi, həm də milli-mədəni yaddaşın qorunması işidir. Dialekt sözləri ulusun yaşam təcrübəsinin, dünyaduyumunun, məişət və düşüncə tarixinin dilimizdə yaşayan izləridir. Bu izləri qorumaqla biz sözlərlə birgə söz içində yaşayan bir dünyanı da qorumuş oluruq. Bu anlamda Salatın xanımın dialektoloji araşdırması ilə ədəbiyyatşünaslıq fəaliyyəti arasında da mənəvi-mədəni bir bağlılıq görmək mümkündür.
***
Bizim ədəbi mühitin yetənəkli yazarların yaradıcılığını incələyən, elmi dövriyyəyə gətirən, əsərlərin mənəvi-estetik məzmununu açan araşdırmaçılara ehtiyacı var. – Yazılan hər əsər öz-özünə ədəbiyyat tarixinin fəal yaddaşına çevrilmir. Bunun üçün oxucu marağı, tənqidi münasibət, elmi təhlil və mədəni davamlılıq lazımdır. Bu mənada ədəbiyyatşünaslıq yaddaşın təşkilinə xidmət edən yaradıcı fəaliyyətdir.
Salatın xanımın haqqında söz açdığımız monoqrafiyası da belə bir fəaliyyətin konkret örnəyi olsa gərək. Burada bədii əsərlər insan və toplum haqqında düşüncələrin daşıyıcısı olaraq gözdən keçirilir. Bütün bunlar bizi daha geniş bir qənaətə gətirir: mədəniyyətin gələcəyi yeni dəyərlər yaratmaqdan savayı, mövcud dəyərləri tanımaqdan, qorumaqdan, ədalətlə qiymətləndirməkdən (də) keçir. Bu isə həm elmi, həm mənəvi, həm də vətəndaşlıq məsuliyyətidir.
Salatın Əhmədlinin yubileyi münasibətilə onun ədəbi-elmi əməyinə diqqət yetirərkən bax, bu məsuliyyət duyğusunu önə çəkmək istərdim. Bir insanın ömür yolunun dəyəri gördüyü işlərlə yanaşı, həmin işlərin arxasında dayanan niyyətlə, əməklə, mənəvi mövqe ilə müəyyənləşir.
Sözə xidmət etmək, əslində, yaddaşa xidmət etməkdir. Yaddaşa xidmət etmək isə ulusun mənəvi varlığının davamlılığına töhfə verməkdir.
Arzu edirəm, ömrünün yeni çağları ona yeni yaradıcılıq sevincləri, yeni elmi, ictimai uğurlar, könül xoşluğu, sağlamlıq və tükənməz mənəvi enerji gətirsin.
İllər ömrü uzadır, xeyirxah əməllər onun anlamını dərinləşdirir, yaradıcılıq isə üfüqötəsinə səsləyir… Nə xoş, insanın yaşadığı illər sözün yaddaşında, insanların könlündə, mədəniyyətin mənəvi xəritəsində iz salır və yaradıcılığın yeni üfüqündə də görünür!
Salatın xanıma həmin izin daha da dərinləşdiyi, sözünün və əməyinin yeni ünvanlara yetişdiyi uzun, işıqlı ömür diləyi ilə…
Əkbər QOŞALI
