Ana səhifə YAZILAR Oralarda kimlər var: YAZAR AİLƏLƏR

Oralarda kimlər var: YAZAR AİLƏLƏR

Müəllif: Bizim Yazı
1. 214 baxış

Şair-publisist Dəyanət Osmanlı, şair Səhər xanım

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib: ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır. Ailədə üç uşaq var.
D.OSMANLI: –Üç çocuqla biz kiçik bir cəmiyyətik. Qızların bir-birindən beş il yaş fərqi olsa da, aralarında sərbəst münasibət və müstəqil düşüncəni ortaya qoya bilmək üçün maneə yoxdur. Osman isə hələ balacadır (hər birinin arasında beş il yaş fərqi var), amma bizim ailə mühiti elədir ki, artıq onun da gələcək davranış və düşüncəsi ona uyğun şəkildə formalaşır. Onların tərbiyəsi ilə daha çox anaları məşğul olduğundan mən əminliklə deyə bilərəm ki, onlar milli kimlik, ailə, qohum, dost və cəmiyyət kriteriyalarını dəqiq (və həvəslə) mənimsəyə bilirlər. Bunlar ailənin alt yapısının əsasını təşkil edən doğal dəyərlərdir.
Sual : Yuxarıdakı mənim təxminim olan “Belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz?
D.OSMANLI: –Ailədə mehribançılıq ifadəsi, zənnimcə, daha çox nisbi xarakter daşıyır. Bir yandan da, ümumilikdə götürdükdə, bir az səmimiyyət olan ailələr üçün bir sıra qanqaraldıcı və yeknəsək problemlərin təsiri o qədər ötəridir ki, ona diqqət ayırmağa dəyməz. Mehribançılıq bir-birinə davamlı sayğıdan irəli gəlir, yaxud da bu, elə sayğının özüdür. İnsan onsuz da hər şeyin fani olduğunu bilir, amma yenə də hər zaman bu faniliyi unuda-unuda yaşamaq cəhdində bulunur. Bax onda yaşam prosesində təzahür edən məcbur sayğı və saxta səmimiyyət mehribançılıq adlana bilməz.
SƏHƏR: –Düşünmürəm ki, məhz boşanmadığı üçün cütlüyə mehriban demək olar. Mehriban ailə modeli konkret necə olmalıdı, mehribançılığın “dozası “ nə qədər nəzərdə tutulur, bunlar haqda da dəqiq fikrim yoxdu. Bayırdan xoşbəxt görünən o qədər bərbad ailələr tanıyıram ki. Mən həyat yoldaşını dava-dalaşla toy-nişana sürüyüb ətrafa mehriban ailə pozası verən qadınları anlamıram. Bəlkə ona istəmədiyi məclisdənsə göl qırağına balığa getmək daha xoşdu. Həyat onsuz da ağırdı, onu bir az da ağırlaşdırmaq nəyə lazım. Bu məsələlərdə Dəyanət məndən də açıq fikirlidi və biz zahirən necə göründüyümüzü nəzərə almadan daha çox bir-birimizin rahatlığının və azadlığının qeydinə qalırıq. Ona görə də mən belə demokratik ailələrdən biri-deyərdim.
Sual: – İlk dəfə harada və nə vaxt tanış olmusuz?
D.OSMANLI: – Yazıçılar Birliyində gənc yazıçıların daimi tədbirlərini keçirirdik. Onda mən 31 yaşımı keçmişdim. Bizim ədəbi nəslin ədəbiyyatda ən populyar, yeni baxışla, yeni nəfəslə mütəmadi göründüyü vaxtlar idi. Səhəri əvvəllər qiyabi olaraq tanıyırdım, bilirdim ki, istedadlı və ciddi qızdır. “Qar çiçəyi” ədəbi birliyinin üzvü idi. Günlərin birində bizim tədbirə gəlmişdi, o zamanlar tanış olduq. Sonralar münasibət qura bildik. Biz elə bir vaxtda tanış olmuşduq ki, az zaman keçəndən sonra hər ikimizin bu evliliyə hazır olduğumuzu və bir birimizi qəbul etdiyimizi anladıq. Və artıq 14 il keçib, bəzən elə bilirəm ki, uşaqlıqdan biz bir yerdə olmuşuq.
SƏHƏR: – Doxsan yeddinci ilin aprelində, Yazarlar Birliyinin “Natəvan” klubunda tanış olmuşuq. O vaxt Dəyanətin “Avanqard” ədəbi birliyi vardi, şair dostlar məni o toplantılara dəvət edirdi tez-tez. Tələbəliyimin son yazında, nəsə indi səbəbini xatırlamadığım qüssəli, həvəssiz bir gündə məni axır ki, ora apardılar. “Natəvan” klubunun önündəki dəhlizdə bizi bir-birimizə təqdim elədilər. Mən həmin tədbirdə heç yarım saat oturmadım, o vaxtkı ipə-sapa yatmayan halımla kürsüdə çıxış edən Dəyanətin təəccüblü baxışları altında zaldan çıxdım, tezliklə də hər şeyi unutdum, bu görüşün bir tarix yazacağını ağlıma gətirmədən. Amma o gündən başlayaraq iyirmi dörd il həyatımda olmayan bu adamla elə tez-tez rastlaşmağa başladım ki. Bir dəfə rəfiqəmə verdiyim sual yadıma düşür;” bu Dəyanət Osmanlı nə tez-tez qarşımıza çıxır?” İndi mən bu sualın cavabının tale adlı bir ssenari olduğuna inanıram.Çünki o il mən özəl universitetlərin birinə dəvət almışdım, sentyabrda işə başlamalıydım, yayı isə rayona getməyi planlaşdırmışdım. Rəfiqəm məndən onu tək qoyub getməməyi xahiş edincə müvəqqəti nəşriyyatda çalışmağa başladım. Dəyanət də onda “Azərbaycan” qəzetində işləyirdi, bizim otağa da tez-tez gəlirdi.Çox keçmədən heç gözləmədiyim halda mənə evlənmək təklif elədi, mən də onun bu cəsarətini və dürüstlüyünü qiymətləndirdim.
Sual: – Ailə quranda sizə mane olan vardımı?
D.OSMANLI: –Bayaq dediyim kimi, ailələrimizdən də bizə keçən tərbiyə və formalaşma münasibətləri, yaşam reallığını, düşüncəni anlamaq və ona sayğı göstərmək mədəniyyəti elədir ki, burada maneədən söhbət gedə bilməz. Ailələrdən kənarda isə ola bilsin, kimsə, nəyə görəsə bunu istəməyib. Onda da, indi də bunun mənim üçün elə bir əhəmiyyəti yoxdur. Heç bu barədə düşünməmişəm də.
SƏHƏR: –Yox, xoşbəxtlikdənmi, yoxsa bədbəxtlikdənmi heç kim mane olmadı. Zarafat bir yana, ikimiz də kifayət qədər müstəqildik, mən ali məktəbi bitirirdim, Dəyanət işləyirdi, hər ikimizin valideynləri qarşı tərəfi tanımamasına rəğmən qərarımıza sayğıyla yanaşdı. Mane olmaq istəyən, ağız büzən, bizi bir-birinə yaraşdırmayanlar bəlkə də vardı. Necə deyərlər, “ağıllı fikirləşincə dəli atlanıb çayı keçdi “. Beləcə hər şey təəccüblü şəkildə sürətlə və qaydasında getdi; yazın əvvəlində tanış olduq, yayın əvvəlində nişanlandıq, payızın əvvəlində də toyumuz oldu.
Sual: – Hər halda siz həyat yoldaşınızla evlənəndə, bilirdiniz ki, o da yazar dünyasının insanıdır və açığını deyək ki, bu jurnalist qadınlara baxış bir az ayrı cürdü? Ortama baxıb bu sualı verirəm. Məntiqsiz çıxsa üzr istəyirəm. Mənə elə gəlir ki, məni başa düşərsiz.
D.OSMANLI: –Söhbətimizdən də məlum olur. İnsanların bir-birini ümumi cəhətdən tanıyıb qəbul etməsi üçün həmişə bir məqam yaranır, sadəcə o məqamı görüb dəyərləndirmək lazımdır. Səhər sizin də bildiyiniz kimi, yazar mühitində həm yaradıcılıq, həm ədəbiyyata, dilə baxış, həm də intellekti və mədəniyyəti ilə seçilən bir insandır.Mən bədii yaradıcılıqdan əlavə, bilirsiniz ixtisasca jurnalistəm, uzun müddət də mətbuat orqanlarında işləmişəm, indi də Atatürk Mərkəzində baş redaktor kimi fəaliyyət göstərirəm. Həqiqi jurnalistikaya və vicdanlı jurnalist xarakterinə yaxşı bələdəm. Məncə, siz “jurnalist qadınlar” ifadəsini işlədərkən söhbətin həqiqi jurnalistikadan getmədiyini bilirsiniz. Əlbəttə, təhsil və mühit görmüş bir çox jurnalist qadınlar haqqında bunu demək münasib deyil. Fikrimi bir qədər də açım, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığıma görə, tam əminliklə deyə bilərəm ki, oradakı mühit həmişə səmimiyyəti, demokratikliyi və obyektivliyi ilə seçilib. Və bu gün jurnalist yarlığı alıb bütün meyarları tapdalayanlar bu peşənin dəyərli sahiblərinin özləri üçün də bir problemdir.
Sual: İlk uşağınız olanaqədərki dövrlə, uşaq doğulandan sonrakı vaxt nə ilə fərqlənir?
D.OSMANLI: – İlk çocuğa qədər, ancaq böyük kimi davranmağa həm məcbur, həm də meyillisən – həm ailədə, həm də başqalarına münasibətdə. Amma sonra bir az da çocuq olmağa ( bəzən də onun kimi düşünməyə) öyrəşirsən. Bu elə bir doğal bir prosesdir ki, necə getdiyini duymağa macal tapmırsan. Və bununla da sanki sənin özünün çocuqluq hisslərin, davranışların qayıdır. Onları yenidən yaşamağa başlayırsan… Bir də görürsən, bütün oyuncaqlarını gətirib yığırlar yan-yörəmə ki, gəl indi oynayaq. Oyun prosesində mən hər oyuncaqdan maraqlı, həm də hər dəfə yeni əhvalatlar uydurmalıyam (məhz uydurmalıyam!). Çünki onlar bu əhvalatları təkrar eşitməyi sevmirlər.
SƏHƏR: –İlk övladımızı doğum evindən çıxaranda Dəyanət gülə-gülə “Artıq üç nəfərik”-dedi. O an qarışıq bir hiss keçirdim, həm sevincə, həm də məhkumluğa, məsuliyyətə oxşar bir hiss . Uşaqlar ilk növbədə adamın ən qiymətli sərvətini – azadlığını əlindən alırlar, elə bil onun yerini tutub özləri ən qiymətli varlığa çevrilirlər, ikisi də bir yerdə mümkün deyilmiş kimi. Onların bizə gətirdiklərimi, bizdən qopardıqlarımı çoxdu, bu haqda Tolstoyun təxminən belə bir fikri var; “Kim deyir ki, uşaqlar insana daha çox sevinc bəxş edir? Bəs onların xəstələnəcəyi, ölə biləcəyi fikrinin gətirdiyi acı necə olsun?” Xəstələnməyi bir kənara qoyaq, bəzən elə normal şeyləri dərd edirəm ki, niyə Aytər qapalı və utancaq uşaqdı, niyə tarix və coğrafiyanı fizika və həndəsə qədər sevmir, Dunay niyə həddindən artıq komplekssizdi, niyə xoşlamadığı şeiri əzbərləmək istəmir, Osman niyə ördək balası kimi yan basa-basa yeriyir? Sonra da bunları sevinc səhnələri əvəz edir; on üç yaşlı Aytər musiqi məktəbində pianino çalarkən müəllimlərin bir-bir dəhlizə çıxıb onu məmnunluqla dinləməsi, onun kompüteri, texnikanı məndən daha yaxşı qavraması, ev işlərində yardımçıma çevrilməsi, səkkiz yaşlı Dunayın ingiliscə hansısa sözü mənə anlatması, yaş yarımlıq Osmanın bacılarını “abla” deyə çağırması. Yəni bu alış-veriş, sevinc-kədər, valideyn-övlad münasibətləri ağılla tam dərk edilməyəcək qədər mürəkkəb məsələlərdi, onu hiss etmək lazımdı.
Sual: – Çox vaxt ikiniz də evdə olmursuz. Belə vaxtlarda uşağınıza kim baxır və ya baxardı, vaxtı necə bölürsüz?
D.OSMANLI: –Osmanın dayəsi olsa da, vaxtını bizimlə keçirmək daha xoşdur. Məni görən kimi də “aha, bir hərif tapdım” –deyə, düşünürmüş kimi üstümə cumur. Elə deyəsən, bir az məndə də var – özümü ən münasib, üzüyola hərif olaraq tanıda bilmişəm… Qızlar özlərini tam idarə edə bilirlər. Mən hər zaman çalışıram ki, işlərimi bitirib evə tez gəlim, onlarla daha artıq vaxt keçirim. Və buna hər birimizin ehtiyacı olduğunu bilirəm. Amma kişi evdə çox qalanda da bir az mənasızlaşır, fikrinin də tərəfdarıyam. Onları hər gün məktəbə, bəzən birini sınaq imtahanına, pianino dərslərinə, o birini rəqsə, balacanı poliklinikaya, gəzməyə, yay aylarında çimərliyə aparıb gətiririk. Vaxtımızın bir qismini ailəlikcə harasa getməklə keçiririk. Mənimsə maşın sürməyə elə də böyük həvəsim yoxdur. Anaları maşın sürməyi öyrənmək istəmir, deyir ki, bu da bir məsuliyyətdi. Böyük qızım Aytər tələsir ki, maşın sürməyi ona tez öyrədim. Bu barədə söz düşəndə məhz elə “bu gün” bu işə başlamaq üçün məni tovladır. Dunay da ona qoşulanda ana vəziyyəti ciddiləşdirərək hələ yaşının çatmadığını irad tutaraq fikrindən daşındırmağa səy göstərir . Hərdən zarafatla deyirəm ki, siz böyüyəndə, ancaq balıqçılıqla məşğul olacam.
SƏHƏR: –Osman baxıcısıyla evdə qalır, biz dördümüz də evdən çıxırıq. Qızlar mən işlədiyim məktəbdə oxuduğundan dərsdə də onlara tez-tez baş çəkmək, həm də müəllimlərini yaxşı tanımaq imkanım olur. Beşinci sinfə keçəndə böyük qızımın Azərbaycan dili və ədəbiyyat müəllimi özüm idim, sonra fikirləşdim ki, bəlkə belə yaxşı deyil, uşaq heç olmasa, məktəbdə sərbəst olsun. İndi onların binasından bir az aralıda, on, on birinci siniflərin oxuduğu binada işləyirəm, çalışıram gözlərinə az görünüm. Daha çox müəllimləriylə, sinif yoldaşlarıyla əlaqə saxlayıram, hər gün özlərini necə aparmasından, başlarına nələr gəldiyindən xəbər tuturam. Axşam evə gələndə bütün bunları danışırlar, mən də xəbərim yoxmuş kimi dinləyirəm. Özümü hər şeyi bilən, dominant ana kimi aparmaq istəmirəm. Mən daha çox uşaqların mənəvi cəhətdən təmin olunmasının tərəfdarıyam. İstəyirəm onların dünyagörüşünün formalaşmasında mümkün qədər çox rol oynayım, böyütdüyümüz övladlar tox, laqeyd, həyatdan nə istədiyini bilməyən adamlar olmasın. Əlbəttə, asan deyil, üç uşaq, xasiyyətləri müxtəlif, aralarında yaş fərqi çox, maraq dairələri fərqli. Ortancıl kukla teatrına getmək istəyir, böyüyü bu artıq maraqlandırmır, kiçiyin ümumiyyətlə dünya vecinə deyil. Üçünü də ayrı-ayrılıqda anlamağa çalışıram , bütün bu məsələlərlə bağlı, necə deyərlər, “tədbirlər planı” hazırlamaq mənim işimdi, bunları həyata keçirmək isə – sürücülükdən tutmuş, sponsorluğa qədər atalarının boynuna düşür.

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil. Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə. Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var. Xatırlayıram: dünyaca məşhur yazarlardan birindən soruşublar ki, sizin üçün ən acı, ən ağır olan nədir? Deyib: ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi. Soruşublar niyə? Deyib: çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.
Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər. Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir. Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır.
Ailədə üç uşaq var.

Sual: – Ən çox incik gününüz nə vaxt olub? Nə üstündə? Küsəndə necə barışırsız?
D.OSMANLI: –İncimək üçün səbəbli, ya səbəbsiz bəhanə həmişə tapıla bilər. Belə deyək, bu bəhanələr daim insanın ətrafında dolaşır, xüsusən də bekar vaxtlarda və problemlərin həllinə nail ola bilməyəndə. Mən inciklik baş verərsə, onun tez bir zamanda, daha doğrusu, dərhal aradan qalxmasını istəyirəm. Amma məncə, bu da düzgün deyil, qısa da olsa, bir az zaman lazım, –deyə, hərəkət etməmək qüsurum sayıla bilər. Mübahisəli anlarda Səhər daha inadcıl “çıxış” edir, mən də bəzən hövsələsizlik edib, bu “çıxışı” dərhal əngəlləyib, mövzunu dəyişməyə, dərhal da unudulmasına cəhd edirəm. Bir də görürsən ki, arada zarafatla deyir, çoxdandır dalaşmırıq. Onda mən yenə də dərhal cavab verirəm: problem yoxdur, indi təşkil edərik.
SƏHƏR: – Əvvəllər bir neçə dəfə olub ki, möhkəm incimişik, bizim eradan-yəni uşaqlardan əvvəl. Çoxdandı incimirik, sadəcə hərdən eyni səbəblərdən yaranan gərginlik, ikimizin də özümüzü haqlı sandığımız məqamlar olur. Dəyanət həlledici anlarda nə qədər güzəştə gedəndisə, xırda məsələlərdə bir o qədər narahatdı. Mən isə tam əksinəyəm. Xırda, önəmsiz, səbəbi bizdən asılı olmayan olaylara görə heç vaxt kefimi pozmaram, bu səbəbdən başqasının da kefimi pozmasını istəmərəm. Ay niyə işıq söndü, niyə maşın xarab oldu, uşaq qrip oldu və s. Bir problem varsa məni ancaq onun həlli düşündürür. Bu tipli vəziyyətlərdə onun yersiz narahatlığı məni haldan çıxarır, mənim laqeydliyə bənzəyən təmkinim də onu. Barışmağa gəlincə, hərdən gərginlik mənim kinliyim ucbatından uzun çəkir, sonra isə hər şey unudulur və uzun müddətə “atəşkəs” elan edirik.
Sual: – Yaradıcılıq və uşağınızın tərbiyə məsələsini necə qurmusuz?
D.OSMANLI: –Sonuncu şeirlər kitabım 2009-cu ildə nəşr olundu, ötən il və bu il əsasən publisistika ilə məşğul oldum. Ümumiyyətlə, axır zamanlar yaradıcılıq məsələləri barədə az düşünürəm. Hələ bir sıra mövzu və ideyalar ətrafında fikrimi tamamlamamışam. Öncə hər hansı mövzu, ya da mətnlər icdə həllini tapmalıdır. Sonra yazı prosesi çox zövqverici, həm də uzun keçir. Səhərin də kitabı gecikir, amma o daha fəaldır. İşlərinin çoxluğuna rəğmən, imkan tapan kimi kompyuterin arxasına keçir…
Qayğılar yaradıcılıq işimizə, şübhəsiz, təsir göstərir. Füzuli daha dəqiq yazıb: “Zaman qəvi, tale zəbun”. İndi belə məqamda yaradıcı insanlar, əsasən də yazarlar az da, çox da yazsa, ömürlərinin qəhrəmanlıq dövrünü yaşayırlar. Yazıçı Vətənin müqəddəs adını, torpağın ətrini, maddi, mədəni sərvətlərinin adını (dadını yox) tanıyır. Bu adlarla daha çox fəxr edən də elə yazıçıdır. Onun yaşaması, yazması üçün bu adlarla fəxr duymaqdan savayı bir stimul yoxdur. Belə yaşam vəziyyətində öz düşüncəsiylə qidalanmaq, doğurdan da, qəhrəmanlıqdır.
SƏHƏR: –Dunay altı-yeddi yaşlarındaykən “Böyüyəndə həkim olacağam”-deyə, tutdururdu. Bir dəfə mənə yaxınlaşıb dedi ki, daha həkim olmaq istəmirəm, elə yerdə işləyəcəm ki, uşaqlarıma çox vaxt ayıra bilim. Yeddi yaşlı uşağın sözü məni yaman tutdu. Anladım ki, əslində uşaq üçün sənin nə sənətin, nə karyeran maraqlı deyil, ona lazım olan valideynlərinin, daha çox da anasının yanında olmasıdı. Təəssüf ki, onları saxlamaq üçün yorulmadan işləmək lazım gəlir. Bir yandan da tərbiyə, təhsil, sağlamlıq, düzgün qidalanma qayğıları. Hərdən elə bilirəm ki, saatın əqrəbləri məni qovur. Bütün bu qaçaqaçın içində yaradıcılığa əməlli-başlı nə vaxt qalır, nə həvəs, nə də ki güc.
Bir tərəfdən də mən müəlliməyəm və nəzərə alaq ki, o da ikinci bir analıqdı, eyni diqqət və sevgi tələb edir. Bu yaxınlarda Türkiyədə olanda ordakı yazarlarla maraqlı bir söhbət oldu, məndən soruşdular ki, necə olur öyrətmənliklə məşğulsuz, hələ də nəsə yaza bilirsiz. Bizdə bir çox şairlər öyrətmənliyə başladıqdan bəri heç nə yazmırlar. Mən çalışıram ki, bu baş verməsin. Çalışıram, heç olmasa ara-sıra nəsə yazım, heç olmasa ayda bir roman oxuyum, gündə bir musiqi dinləyim, mətbuatı izləyim. Bunlar da mənim öz ruhum qarşısında borcumdu.
Sual: – Həyat yoldaşınızdan bir ana və bir həyat yoldaşı kimi razısınızmı?
D.OSMANLI: –Səhər bir ana kimi balalarını həm ailə, həm də cəmiyyət üçün gərəkli səviyyədə hazırlaya bilir. Layiqli, halal həyat üçün vacib sayılan nə varsa, onlara mənimsətməyi bacarır. Biz ailə üçün nə etmişiksə, (və indi də nə ediriksə) birlikdə eləmişik,o, ailə içində olmayanda – harasa iş dalınca gedəndə, görürsən ki, yeknəsək bir sükunət özünü göstərir, bizim üçün çətin məqamlar olur. Səhər bir qələm adamı kimi də dəyərli, orijinaldır, yazılarındakı səmimiyyət bolluğu onu daha özünəməxsus edir. Onun bir üstün cəhəti də odur ki, mətn üzərində işləmə texnologiyası tamam başqadır. Bir də görürsən, 5-10 dəqiqəyə bir şeir hazır oldu. Məndən fərqli olaraq, bütün şeirlərini istənilən zaman əzbərdən söyləyə bilir. O, yazı-pozuda, ev-məişət və digər işlərdə də bu cür tədbirli, səhmanlıdır.
SƏHƏR: – Dəyanət olduqca evcanlı, vaxtını və enerjisini məndən daha səxavətlə övladlarına həsr edən bir atadı. Yəqin ki, azacıq vicdan yiyəsi olan heç bir qadın evinə bu qədər bağlı olan həyat yoldaşından narazı qalmaz. Bir yazar kimi isə onun özünə, öz yaradıcılıq potensialına haqsızlıq etdiyini düşünürəm. Hərdən bunu ona irad tuturam, hərdən özümü suçlu hiss edirəm, ona işləmək üçün kifayət qədər imkan yaratmadığımı düşünürəm.
Sual: – İki imzayla yazınız çıxıbmı və bu yazı nə yazıdı?
D.OSMANLI: – Mənim düşüncəmdə iki imzayla bədii yazı sintetik (həm də uğursuz) cəhddir. Amma publisistika, tərcümə və memuar mümkündür. Səhər publisist deyil, şair və esseistdir, ona görə də bu sahədə cəhd və fikir də yoxdur. Mənə görə memuar isə daha özəl manera tələb edir.
SƏHƏR – Yox, bu barədə heç fikirləşməmişik də. Sadəcə, bir-birimizin kitablarını redaktə eləmişik, o qədər.
Sual:- Ailə qayğılarını necə bölüşürsüz?
D.OSMANLI: Çocuqları əsasən, hər şeydən öncə ana qayğısı maraqlandırır. Ona görə də bu işlərdə Səhər daha məharətlidir, tərbiyə və təhsil, sağlamlıqla bağlı məsələlər onun işidir. Bəzən əlinin altında, şkafların siyirmələrində eyni anda üç-dörd stomatoloqun, nə bilim revmatoloqun telefon nömrəsi olur. Uşağı bəzən ciddi bir səbəb olmadan iki pediatra göstərir, iki riyaziyyat müəlliminin fikrini soruşur. Ümumən bu cür qayğının dərəcəsi və aspekti müqabilində onların istəkləri formalaşır, ilkin həyat üçün özlərinin anladığı elementlər müəyyənləşir.
Mən də çalışıram ki, onlara daha çox vaxt ayırım, nəyləsə sevindirim, balaca ürəklərinin istəklərini qarşılayım. Onsuz da gələcəkdə onları daha yeni qayğılar gözləyir, istəyirəm, heç olmasa indi qayğısız olsunlar. Düzü, Osmanın nə vecinə ki, biz yorulmuşuq, ya da ağrıyan yerimiz var, hansı hadisədənsə təsirlənmişik. O, qeyri-iradi olaraq uşaqlığını yaşamalıdı, biz də onunla birlikdə.
SƏHƏR: –Niyə ərlə arvada “həyat yoldaşı” deyirlər, məsələn, “həyat dostu” demirlər, çünki burda əsas şərt yoldaşlıq münasibətləridi. Cütlüyün bir-biriylə dost olmaması faciəyə səbəb olmaz, bununçün heç bir ailə dağılmaz, xüsusilə də orda uşaq varsa.
Ailəni yaşadan əsas amil yoldaşlıq şərtlərinə düzgün əməl olunmasıdı. Əgər hər iki tərəf bərabərhüquqludusa, qayğıların, məsuliyyətin bölünməsində tarazlıq gözlənilirsə, hər kəs öz vəzifəsini yaxşı anlayırsa, qalan bütün çatışmazlığa rəğmən, o ailə möhkəm olur. Bir yuvada   iki tərəfin də eyni dərəcədə zəhməti, fədakarlığı varsa, onu dağıtmaq – nə qoyub getmək, nə də özünlə aparmaq mümkün olmur. Bizdə də belədi, kimin nə qədər gücü qalıbsa, kim nə zaman “hadisə yerində”disə, o da işə girişir.
Sual: – Ailəvi bayramlarınız hansılardı və onları kimlərlə keçirirsiz?
D.OSMANLI: –Bizim üçün doğum günləri, evlilik günü xüsusən önəm kəsb edir. Bu ərəfələrdə xüsusən uşaqlar çox canfəşanlıq göstərir. Bizim doğum günlərimizə xeyli qabaqdan hazırlaşırlar. Kartlar, açıqçalar hazırlayır, sürprizlər düzəldir, qapıların üstünə, divarlara ingiliscə, türkcə, azərbaycanca “doğum günün mübarək” yazılmış vərəqlər, şəkillər yapışdırır, həyətdəki yabanı güllərdən tutmuş, süni güllərdən, yarpaqlardan yığıb hər yeri doldururlar. Mənə tez-tez zəng vurub nə vaxt evə dönəcəyimi soruşurlar. Son vaxtlar isə daha mütərəqqi üsul seçiblər – gündəlik xərclərindən doğum günü fondu ayırıblar, bir-birinə, (hətta bizə də) və Osmana hədiyyə almaq üçün. Ən çox pul yığmağa çalışan da Dunay olur. Hər dəfə də sayım bizə göstərir. Aytərinkindən isə xəbərimiz olmur, bir də görürsən ki, maraqlı nəsə alıb.
Biz də çalışırıq ki, ovqatımızı onlarınkına uygunlaşdıraq, tort kəsirik, şam üfürürük, atılıb-düşürük. Mən kabab bişirirəm, onlar isə məni tərifləyirlər ki, bu işi tez-tez görüm, çünki mənim çəkdiyim kababdan olmaz. Belə günlərdə tək özümüz olanda məcbur edirlər ki, özümə araqdan, şərabdan bir şey alım. Bu da mənim ürəyimcə olur. Yeni ildə məni məcbur bəzəyib-düzəyirlər ki, Şaxtababa olum, bu rolu istənilən səviyyədə aparmadıqda düzəliş də edirlər.Uşaqların doğum gününü bəzən olur ki, qohum-qardaşla, əksər vaxtlar özümüz qeyd edirdik, amma böyüdükcə onlar öz yaşıdlarıyla keçirməyə meyllənirlər.
SƏHƏR: –Hamı kimi bizim də özəl günlərimiz var, doğum günləri, evlilik ildönümü. Amma hamımızın evdə olduğu hər hansı istirahət gününü uşaqlar çox asanlıqla bayrama çevirə bilirlər, həyətdə bir samovar, ya manqal, ya da hardasa özləri demiş bir piknik. Birlikdə keçirdiyimiz bu cür adi günlər bəzən hansısa bayramdan maraqlı alınır.
Sual: – Xanım əfəndi, Siz həyat yoldaşınızdan nə soruşmaq istərdiniz?
SƏHƏR: – Heç nə. Mən onun hansı suala necə cavab verəcəyini onsuz da təxmin edirəm.
Sual:Bəyəfəndi, Siz xanımınızdan nə soruşmaq istərdiniz?
D.OSMANLI: –Sual birdən-birə meydana çıxır. Ona görə də söhbətin bu yerini saxlayaq. Sual yarandığı zaman mən dərhal sizi aramağa çalışacam…

Not. Dəyanət Osmanlı və Səhər xanımla bu əlaqəni yaratmaq üçün yardımçı olan şair və türkoloq Əkbər Qoşalıya minnətdarlığımı bildirirəm.

Tofiq ABDİN//www.525.az

You may also like

1 şərh

hayat 2011-08-22 - 14:44

çok semimi ve keyifli bir yazıdır. doya-doya ve duya-duya oxudum… siz möhteşemsiniz :)))

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.