Ana səhifə BAŞ YAZI ON DOLLAR (öykü)

ON DOLLAR (öykü)

Müəllif: Bizim Yazı
512 baxış

Yakup DeliomerYaqub Öməroğlu (Türkiyə)

Günəşin ilk şüaları yer üzünə düşməyə başlarkən, onun mindiyi təyyarə də meydançaya enmişdi. Bundan sonra, yoluna taksi ilə davam edəcəkdi. Öncə hava limanının gömrüyündə müamilələrini həll edəcək, sonra isə, transit vizası ilə, qonşu ölkəyə daxil olacaqdı.

Gömrük işçilərinin rəftarı o ölkədəki yaşamın xülasəsi kimi gəlirdi ona. Bu qapılardan keçincə, diqqətli bir göz, həmin ölkənin sosial həyatını, iqtisadi durumunu, təhsil və tərbiyəsini, xalqın hüzurunu və bir çox başqa şeyləri görə bilirdi. Adamlar bunu necə olsa anlayırdılar. Nizam-intizamı, iqtisadi səviyyəsi yüksək bir ölkənin hava limanında, bir-birlərinin hüquqlarına riayət edərək, uçuş qaydalarını heç bir xəbərdarlığa gərək qalmadan könüllü olaraq yerinə yetirən insanlar, iqtisadi durumu daha aşağı olan ölkəyə enər-enməz, hələ təyyarənin içindəykən, bir-birlərini itələməyə, yerinə yetirilməsi lazım olan qaydaları pozmağa başlayırdılar. Hələ bir saat öncə bir-birilə nəzakətlə davranan sərnişinlər, sanki başqalaşır, yeni gəldikləri ölkəylə birgə davranışları da dəyişirdi.
Gəldikləri ölkədə hava limanında işləyənlərin gülməyən sifətləri, “bu ölkədə özünüzü yaxşı aparın” deyirmiş kimi baxan soyuq baxışları, yeni gələnlərə çox şey anladırdı.
Gəldikləri ölkədə sığınacaq bir yerləri, gedəcək bir ünvanları olmayanlar, ürkək-ürkək, tələsik davranışlarla işlərini həll edib, tezliklə özlərini gömrük qapısının o biri tərəfinə atmağa çalışırdılar.
Hava limanının girişində Qədirin viza məsələsi uzun çəkmədi. Qonşu ölkənin vizasını və işləmək icazəsi sənədlərini görən məmur, öz zəhmini göstərmək üçün, möhürü pasportun üzərinə gurultuyla vurub ona uzatdı. Məmura hiss etdirmədən, içindən bir “oh” keçdi Qədirin.
Birinci qapıdan keçmişdi. Amma rahatlanmaq üçün hələ tezdi; indi, bir taksi tutub ikinci gömrük qapısını da keçmək lazım idi. Qədir, əvvəlcə hava limanından qonşu gömrüyünə qədər taksi ilə gedəcək, oradan, ikinci bir maşınla yoluna davam edəcəkdi. Və o maşın qonşu ölkənin nömrələrini daşımalı idi.
Gömrüyü quru yolu ilə keçilən bütün ölkələrdə, sərhədd yaxınlarında hər iki ölkənin işarələrini daşıyan maşınlar olurdu. Taksinin nömrəsi, gedəcəyin ölkəninki olmasaydı, hər görən yol polisi saxlayıb, yoxlama bəhanəsi ilə rüşvət istəyəcəkdi. Halbuki, Qədir, ailə tərbiyəsindənmi, yoxsa aldığı təhsildənmi, rüşvət verməyi qarşısındakına bir həqarət sanar və hər dəfə vicdan əzabı çəkərdi. Verdiyi pulu qarşısındakı cibinə qoyarkən, əksinə bunun üzü qızarar, ürəyi tez-tez vurmağa başlardı.
Hələ hava limanının qapısından çıxmamış, iki kişi: “Qardaş, taksi lazımdırmı?” – deyə Qədirin ardınca düşmüşdülər. Qədir bir söz demədən onları süzür, sabahın ala qaranlığında maşınına minəcəyi adamın yör-yöndəmindən, üz ifadələrindən hansına daha çox etibar edə biləcəyini ayırd etməyə çalışırdı.
Qapıdan çıxan kimi, “taksi lazımdırmı” deyənlərin sayı artdı. Gözünün ucuyla onları süzərkən, aralarında sakit görkəmli, orta yaşı bir az keçmiş dolu bir adama başıyla “hə” deyə işarə verdi. Orta yaşlı taksi sürücüsü, özünə inamlı bir əda ilə, önündəki iki gənci itələyib, Qədirin camadanlarına sarı uzandı.
-Maşın buradadır, buyurun, – dedi.
Digər sürücülər, qapıdan yeni çıxan yolçulara “taksi lazımdırmı” deyərkən belə, gözlərinin ucu ilə Qədirgili təqib edirdilər. Sanki müştərinin sürücü ilə söhbəti alınmazsa, həmən dəqiqə onu yenidən yaxalamaq üçün firsət gözləyirdilər.
-Hara gedəcəyik, qardaş?
Bu, qiymət kəsmək üçün, taksi sürücülərinin işlətdikləri üsul idi.
-Xançayırına, – dedi Qədir.
-Yüzə gedərik.
-Qırx bəsdir.
-Amma, qardaş, hələ gecədir. Bu gecə tarifidir.
Qədir üzünü artıq bir metrə qədər yüksəlmiş günəşə çevirdi:
-Sənin üçün başqa günəş doğmayacaqsa, sabah açıldı. Qırx normal qiymətdir.
-Yaxşı, əlli olsun, qardaş!
Qədir razılıq mənasında başını salladı və onlar maşına tərəf addımladılar.
Maşın, Avropadan kənara necə çıxarıldığı bəlli olmayan köhnə bir mersedes idi. Yorğun motor gürültü ilə çalışdı.
-Qonşuyamı, qardaş? – deyə, sürücü soruşdu.
Xançayırı – iki ölkə arasında yolçu daşıyan taksilərin dayanacağı olduğu üçün, bu təcribəli sürücü yolçuluğun davamını təxmin etməkdə yanılmamışdı.
-Bəli, – dedi Qədir.
-Etibarlı dostlar var, qardaş, sonra onlardan birinin maşınına mindirim səni.
-Yaxşı, amma nömrələri uyğun olsun.
Bu-çörək pulunu aslanın ağzından alan adam, görəsən, Qədirə yaxşılıqmı etmək istəyirdi, yoxsa, bəhs etdiyi sürücü dostundan faizmi alacaqdı? Qədir ağlına gələn bu suallara məhəl qoymadan, günəşin artıq işıqlandırdığı çöllərin seyrinə daldı…
Yolda iki yoxlama məntəqəsi keçdilər. Hər dəfə polis arabası görəndə narahat olan sürücü, “rüşvətxorlar” deyə küfr etdi.
Qədir güldü:
-Yalnız onlarmı?
-Nə bilim, qardaş, biz bunlardan çəkirik deyə, bunlara da söyürük.
Sonra, sürücü öz uşaqlarından danışmağa başladı.
Xançayırında ötürmə mərhələsi uzun çəkmədi. Hava limanı sürücüsünün məsləhət gördüyü maşın saz maşına bənzəyirdi, sürücüsü də etibarlı adama oxşayırdı. Qısa söhbətdən sonra, iki sürücü Qədirin çamadanları yeni maşına daşıdılar. Qədir pulu ödəyib orta yaşlı adamla vidalaşdı.
Qonşu ölkənin kömrüyünə çatmaq uzun çəkmədi. Gömrükdə sakitçilikdi.
Sürücü:
-Mən maşının işlərini həll edim, sənsə pasport işlərini. Qarşı tərəfdə görüşərik, – deyib Qədiri endirdi.
Qədir yeni tikilmiş gömrük binasına daxil oldu. Gözlərilə, pasportları yoxlama pəncərəsini axtardı. Salon boş idi. Sabah-sabah işə yeni başlamış məmurlar canlı baxışlarla ətrafı süzürdülər.
Qədir, pəncərələrdən birinin arxasındakı gənc məmurla göz-gözə gəldi. Məmur başı ilə “gəl” anlamında işarə etdi. Qədir yaxınlaşdı və pasportunu uzatdı.
Pasportun səhifələrini sürətlə çevirən məmur, öncə şəkil olan səhifəni tapdı. Əvvəl şəklə, sonra Qədirin üzünə baxdı. Yoxlama mərhələsinin ən narahat anlarından biri – bu andı. Məmur, şübhəli bir əda ilə, təkrar olaraq yenə də, əvvəl şəklə və sonra diqqətli-diqqətli Qədirin üzünə baxdı. Qədirə elə gəldi ki, o, bu mərhələni qəsdən uzadırdı. Şəklin, həmin adama məxsus olduğundan əmin olan məmur öz ölkəsinin vizasını tapmaq üçün səhifələri qarışdırmağa başladı.
Qədir sakitcə onun hərəkətlərini izləyirdi.
Məmur viza səhifəsini də tapdı. Ağır-ağır vizanı yoxladı. Önündəki bilgisayarın klavişlərinə toxunaraq:
-İşləmək üçünmü gəlirsən? – deyə soruşdu.
-Bəli. Bir inşaat şirkətində inzibatçıyam.
Qədir, işləyəcəyi şöbənin adını da, o soruşmamış dedi. Onsuz da, soruşacaqdı.
-Müdürmü?
-Xeyir, müdür müavini.
Məmur bu anda bilgisayara Qədirin adını və soyadını yazırdı.
-Yüz dollar verəcəksən.
-Axı, mənim bütün sənədlərim qaydasındadır. Niyə yüz dollar verməliyəm ki?
O, Qədirin söylədiklərini eşitmirmiş kimi, bilgisayara pasportun nömrəsini yazmağa davam etdi…
-Neçə ildir bu ölkədə işləyirsən?
-Dörd.
-Dilimizi yaxşı öyrənmisən.
-Bəli, yaxşı demək olar.
Qədirin əcnəbi olduğunu bilməyənlər, danışığından onun yerli olduğunu sanardılar.
-Dil kurslarına getdinmi?
-Bəli, gəlldiyim il, altı ay dil kurslarında dərs aldım.
Məmur başını qaldırmadan:
-Əlli dollar ver o zaman, – dedi. Sanki, Qədirin onların dilini yaxşı bilməsindən məmnun qalaraq, endirim etdi.
-Əgər mənə kömək edə biləcəyiniz bir məsələ yoxdursa niyə verim axı? Mənim bütün sənədlərim qaydasındadır.
O, yenə Qədiri eşitmirmiş kimi, bilgisayarda öz işinə davam etdi.
-İşləmək icazəniz varmı?
-Bəli!
-İcazə kağızı yanınızdadırmı?
-Bəli.
Qədir kağızı ona uzatdı. O, icazə kağızını da yoxlayıb pasportun yanına qoydu. Önündəki dar masada möhürü axtarmağa başladı və yenə başını qaldırmadan:
-Yaxşı, onda 25 dollar ver.
Qədir bilmirdi gülsün, yoxsa hirslənsin.
-Niyə verəcəyimi söylə, verim, – dedi.
Məmur möhürü tapmışdı; cəld hərəkətlə, əvvəlcə ştampa, sonra da, Qədirin pasportuna vurdu. Ardıcıl olaraq taxta masadan da bərk səs çıxdı. İşləmək icazəsi kağızını pasportun arasına qoyaraq dedi:
-Gəl bir çay içək!
O, Qədirə rədd etmə imkanı verməyərək yerindən qaxdı və şüşənin arxasından əli ilə onu təqib etmə işarəsi verdi.
Arxa koridordakı otaqda söhbət Qədirin onların dilini necə də yaxşı bilməsindən, inşaat sektorundakı işlərdən getdi. Çaylar gəldi. Məmur çayından bir qurtum aldıqdan sonra:
-Yaxşı, on dollar ver, – dedi.
Qədir mat qalmışdı. Bütün müamilələr hazır olmuş, pasportunu da cibinə qoymuşdu. İndi bu on dollar da nə demək idi!
-Verəcəyəm, yaxşı, verəcəyəm. Amma niyə on dollar verməliyəm, onu söylə, sonra verim.
Məmur Qədirin üzünə baxdı:
-Qədir bəy, sən verməyəcəksən, başqası verməyəcək… Bəs, o zaman mən, buraya təyin olunarkən verdiyim pulu kimdən çıxaracağam?
Qədir donub qalmışdı. Ehtiyatla qapıya sarı boylanıb pul qabını çıxardı və on dolları məmura uzatdı. Çayını yarımçıq qoyub qalxdı.
Məmur onu qapıya qədər yola saldı. Köhnə tanışlar kimi vidalaşıb ayrıldılar.
Qədir, onu gözləyən taksini tapdı, yola düşdülər.
“Yoxlama məntəqələrində dayandırarlarsa, on dolları mənmi ödəməliyəm, yoxsa sürücümü?!” – deyə düşünməyə başlamışdı Qədir…

Uyğunlaşdırdı: Afaq Şıxlı (Moskva)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.