Ana səhifə BAŞ YAZI O dünyadan gələn var (sənədli poema)

O dünyadan gələn var (sənədli poema)

Müəllif: Bizim Yazı
1. 039 baxış

İlham İsmixanoğlu

Atası öləndə üç yaşı vardı Xoşbəxtin. Heç üç dəfə ata deməmişdi. Ayağı sınıq olduğundan gipsə salmışdılar deyə, heç üç dəfə atasının üstünə attanmamışdı da. Belə deyirdilər ki, atasını atası aparmışdı…

Bir il sonra anasını da anası apardı. Anası – Ataman Güleyşə. Gözü geridə – ağlaya-ağlaya, hönkürə-hönkürə getdi anası anasıyla. Ayağı yenə gipsdə idi Qızcığazın. Durub arxasıca qaça bilmədi. Yaxşı ki bilmədi…

1-ci şeir

Ayaqların qədəm tutsa,
bilməz hayana aparsın.
Ata vayına aparsın,
Ana toyuna aparsın!?

Ata-ana hayandadı?..
…yasındadi, toyundadı…
Həyat min bir oyundadı,
hansı oyuna aparsın!?

Bəxtin pərən, ömrün pərən,
kimdi əkən, kimdi dərən…
Səni kim qarğıdı görən –
atanı ata aparsın,
ananı ana aparsın…

Qızını balasından ayırıb, ərə verirdi Ataman Güleyşə. “Vağzalı”sı hönkürtüsünün səsi, arxasıca atılan su gözlərinin suyu oldu. Gözü geridə qalmışdı deyə. Amma, bu göz yaşı yeri isladıb, yolu elə itirirdi ki, bir daha geriyə qayıtmaq olmazdı.

2-ci şeir

Belə, gedib, getməyinlə
öldür ölməz bu yolu.
Qız keçər, gəlin addayar,
ana gəlməz bu yolu.

Ürəyin daşdı, qayadı –
kim eşidər bu fəryadı?..
Gözündən axan dəryadı,
damla silməz bu yolu.

…Keçərsən güzgü önünə,
öz-özünü gözün tutmaz.
“Balam” deyib qorlanarsan,
alışmağa közün tutmaz…
Qaçarsan gəldiyin yola,
bir addımı dizin tutmaz…
Bu nə dərddi, bu nə həvəs?
Vallah, a baxtı-vaxtı tərs,
qayıtmağa üzün tutmaz
gedər-gəlməz bu yolu.

Beləcə, Xoşbəxtin atasını da, anasını da aparmışdılar. (Ancaq anası getmişdi də.) Nəhayət, yetim eləmişdilər, bədbəxt eləmişdilər Xoşbəxti. Xoşbəxt ola bilməmişdi. “Xoşbəxt” adı da yadından çıxmışdı…

3-cü şeir

Ömür keçər, mənim balam,
hər dərdini-ağrını,
odunu unudarsan…
Atan “şirinim” deyərdi,
bəlkə “şirinim” deməzlər;
dadını unudarsan.

Ürəyinin ağrısını
dişləriynən soyub gedən,
gələcəyin ümidilə
keçmişini yuyub gedən,
ya doymayıb,
ya da, bəlkə, doyub gedən,
xoşbəxtliyin arzusuyla
Xoşbəxtini qoyub gedən
qadını unudarsan…

Həyatın yarımçıq qalar,
sənə bir həyat seçərlər…
Baxarlar atan-anan yox,
ata-ana-zad seçərlər.
Adın bəxtinə yaraşmaz,
bəxtinə bir ad seçərlər –
adını unudarsan…
…ömür keçər, mənim balam…

***

Elə Xoşbəxtin bu yetim vaxtında, bu “ölən” vaxtında qonşuda – əmisi evində bir qız dünyaya gəlmişdi. Peyda olmuşdu.
Dörd yaşı vardı Yadigarın. Evin, elin, nəslin ən sevimlisi, çox əzizlənən bir qızıydı. Atası, anası, qardaşları, qohum-əqrəbası az qala gözlərinin üstündə bəsləyirdilər onu. Səhvi olanda acıqlanmırdılar da. Yadigar hərdən bezirdi bu əzizbalalıqdan. Adi, sıradan bir uşaq olmaq istəyirdi. Ancaq ola bilmirdi. Çox vaxt onu əzizləyənlərdən küsürdü də. Elə bil bu sevgi boyundan uzun, çəkisindən ağır, qucağından böyük idi. Ağırlıq eləyirdi ona.

4-cü şeir

Bu nə dərddi, dərdin alım,
adam küsərmi sevgidən?
Bu sevgisiz, bu sayğısız
dünyanın bərbad vaxtında,
hirsin, nifrətin, kinin bol,
sevginin kasad vaxtında
kənar gəzərmi sevgidən!?

Hər an min bir “ah” ucalır;
hər ahın ehtiyacı var,
hər kişinin, gədanın,
hər şahın ehtiyacı var…
Sevgiyə, sevgi sahibi
Allahın ehtiyacı var…
…bircə sevgi pay düşəndə
min kəlməmiz “şükür” olub.
Adam da naşükür olub,
qəlbin üzərmi sevgidən?

A bəxtəvər, sevgidir ey
ümidi ümid eyləyən,
pənahı pənah eyləyən,
gecəni gecə eyləyən,
sabahı sabah eyləyən…
Bəlkə elə sevgi olub
adamı adam eyləyən,
Allahı Allah eyləyən…
Adam bezərmi sevgidən!?

Hamıdan çox anası sevirdi Yadigarı. Nə olar ana olanda!? Xoşbəxti heç anası belə sevməmişdi. Eh! Axı Xoşbəxtin anası vardı ki?..

5-ci şeir

Bu həyatdır, – hər doğana,
hər balası olana
“ana” deyilməz.
Yalandan yalan doğular,
yalana “ana” deyilməz.
(Dilə-ağıza düşəcək
böyüyüb yalan olunca.)

Zəhəri zəhər olacaq
böyüyüb ilan olunca –
daş altda yumurta qoyub
nəfə gedən,
səhvə gedən,
kefə gedən ilana
“ana” deyilməz.

Ana başqadır, əzizim…
Mənim anam, sənin anan…
…qəlbi yanan, köksü yanan,
bircə kirpiyin düşəndə
sızıldanan…
Elə yetimlər evinin
hər küncündə boynubükük
bir balası olana
“ana” deyilməz.

6-cı şeir

Anadır, bax!
Yadigarın anasına
şəkk eləsəm
dilim yanar bu sevgidən.
Qələmim əlimdən düşər,
əlim yanar bu sevgidən.

Bir qaraca,
bir quruca,
amma mətin…
Ahı isti,
ruhu isti
bir ananın
hər dəm bağrına basanda
başım ilə gizlətdiyi
gözlərindən düşən yaşla,

damlalarla uzandığım,
məhəbbəti, mərhəməti
qazandığım,
qucağının
istisinə qızındığım
ömrüm – ayım,
ilim yanar bu sevgidən.

Bu ananın sevgisini
kim alar, kim?..
Bu analı, bu balalı
“Sevgi” adlı məmləkətə
sevgi hakim.

Bu anadan bu sevgini
qoparmağa,
aparmağa
nə şeytanın gücü yetməz,
nə də ki insan aparmaz.
Bu ananın-bu balanın
arasına ölüm girər,
can aparmaz –
ölüm yanar bu sevgidən.

***

– Sabah mənim balam məktəbə gedəcək– nənəsi Yadigarı əzizləyirdi– budur bax, atası, böyüyüb böyük qız olub. Boyuna qurban olum – tez də üzünü çevirib çölə çıxdı.
– Nənəsi, Yadigarın kitab-dəftərini, çantasını görmüsənmi? – Atasının qəmli gözləri gülmsədi.
– Görmüşəm, görmüşəm – çöldən nənəsinin boğuq səsi gəldi – kitab-dəftərinə də qurban olum, özünə də – içəri qayıdıb, nəvəsini bağrına basdı:
– Get yat, qəşəng balam, sabah tez qalxacaqsan.
Yadigarın otağına keçməyi ilə qışqırıb çölə qaçmağı bir oldu:
– Nənə! Ay nənə, içəridə kimsə var.
Arvad özünü içəri atıb, otağa göz gəzdirdi:

– Heç kim yoxdur, qadan alım, səni qara basır, nədi!?
– Mənə baxıb gülürdü.
– A bala, su gətir buna…

7-ci şeir

Bu dünyadır, mənim balam,
gələn gedər, gedən gəlməz.
Bir yol var; səfər yoludur,
amma səfər edən gəlməz.

Çəkdiyin nədi, ahdımi?
Çağırdığın Alahdımı…
Savabdımı, günahdımı…
…hərdən gələr, hərdən gəlməz.

Başım nələr çəkib, nələr!?
Ah çəkmə, bağrımı dələr.
Soruşma ki “nədən gələr?”,
soruşma ki “nədən gəlməz?”

***

Yadigarın yatdığı otağa səhər təzəcə özünü yetirmişdi. Əzizləyirmiş kimi mehi ilə onun saçlarına əl gəzdirəndə, Yadigar qaşını dartıb, gözünün birini açdı:
– Hə, bu gün məktəbə gedəcəyəm.
– …
– Mənim adım Yadigardır – qalxıb, yatağında oturdu…
– Ay tənbəl, hələ yatırsan? Qalx, qalx! Məktəbə gedirsən axı, gözümün işığı – anası gəlib, onu qucaqladı.
–Ana! Yuxu kimi idi, ancaq yanımda oturmuşdu. “Atanam” dedi, amma… yox, atam deyildi. Hə!.. axşamkı idi, yenə gəlmişdi. “Bu gün məktəbə gedirsən, mənim xoşbəxt balam” dedi.
–Geyin! Geyin, gəlirəm – anası o biri otağa keçdi. Yadigar geyinib, anasının yanına gəldi:
–Niyə ağlayırsan, ana?
–Ağlamıram, gözümün işığı…
–Axı gözlərin…
–Hə… əsnəmişəm. Anasının ağıllı balası, hazırlaşıram səni məktəbə aparım. Get! Get yuyun!

8-ci şer

İlahi, bu dərd adamın
üzünə cizgilər çəkir.
Özümüzdən xəbərsizik,
nə çəkir güzgülər çəkir.

Gündüz dərddi, gecə dərddi…
Yaşımızdan qoca dərddi.
İlahi, bu necə dərddi,
qəlb yanır, üz gülər çəkir!?

Sancılıb qəlbə tiyəsi,
var səbəbi, yox niyəsi.
Ölmüsənmi dərd yiyəsi,
dərdini özgələr çəkir!?

***
Yadigar məktəbdən qayıdırdı. (Məktəb yaxın olduğundan, anası tanışlıqdan sonra, artıq Yadigarın uşaqlarla qaynayıb-qarışdığını görüb, evə qayıtmışdı.) Yolayrıcında uşaqlardan ayrılıb, evlərinə üz tutdu. Yol kənarındakı şamlıqda kimsə vardı. Kim idisə elə bil onu gözləyirdi. Ağacların arasından çətinliklə görünən adamı atasına bənzətdi. Əmin idi… O, atası idi…
Bayaq məktəbdə, anasının öyrətdiyi şeirləri söyləyəndə, müəllimənin – sağ ol, əla. Sən əla oxuyacaqsan – deyib, onun hər iki əlinin üstünə “5” yazmağı yadına düşdü. O, fərəhlə; qucaq açırmış kimi, hər iki əlini irəli uzadıb, atasına tərəf qaçdı:
– Ata! Ay ata, bax…
…atası deyildi. Yenə həmin adam. O, Yadigara sevcinclə baxıb gülürdü. Eyni zamanda, gözləri dolmuşdu. Yadigar lal-dinməz bu tanıdığı, amma tanımadığı adama baxırdı. Ona elə gəlirdi ki, bu tanımadığı adamı yüz il, min il bundan əvvəl görüb. Qorxudanmı, ya sevincdənmi Yadigar da kövrəlmişdi. Udqundu. Özünü toplayıb, bir az da yaxına gəldi:
– Sən kimsən?
– …
– Axı yox. Mənim…
Gözlərinin yaşını sildi. Əlini gözlərindən çəkəndə qarşısında heç kimi görmədi.

9-cu şeir

Bu torpağın o üzündən
bir nəfər də bəri gəlməz.
Adəm oğlu, az çapala,
gedən ömür geri gəlməz.

“Ana! Qardaş! Dost!”deyərsən,
bilməzlər nə istəyərsən…
Neçəsini səsləyərsən,
harayına biri gəlməz.

Həyat, doğrun bu, yalanın?
Bu dərd yadigar qalanın.
Görüşünə bir balanın
ölü gələr, diri gəlməz.

Yadigar öz uşaq düşüncəsi ilə yaddaşının dərinində-dayazında boğula-boğula evə çatdı. İçəridən səs gəlirdi. Nənəsi ağlayırdı:
– …gözün aydın, ay bala!
Nənəsinin ağlamağı, bu dəm, atasının papiros yandırıb çölə çıxmağı, anasının min bir bəhanə ilə onu uzaqlaşdırmağı artıq Yadigar üçün adiləşmişdi. O, qapını açanda yenə həmin adamı gördü. Amma bu, özü deyildi, şəkli idi. Nənəsinin qucağında, lal-dinməz həm Yadigara, həm də nənəsinə baxırdı.
– Nənə!
Nənəsi cəld bir hərəkətlə şəkli balıncının altına qoydu.
– Nənə, o idi. Axşamkı da, səhər “mənim xoşbəxt balam” deyən də – nənəsi hönkürürdü – bayaq yolda… O kimdir, nənə?
Nənəsi ağlaya-ağlaya çölə çıxdı…

10-cu şeir

Yox, deməzlər sənə, bala,
istəməzlər acın olsun,
telinə daraq dəyməmiş,
çəngələnən saçın olsun.

Nə desən, olub “göz üstdə”,
gəl günah görmə heç kəsdə.
Istərsən elə dərd istə,
bir çarən, əlacın olsun.

Böyü! Böyü, yaşın artsın, –
bir az ağlın başın artsın…
Gölərində yaşın artsın,
ağlamağa gücün olsun.

Əlini şəkilə uzatdı. Əllərinin boyu çatmadı. O şəkildəki adamı görməyə, tanımağa nə əli çatdı, nə yaşı, nə də göz yaşı.

11-ci şeir

Böyüyərsən, mənim balam,
dərdlərini aparmağa
gözlərinin suyu çatar.
Yer üzündən Göy üzünə
“günahım nə?” soruşmağa
əllərinin boyu çatar.

Bir cavab tapmadın bu bağlamadan…
…daha böyümüsən görər bu dərdin.
Ehtiyac duymazsan kimsədən bəlkə,
gəlib öz yuxuna girər bu dərdin.

Bəlkə də qarşına çıxar o adam,
görüb vurularsan, baxıb sevərsən.
Qorxduğun adamı allah bilərsən,
allahı sevən tək qorxub sevərsən.

Bəlkə də dil açar dərdin yenə də,
“sənin yaddaşında batanam” deyər.
Dərdinin üstünə bir dərd gətirər,
sevdiyin bu adam “atanam” deyər.

Həyatın işini nə bilmək olur;
kimdən eşidərsən, nədən bilərsən…
Gözünə toxunar bəlkə bu yazı,
bəlkə bu dərdini məndən bilərsən!?

Ya da ki, toy olar günün birində…
…başında bəzəyin, əlində hənan.
Görərsən papiros yandırdı atan,
baxarsan yenə də ağladı anan.

Görərsən yığışıb qohum-qardaşın;
kimisi yaxında, kimi qıraqda.
Baxarsan… Görərsən kövrələnlərin
bir gözü səndədir, biri çıraqda.

Alnından öpəndə kövrələr atan,
bəlkə də bu gəlməz xoşuna sənin.
Bu zaman səmadan bir əl uzanar,
dolayar çırağın başına səni.

Deyərlər qəribə gün oldu bu gün;
yada salınan gün, yadda qalan gün.
Bu gün yadigarın xoşbəxt günüdür,
həm də ki, Yadigar Xoşbəxt olan gün.

Gəncə-Tovuz 2008-2009

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.