Ana səhifə BAŞ YAZI Namiq ZAMAN. ŞEİRLƏR

Namiq ZAMAN. ŞEİRLƏR

Müəllif: Bizim Yazı
950 baxış

BİR SƏMƏNDƏR QUŞUYAM

Ahı göylərə çıxan,
(Nə çox kənardan baxan!..)
Özünü oda yaxan
Bir səməndər quşuyam.

Yoxdur qorxum, qadağam,
Öz qəlbimdir – öz ağam.
Nadanlardan uzağam,
Qananın sirdaşıyam.

Başına od tökülən,
İlmə-ilmə sökülən,
Köksünə dağ çəkilən
Yurdumun göz yaşıyam.

Hikməti var dərində,
Qəm gətirən şərin də…
Ağlım-huşum yerində,
Dövranın çaş-başıyam.

Gördüm sısqa da, bol da,
Zəhərə dönən bal da.
…Qırx il gəldiyim yolda,
Mən hələ də naşıyam!..

AY QIZ

Sən ki bu dünyanın ən gözəlisən,
Neylərsən boyanı, xınanı, ay qız.
Könlünü çalacaq nadanın biri,
Duymasan sevdanı qananı, ay qız.

Bir vaxt yerin vardı gözümün üstə,
İndi köklənmişəm dözümün üstə.
Bəs niyə durmadın sözünün üstə,
Sevmirəm vədini dananı, ay qız.

Namiqin ömrünü axıtdın selə,
Yaxdın sinəsini belədən-belə…
Özgə xəyallarla yaşadın elə,
Görmədin eşqinlə yananı, ay qız.

İnsan oğlu yaranandan
Aldanıb nağıla gedir.
Bəzən ürək hökm eyləyir,
Heç baxmır ağıla, gedir.

Yaman şeydi bu bəxt, yazı,
Ucaldır ağlıdayazı.
Qızların ən yaramazı
Ən yaxşı oğula gedir.

Tükənir qəlbin sözü də,
Solur Günəşin üzü də…
Elə dünyanın özü də
Dağıla-dağıla gedir.

BİR ƏCƏLƏ QALIB GÜMAN…

Qəm sarsıdır varlığmı,
Əriyirəm gilə-gilə.
Zəncirlənmiş dustaq kimi
Sürünürəm ildən-ilə.

Günahkarı dilim olur:
Öz başım – öz əlim olur…
Aldanmaq da zülüm olur
Görə-görə, bilə-bilə.

Qisməti kəm, yolu bağlı,
İtiribdi huşu, ağlı.
Zülmətə də insan oğlu
Həyat deyir, ölə-ölə!

Dəyişib əqidə, maraq –
Bir şəhvətdi, bir də yalaq!
Ceyranı bəyənmir ulaq,
Ələ salır, gülə-gülə.

Unudulur pənah, aman,
Tapdalanır yaxşı, yaman.
Bir əcələ qalıb güman,
O da harda gələ, gələ!..

DEDİK

Nadan günümüzü qara eylədi,
Neynək, taleyimiz ağ olsun – dedik.
Təki pulumuz çox, keyfimizsə kök,
Təki damağımız çağ olsun – dedik.

Düşməni əzməyə çalışmadıq heç,
Doğru danışanla barışmadıq heç.
Əkib-becərməkdən danışmadıq heç,
Yeməyə meyvəli bağ olsun – dedik.

Namiq, bizim kimi yazıq harda var? –
Qəlbimiz genişdir, meydanımız dar.
Gözümüz kor oldu, qulağımız kar,
Qolumuz-qıçımız sağ olsun – dedik!

TƏCNİS

Nə yaratdıq, hansı işə yaradıq,
Yaşamağın nə mənası gərəksiz?!
Qolu bağlı, ağlı dürüst yaradıb,
Kim dedi ki: – Bu dünyaya gərəksiz?

Dara düşsə, heç atarmı yarı yar,
Rüxsət yoxsa, kim ömürdən yarıyar?
Hər kimin ki, bəxti oyaq, yarı – yar,
Ömürü yaşar o, “bəlkə…”siz, “gərək…”siz.

Dostlar, həyat – deyildiyi kimi var:
Kimi qədr-qiymət gəzir, kimi var.
Namiq təkdi bu dünyada, kimi var,
Darıxmağa qoymayasız, gərək siz!..

ÖMÜR, HARA GEDİRSƏN?

Ötən gün ələ gəlməz,
Qovuşar ilə,  gəlməz.
Söhbətim dilə gəlməz…
Ürəyimi didirsən –
Qmür, hara gedirsən?!

Ağardı qara saçım…
Dərdimi kimə açım?
Əlindən hara qaçım –
Sən də fürsət güdürsən,
Qmür, hara gedirsən?!

Nadan səni saymayır,
Qanan sənə qıymayır.
Heç kim səndən doymayır –
Yağ-bal belə yedirsən,
Qmür, hara gedirsən?!

Sanki şirin yuxusan,
Xoş ətirli qoxusan.
Bir nakamın oxusan –
Könlüm viran edirsən,
Qmür, hara gedirsən?!

Ləzzətini duymadım,
Sığalına uymadım.
Mən ki, səndən doymadım –
Sən məni tərk edirsən.
Qmür, hara gedirsən,
Axı hara gedirsən?!.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.