Ana səhifə AŞIQ SƏNƏTİ Murad Köhnəqala

Murad Köhnəqala

Müəllif: Bizim Yazı
443 baxış

Aşıq Xanların məkanı

Öncələri mən gördüyüm toy məclisləri belə olardı: hərə öz həyətində çadır qurar, qonaqları, aşıqları çağırardı. Bir qayda olaraq, toylar həmişə payızda başlayardı. Yəni, hamı məhsulunu yığıb, pulunun sayını biləndən sonra işini görərdi. Adətən, bizim ellərin toy məclislərini iki aşıq və onları izləyən bir balabançı aparardı. Aşıqlar ustad-şəyird qismində olardılar. Aşıqlar dastan danışar, dastandakı şerləri saz üstündə oxuyardılar. Dastanı, əksər hallarda, ustad danışar, səyird ona oxumaqda yardım edərdi. Yemək mağarı ayrı olduğundan uşaq, böyük, qadın – hamı bubiri mağarda oturub aşığa qulaq asardı. Mən şəxsən, Aşıq Əkbərin, Aşıq İmranın, Azaflı Mikayılın, Aşıq Ədalətin danışdığı dastanlara qulaq asmışam. Azaflı Mikayıl əksər vaxt başına gələn əhvalatları danışardı. Onun, dostluğa möhkəm olmaq, iyidin səxavəti, xəyanətə görə sərt cəzalar, insanın azadlığı kimi mövzularda müəllifi olduğu çoxlu dastanvari əhvalatları vardı. Azaflı bəzən o qədər təsirli hadisələr danışırdı ki, göz yaşlarını saxlaya bilmirdin. Sovet quruluşu haqda səsləndirdiyi tənqidi fikirlərinə və şerlərinə görə onu dəfələrlə şərləyərək türməyə göndərmişdilər. Ancaq o, heç vaxt qorxu bilməz, məclislərdə qədim dastanlar yerinə yeni antisovet əhvalatlar danışar, çalıb oxuyardı. Belə dissidentlərdən biri də Alakollu Aşıq İdris idi. Aşıq İdrisin “Səs veririk”, “Əl çalırıq”, “Kommunizmə gedirik biz”, “Dəhşətdi, dəhşət!”  kimi onlarla kəskin antisovet şerlərinə toy məclislərdə öz dilindən qulaq asmışam. Baxın, bunlar Alakollu İdrisin 60-70-ci illərdə yazdığı şerlərdəndi:

Araz axır aramızdan,
Qanlar sızır yaramızdan,
Dahiləri sıramızdan,
Silə-silə əl çalırıq!

Kiminkidi gedən naxır,
Kimlər yeyir, kimlər baxır,
Dalımızdan nəfəs çıxır,
Ölə-ölə əl çalırıq!

Yaxud, “kommunizmə getmək” adı ilə türk respublikalarını qabağında çoban kimi işlədən rus imperiyasının qurduğu rejimdə insanları belə ayıldırdı:

Çiynimizdə zorba çomaq,
Başımızda qıllı papaq,
Ağ şalvarda qara yamaq,
Kommunizmə gedirik biz…

Hətta bir dəfə Aşıq İdrisi məclis apardığı toyda camaatın gözü qarşısında qandallayıb aparmışdılar. Türmədən çıxan kimi o, yenə öz antisovet fikir və şeirlərini qorxmadan yayırdı.

Kəklik  kimi qaqqıldayan Aşıq Əkbəri öz ustadı Aşıq Qədirlə görmüşəm. Nur parçasını xatırladan Qədir kişi məclisdə əlindəki əsanı sehrlə fırlada-fırlada, dastan danışar, ustadı Hüseyn Bozalqanlıdan əhvalatlar söyləyər, oxumaq vaxtı çatanda isə “Əkbər, dur!” deyib, Aşıq Əkbəri ortalığa dəvət edərdi.  Aşıq Əkbərin özü dastanlarımızın usta bilicisi və mahir danışanı idi. Sonralar Qədir kişinin danışığını, hərəkətlərini yada salanda anladım ki, aşıqlar şamanların varisləri imiş.

Aşıq İmran Koroğludan danışıb oxumağı çox sevərdi. Məclisdə özünü çevik, dəliqanlı aparar, zil səslə oxuyardı.

Aşıq Ədaləti toyda əlində saz, başında buxara papaq dastan danışan görmüşəm. Əlbəttə, Ədalət onda axsamırdı, dastanı da çox şirin danışırdı…

1970-ci ilin ortaları olardı, kəndimizdə yenə toy vardı. Görünməmiş bir hal baş vermişdi, sazın səsi kəndin o başındakı toydan eşidilirdi. Gəldik ki, məclisin başında cavan bir oğlan mikrafona qoşulmuş saz çalır. 25-30 yaşlarında olardı. Dedilər bu, Aşıq Xanlardı. İlk dəfə idi belə aşıq görürdük, yəni, oxumurdu, eləcə saz çalırdı. Qıvrımsaçlı, hündür, girdəsifət, yaraşıqlı bir oğlan idi. Saz dilləndirdikcə havanın ritminə uyğun bədəni də dilə gəlirdi. İfa elədiyi havaların müxtəlif məqamlarına çatdıqca, təkcə sazın səsiylə yox, bütün bədəniylə havanın içindən bizə nəsə çatdırırdı. Çaldığı sazın gözəgörünməz məşəqqətlərindən bədəni yüz yerdən sınır, parçalanır, dağılıb-tökülür, od tutub alovlanırdı. Sazın səsi sel kimi üstümüzə gəlirdi. Biz həm qulaq asır, həm də tamaşa eləyirdik. Bəzən onun beli sim səsinin hansısa yerində tab gətirməyib yana, arxaya əyilirdi. Birdən, boynu qılıncla vurulmuş kimi, başı çiyninin üstünə, sinəsinə, gah da arxaya düşürdü. Birdən dizləri dözməyib bükülür, bükülür, bükülürdü. Sonra yavaş-yavaş, ağır əzablar bahasına, qamətini dikəldirdi. Dikələn kimi, qayıdıb yenə sınıq-sınıq olurdu. Simlərdən saçına qığılcım düşür, getdikcə alovlanırdı. Dartınıb başını yelləyərək alovlanan saçını söndürmək istəyirdi. Əlləri sazla məşğul olduğundan, qolubağlı kimi görünürdü. Başını sürətlə yellədikcə saçı daha da alovlanırdı. Get-gedə alov var bədənini bürüyürdü. Gözümüzün qabağındaca al-qirmızı alovun içində bir aşıq yanırdı. Qışqıra bilmirdi. Oxusaydı, qışqıra bilərdi. O, oxumurdu, beləcə saz çalırdı. Onun oxumağa ixtiyarı yox idi. Öz harayını  yalnız sazla çatdıra bilərdi. Bu, dözülməz və məşəqqətli idi. O, hər dəm dar ağacında taxtaya mismarlanmış kimi görünürdü. Hava qurtaranda qan-tər içində özünə qayıdırdı. Tarix beləsini bizə göstərməmişdi. Bu, tamam yeni şaman idi!

Aşıq Xanları həyatda yalnız onda görmüşəm. Sonralar onu nə qədər ekranlarda görsəm də gəncliyində bizə görsənən o qıvrımsaçlı, alovlanıb yanan cavan, cinli şamanı unutmaq mümkün deyil.

Xanların elə havaları var, dinlədikcə adamın içinin gülüstanı, çəmənliyi çiçəkləyir. Elə havaları var, o gülüstana payız gəlir, otlar-yarpaqlar saralır. Elə havaları da var, gülüstana durmadan qar yağır. Onun sazının maqik gücü o qədər möhtəşəm idi ki, təkcə “Baş sarıtel”nən istədiyi vaxt dağlara duman gətirə bilərdi.

Aşıq Xanlar mizrabı simə çəkəndə adamı min il geriyə aparırdı. Min il geridəki bir ocağın qırağında isinirdin, sevib-sevilən təmiz yeniyetmələr görürdün, el-obanın dəliqanlı iyidlərinə güvənirdin, saf su içirdin, buğda çörəyinin ətrini ciyərinə çəkirdin, bir gözəlin dərdinə tutulurdun, at çapıb qılınc oynadırdın… Bütün bunları bizə onun sazı göstərirdi.

Aşıq Xanların “dili” 40 yaşından sonra açıldı. O, 40 yaşından sonra oxudu. Aşıq Ədalət də belə olmuşdu. İndi də Aşıq Xanların oğlu oxumur, eləcə saz çalır. Yəqin, Azər Xanlaroğlunun da səsini 40 yaşından sonra eşidəcəyik…

Xanların oxuması da gözəl idi. Onun xarlamış, qədimi səsi vardı. Məclisdə mehriban, ədəbli davranar, son dərəcədə səmimi olardı. O, sazı çalanda da, oxuyanda da yenilikçi idi, yaratmağı sevirdi. Saz havalarının klassik formasına sığmırdı. Bir də gördün, Xanlar bir havanın gül dəstəsinin yanına solmaz bir çiçək əlavə elədi. Onun saz havalarına, oxulara əlavə elədiyi yeni güllər heç vaxt klassik formanın ruhunu incitmir, əksinə, ona yeni təravət gətirirdi. Nə qədər yenilikçi olsa da o yenilikləri Xanlar çox qədimlərdən üzüb gətirirdi. O gülləri elə bir gülüstandan dərib gətirirdi ki, oraya yalnız Aşıq Xanları buraxırdılar. Yəqin bu saat Aşıq Xanlar həmin gülüstandadı…

(Qaynaq: “Ya saz öldürəcək, ya Xanlar məni”, Bakı, “Nurlan”-2010)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.