Ana səhifə BAŞ YAZI Mətləb AĞAdan şeirlər:

Mətləb AĞAdan şeirlər:

Müəllif: Bizim Yazı
1. 045 baxış

***

Tərslikdən sağ qalarsan,
nəhs gətirər işlərin.
Gecə oyaq qalarsan,
dəyişər vərdişlərin.

Atıb getdiyin xanım
qarşına ərnən çıxar.
Dostların biri dərdnən,
biri qəbirnən çıxar.

Canından lap bezərsən,
hirsindən qan qusarsan.
Halın bir az düzəlsə,
qorxub çiyin qısarsan.

Qurtararsan birtəhər,
ölüb ömrün üzündən.
Yadına sən düşərsən,
Allah hərdən bezəndə…

***

Bəlkə dünya bir qara dam,
görünsə də hər necə.
Ömrü boyu ölür adam,
ölümündən gizlicə.

Ölüm, ömür axı nədi,
bilmirsənsə nə fərqi?!
Lap əvvəldən uduzulmuş
oyun nəyə dəyər ki?!.

Bəlkə heç nə olmamışdı,
hər şey yuxuydu bəlkə…
Niyə söyürsən canını,
ruhun yoxuydu bəlkə…

***

Sevgin ölür bir sabah,
və… səndə heç nə qalmır.
Gözdən düşür yaşamaq,
ölümdə heç nə qalmır.

Qəlbinlə dalaşırsan,
sərsəri dolaşırsan.
Dərdini danışırsan
dilində heç nə qalmır.

Tanrı da çatmır dada,
bezirsən bu dünyadan…
Ya bir ovuc kül… ya da
yerində heç nə qalmır.

***

Otur ağla, qərib-qərib,
göz yaşı doğmadı sənə…
Üz döndərdi səndən hamı,
baxtın da baxmadı sənə.

Bu dünyanın hər bir üzü,
sevincdən çox kədər üzü,
Olsa-olsa bu yer üzü,
sopsoyuq daxmadı sənə…

Səssən, ağızdan keçməyən,
fikirsən, sözdən keçməyən,
Ömür boğazdan keçməyən
bir iri loxmadı sənə

***

Nə var çıxart yadından,
bir də sevməyə çalış,
Mənə arxayın olma,
məni allah qarğamış…

Şükür öz yuxuna da,
gəlib girirsən daha,
Yuxu cürət eləməz
güzgütək aldatmaqa…

***

Qəfəsdi başdan ayağa
qəfəsdi sənin nəfəsin,
Nə bunun çəmini tapdım,
nə də ki, çəmin nəfəsin…

Özümü aldadıb durdum,
baxtımı hayladım durdum,
Dilini anladım qurdun,
yox bu nəfəsin, nəfəsin…

Tumarındı ya zorundu?
var-dövlətin yatırındı…
Bu həmin ağız-burundu,
bəs hanı həmin nəfəsin…

***

Necə çörəksiz qalır,
necə susuz bir insan,
Bax eləcə, ürəyim,
sən sevgisiz qalırsan…

İlahi, baş götürüm
uzaq bir yerə bəlkə?
Mənə sevgi verəcək
hansı bəxtəvər ölkə?

Hərə bir cürə acdı,
mən də bunun ujundan…
Sən bilən məsləhətdi,
öldür məni acından.

***

Nə var mənim üzümdə
ah çəkmə baxıb-baxıb.
İndi ki, ayrılırıq,
neyləməliyəm axı.?!

Bir az danış, eybi yox,
vaxt özü haqlayacaq…
Otur bir xatirə yaz,
hərdən varaqlayacam.

Sən ki, ağıllı qızsan,
daha nə desəm, yalan.
Yolumuz buracanmış,
salamat qal, vəssəlam.

***

Sən ondan arxayın ol,
axtaran olmaz bizi:
Köçüb gedək bu yerdən
adlayıb bu dənizi…

Bəlkə bir- iki nəfər,
tanıyan soruşacaq.
Gəlməzlər arxamızca,
tapılmaz elə qoçaq.

Olmaz bir məktub yazan,
zəngsə… heç yerli-dibli.
Hərdən pıçıldayarsan:
“eybi yox, köhnə dəbdi…”

İşdi, bir gün qayıtsaq,
çıxıb qarşılamazlar.
Biz sizə dost demişdik,
əfv edin, yaramazlar…

***

Söz verirəm, baş üstə,
gözləmərəm yolunu…
Daha yaxşı olardı,
dünən desəydin bunu.

Mənimçün nə fərqi var,
bir ayrı qadın olsun.
Səni heç düşünmərəm,
daha olmadın-oldun.

Sənə nə yazmışamsa,
yandır, üfür külünü.
Biryolluq yaddan çıxar
məni gördüyün günü.

Guya nə olacaqmış,
biz kimik – Allah qulu.
Yəqin çəkir çiynini,
sənə baxıb: “axx, qulum…”

***

Nolar, salam versəm al,
mənə gülümsə, görsən.
Çox deyilmiş sözsə də, –
çox xoşuma gəlirsən.

Səndən ötrü ölürəm,
açıq yazdım, bağışla.
Əlbət, səni görməyə
gəlirdim o yağışda.

Bir gün gəlib qarşıma
çıxacaqdın, demişdim.
Şəklindən tanıyırdım,
özünü görməmişdim.

Eh, mənim günahlarım
yüzdü, mindi, bağışla…
Çox xoşuma gəlirdin,
amma, indi bağışla…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.