Ana səhifə SÖYLƏŞİLƏR “Mənim rəngim rənglərimin əksidir…”

“Mənim rəngim rənglərimin əksidir…”

Müəllif: Bizim Yazı
974 baxış

“Rəssamlıq müxtəlif duyğuların rənglərlə bəzənərək istənilən dildə danışdığı bir dünyadır…”

Dünyadakı bütün prezidentlər rəssam olsaydı yer üzündə heç vaxt savaş baş verməzdi. İnsanlar ömürboyu toy-bayram ovqatında yaşayardı.

Rəssam Nəvai METİN-lə söhbətimiz çox səmimi alınsa da, yazıma azacıq rəsmi başlamaq istədim…

Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağsatafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir. Bu yaxınlarda mərkəzi Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilşisi və  Azəbaycan Rəsim Komitəsinin başkanı seçilib.

-Nəvai bəy, həyatınızda “ikililiklər” çoxluq təşkil edir. İki ana, iki vətən, iki iş, canınız qədər sevdiyiniz iki ölkə. (Azərbaycan-Türkiyə). İki imza, üstəlik sosial şəbəkədə iki pofil. Və bəlkə də hələ bizə məlum olmayan digər ikiliklər… (sonuncu cümlə, əlbəttə ki, söhbətimizin səmimi alınmasına təkan vermək üçün idi). Bütün bunlar bir təsadüfmü, yoxsa ikiliyi sevənlərdənsiniz?

-(gülür) Öncə ondan başlayım ki, ən asası xasiyyətcə ikili insan deyiləm. Belələrinə də nifrət edirəm. Həyatımdakı ikililiklərə gəlincə isə, təsadüfdən yarananlar da var, zərurətdən doğanlar da. Hələ lap körpə ikən anama kömək məqsədilə nənəm məni öz yanına aparıb. Ağsatafanın Saloğlu kəndindən Zəlimxan kəndinə . Elə orada da böyümüşəm. Həyatımın ilk ikiliyi də burdan başlayıb. Həm ikinci anam, həm də ikinci vətənim yaranıb. Mən Ağstafada böyüsəm də özümü Qazaxlı hesab edirəm, bu da bir ikilik. Çünki köküm İncə dərəsinə bağlıdı. İşə gəlincə, mənim hər zaman bir sənətim olub o da rəssamlıq. Düzdür xüsusi bizneslə də məşğul olmuşam. O da madiyyatımı qurmaqdan ötrü idi. Baxmayaraq o da elə rəssamlığın bir təzahürü idi, ancaq, sona qədər özümü o işdə görə bilmədim. Hazırda həmin işi oğlum davam etdirir. Azərbaycan-Türkiyə deyəndə isə, burda ikilik yoxdur ki. Dövlət anlamında ikilik olsa da, bir millətik deyilikmi?! İmzam hər zaman Nevai İ. Məmmədoğlu olub. METİN-X yaranandan sonra çoxusu məni Metin kimi tanıdı. Getdickə də bu ad imzaya çevrildi.

-METİN-gizli imzanız olsa da, artıq sirri çözülüb. Ancaq X-hələ də sirr olaraq qalır.
-Bəli, dostlar bu sirri açıblar. METİN- qızım Məruzə, oğlum Elbəy, Oğlum Təbriz, sonda da İbrahimov Nəvai. Düzdür, X-i heç bir zaman açıqlamamışam. Qoy sirr olaraq da qalsın.

-Bu yaxınlarda sizə yeni bir vəzifə də həvalə etdilər. Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan Rəsim Komitəsi başkanı və təmsilşisi seçildiniz. Əvvəlcə sizi bir daha bu münasibətlə təbrik edirəm. Və xahiş edirəm ki, birlik barədə ümumi məlumat verəsiniz.
-Uluslararası Aktivist Sanatçılar Birliyinin mərkəzi Türkiyənin İzmir şəhərində yerləşir. . Türkiyədə Birliyin üzvləri təkcə rəssamlar deyil. Orada rəssamlar, musiqiçilər, şairlər , həkimlər, kaymakamlar, stilistlər, emniyyət müdürləri,  bir sözlə, ruhu oxşayan sənətlə məşğul olan hər bir kəs var. Birliyin 30-dan çox ölkədə nümayəndəlikləri var. Birliyin çox maraqlı və bizimçün tam yeni olan bir nizamnaməsi var. Heç bir siyasi məqsəd daşımayan, tam sənət adına danışan bir qurumdur. Nizamnamədə göstərilir ki, birliyin məramı əməyin ən müqəddəs dəyər sayıldığı, insanın insan tərəfindən sömürülmədiyi bir barış dünyası, farqlı rənglərdən, irqlərdən, dinlərdən, dillərdən bir qardaş baxçası yaratmaqdır. Bir “Dünya Sənət Mərkəzi” oluşturmaqdır. Uluslararası barış, sevgi, qardaşlıq, dostluq təməlində qurulacaq işləri gücləndirmək, savaşa, çevrə kirliliyinə qarşı çıxaraq sənətin gücüylə xalqların sözcüsü olmaq, bu istiqamətdə əmək və ürün verən sənətin hər növündəki sənətçilərin dayanışmasını təşkil edərək sənət quruluşlarıyla ortak platformlar oluşturmakdır. İki ay olar ki, Birliyin Azərbaycanda da bölməsi açıldı. Azərbaycan Rəsim Komitəsinin başkanlığının tanıtımı Atatürk mərkəzində keçirildi. Tədbirdə Birliyin Genel Başkanı Ümit Yaşar Işıkhan, Birliyin  Resim Komitəsi Başkanı rəssam-yazar Hülya Sezgin, millət vəkili Nizami Cəfərov  və bir neçə sənətçi iştirak edirdi. Birliyin başkanı Ümit bəy çıxışında çox gözəl vurğulamışdı ki, “Toplumlar sadəcə ticarət və siyasətdən ibarət olmamalıdır. Bir-birimizi tanımalıyıq. Bizi sənətsal fəaliyyətlər də birləşdirə bilər. Sənətçilər çox önəmlidir, çünki onlar millətin ruhunu təmsil edir. Millətin həm keçmişini, həm də gələcəyini təmsil edir. Bizim hədəfimiz dünya toplumlarına açılmaqdır. Çünki onlar bizim barışdan, sevgidən və gələnəksəl birlikdən yana olduğumuzu bilməlidirlər. Biz bir birimizi tanıya bilərik, ancaq bizi ətrafımızdakılar tanımır. Ona görə də biz onlara gedəcəyik.” Bu sözlərlə o birliyin məramını dəqiqliklə ifadə etdi. Bəli biz çox vaxt sərgilərə, teatrlara, kinolara az adamın gəldiyindən şikayət edirik. Birliyin bir məramı da odur ki, əgər tamaşaçı sərgi salonuna, kansert salonuna, teatra gəlmirsə demək sənətçi tamaşaçının yanına getməlidir. O zaman tamaşaçı sənəti daha tez anlayar.

Ancaq təəssüf olsun ki, Birlik burada hələ tam fəaliyyətə başlamayıb. Bunun üçün ilk öncə yerləşmək üçün yerimiz olmalıdır. Ədliyyə Nazirliyində də qeydiyyatdan keçməliyik. Ünvanımız olsa birliyin işini, fəaliyyətini daha da genişləndirmək mümkün olar. Bu istiqamətdə də işlərimiz davam edir. Güman edirəm ki, fəaliyyətimiz boşuna olmayacaq. Tezliklə birliyin işini lazımi səviyyədə qurmağa müvəffəq olacağıq.

-Belə bir Birlik bizimçün tam yeni bir anlayış idi. Sizin birliklə tanışlığınız necə oldu? Niyə məhz başkan olaraq siz seçildiniz?
-2010-cu ildə ildə Trükiyənin İzmir Dövlət Rəsm Qalerisində iki azəri, iki türk rəssamla birgə sərgimiz olmuşdu.  Mən, sərgidaşım İlqar Əkbərov, Türkiyədən Nurullah Aydın və Dizar Ercivan Zecirci  ilə . O sərgidə birliyin başkanı da tamaşaçı kimi iştirak edirdi. Və biz orada təsadüfən tanış olduq və tanışlığımız qısa zamanda genişləndi. Sonra bizi birliyin üzvlüyünə qəbul etdilər. 2012-ci ildə birliyin Aydın şəhərinin Qaracasu qəsəbəsində təşkil etdiyi festivala da qatıldıq. Festivalda  bir çox dövlətlərdən  olan nümayəndələr iştirak edirdi. Həmin festival həm bizim onları tanımağımıza, həm də onların da bizi daha yaxından tanımasına təkan verdi. Birliyin məqsədini, məramını daha yaxından tanıdıq. Bir atalalar sözümüz var, qardaşını tanıyırsanmı deyir yoldaşlıq etməmişəm. Düz 15 gün gecə-gündüz bir yerdə olduq. Orada belə qərara gəldik ki, birliyin Azərbaycanda da özəyi olsun. Azərbaycanın orada ideoloq kimi nümayəndəsi  Elçin İsgəndərzadədir.. Lakin Elçin bəyin işlərinin, səfərlərinin çoxluğu ilə əlaqədar onunla tez-tez görüşmək çətin olur. Ona görə də Azərbaycanda təmsilçiliyi mənə həvalə etdilər.

-Nəvai bəy, bəs Azərbaycanda bu birliyə kimlər və hansı şərtlər altında üzv ola biləcəklər?
-Mən bu birliyin bir növ sözcüsüyəm. Yeni qayda-qanunlar yaratmaq da mənim səlahiyyətlərimdə deyil. Bu birlik Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya yoludur. Birliyə, şairlər, rəssamlar, musiqiçilər, sözün həqiqi mənasında sənətlə məşğul olan insanlar və sənətkarlar üzv ola bilərlər. Birliyin Genel Başkanı Ümid Yaşar Işıkhan da şairdir. Sözsüz ki, Azərbaycanda sənət adından danışa biləcək yetərli qədər sənətkarlar, istedadlı səxslər var. Əlbəttə ki, onların hər biri birliyə üzv ola bilər. Burada könüllülük prinsipidir. Heç kəsi məcbur etmək olmaz, Bəzilərinin adət etdiyi qonaqlıq, hörmət, dost-tanış, xahiş-minnət kimi yaramaz hallar burda işə keçməyəcək. Bura ancaq tam səmimi, bəşəri hisslərlə yaşayan sənətkarlar üzv ola biləcəklər. Bir rəssam dostumuz deyir ki, dünyadakı bütün prezidentlər rəssam olsaydı yer üzündə heç vaxt müharibələr, savaşlar baş verməzdi. İnsanlar ömürboyu toy-bayram əhval ruhiyyəsində yaşayardı. Təbii ki, burda  bəşəri hisslərlə yaşayan sənətçilərdən söhbət gedir. Kürsüdə gödən bəsləyən, çəpik çalan  o qədər şair , rəssam görmüşük ki.

-Türkiyə ilə Azərbaycanı müqayisə etsək, sənətə, xüsusilə rəssamlığa verilən dəyər çoxmu fərlidir?
-Əlbəttə ki, arada göylə yer qədər fərq var. Türkiyədə sənətçilər, sözün həqiqi mənasında, millətin ruhunu təmsil edir. Bu təmsilçiliyin ardında heç bir maaddiyyat düşünülmür. O ruhu təmsil etmək üçün də sənətçilərin imkanları, iş şəraitləri çox genişdir. Misal üçün elə Aydındakı festivaldan danışmaq istiyirəm. Festival Qaracasu qəsəbəsinin Bazar meydanında açıq havada təşkil olunmuşdu. İnanın ki, ora o qədər insan toplaşmışdı ki, biz heyrətlənirdik. Uşaqdan tutmuş böyüyə qədər festival barəsində eşidən hər kəs meydana üz tutmuşdu. Rəsimlərə də ötəri baxıb keçmirdilər. Hər bir rəsmə xeyli müddət maraqla baxır, o rəsmi oxumağa çalışırdılar. Onlar təkcə əsərləri izləmir, əsərlərin yaranma prosesi ilə də maraqlanırdılar. Həqiqətən də hiss edirdin ki, insanlar bura baxmaq xatirinə yox, gözəllik görmək, sənət görmək üçün gəlirlər. Orada uşaqlar da sənətdən, sənətkartdan doğru, düzgün baş çıxara bilir. Bir rəsmimin Quş adasında etüd variantını işləyirdim. Yanıma bir uşaq gəldi. Sevinclə anasına səsləndi ki, anne-anne burda rəssam var. Mən işlədikcə o yan-yörəmə keçib diqqətlə məni izləyirdi. Uşaq o qədər sevgiylə baxırdı, danışırdı ki, çəkdiyimi tərəddüssüz ona bağışladım. Uşaq rəsmi götürüb azı on dəfə çimərlikdə dairə vurdu. Bu gün bizim ailələrdə uşaqlara daha az şey öyrədirik. Uşaq evdə gördüyünü götürür. Uşaqlarda sənətə təbliğatı gücləndirmək lazımdır. Onlara sənət sevgisini aşılamaq lazımdır. Tanınmış sənətkarlar, onların yaratdıqları barədə geniş məlumat vermək gərəkdir. Bu uşağa düzgün sənət seçimində də böyük kömək olacaqdır.
Başqa bir misal çəkim. Türkiyədə rəssamların sərgi təşkil etmələri üçün də böyük maaliyyə vəsaiti tələb olunmur. Orada Qalereyalar  rəssamdan heç bir vəsait tələb etmir. Onların qazancı sonda rəssamın salona hədiyyə etdiyi bir əsər olur. Birini də Qalereyanın rəhbəri özü seçir. Rəssam iki işini hədiyyə etməklə öz sərgisini təşkil edir.  Ama bizdə hər gün üçün pul ödənilməlidir. Ümumiyyətlə bizim pula olan sevgimiz heç nə ilə müqayisə olunmaz. Təəssüf.

-Nəvai bəy, söhbətimizin səmtini şəxsinizə, sənətinizə doğru dəyişmək istəyirəm. Bilirik ki? rəssam olmağınızı ailədə heç kim istəməyib. Lakin siz bütün maneələri dəf etməyi bacarmısınız. Rəssamlıqdan əlavə şair, yazıçı da ola bilərdiniz. Niyə məhz rəssamlığı seçdiniz? Rəssamlığın sizin üçün anlamı nədir?
-Rəssamlıq məni seçdi desəm daha doğru olar. Elə uşaq vaxtlarımdan rəsm çəkməyə, gördüyüm gözəllikləri nəyəsə köçürməyə, yaşadığım hissləri kağız üzərində ifadə eyməyə can atırdım. Ancaq hələ də özümü rəssam hesab etmirəm. Rəssam olmaq böyük məsuliyyətdir, böyük addır. Mənimçün rəssamlıq müxtəlif duyğuların rənglərlə bəzənərək istənilən dildə danışdığı bir dünyadır. Düzdür, rəssamlıq çox bahalı sənətdir. Şairə nə var ki, heç nə tapmasa da adi salfetin üzərinə də yaza bilər, və yaxud da heç yazmadan da yaddaşlarda qala bilər. Bir sadə portreti yaratmaq üçün ən azı 30-40 manat lazımdır. Hər zaman şairlərə söyləyirəm ki, sizin probleminiz yoxdur. Ancaq rəssam istiyir ki, hər hansı bir işə başlasın, baxıb görür ki, məsələn, qırmızı rəngi yoxdur. Almağa imkanı da yoxdur. Vaz keçməyə məcbur olur. Adam da var ki, daxilən coşub, daşır ancaq çəkməyə nə imkanı, nə də şəraiti. O zaman içindəkini biruzə vermək üçün neftlə, mazutla, qumla çəkir.
Digər bir tərəfdən isə dünyaya çıxmaq şairdən çox rəssam üçün daha asandır. Şairin dünyada tanınması üçün yazdıqları mütləq tərcümə olunmalıdır. Rəssam əsərində isə tərcüməyə ehtiyac yoxdur. Burada rənglər danışır. Türkiyədəki sərgilərin birində bir nəfər rəsmimə çox diqqətlə baxırdı. Ona yaxınlaşıb bəyənib bəyənmədiyini soruşdum. Bildirdi ki, çox gözəldir. Rəsmin adını soruşdu məndən. Söylədim ki, bu rəsmə hər kəs özü ad verə bilir. O bildirdi ki, mən bu rəsmə baxdıqda həyatın oyun olduğunu duyuram. Rəsmin arxasını çevirdim,  həqiqətən də adı “Oyun həyat” idi. Fikirlərimiz tam üst-üstə düşür. Ancaq başqa biri isə o rəsm barəsində bambaşqa fikir söyləyir.

-Bəzi şairlər şeir yazmağı Allah vergisi kimi dəyərləndirir və bunun  üçün mütləq ilham pərisi gəlməlidir deyirlər. Bəziləri də isə şeir yazmağı savadla, çoxlu mütaliyəylə əlaqələndirirlər. Bəs rəssamlıqda necədir? Gözəl əsər yaratmaq üçün hansı şərtlər gərəkdir?
-Bir dəfə mənə bir sual verildi ki, əsərləriniz haqqında nə deyə bilərsiniz. Cavabım belə oldu ki, onu deyə bilərəm ki, onları mən çəkmişəm. Rəssamlıqda mütləq bunu çəkməliyəm prinsipi mümkün olan iş deyil. Mən hər hansı bir digər iş görəndə qəfildən hansı əsərin hansı hissəsində dəyişiklik etmək fikrinə düşürəm. Dərhal özümü evə çatdırıb o işi həyata keçirməliyəm. Bir işə adaptasiya olmadan onu başlamaq çox çətindir. Elə iş var ki, beynində 3-4 saat işləyirsən. Onu kətana köçürməyə cəmi 10 dəqiqə vaxt lazım olur. Ola bilər ki, bir mövzu beyninə gələr, heç bir ilə də onu işləyib qurtarmaq mükün olmaz. Şərait də burada əhmiyyət kəsb edir. Bir də gördün ki, hər hansı bir musuqimi, şeirmi səni yaratmağa ruhlandıra bilər. Hətta kədərlənəndə, ağır hisslər keçirəndə də yaratmaq mümkündür. “Dunyanın dağılması” rəsmim var. O rəsm Türkiyədə  yaxın bir dostumun gözləmədiyim bir hərəkətinin nəticəsində yaranıb. Fikirləşdim ki, bir dahi kimi tanıdığım insanın bu cür hərəkətə yol verməsi dünyanın dağılması kimi bir şeydir. Həmin gün çox pis vəziyyətə düşdüm və Dünyanın dağılması rəsmim də o gün yarandı. Mənimçün zamanın, məkanın, ampulanın əhəmiyyəti yoxdur. Bəzən rayondan gələrkən gördüyüm bir mənzərə məni çəkməyə məcbur edir. Yol boyu beynimdə yalnız o rəsmi canlandırıram. Həmin anda fikirləşdiyim yeganə iş evə tez çatmaq olur. Evə çatan kimi bir başa emalatxanama girirəm. Və beynimdəkiləri kətana köçürürəm. Adətən rayondan gələndə yorğunluğumu atmaq üçün günlərlə yatdığım halda həmin gecə gözümə yuxu girmir. Bununla həm də bir növ dincəlirəm, rahatlıq tapıram. Hərdən fikirləşirəm ki, yaxşı ki, rəssamlıq var. Elə ki, emalatxanama girdim bütün kədərimi, hirsimi unudub rənglərin dünyasına qərq oluram. Ora mənim qapalı dünyamdır. Orda özümü rahat ve özgür hiss edirəm. Bir söz var , deyir sən mənim hara baxdığımı deyə bilərsən amma nə gördüyümü deyə bilməzsən. Orda nə hiss keçirdiyimi ancaq özüm bilirəm.

-Sifarişləriniz olurmu? Ümumiyyətlə, sifarişlə yaranan əsərdə sənətdən danışmaq nə dərəcədə düzgündür?
-Bəli, sifarişlər də götürürəm. Bu sifarişlər maaddiyatımı təmin etməsə də, sənətimin inkişafında mənə kömək olur. Kətan, boya, fırça, çərçivə və sair ləvazimatlar almaq üçün sifariş götürmək də gərəkir. Əlbəttə ki, çəkdiyim hər bir rəsmdə sənətdən danışmaq olar. Sənətkar yaratdığı hər bir əsərə ürək qoyur. Ürəkdən gəlməsə də, ürək qoymadan yaratmaq mümkün olası iş deyil. Ürək qoyulan hər bir işdə də sənət danışır.  Və bir şey də var ki, ressamlıqdan qazandığım 10 manat biznesdə qazandığım 100 manatdan şirindi mənə.

-Hansı mövzuda, hansı üslubda daha çox yaradırsınız və sizin üçün daha çox dəyərli olan əsəriniz hansıdır?
-Özümə yaxın hiss etməsəm heç bir mövzuda çəkə bilmərəm. Bəyənmədiyim bir mövzuda necə çəkə bilərəm axı. Üsluba gəlincə, daha çox realist üslubda çəkirəm. O üzdən çoxu mənim əsərlərimdə doğmalıq tapa bilir. Digər üslublarda da işlərim olsa da realist üslub mənə daha yaxındır. Abstrak şəkillərdə də fikir demək olur. Ən azınnan rəssam nə demək istədiyini özü bilir, baxan anlamasa da. Ancaq elə fikirləşirəm ki, abstrak əsərlər bir ad altında çəkilməlidir, “Yuxu”. Çünki abstark çəkilənlər reallıqda mümkün olası işlər deyil. Mənimçün abstrak rəsimdən ağ kətan daha maraqlıdır. Bir dəfə sərgiyə baxırdım. Divarda çərçivəsiz boş kətan asılmışdı. Fikirləşdim ki, yəqin kiminsə işinin yeridir, gətirib asacaqlar. Yaxınlaşanda gördüm ki, kətanda rəssamın da, işin adı yazılıb, “Sənsiz”. Bax mənimçün o düm ağ kətan abstraksionistlərin işindən daha çox məntiqli gəldi. Rəssamlıqda fikirləşmədən çəkilmiş, tam təsadüfdən yaranan əsərlər də var. Bu hallar məndə də olur. Rəngləri qarışdıranda da gözlənilmədən bir rəsim çıxır ortaya. Dəyərli əsərimə gəldikdə isə, bütün əsərlərim mənimçün dəyərlidir. Çünki onların hamısını mən çəkmişəm.

-Nədənsə mənə elə gəlir ki, “Ana” əsriniz bir ayrıcalıq təşkil edir.
-Bəli, Ana rəsmim ayrıca bir aləmdir. Anam (məni 6 aylığımdan ana nənəm saxlayıb böyüdüb) 94 il yaşadı. Heç zaman eşitmədim ki, kiminsə barəsində pis bir söz danışsın. Anam məni çox ərköyün böyütdü. Bir kimsənin ixtiyarı olmazdı ki, onun yanında mənə güldən ağır bir söz desin. Əziz xələf övladı olmuşam. Yeməyimə qədər nazımı çəkirdi. Anamın tərbiyə edib böyütdüyü bütün uşaqlar ali təhsil alıb. Mən instituta daxil olan il instituta qəbul olanların evlərinə təbrik məktubu yazırdılar. Mən də imtahan verib kəndə getmişdim, evimizə məktib gəldi. Məktubu görəndə əvvəlcə qorxdum, açanda gördüm ki, anama təbrik yazıblar. Sevinclə məktubu aparıb anama verdim. O məktubu götürüb bütün kəndi gəzdirirdi. Hər kəsə də deyirdi ki, indiyə qədər heç bir balam mənə məktub gətirməmişdi. Əziyyətinin mükafatını almışdı sanki. Dünyasını dəyişən günə qədər ən çox mənim yanımda yaşadı. Bizdə özünü çox sərbəst hiss edirdi. Bu gün də onun xatirəsi mənimçün çox əzizdir və sona qədər də əziz olacaq. Kənddə onun xatirəsini əbədiləşdirmək üçün bulaq tikmişəm. Sədət bulağı. Adı Səadət olsa da kənddə hamı ona Sədət ana deyirdi.

-Daxilinizdəki fırtınanı yalnız rəsm çəkməklə söndürüsüz, yoxsa arada şeir yazmağınız da var. Nəzərə alsaq ki, şeiri heç də rəsmdən az sevmirsiz.
-Yox şeir yazmıram. (gülür) şəkil çəkmək elə şeer yazmaqdı da. Şeer hara mən hara. Ramiz Rövşənin tələbə yoldaşı eşidəndə ki, Ramiz şeer yazır, deyib ki, ola bilməz, o ağıllı oğlanıydı axı…

-Yazmırsınız yoxsa, gizlədirsiz?
-Mən heç rəsim çəkmirəm ki, cızmaqara edirəm. O ki, qaldı şeir yazam. (müsahibimi danışdırmaq elə də asan olmasa da, güclü yumor hissinin olması köməyimə çatır) Bir dəfə dostlarım zəng vurub soruşurlar ki, şair necəsən. Məttəl qaldım ki, nə şair, nə danışırsız. Dedilər ki, bəs qəzetdə şeirin çap olunub. Dostum şair İbrahim İlyaslı mənə bir şeir yazmışdı.

Ay Nəvai, bilirsənmi,
Nədir mənim davam sənnən,
Dost-dostuyla nəfəs alar, –
Şəriklidir havam sənnən.

Həmin vaxtlar da İbrahimlə İrana getməliydik. Elə alındı ki, o gedə bilmədi və mən tək gedəsi oldum. Araz boyu getdikcə gördüyüm mənzərələr məni çox təsirləndirmişdi. Elə ordaca bir şeir keçdi ürəyimdən. Bu İbrahimin mənə yazdığı şeirə bir cavab kimi səsləndi.

Ay İbrahim, bilirsənmi,
Araz boyu nələr gördüm,
o dağları bizə sarı
ağlar baxar, mələr gördüm.
Biz qurbanı olammadıq,
bir başına dolanmadıq,
çiçəyini yolammadıq,
həsrət əyən güllər gördüm.
Arazın suları gurdur,
damarımda qanım durdu.
Elə bil ildırım vurdu,
Alovlanan çöllər gördüm.

Dostumuz Həmid Ormanlı da hər iki şeiri qəzetdə yan-yana çap etdirmişdi. Mən şeir yazmıram. Heç fikrim də yoxdur. Ancaq gözəl şeiri, nəinki şeiri, gözəl deyilmiş, yazılmış hər bir sözü oxumağı, dinləməyi çox sevirəm.

-Bildiyimə görə oğlunuz Təbriz də şeir yazır. Ancaq nədənsə onun şeirlərinə mətbuatda rast gəlmirik.
-Bəli, oğlum Türkiyə türkcəsində şeir yazır. Elə ən çox da Türkiyə türkcəsində yazmağını bəyənirəm. Çapına ona görə izin vermirəm ki, mütləq əvvəlcə maddiyyatını qurmalıdır. Deyirəm ki, yaz saxla, zamanı gəlincə çap etdirərsən. Mən də bir ara maddiyyata görə sənətdən uzaqlaşdım. Məni sənətə qaytaran Əbülfəz Elçibəy oldu. O zamanlar mənim 1988-ci ildə şəhriyar əsərim hansısa mətbuat orqanında çap olunmuşdu. Elçibəy o rəsmi görüb rəssamı axtarmışdı. O vaxtlar mən rəssamlar ittifaqının üzvü də deyildim. Bir gün  profesor Mürsəl Həkimov Elçibəyin yanında olub və bəy ondan məni soruşub. Mürsəl müəllim də məni yaxşı tanıdığını bildirib. Günlərin birində Mürsəl müəllim dedi ki, bəs bəy səni görmək istiyir. Düzdür, əvvəlcə inanmadım. Bildirdim ki, bəy hara, mən hara. Dedi ki, sənin əsərini görüb və səninlə görüşmək istiyir. Yaxşı yadımdadır, cümə günü idi, BAB-ın toplantısı vardı. Toplantıdan qabaq görüşdük. Məndən soruşdu ki, təzə hansı əsərlərin var. Mən də cavab verdim ki, mən artıq rəssamlıq etmirəm, şəxsi bizneslə məşğulam. Bəy mənə bildirdi ki, maaddiyyatını qurmağını çox bəyənirəm və alqışlıyıram. Ancaq o maddiyat mənəviyyatına xidmət etməldir. Əks təqdirdə mənəviyyatın cılız qalmış olar. O görüüş mənim həyatımı dəyişdi və mən yenidən sənətə qayıtdım. İndi Elçibəyin həmin sözlərini öz övladlarıma nəsihət edirəm. Qoy Təbriz də maaddiyyatını qursun, sonra şeirlərini, kitablarını çap etdirsin.

-Bir qədər də, qarşıdakı planlarınızdan, həyata keçirmək istədiyiniz işlərdən danışardınız. Əlbəttə ki, sirr deyilsə…
-Çox istiyirəm ki, xüsusi bir emalatxanamı deyim, qalereyamı deyim, ofismi deyim, ümumiyyətlə, sənətçilərin toplanması üçün xüsusi bir yerimiz olsun. Düzdür, öz həyətimdə balaca bir emalatxanam var. Ancaq ora daha geniş formada işləmək, qonaqları qarşılamaq üçün elə də əlverişli deyil. Elə bir yerimiz olsa yaşından və peşəsindən asılı olmayaraq rəsm çəkməyi sevən hər bir kəs bizimlə işləyə bilər. Həmçinin, tələbələr də yetişdirmək, öyrətmək mümkün olar. Balaca bir torpaq sahəmiz belə olsa orada özümüzə yer-yurd qurmağımız mümkün olar. Bununla bağlı bir neçə ünvana müraciət etmişəm. İnanıram ki, məni naümid qaytarmayacaqlar.
Yanvar ayının 26-dan fevralın 10-a kimi mənim Ankarada sərgim olacaq. Birliyin orada bir üzvü var, Savaş Simitli. O  əməkli əmniyyət müdiridir. Türkiyənin yeterincə tanınmış rəssamıdır. ANTİGONE Sanat evinin sahibidir. Məni Ankaraya sergiyə də o dəvət edib, sağolsun.
Birliyin də bir neçə yeni planları var.  Bu yaxınlarda Birliyin Amerikada, Gürcüstanda sərgiləri keçirilməsi gözlənilir. Bu sərgilərdə bizim də iştirakımız olmalıdır.Məni Ankaraya daha bir sərgiyə də dəvət ediblər. Çox arzu edirəm ki, birliyin Azərbaycanda da festivalını təşkil edək. Təəssüflər olsun ki, bununçün böyük miqdarda maaliyyə vəsaiti tələb olunur. Biz  indiyə qədər bütün festivallarda, sərgilərdə öz maaliyyə gücümüz  hesabına iştirak etmişik. İstərdim ki, bu işə dövlət səviyyəsində, nazirlik səviyyəsində baxılsın, festivalın keçirilməsinə köməklik göstərilsin. Ümid edirəm ki, məsul şəxslər bu işə çox müsbət yanaşacaqlar,və yaxın zamanda Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycanda böyük bir festivalının keçirilməsinə köməklik edəcəklər.

P.S. Müsahibim haqqında çox yazılsa da, çox danışılsa da bu gün mən sizlərə onun görünməyən tərəflərini göstərmək istədim. Bunu nə dərəcədə bacardığımı bilmirəm, ancaq onu deyə bilərəm ki, rəssam Nəvai Metin bir müsahibəyə sığacaq insan deyil. Ondan barəsində əsərlərdə, kitablarda danışmaq ümidilə ayrılıram…

Rumiyyə MİRASLAN

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.