Ana səhifə YAZILAR “Kaspi” ənənələrinin davamçısı və ya Sona Vəliyevanın portretinə ştrixlər

“Kaspi” ənənələrinin davamçısı və ya Sona Vəliyevanın portretinə ştrixlər

Müəllif: Bizim Yazı
866 baxış

Elxan Zal QARAXANLI

Dostum, yazıçı Eiçin Hüseynbəyli mənə “Zaman xəbərsiz ötdü” adlı bir kitab verdi, “sən ideoloji mövzuları sevirsən, zənnimcə səninçün maraqlı olar”- dedi. Gözəl tərtibatlı və kifayət qədər tutumlu olan bu kitabın müəllifi xanım Sona Vəliyevadır. Kitabda müəllifin həyat və fəaliyyətinin müxtəlif sahələrinə işıq salan materiallar toplanıb. Sona xanımın poetik yaradıçılığı da, publisistik və elmi yazıları da, müsahibələri də, yaradıcılığı haqqında yazılan yazılar da burada öz əksini tapıb. Zənnimcə bu kitabla tanış olan hər bir oxucunun təsəvvüründə bir maarifçi, ziyalı, şair, alim, xalqını və ailəsini çox sevən bir qadın obrazı canlanır. O müsahibələrinin birində “əgər biri istedadlıdırsa mən ondan niyə də yazı yazmayım”- deyir. Elə mən də eyni cür düşünürəm. İstedadlı bir adamın yaradıcılığına nəyə görə münasibət bildirməyim?
Sona xanım Vəliyevanın yaradıcılığından danışarkən, biz buna onun həyat və fəaliyyət spektrindən baxmalıyıq. Çünki onun yaradıcıliğı və həyat fəaliyyəti bir-biri ilə sıx surətdə bağlıdır. Mən onu ilk dəfə “Kaspi” qəzetinin baş redaktoru kimi tanımışam. Sonra elmi və publisistik məqalələrini və şeirlərini oxudum. Beləcə, yavaş-yavaş, zaman ötdükcə mən Azərbaycanın ən maraqlı adamlarının birinin yaradıcılığı ilə tanış oldum. Nədir bu maraqlılıq? Sona Vəliyevanın yaradıcılığı da, elmi işləri də, peşə fəaliyyəti də vahid bir sistem təşkil edir və bu sistem bütünlüklə Azərbaycan ideyasına xidmət edir. İndi yaradıcı adamlar arasında dövlətçi və milli ideya o qədər də populyar deyil. Çoxları dünyada gedən sürətli qloballaşma proseslərini əsas gətirərək, milli ideyanın ömrünü başa vurduğunu, kosmopolit bir mədəniyyət erasısının başlandığını bildirirlər. Əlbəttə, bu yeni bir nəzəriyyə deyil və tarix boyu kiçik xalqların mədəniyyətinin imperiyalar mədəniyyətinin içərisində əridilməsinə xidmət edib. Amma şükürlər olsun ki, zaman-zaman böyük imperiyaların tərkibində yaşamış Azərbaycan xalqı özünə məxsus dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib.
Elə zamanlar olub ki, bizim uzun illər boyu dövlətçiliyimiz olmayıb və biz dilimizin yaşamasına görə şairlərimizə, aşıqlarımıza çox borcluyuq. Bu böyük insanlar imzalar içində Azərbaycan türkünün də imzasının olması üçün böyük istedad və şücaət nümayiş etdiriblər. Bu gözəl dili cilalaya-cilalaya gətirib bu günə çatdıraraq bizə ərməğan ediblər. Sona xanımın da yazdığı kimi, “dil yoxdursa, millət də yoxdur”. Dil millətin var olmasında ən mühüm ünsürdür. Şumerlər, qədim misirlilər, romalılar kimi böyük mədəniyyətlər yaratmış xalqlar dillərini itirdikdən sonra tarixin arxiv malına çevrildilər. Son illərdə mətbuat səhifələrində belə bir “anti Koroğlu” isterikası baş qaldırıb ki, bəs niyə başqa xalqlar şahlara, krallara heykəl qoyur, bizdə isə Koroğluya. Mən bu meşşan düşüncəsinə belə cavab verərdim – bir əlində saz, bir əlində qılınc olan Koroğlu, yad mədəniyyətlərin basqısına qarşı mübarizə aparan ümumtürk ziyyalılığının simvoludur. Bu gün Azərbaycanda da, Türkiyə və Türküstanda da xalq sarayların dilində deyil, Koroğlunun şeirlərini dediyi dildə danışır. Eyni cür, ingilislərin Robin Qudu da fransız basqısına qarşı savaşırdı…
Ümumən Azərbaycan ideyası krallar və şahlar tərəfindən deyil, ziyalılar tərəfindən yaradılmış bir ideyadır və Sona xanım Vəliyeva azərbaycançılıqla bağlı elmi yazılarında bu ideologiyanın təşəkkülü və tarixi inkişaf yolunu çox gözəl göstərə bilib. Görkəmli alimimiz prof. Nizami Cəfərov onu “azərbaycançılıq ideologiyasının təbliğatçısı və təşviqatçısı” adlandırır. Zənnimcə, Nizami müəllim Sona xanımın fəaliyyətini çox dəqiq bir ifadə ilə xarakterizə edib. Onun rəhbərlik etdiyi “Kaspi” qəzeti də, təhsil müəssisələri də öz fəaliyyəti ilə bu amala, yəni azərbaycançılığa xidmət edir.
Sona xanımın fəaliyyətindən danışarkən, ilk olaraq mən onu “”Kaspi” qəzeti ənənələrinin davamçısı kimi görürəm. Bildiyimiz kimi, 1881-1919-cu illərdə fəaliyyət göstərmiş “Kaspi” qəzeti Azərbaycanda milli şurun oyanmasında, Azərbaycan ideyasının yaranmasında misilsiz rol oynayıb. Məhz Ə. Topçubaşov, M. Şaxtaxtinski, Ə.Ağayev, F. Köçərli, N. Vəzirov, S. M. Qənizadə Ü. Hacıbəyov, Ə. Hüseynzadə, Y.V. Çəmənzəminli kimi fikir adamlarının ətrafına toplaşdığı “Kaspi” qəzeti, rus dilində çıxmasına baxmayaraq, Azərbaycan ideyasını formalaşdırmış milli ziyalı elitanın təşəkkül tapmasında mühüm rol oynadı. “Azərbaycanlı”, “Azərbaycan dili” kimi ifadələr də 1891-ci ildə ilk dəfə olaraq “Kaspi” qəzetində M.Şaxtaxtinskinin “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində işləndi və sonradan digər ziyalılar tərəfindən də işlədilməyə başladı. Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadə və s böyük ziyalılar tərəfindən daha da inkişaf etdirilən bu ideya Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyli tərəfindən rəsmi dövlər ideyası kimi siyasi səhnəyə çıxarıldı. Əlbəttə, azərbaycançılıq həmin dövrdə populyar olan “türkçülük”, “turançılıq” ideologiyasına qarşı olan bir şey deyildi. Çağdaş azərbaycançılıq ideologiyasının nəzəriyyəçilərindən olan Nizami Cəfərovun yazdığı kimi, “azərbaycançılıq türkçülüyün bətnindən çıxmışdır”. XX əsrin əvvəllərində azərbaycançılıq və türkçülük tendensiyaları və bu zəmində dilimizin adı ilə bağlı mübahisələr qızışanda, Mirzəbala Məmmədzadə yazırdı: “Azərbaycanın türkləşməsi prosesi Anadoludan tez başlamışdı. Ona görə də Azərbaycan türkcəsi daha tez ədəbi və sonra da milli dil səviyyəsinə yüksəlmişdir. Azərbaycançılıq ideyasını ortaya atmaqla biz heç də türkçülüyü inkar etmirik, ancaq Azərbaycan Vətəni ideyasını birinci yerə keçirir, Azərbaycanın coğrafi sərhədləri daxilində millətin yekdilliyini və vəhdətini birinci dərəcəli vəzifə kimi irəli sürürük”. Azərbaycançılıq ideologiyasının yaradıcılarının bu düşüncəsi Azərbaycan Xalq Cumhuriyyəti zamanında siyasi səviyyəyə yüksəldilmiş, bu ideyanı mənimsəyən sovet ideoloqları onu demək olar ki, saxlamış, Azərbaycanın müstəqillik dönəmindən sonra isə Ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəlmişdir.
Bu gün azərbaycançılıq ideologiyası böyük türk nəhrinin müstəqil bir qolunu təşkil edir və bu qol bu gün sürətli inkişaf mərhələsindədir. Sona xanım Vəliyeva da öz yaradıcılığında milli ideologiyanın yalnız tarixi köklərinə deyil, onun bu gününə, onu bu gün inkişaf etdirən insanların yaradıcılığına geniş yer ayırır, Ramiz Mehdiyev, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Anar, Elçin, Nizami Cəfərov, Azad Nəbiyev kimi çağdaş fikir adamlarının azərbaycançılıqla bağlı əsərləri müəllif tərəfindən araşdırılaraq geniş şəkildə şərh edilir. Ümumən, Sona xanımın yazılarının əsas özəlliklərindən biri odur ki, o Azərbaycan xalqının bir millət kimi formalaşması və mütəşəkkil bir varlığa çevrilməsi prosesini araşdırarkən, mövzuya dil, ədəbiyyat, mədəniyyət spektrindən baxaraq, prosesin obyektiv obrazını yarada bilmişdir. Bu proses bu gün də davam edir və xanım Sona Vəliyeva bu proseesin iştirakçılarından biridir. Bizim hamımız Azərbaycan adlı bir binanın tikillməsində iştirak edirik və hər kəs qabiliyyətləri və imkanları daxilində bu tikintiyə öz töhvəsini verir. Şübhəsiz ki, söz və fikir adamlarının bu işdə daha çox töhfə verməyə imkanı var. Sona xanım da bir şair, jurnalist və alim kimi bütün imkanlarıyla bu tikintidə iştirak etməyə çalışır.
Mən bu kiçik yazıda onun elmi fəaliyyətinə az da olsa münasibət bildirdim, amma onun poetik yaradıcılığından bir-iki söz deməsəm cızdığım portret yarımçıq görünər. Çünki o alimlikdən də, jurnalistlikdən də öncə şairdir. Onun elmi və publisistik yazılarını oxuyanda belə poetik əhval-ruhiyyə hiss edirsən. Yəqin ki, bu belə də olmalıdır, çünki alimlik sonradan qazanılır, şairlik isə doğuluşla qazanılan bir duyğudur.
İndi bizdə şeir yazan çoxdur, şairlərin sayı isə tənqidçilər arasında mübahisə predmetidir. Görkəmli tənqidçi Vaqif Yusifli bu rəqəmin 30-40 arasında olduğunu söyləyir. Bu rəqəmin 2000-5000 arasınada olduğunu söyləyən ədəbiyyatçılarımız da var, amma mən bu mübahisələrə qarışmaq istəmirəm. Sona xanımın yerini də Vaqif Yusiflinin göstərdiyiyi sırada görürəm. Çünki şair adlanan adamım özünə məxsus heç olmasa bircə misrası olmalıdır. Sona xanımınsa belə misraları çoxdur. Bir də onun özünə məxsus poetik dünyası var. Biz onun bu dünyasına, onun Azərbaycanına təsvir etdiyi poetik rənglər spektrindən baxırıq. Bəzən bu dünya cəhrayı rəngə bürünür, bəzən tənha bir gilasın qan allığındadır, bəzən yağış rəngindədir dünya, bəzən ağrıların qaranlığındadır. Bütün nəsnələri söz ilən toxunan bu dünya çox incə və kövrəkdi bir qadın qəlbi kimi. Biz nə qədər gender bərabərliyindən danışsaq da qadının yazdığı şeir fərqlidir. Bu poeziya təhtəlşüurdan gələn duyğular selidir sanki. Sona Vəlinin şeirləri onun duyğularının şərqiləridir. Onun hətta vətənpərvərlik şeirlərində də pafosdan daha çox pıçıltı var. Çünkü o sevginin gözüylə baxır bu məmləkətə, sevgi isə pıçıltıyla izhar olunar, bağıra-bağıra yox. “Öncə can sağlığı deyən kəslərin, torpağı bölünür bədən yerinə”. Onun Azərbaycanı kəsim-kəsim, doğram-doğramdır. Onun içində Qarabağ ağrısı var, Təbris ağrısı var…O öz kədəri ilə baş-başadır və yalnızdı öz kədərində. “Mən tənha gilas ağacıyam” deyir və ruhu yetişmiş gilas kimi deşim-deşimdir ağrılardan. Bu ağrılar elinin, yaxınlarının, böyük mənada bəşəriyyətin acılarını içinə hopduran şair qəlbli duyğusal bir insanın ağrılarıdır. Bəşəri bir kədərdir. Amma o bu kədəri oz oxucularıyla elə gözəl, elə bir ovqat və rəng spektrində bölüşür ki , onlar nikbinlik notları yaradır. O Araz çayını iki qardaş arasına çəkilmiş barı, hasar kimi görsə də, sonda bu əsrarın açarının “Arazbarı” olacağına inanır. Bu gün ortada bir Azərbaycan ideyası var və bu ideya müxtəlif məmləkətlərə səpələnmiş 50 milyonluq bir xalqı öz ətrafına toplamaqdadır və Azərbaycan şairi Sona Vəli bütün kövrəkliyi və incəliyi ilə bərabər bu amalın yayılmasına xidmət edən müsəlləh bir əsgərdir. Burla xatunlar kimi, Banu Çiçəklər kimi.
Onun rəhbərlik etdiyi “Kaspi” qəzeti də yaşatdığı ənənələrə sadiq qalaraq, bir fikir qəzeti kimi fəaliyyət göstərir. Deyərdim ki, bu gün “Kaspi” ölkənin ədəbiyyat yönümlü ən yaxşı qəzetlərdən biridir. Yəni Sona Vəliyeva gördüyü işlərin hamısını vicdan və bacarıqla edir. Yazdlğı bütün janrlarda uğur qazanır. Çünki istedadın janrı yoxdur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.