Ana səhifə İCTİMAİ İntiqam Yaşarın müsabiqədə birinci yeri tutan şeiri

İntiqam Yaşarın müsabiqədə birinci yeri tutan şeiri

Müəllif: Bizim Yazı
141 baxış

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu və Yenises.ru informasiya portalının birgə layihəsi çərçivəsində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ”VƏTƏN” şeir müsabiqəsi keçirilib. İntiqam Yaşarın “Vətən yazısı” şeiri müsabiqəyə göndərilmiş 200 şeirin içindən birinci yerə layiq görülüb.

bizimyazi.az sözügedən şeiri təqdim edir.

Soyuq qış… boz divarda al rəng “Vətən” yazısı…
Yerdə göyü yandıran bir neçə paslı giliz…
Buz ölüm ağuşundan keçən evlər, küçələr…
Tarix adlı tabloya barıt qoxusu düşüb.
Nigaran bir ananın qorxunc yuxusu düşüb…

Bu sükutdan keçməyə “ürək addımı” lazım,
Güllə izi divarda tutulası yer deyil.
Yıxılmaqdan qorxmağı öyrənərlər uşaqlar,
Bu yıxılmaq qorxusu uşaqlıqla bir deyil.
Ölüm havası əsib buralarda, sirr deyil.

Burada yıxılanı kimsə qaldıra bilmir,
Burada atalar da, analar da yıxılır.
Təkcə Tanrı ayaqda, əlin çatsa qaldırar,
Ağ buluddan uzaqda… əli çatsa qaldırar.
Burda üzgün ümidlər ovuclarda sıxılır.

Keçmişin havasında üşüyən bir uşağın,
Donub ayaq izində qan ləkəli vahimə.
Ayrılığa yıxılıb ağacların yarpağı,
Ölüm qoxan torpaqda o acıyla kim kimə…

…Durduğum yerə sarı addımlayar bir nəfər,
Əlində paslı giliz, bir də çiçək dəstəsi.
Yaxınlaşar, divara çiçək qoyub dikələr,
“Vətən” deyər… dedikcə divara hopar səsi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.