Ana səhifə BAŞ YAZI İntellektual şeirlər

İntellektual şeirlər

Müəllif: Bizim Yazı
659 baxış

Əli Şirin Şükürlü

çiçəkləri sevirdi Sevda

o gözəl, yaraşıqlı qadın
gülləri, çiçəkləri sevərdi gəncliyindən.
hər yerdə gül-çiçək axtaradı baxışları.

mənzilini, eyvanı
gül, çiçək bəzəyirdi
müxtəlif  adda, cürbəcür  biçimdə.

beləcə sevə-sevə gülləri, çiçəkləri
illəri saldı yola o gözəl, o yaraşıqlı qız.
gülləri, çiçəkləri sevə-sevə
zamanı hopdurdu canına.

və zamana bürünmüş gül-çiçək topaları içində
sevdi həm də birini. sevdi, deyəsən, elə bir dəfə.

bir gün zəng gəldi ona. əvvəl tanımasa da
sonra düşündü çaşqınlıq içində:
“ilahi, qocalarmış səs də”.

bir dəstə gül gətirmişdi o, qadına –
bir vaxtlar gözəl, yaraşıqlı qıza. bir dəstə gül;
rəngbərəng, cürbəcür. “heç dəyişməmisən” –
baxdı günahkarcasına.
“necə gözəl idi bir zamanlar” –
ani fikirdən qüssələndi bildirməsə də.

“ağ saçlar nə yaman yaraşır sənə” –
çöhrəsində təbəssüm söykəyib əlini çənəsinə
(adətən qadınlar belə edər illərdən sonra)
xeyli baxdı illərdi sevdiyi Zaman kişinin gözlərinə.

bir dəstə bağlayıb Sevda
güllərdən, çiçəklərdən – evində bəslədiyi,
uzatdı vidalaşarkən yenidən qürbətə üz alan
sevdiyi yaşlı adama: ” bağışlayarsan kimə istəsən”.

neçə gün tamaş elədi Sevda
güldanda solan güllərə. baxdı gah kədərlə,
gah da sevinə-sevinə.

o necə də gözəl idi,
necə də sevirdim onu dəlicəsinə –
yox olan gözəlliyə sarsılan Zaman
əsəbi ayırıb çiçəkləri bir-bir dəstədən
bağışlayırdı şəhəri var-gəl eləyən küləyə.

      … – 31.10.2013

Əli Şirin Şükürlü

doğulmayan adamın tərcümeyi-halı

mən doğulmasaydım nə olardı görəsən;
ata-anamın oğlu və beş bacının bir qardaşı
olmazdı ən azından. nənəm sevincindən oynamazdı doğulmadığım o gün
və məşhəddən gətirdiyi, qardaşının şərəfinə olan bu adı verməzdi mənə.

yaşadığım o ev, o həyət olardı yəqin ki, – mənsizlik böyüyərdi orda.
oxuduğum o məktəbə, o universitetə mənsizlik yollanardı və
o yoxluğu kimsə başqa biri doldurardı bəlkə də.dostlarım kiminsə
dostu olar, sevdiyim qızları başqası sevər, məni sevənlər sevərdi
başqabirini. mən olmadığımhər yerdə kimsə olardı sözsüz,
məkan tarazlığını itirməsin deyə.kimsə olardı; eynən mən taledə,
eynən mən yaşda, mən boy-buxunda.
təkcə zahirən fərqlənə bilərdik bir-birimizdən. bəlkə də
elə bənzəyərdik bir-birimizə.

mən doğulmasaydım
bu fikirlər kimin ağlına gələrdi indi.
mən yaşadığım bu şəhərdə,
bu şəhərdəki bu evdə kim yaşayardı mənim yerimə.

hər ömür bir məkan-zaman kəsiyi;
bir az sevgi, bir az nifrət,
bir az sevinc, bir az kədər,
bir az ümid, bir az da ümidsizlik.
yəni bu müstəvidə adda-budda xoşbəxtlik
kim azalardı üzü öz yoxluğunamənim yerimə.

ya da mən
indi, elə bu an, bu zaman
elə bu şəhərdə, bu küçədə, bu evdə
kimin yoxluğunu doldururam görəsən.
kimin yerinə azalıram
nənəmin məşhəddən gətirdiyi,
sevinc içində mənə verdiyi adı.

      … – 21.10.2013

Əli Şirin Şükürlü

onu su pərisi sevirdi

o
çox güclü adam idi.

məhv edə bilmirdi onu
nə ağır xəstəlik, nə xəyanət,  nə də
tez-tez qarşılaşdığı biganəlik.
harda, nədə məhv olmurdusa, elə o an, orada
yeni uğur çıxırdı qarşısına gözlənilmədən. sığallayıb
uğurun başını, təbəssümlə ötüb gedirdi yanından.

o
çox güclü adam idi. məhv edə bilmirdi onu
yaşadığı cürbəcür bədbəxtlik – tez-tez rastına çıxan.
qırılsa da içindən
təbəssümlə yola salır xəstəliyi, xəyanəti, biganəliyi,
gülə-gülə keçirdi hər dəfə yanından səadətin:
“xoşbəxtlik – astar üzüdür bədbəxtliyin”.

bir dəfə
dəlicəsinə sevdalandı. sevdi su pərisini. əvvəlcə
su pərisi vurulmuşdu ona doğrusu;özü tapmışdı onu
tez-tez üz aldığı dəniz sahilində. bir günsə ölümünə
sevdilər bir-birini dənizin qumlu sahilində. bu, ilk və son
sevgisi oldu su pərisinin. eynən ququşunun nəğməsi kimi.
qəfil peyda olduğu kimi qəfil də yox oldu dəryada.
“biz cəmi bir dəfə sevərik” – vida məktubunu
sahilə yollanan dalğalar pıçıltıyla çatdırırdı ona.

illərlə dayandı o, dəniz sahilində üzündə təbəssüm:
“əsl sevgi – ayrılıqmış,sən demə”.

o
çox güclü adam idi.
bir gün yenə də üzündə təbəssüm
uzanıb yerinə sakitcə yumdu gözlərini.
öldü. öldü gülümsəyə-gülümsəyə.
öldü həyatında cəmi bir dəfə. öldü…

oldu. olanlar oldu.
nə omalıydısa o da oldu.

indi arabir
dənizdən gözəl bir oğlan çıxıb gəlir
məzarının üstünə.
Dəniz adlı bu oğlan, deyirlər–oğludur
daim həyatın üzünə gülümsəyən adamın.

… – 25.10.2013

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.