Ana səhifə İCTİMAİ Günay Əfəndiyeva İsveçrədə Türkiyənin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Günay Əfəndiyeva İsveçrədə Türkiyənin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Müəllif: Bizim Yazı
135 baxış

Günay Əfəndiyeva İsveçrədə Türkiyənin

100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrənin Bern şəhərində Türkiyə Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Krallığındakı Səfirliyi və Sürix şəhərindəki Baş Konsulluğu tərəfindən təşkil edilmiş Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbiri açıq elan edən Türkiyə Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Emine Ece Özbayoğlu Acarsoy, Qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim” adlandırdığı Cümhuriyyətin, Türkiyənin demokratikləşməsinin, inkişafının və müasirləşməsinin təminatı olduğuna diqqət çəkərək, ölkənin nüfuzunun günü-gündən artmasının qürurverici olduğunu vurğulayıb. Öz çıxışında o, həmçinin, qəhrəman Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində Prezident İlham Əliyev tərəfindən üçrəngli Azərbaycan bayrağının Xankəndində ucaldılmasının bütün Türk dünyasını duyğulandırdığını, bununla da regionda daimi sülh və sabitliyin əldə olunması yolunda mühüm maneənin aradan qaldırıldığını qeyd edib.

Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna Türkiyə Respublikasının yaranmasının 100 illiyinin il ərzində müxtəlif layihələrlə təntənəli şəkildə qeyd edilməsinə görə minnətdarlığını bildirib, təşkilata Türk mədəni irsinin qorunması və təbliğində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Türkiyənin qədim tarixdən günümüzə qədər davam edən bir qəhrəmanlıq salnaməsi, Türk Dünyasının birliyini və ortaq gələcəyini dəstəkləyən böyük güc olduğunu bildirib. Fondun prezidenti 1923-cü ildə Böyük Öndər Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə Cümhuriyyətinin hazırda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın qüdrətli, böyük siyasi çəkiyə malik olan ölkələrindən biri olduğunu vurğulayıb.

Günay Əfəndiyeva öz çıxışında türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açaraq, qonaqlara Fondun himayəsi altında yaradılmış və yeddi Türk dövlətini – Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunu təqdim edib.

Açılış nitqlərindən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “29 Oktyabr – Respublika Günü” müraciəti oxunub.

Tədbir Fondun himayəsində yaradılmış “Yeddi gözəl” musiqi qrupunun konserti ilə davam edib. Qrupun ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, ölkədə akreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının, işgüzar və akademik dairələrin nümayəndələri, eləcə də türk icmasının üzvləri və KİV-in təmsilçiləri iştirak ediblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.