Ana səhifə İCTİMAİ Əbilfəs Xamedov: Kandelakilər, Smolinlər bizim birliyimizdən dərs alsın!

Əbilfəs Xamedov: Kandelakilər, Smolinlər bizim birliyimizdən dərs alsın!

Müəllif: Bizim Yazı
95 baxış

Qazaxıstanda  fəaliyyət göstərən “Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyinin sədri, Qazaxıstan Respublikası parlamentinin 7-ci çağırış deputatı Əbilfəs Xamedov Rusiyanın bəzi siyasətçilərinin və tanınmış simalarının təxribat xarakterli bəyanatları ilə bağlı Qazaxıstanın Mezgil.kz agentliyinə münasibət bildirib.

Mezgil: Əbilfəs müəllim, siz Qazaxıstanda  fəaliyyət göstərən “Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyinin sədrisiniz və Qazaxıstan Respublikası parlamentinin 7-ci çağırış deputatısınız, sadəcə siyasətçi və dövlət xadimi kimi deyil, həm də Azərbaycan, Qırğızıstan, Özbəkistan və qardaş Türkiyə Sizi iki ölkə arasında qızıl körpü kimi yaxşı tanıyır.

Bu günlərdə Mixail Smokin adlı rusiyalı “tarixçi” “əvvəllər qazax, özbək, azərbaycanlı deyilən bir xalq olmayıb” kimi qərəzli bir fikir səsləndirib. Bir neçə gün öncə Tina Kandelaki “Qazaxıstanda rus dili sıxışdırılır” deyəndən sonra isə qırğız qardaşlarımız haqqında mənfi fikirlər səsləndirmişdi. Bir siyasətçi və dövlət xadimi, Qazaxıstandakı “Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyinin sədri, Qazaxıstan Respublikası parlamentinin deputatı və bir vətəndaş kimi mövzu ilə bağlı fikrinizi öyrənə bilərikmi?

Əbilfəs Xamedov: Çox zamanında və yerində verilmiş sualdır. Əvvəlcə hər şeyi öz adı ilə adlandırmaqla başlayaq. Smolinini “tarixçi” yox, “təxribatçı” kimi təqdim etmək daha məqsədəuyğun olardı. Onun elmi dünyagörüşü yoxdur, o, bədxah bir təxribatçıdır. Çünki bir alimin, tarixçinin belə bir söz deməsi mümkün deyil. Sizi inandırım ki, bu cür şovinist, faşist münasibəti, cəfəngiyyatı ancaq təxribatçılar və ya nadanlar yayar. Təəssüflər olsun ki, Smolin və onun kimiləri bu cür qondarma fikirlərlə Qazaxıstanla Rusiya arasındakı strateji əməkdaşlığımıza, dinc və möhkəm qonşuluğumuza, qazax və rus, özbək və rus, Azərbaycan və rus xalqları arasındakı sıx əməkdaşlığımıza və münasibətlərimizə xələl gətirmək niyyətindədirlər. Əks halda, bir alim bu cür dost, qardaş xalqlarda mənfi rəy yaradacaq sözlər söyləyərmi? Əlbəttə yox!

Digər tərəfdən, müşahidə etdiyiniz kimi, Rusiyada qonşu dövlətlərin daxili işlərinə qarışaraq ictimai dezinformasiya  xarakterli nəşrlərin sayı artıb. Əvvəla, bu, Rusiya üçün yaxşı olmayacaq tendensiyadır. Ona görə də Kreml administrasiyası ilk növbədə öz ölkəsi daxilində bu mənfi tendensiyaya son qoymalıdır. Kandelkakinin boş yazıları müstəqil və strateji tərəfdaş olan bir ölkənin daxili işlərinə qarışmaq, informasiya manipulyasiyası həyata keçirmək məqsədi daşıyır. Heç bir ölkənin qanunları və ya mənəvi dəyərləri buna haqq vermir.

Üstəlik, həqiqəti desək, Kandelaki kimi qondarma şəxsiyyətlər və Smolin kimi tarixçi adlananlar kifayət qədər bacarıqlıdırsa, ilk növbədə öz daxili problemlərini həll etməlidirlər. Məsələn, federasiyadakı insanlara öz ana dilini öyrənib tanıtmaq imkanı yaratsınlar, orta məktəblərdə ana dilini icbari təhsil proqramına daxil etsinlər, insan hüquqlarını, fikir azadlığını yaratsınlan və işğal etdikləri torpaqların tarixi adlarını dəyişməsinlər. Bizim məqsədimiz aydın, yolumuz aydındır. Hazırda ölkəmizdə böyük və hərtərəfli islahatlar aparılır. Biz prezidentimiz Qasım-Comərd Tokayevin rəhbərliyi ilə Ədalətli Qazaxıstan qururuq. Biz bir vətəndaş olaraq, Qazaxıstan Azərbaycanlıları Birliyi olaraq bütün gücümüzlə bu istiqamətdə çalışırıq.

Açığını deyim ki, sosial şəbəkələrdə qondarma fəal, elm adamı, siyasətçi adlanan şəxslərin boş və əhəmiyyətsiz sözlərinə diqqət çəkməyə dəyməz, bizim vaxtımıza qızıl kimi dəyərlidir. Ən əsası, kim nə deyirsə desin, bizim qarşımızda bir məqsəd var ki, o da beşiyimiz, mübarək yurdumuz olan vətənimiz Qazaxıstanın ülvi mənafeyi, birliyimizi daha  da möhkəmlətməkdir.

Kandelaki kimi insanlar bizim birliyimizdən dərs alsınlar. Ona görə də öz adımdan və Qazaxıstan Azərbaycanlıları Birliyi adından Kandelakiləri, Smolinləri və digər şovinist təxribatçıları qətiyyətlə pisləyirəm! Eyni zamanda, Qazaxıstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini dəstəkləyirəm!

Hazırda müzakirəyə ehtiyacımız yoxdur, bizə birlik və həmrəylik lazımdır. Ona görə də mən ölkəmizin bütün vətəndaşlarını bu cür təxribatlara əhəmiyyət verməməyə çağırıram və onları birlikdə Ədalətli Qazaxıstanı qurmağa dəvət edirəm!

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Xəyalə Zərrabqızı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.