Ana səhifə BAŞ YAZI “…O qız ümid-ümid öldü…”

“…O qız ümid-ümid öldü…”

Müəllif: Bizim Yazı
445 baxış

FEYZİYYƏ

DEYİN

ona deyin bu köynəyin qolları…
arzuların arxasınca su atırdım,
onda islandı…
deyin onu yol gözləyir, ləngiməsin,
deyin onu evi gözləyir –
qapısı, pəncərəsi,
bacası olanlara güvənməsin…

QALXIN
ona evinin yolunu göstərin,
deyin ona yolların zolaqları soluxmuşu,
yol işarələri paslanmışı, oğurlanmışı ilə getsin.
deyin ona yolların haçasında dayansın bir az,
yollarrr…
haçasızz..
ollmazzz…
deyin ona yolların biri ilə getsin, arxa-arxaya,
o biri gözündən itənə qədər.
deyin ona bu dəfə yalan danışdım,
bu yol haça deyil ki,
üstünə eləcə qayçı şəkli çəkdim əhənglə,
istəsə silə bilər, amma əlinin arxasıyla,
yavaşca, ehmalca-
amma əgər qarşısına çıxan qadının gözünü siləcək olsa,
amma əgər qayıdanda yol yerində olsa…
Soruşun, “Yolu bəyəndinmi?”
Sonra şəhadət barmağınızı dodaqlarınıza yaxınlaşdırıb pıçıldayın:
“Sss… Yol azaddır amma azadlıq deyil”…


itələyin onu
yaşıllığını unutmuş meşənin
səsini, nəfəsini içinə çəkmiş yerinə
bunu özü istədi ki…
deyin ağlamasın,
bu günəşsizlikdə, bu baharsızlıqda,
bu yaşılsızlıqda,
bu insansızlıqda
agacların dibində üzü üstə yıxılmış yuvaları görəndə.
o qədər istədim ki,
küçələrdə dilənən pinti qadınların qucağındakı
üzü-gözü kirdən xumarlanan körpələri
köynəyimin altında,
sinəmin üstündə isitməyi…

ÜŞÜYÜRƏM…
deyin qoyub getsin,
üzüquylu düşən qaranquş balalarını zarıya-zarıya,
ürpənməsin
çəkmələrinin altında qalan körpə göyərçinlərin çığırtılarına,
ürpənməsin susmalarına- yollar belə gedilir…
deyin ona, yorulsa, söykənməsin ağaclara,
üşüdər, budaqlarındakı
arzularının arxasınca su atmışların,
evinin yolunu itirmişlərin yaş köyəkləri- aslıb qurumağa,
yarpaq olmağa…

BU DƏQİQƏ
çıxartsın çəkmələrini,
bağlı yolların kilidini yalın ayaqlar açar,
yolu yalınayaqlılar qayıdar,
ayaqyalınlar azad olar…
deyin, yanından
qırmızı-qara velosiped təkərlərini dığırlayıb qaçan adamlar görsə,
bilsin, evinə ondan qabaq çatanlar var,
bir az da ləngisə…

BİR DƏ
deyin ona, getsin,
dayanmasın,
qulağına qəfil arxandan, sağdan, soldan,
bir də budaqlarından nəm köynəklər asılmış ağaclardan
körpə gülüşləri gəlsə də…
körpələr eləcə gülsə, gülsə, gülsə də…

***
Səni görüm ölkə-ölkə,
səni görüm şəhər-şəhər,
səni görüm küçə-küçə olasan,
eşidəndə: “o qız ümid-ümid öldü,
o qız arzu-arzu getdi,
tikəsi gəlmədi ələ-dəfn etməyə”.

Səni görüm sevinəsən-
pəncərələrin altından çörək qırığı tapanda,
Qaçıb Kafkanın qəbrinin sağında yer qazanda,
basdıranda,
üstünə:
“Dombagözlüm, siçanım, qurbağam burda yatır”- yazanda.

Səni görüm ömrü boyu yerimi hamıdan gizlədəsən,
hər səhər qəbrimi quşlar tapa-aça, sən örtəsən.
hirslənəsən,
üzünü göylərə tutub:
“quşlarına yiyə dur”-deyəsən.

səni görüm evlənəsən,
toy günündə iki subayın qəbrinə bir xonça tutub gələsən.
xonçanı Kafkaya verərsən:
“Səni and verirəm Milenanın əllərinə,
gözlərinə, ona de yuxuma gəlsin, sözüm var,
bircə dənə…
bircə dəfə…”.
Səni görüm xoşbəxtliyinə gedəsən,
səni görüm heç vaxt məni yuxunda görməyəsən.

Səni görüm ata olasan!
Evinə siçanlar girsin- birini öldürməyə,
qovmağa əlin gəlməsin.
bir sabah oğlun zəhərləyib qırsın siçanları.
Səni görüm baba olasan!
Nəvən gölməçədə daşlayıb vursun qurbağaları.
“Səni görüm…
Səni görüm…”- deyə-deyə qalasan,
Səni görüm ömrü boyu siçan ölüsü görəsən,
Ölü qurbağa tapasan…

Səni görüm ömrün boyu xəstələnməyəsən,
ölməyəsən.
Səni görüm ölkə-ölkə yaşayasan,
şəhər-şəhər qalasan,
səni görüm küçə-küçə olasan.
Səni görüm çörək-çörək axtarasan,
qırıq-qırıq tapasan.
Səni görüm ömrün boyu ovcunu bərk-bərk sıxıb
Kafkanın qəbrigilə qaçasan.

* * *
bütün sualların cavabı
bir qağayının dimdiyindəymiş, demə,
demə, olanlar kabusmuş,
oyanib “bismillah” deyəcəm,
bir də deyəcəm, məni bağışla,
butun kabuslara bağışla məni.
hər şey birdən oldu,
birdən oldu hər şey:
əvvəl bir burulğan göründü uzaqdan,
lap uzaqdan,
qara, qorxulu,
kabus kimi qorxulu.
sonra gözlərimi qum tutdu,
o tutdu gözlərimi.
yuxularıma süd sızdı o gecə,
o gecə bütün kollar
kəklikotu qoxuyan lalələr açdı,
bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.
bağışla,
o gecə qırmızı yağmurluqdan savayı
əynimə heç nə gəlmədi,
bağışlama məni,
göyqurşağı rəngində yağan balıq yağışından
qaçmağa yer tapammadım.

daha heç nə gözləmirəm,
məni gözləyən bircə sabahlardı,
onlar da gözləri qumla dolu,
açılmaları qorxulu.
gecələr işığı yanılı qalan pəncərələrin
yozumu çox olar, bilirsən…
bilirəm, sən hər şeyi bilirsən.

bağışla, bu yellənən yelləncəyin
bir ipi qırıqmış, demə,
bağışla, bu yelləncək
ağaca etdiyi dualarında yellənir,
ona toxuna bilmərəm.
qorxma, qorxma, ay ömrüm-günüm,
kuzənin çatının əksidir,
ildırım deyil göydə çaxan…
mənsə saymağı öyrənirəm hələ,
hələ də on birdən başlayıram.
dördüncü dəfə iyirmidə saxla məni.
bu dəfə saxla məni
tut əlimdən, gir qoluma, saxla məni.
de ki, evimizə getməliyik,
nolar, dilə tut məni…
sən bilirdin, sən bilirdin
o, hər şeyi bilirmiş,
həmin o qağayı…
günah məndədir,
hər şeyi bilirmiş o qağayı…

***
…nəfəsimi son ah kimi içimə çəkib
adını pıçıldadım ovuclarıma sübh namazında.
salavat çəkdim hər xatırladığımda.
adını bilmədiyim mərhum atanın
ruhu şad olsun deyə
bütün ataların ruhuna
rəhmət yalvardım Yaradandan.
sənə də dua etdim,
dirilərə edilən dualar tək.

…mənə «gözlərin yağış kimi safdı», – deyirlər,
parıltısını yaquta bənzədirlər…
amma bu saf gözlərə görə
sənə borclu olduğumu kimsəyə demədim.
axı hər səni xatırlayanda abdəst alır onlar
bilirsənmi, mən səni ağlayanda sevinirəm
çünki öncə könlümə ölüm düşür,
sonra «Bəqərə»,
155-ci ayə.

…son nəfəsdə mənə deyə bilmədiklərini
yuxumda qara səhifəli bir dəftərə yazmışdın,
bir topa açar da qoymuşdun

qara dəftərin üzərinə
getdiyində.
indi hər gecə yuxumda
oxumaq istədiyim qara dəftərin
səhifələri arasından nəm yaylıqlar,
açarını sən verdiyin
bağlı qapıların arxasından
dərisi soyulmuş quzular çıxır.

bu gün qəbrini ziyarətə gəlmişdim,
gülümsəyən bir maska da gətirmişdim
hələ baş daşı olmayan məzarına qoymağa,
axı sən gülməyi çox sevirdin.
mən də gülüşü sevməyi öyrəndim,
ölümünə güldüyüm gündən sonra.
çökdüm büründüyün torpağın üzünə,
adını pıçıldadım ovuclarıma,
sonra salavat çəkdim ovsun oxunmuş əllərimlə –
gözlərimdə abdəst, dodağımda gülüş.
birdən kimsə:
– «son nəfəsdə mənə deyə bilmədiklərini
hər gecə yuxumda
qara səhifəli dəftərə yazırsan»,
– deyə pıçıldadı.
başımı qaldırdım və anladım ki…

***
sən demə, sevgilər öləndə ruhları
canın ağrıdığı yerə sığınarmış,
sən demə, canı aldanmağın qorxusu üşüdərmiş,
mənə bax, caan, çoxmu üşüyürsən, çoxmu….

sən demə, yayın ən qızmar vaxtı
taykeş çəkmələrin dərisi,
dodaqlar şaxtadan çatlayantək catlarmış,
qabararmış burunlarının ucları
sahibinin ayaq qoxusunu xatırlayıb.

nə biləsən axı,
qatlanmış vərəqdə sahibsiz yazılar
ağzı yaşmaqlı dul qadıntək
ele hey kimisə axtarar,
əldən-ələ gəzər,
oxunar,
oxunmaz…
nə yiyə duranı olar,
nə öz sahibi tapılar…
ovunmaz, ovunmaz.

sən bilməzsən, sahibsiz paltarlar
necə qorxarlar qaranlıq bağlamalarda,
ölümdən öncə istənən bir içim su tək
bircə dəfə geyilmək istərlər,
bircə dəfə tər qoxlamaq keçər içlərindən,
bircə dəfə, son dəfə,
amma hanı?..

bircə darıxma,
bircə vurnuxma,
bulanıq suya boylanan simasını gözəl görməz,
bataqlıqda heç nəyin əksi görünməz.

yenəmi darıxırsan, birdənəm?!
amma bax, ordan –
göyün sən olan qatından
bircə qat yuxarıdan bir körpə keçir –
özü bulud rəngində,
gözləri gümüşü,
çiynində bir dəst paltar,
əlində bir tay çəkmə,
içində bir içim su…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.