Ana səhifə YAZILAR DEBÜT: Taleh MANSUR

DEBÜT: Taleh MANSUR

Müəllif: Bizim Yazı
877 baxış

/22 avqust 1987-ci ildə Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur/

DAHA

Qabaq bölüşərdik sevinci, qəmi
Bu isə… qismətdi, bölünməz daha.
Get, indi ünvansız baxışın kimi,
Getdiyin ünvanın bilinməz daha.

Gözlərim dünya tək boşaldı-doldu,
Gözümdə dünyanın rəngləri soldu.
Əllərim sıxıldı bir yumruq oldu,
Ovcumda əl izin görünməz daha.

Adın bir əzabdı, gətirsəm dilə,
Get, özgə birini bəxtəvər elə.
Soyuqdan, şaxtadan üşüsə belə,
Ürəyim sevginə bürünməz daha.

Bu həsrət sənin də qarşına keçib,
Üzünə kədərdən bir libas biçib.
Nə vardı sevginə qoşulub köçüb,
Boş qalan ürəyin döyünməz daha.

Ömrüm tükənməmiş, çatmamış sona,
Ölümlər yaşatdın bu yazıq cana.
Əmin ol, bir şeyə, Taleh bir yana,
öz kölgən arxanca sürünməz daha…

SÖYLƏ…

Qaldırib qolunu rəqs edən zaman,
Ürəyin atmırdı, yorulmuşdumu?
Toy günün – o şadlıq qurulan günü,
Qəlbində toy-büsat qurulmuşdumu?

Üzündən asılan ağ duvaq kimi
Gözündən xəyalım asılmışdımı?
Sevgin də kimsəsiz bir uşaq kimi,
Qəlbində bir küncə sıxılmışdımı?

Sinənə baş qoyub yatan hisslərin,
“Vağzalı” səsinə oyanmışdımı?
Bir dəstə ağ çiçək tutan əllərin,
Sevgimin qanına boyanmışdımı?

Dönüb xəyallara yaşadıqların,
“Şabaş” tək başında dolaşırdımı?
Geydiyin ağappaq gəlin paltarın,
O, qara bəxtinə yaraşırdımı?

SƏNLƏR OLDU FƏQƏT “SƏN”DƏN OLMADI

Sən ki, yaddaşıma gəlin köçmüsən,
Demə, axtarmadı, yada salmadı.
Əllərin ağırmış, vallah deyəsən,
Sən qıran kölümü kimsə almadı.

Uçdu qəlbimizdə eşqin sarayı,
Eşitmədik, hər kəs duydu harayı.
Bu dünyada səndən, məndən savayı,
Sevgimizdən bir yadigar qalmadı.

Səndə olan “sədaqət”ə nə deyim?
Əzrayılmış bircə sadiq mələyim.
Bu sevgisiz, bomboş qalan ürəyim
Min bir həvəs, istək ilə dolmadı.

Başladı neçəsi, bitdi neçəsi,
Dolaşıq fikrimdə itdi neçəsi;
Sən gəlmədin, gəldi getdi neçəsi
Sənlər oldu, fəqət “sən”dən olmadı.

KAŞ Kİ…

Yaşayaydım, şirin yalan içində,
Kaş ki, bilmiyəydim mən, dönük səni.
Bir gün xəyalımdan gəlib keçəndə,
Saxlaya biləydim ömürlük səni.

Gedəydi qoşulub ömrə, nəyim var,
Bir tək sən olaydın dönüb gələnim.
Beşiyin duyğular, laylan arzular,
Hər gün böyüyədin gözümdə mənim.

Unudaydı yaşatmağı cismimi,
Sevgimizi yaşadaydı bu ürək,
Düşəydin gözümdən göz yaşım kimi,
alçalıb gözümdən düşməzdin gərək.

Sevəydim gecəmi qatıb gündüzə,
Keçəydim ən ağır sınaqlarından.
Dönəydim dilində bir kəlmə sözə,
Yolumu salaydım dodaqlarından.

GÖZ YAŞIM

Qoparıb içimdən ağrı, acımı,
Gözümün önündən tökür göz yaşım.
Həsrətdən buz tutmuş baxışlarımı,
İsti qollarına bükür göz yaşım.

Sorma, həminkiyəm
axı nə gərək?
Sinəmdədir kədər dolu bir ürək.
Saçlarıma sığal çəkən əlin tək,
Kirpiymə sığal çəkir göz yaşım.

Xatirələr bircə-bircə silinsə?
Silinərmi sənə bağlı hər nəsə?
Səndən fərqli nə vaxt yeri bilinsə,
Nə yubanır,nə gecikir göz yaşım.

Aldandanıbmı fələk quran hiyləyə?
Bəlkə də haqlıdır bilmirəm niyə?
Zülmətlər gözümdən çəkilər deyə,
Gözümün qarasın sökür göz yaşım.

Sən özün uzaqda, özgə diyarda,
Ürəyin mənimlə qalıbdı darda.
Nə bitəcək axı gələn baharda?
Yanağıma ümid əkir göz yaşım.

You may also like

6 şərh

anonim 2012-01-28 - 20:45

seirler cox gözeldir..

Cavab
Səbuhi Axundov 2012-01-30 - 11:09

Əhsən,sadəcə super! Mən inanıram və həmişə də inanmışam ki, şair, sənin yaradıcılığın cılğın bir çeşmə tək daima coşub qaynayacaq. Bütün Qazax əhlini təbrik edirəm. “OT KÖKÜ ÜSTÜNDƏ BİTƏR” deyiblər, sənin də zatın dahilərdən gəlir. Gələcək uğurlarının seircisi və ən çox sevinəni olmaq ümidilə Səbuhi…

Cavab
Gultekin Ulvi 2012-02-04 - 18:49

Cox-cox gozel serlerdi…..Nefes almagi bele yaddan cixarmisdim…..TESEKKURLER qardasim menim.Sene ancaq UGURLAR !!! Bizleri gozel ve yeni serlerinle sevidirmeyin,ruhumuzu yenilemeyin,zovqumuzu oxsamagin ucun sene Can Sagligi,yeni ve ugurlu nailiyyetler arzulayiram!!!

Cavab
Gozel 2012-07-22 - 16:02

Cox gozel serlerdir.Insanin daxiilinin zengin olmasi ne gozel birseydir.tessekkurler….

Cavab
Gozel 2012-07-26 - 11:39

Esq acisi hecneye benzemez.insanin daxili yaxas yavas yeyib bitirer.esqden dogulan serlerde yalniz tesellidi Taleh Mansur..

Cavab
tunar 2014-04-15 - 21:18

Ela

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.