Ana səhifə BAŞ YAZI Danışım, danışım da… özümə yaxınlaşım… – 17 yaşın şeirləri

Danışım, danışım da… özümə yaxınlaşım… – 17 yaşın şeirləri

Müəllif: Bizim Yazı
330 baxış

Adil NƏHMƏT

***
Aydan arı idi gecə… bu gecə,
Qoynuna almışdı dəli küləyi.
Külək oynadırdı onu könlüylə,
Könlü oyadırdı yatmış fələyi…

Gecə sakit idi öz aləmində,
Xəbəri yox idi xain küləkdən.
Külək də məsumdu öz aləmində,
Özündə uzaqmış hər cür kələkdən.

 

Gecə ağlamışdı səssiz… bu gecə,
Düşünüb hər yalqız, məsum mələyi…
Gecə dua etmiş, əl açıb necə…
Qılıncdan kəskindir onun diləyi.

Gecə yaxın idi göylərə gecə,
Diləyi dünyanı dərk etmək imiş..!
Gecənin duası qaldı çox gecə,
Çarəsi vaxtını tərk etmək imiş…

***
Gözlərimdən sevginin axdığını danışım,
Baxışıma baxışını taxdığını danışım…
Yalançı sevgilərin sayrışan ulduzunda
Sənə olan eşqimin alovunda alışım.

Yat, gecənin qaranlığındaca, yat,
Yuxunun ən dərin yerlərinə bat.
Mənim üçün fərqi yoxdur, gerçəktən,
Mənnən oyun oynayır, yoxsa gerçəkdir həyat..?

Həyatımı ta başından ən sonadək danışım,
Danışım, danışım da… özümə yaxınlaşım.
Acıları boş verək, səni güldürüm bir az,
Qəflət yuxularına gecə kimi qarışım…

Sevgilim… Məktəbim… Həyatım… mənim
çevrilir həyatın səhifələri…
Hər gün yenigünmü? – Hər gün bir vərəq…
ömür şifrəlidirsə, dəyişmək nəyə gərək?..

Tax, qoluna, hər gün bir yeni qız tax,
Rəngləndir həyatını, rəngləndir, axx..!
Bax, “profil”inə, bax, qıraqdan bax,
Sonra, Dəli Kür boyunca, ax…

Küçələrdə söyüşlərin ağuşunda çabala,
Nə vaxtsa düzələcək bu durumlar, a bala?
Ürəyində sızılda, keç ürəyində ağla,
Çevrilmə gülüşlərin hədəfinə – nə fayda?..

Sənə həyat öyrədim, sənə məndən danışım,
Anlamasan da məni, anlatmağa çalışım.
Acılar bir qırağa… bəs nəyimdən danışım? –
Xəzan yarpaqlarının hər baxışımı baxışım?..

Yağışlı gecələrin həyatıma axışı,
Zəlzələ təsiriylə enən hər kiçik damla.
Qarşıla, sevginin lətif nəğmələrini,
Ömür pəncərəsindən hisslərimi bağışla…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.