Ana səhifə BAŞ YAZI CAVAN ŞAİRLƏRİMİZ RAHAT OLMAQ İSTƏR…) – 3 ŞEİR

CAVAN ŞAİRLƏRİMİZ RAHAT OLMAQ İSTƏR…) – 3 ŞEİR

Müəllif: Bizim Yazı
94 baxış

İntiqam YAŞAR (GƏDƏBƏY)

RAHAT OLASAN

Baş altına hansı daşı
qoyasan rahat olasan?!
Rahatlıqcün neçəsini
sayasan rahat olasan?!

 

Görməməkçün izlərini,
Əl dərini, üz dərini,
Özün elə öz dərini,
soyasan rahat olasan.

Sərf edir ağlı olana,
Qismət ucuzdu alana,
Bu cür bir şirin yalana,
uyasan rahat olasan.

Dünya arxayın özünə,
Xoş danış baxmaz sözünə,
Hər şeyini lap üzünə
söyəsən rahat olasan.

 

Sərvər KAMRANLI (YARDIMLI)

RAHAT OLASAN

Durasan ayağa… özün-özünə,
Bir əlac qılasan, rahat olasan.
Tanrının əlindən qanı qaralmış,
Qələmin alasan, rahat olasan.

Artırıb sevincin, dəmin sayını,
Verəsən kədərin, qəmin payını.
Tapasan dərdlərin şah sarayını,
Taxtından salasan, rahat olasan.

Mələklər içində bir boyu bəstə,
Düşə ürəyiylə eşqindən xəstə…
Körpətək baş qoyub qolları üstə,
Xəyala dalasan, rahat olasan.

Əzab qan ağlaya, gözlərin sıxa…
Ömürdən getməyə yaman darıxa…
Kədər qız cildində qarşına çıxa,
Saçını yolasan, rahat olasan.

Yerdə gün atılır ömürdən hələ…
Göylərin adama yazığı gələ…
Asa yaxasından, yağmasan belə,
Buludtək dolasan, rahat olasan.

 

Rüfət AXUNDLU (AĞSTAFA)

RAHAT OLASAN

Ruh olub, məzar daşına,
Baxasan, rahat olasan.
Məzarına göz yaşını,
Sıxasan, rahat olasan.

Yana Simurq lələkləri,
Göstərə pak ürəkləri.
Sol çiynindən mələkləri,
Yıxasan, rahat olasan.

Qol qoyub fərli bir işə,
Hazırlaşasan görüşə,
Tanrı əl uzada, ərşə,
Çıxasan, rahat olasan…

06.09.2014

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.