Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində təşkilatın “Ədəbi toplu-2024” və
“Ədəbiyyat könüllülüyü” nəşrləri işıq üzü görüb. Layihə rəhbəri DGTYB başqanı İntiqam Yaşar, kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB baş katibi Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır. Layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərdə kitabın Bakıda və regionlarda təqdimatları nəzərdə tutulub.
#MədəniyyətNazirliyi #DGTYB #ədəbiyyatkönüllülüyü
YAZILAR
May ayının 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib. Departamentin müəllimi fil.ü.f.d. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra kitabın müəllifi çıxış edərək, bu dərs vəsaitini tələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib. Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev, yazarlardan Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.
Tədbirin sonunda Ü.Babasoy kitablarını imzalayıb.





Onunla tumru fəslində görüşdük…
Bu fəsil o fəsildi ki, qış hələ bitməmişdi, yaz hələ gəlməmişdi.
Bu fəsil o fəsil idi ki, agaclar tumurcuq olmadan tumru olurmuşlar…
Və bu fəsil Allahverdi Təkləli fəsli idi.
Belə bir sufi şairinin, göylər adamının ayrıca bir fəslinin olmasıdı bəlkə onu fərqli edən…
Əgər qumrudusa, niyə ötməyir,
Niyə oxumayır, qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Başqa bir misrada:
Kim sənə ad verib: o tay, bu taylı?
Kim sənə deyib ki, xurcun tayısan?
Nə o tay, mən nə də bu tayam axı
Bəxtimə yazılan bürcün tayısan…
Minlərlə belə sualları cavabsız qalan bir şair 4 fəslə sıgardımı?
Əsla, yox!
Hələ handan- hana dünyanın cavabsız qalan suallarına cavab tapan kimi nə desə yaxşıdı, şair…
…sandım gələn qonaq sənsən bu axşam,
Qəfil kimsə döydü bayaq qapımı.
Sevincdən day duran uşaqlar kimi,
Mən taykeş geyindim ayaqqabımı…
Şair sualların cavabını tapanda görün hansı ovqatda sevinir…
Allahverdi Təkləli modern Azərbaycan ədəbiyyatında əski türk dilində yazan şairdir.
Gəlin etiraf edək ki, yaradıcılığında qədim Azərbaycan sözlərindən istifadə etmək nəzm dilində daha çətindi.
Bunu şeirə, şeiriyyata, bəndə, qafiyəyə gətirmək böyük ustalıq tələb edir.
Nəsrdə yazmaga nə var ki…
Allahverdi Təkləli yaradıcılığı Azərbaycan dilinin lügəti, özü isə danışan canlı bir kitabdir.
Allahverdi Təkləli şeirlərini oxuyanda özundən asılı olmadan ruhun nəgmə çalır.
Şairin bir mistik gücü də ondan ibarətdi ki, misralar ritmin içində yagış damlaları kimi rəqs edir. Məhz ritm sayəsində sanki insan tilsimlənir, həmin o müqəddəs “məbəd”ə daxil olur. İnsan paklanır, aydınlanır, durulur…
Yer göylə bitişir, insan bir də özünə bu dünyadan çıxıb, o dünyadan baxır.
Ruhun özünün də ruhu yaranır göylərdə…
İnsan həm öz ruhunu görə bilir, həm də sözlərin ruhunu…
Sözlər bəzən külək kimi tüyünür, bəzən yagış kimi çısələyir, bəzən də şeh damlasına dönür. İnsan bəzən özünə də təzə olan ruh halları ilə rastlaşır.
Bu Allahverdi Təkkəli şeirlərinin mistik- Tanrısal gücüdür.
Şairin yaradıcılıgında “yastı balabana oxşayan ev” obrazı şairin ruhunu agrıdan, könlünü qübar edən, başından tüstü çıxardan obrazlardandı.
Bir vaxt bir ev vardı Qarayazıda,
Yastı balabana oxşayan bir ev.
Elə görkəmindən, boy-buxunundan
Sənin arabana oxşayan bir ev…
Və yaxud:
Dərdindən qara dam qaraldan adam,
Neynirsən bir belə haray ucaldıb?
Və bir də görürsən şair agrı-acını Yallı havası üstündə yazır. Sanki gərdişə, dövrana bu havada “dov” gəlir.
Yadıma “Yeddi ogul istərəm” kinosundan bir məqam düşdü:
Cəlalın “Yanıq Kərəmi” havasında güllələnmə səhnəsi…
Sizcə də bu səhnə ilə, şairin dərdini “Yallı” havasında dindirməsi assosiaya olunmurmu?
Sairin yaradıcılıgında “at” obrazı da öz fərqli missiyası ilə oxucunun görüşünə gəlir.
At obrazlarında söz hərəkətliliyi, hadisələrin gedişinin çevikliyi insanda bir vətənpərvərlik hissi oyadır. Sanki bu şeirlər düşmən üzərində qələbəyə səsləyir adamı…
Mümkün deyil ki, sənin qanın damarda coşmasın…
Baxdım, qarşı yatan daglara baxdım….
Dumanda-ag atlı oglandı sanki,
Buludu çeçədi, oxrandı sanki.
Çənlibel Qıratın kişnərtisnən,
Düratın nalıynan oxlandı sanki.
Nəmərə tozlanan cıdır görsəniz,
Bəlkə də qanımız sim-sim tellənər.
Başınız üstündə qamçı yerinə
Haçan topuz oynar, bayraq yellənər…
Sanki bu misralar Cəngidir, Halaydır, İldırımlı yollarladı….
Başqa bir bəndə nəzər salaq:
Nə bilsin çöl quşu, çaxraq daşları
Ömrün o üzündə qısırdı torpaq.
Nalında hancarı körüklənirdi,
Nalında hancarı qızırdı torpaq…
Atların nalından çıxan enerji ərşə qalxır sanki…
Bunun qarşısında düşmənmi qalar?
Allahverdi Təkləli mistik gücünü Orxon-Yeniseyin daş yaddaşından, Dədə Qorquddan, Ulu ozanlardan, Tanrıdan alır.
Onun ruhundakı irfan ruhu, şaman nəgmələrinin ritmi hər misrani sehrli,ovsunlu edir. Bü uzdən şeirlərdəki poetiklik, qafiyə uygunlugu, sözün alt qatlarının məzaciliyi oxucuya maraqlı gəlir. Seirlərinin verdiyi enerjinin təsirindən insan özünə, keçmişinə, soyuna, qanına, iliyinə qayıdır. Dilinin ucuna gələn qım-qımanın , şaman nəgmələrinin, tütək, balaban səsinin, yanıqlı saz havasının təsiri altında oxuyur şeirlərini…
Bəzən bir “Dilqəmi, “Zarıncı” havasında insan zümzümə edir şeirləri özü də bilmədən….
Hələ də başımda bir gül eşqi var deyən şair bir misrasında deyir ki,
Gəlmişdik Gün kimi işıq saçmağa ,
Nə bilək Ay kimi batmağa gəldik…
Ay obrazı da şairin yaradıcılığında sanki tanrının elçisi kimidi.
Göy üzü Tanrının sevgi məktubu
Aysa o məktubun vergülü idi…
Onunla Tumru fəslində görüşdük…
O fəsil ki, elə Allahverdi Təkləli də bu fəsildə dogulub.
Söz Adam, bu dünyaya gəlişin mubarək!
Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimiznən?
Deyə bilərsənmi nə deyəcəyik,
Dünyaya- dünyadan gedişimiznən?
Ayna Səs

Əlirza Xələfli sadəcə yaxşı ədib deyil, o sözümüzün fədakar fəhləsi, zəmanənin bütün biganəliklərinə rəğmən, söz ocağımızın gur yanması üçün təmənnasız xidmət yolunu seçmiş usanmaz qələm sahibidir.
Məhz ədib və qələm sahibi.
Ona görə ki, “ədib” kəlməsi bir yaradıcı olaraq Əlirza Xələflinin universallığını, üz tutduğu ədəbi səmtlərin hamısında qabilliyini əhatə edir.
Və ənənəvi olaraq cibində hər qələm gəzdirənə aid edilə bilən “qələm sahibi” deyimi Əlirzaya münasibətdə dəqiq ifadəsini tapır.
Qələmi həmişə onun ixtiyarındadır, o, heç vaxt sözü incitmir, sözü gözlətmir, sözü axtarmır. Sözlər özləri ona doğru uçur.
Bu, doğmalarına öyrəşmiş uşağın onlara can atması, adamdan sevgi görüb ona alışmış bir canlının hürkmədən, tərəddüd etmədən o insana sarı gəlməsi kimidir.
Qoca ədəbiyyat həminki ədəbiyyatdır. Ancaq ədəbiyyata və ədəbiyyat adamına münasibət müasir dövrdə çox dəyişib.
Əlirza qələmində və qəzetində ədəbi həyatın coşqun çağlarının havasını yaşadan, bununla da sözümüzün sabahına ümidləri artırandır.
Əlirzalar ədəbiyyatımızın bütün dövrlərində olub.
Olmasaydı, bu ocaq çoxdan sozalardı.
Olub, amma həmişə də tək-tək olub.
Və gərək tək-tək olanların qədri də qat-qat artıq bilinə.
Rafael Hüseyn,
26.03.2024
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANARı doğum günü və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli ANAR müəllim,
Sizi doğum gününüz və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm!
Siz Xalq yazıçısı, tərcüməçi, ssenarist kimi zəngin ədəbiyyatımızın, mədəni irsimizin gələnəklərini qayğı-sayğı ilə davam və inkişaf etdirib, ədəbiyyatımızı, ictimai-mədəni həyatımızı, #sənət dünyamızı daha da zənginləşdirmisiniz.
Siz görkəmli ictimai və sənət xadimi, ustad yazıçı olaraq ölkəmizdə, Türk dünyasında sevilir, oxunur, öyrənilirsiniz.
Əsərləriniz bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb və bu iş günümüzdə də davam etməkdədir.
Siz 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmiş, o cümlədən Mədəniyyət Komissiyasının sədri olmusuz. Sizin Mədəniyyət Komissiyasına rəhbərliyiniz dönəmində mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, dil, kinematoqrafiya haqqında və b. vacib qanunlar parlament tərəfindən qəbul edilib.
Siz müstəqil Azərbaycanın yüksək dövlət təltiifləri – “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Əmək” ordenləri, “Heydər Əliyev Mükafatı”, Prezidentin Fəxri diplomu ilə, bir sıra digər mükafatlarla təltif olunmusunuz.
Sizi doğum gününüz, yaradıcılıq uğurlarınız və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”… Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var… Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”. Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil.
Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür… Sual mürəkkəbdir…Sual bəsitdir…
Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır. Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur. “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var.
Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə güzgü kimi baxır-Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!”
Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi…Bəlkə də, bilir?!
Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”. “Bu şeir məni çəkib apardı…” dediyimiz məqamın elmi izahıdır…
Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”. Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər!
Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub…
“Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova. “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya. Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?!
Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da… İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər, Qorxaqlar sevilir”?!
…Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”. Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə…” Sonra da Qulu Ağsəsin idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə…
Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə, təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlin Məni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük.
“Meşə görməmişdim belə arxayın, Mən belə narahat dağ görməmişdim…” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə…
“Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz…” Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə müəllifinin kim olduğundan danışır.
Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir”. Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox, axtarmayacağam… Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?!
“Neçə kərə söz göndərdin, ərindim, yazammadım…”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə… Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik.
Tanrının yanında ömür rəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş şey göndər, Doldurub geri qaytarım…”
Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu. “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:
(Bir gün)
Yaddaşlar üzlənəcək,
Dostlar varaqlanacaq.
Baxışlar sıyrılacaq
Körpü cığırlar üstdən!
“Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət.
Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur?
Şəfa Vəli (2024)
Məleykə MİRZƏLİ
Bakı Dövlət Universitetinin
Türkologiya kafedrasının doktorantı
Uzaq Sibir torpaqlarında, gözləri qıyma, saçları qara, eynən qədim türklərin görkəmində yaşayan bir xalq var – yakutlar. Kilometrlər, əsrlər, araya girmiş imperiyalar – heç nə onları malik olduqları öz’lərindən ayıra bilməyib.
Bu düşüncələrdəykən türkün böyük ozanı, türklüyü sətir-sətir vərəqə düzən yazarımız Rüstəm Behrudinin bir neçə misrası ağlıma gəlir:
“Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN”.
Sibirdə ovçu bir yakut…
***
YAKUTLAR
Rusiyanın Uzaq Şərqində, Şimal Buzlu Okeanı boyunca yerləşən Saxa (Yakutiya) Respublikasının 1 milyon əhalisinin, təxminən, 450 minə qədəri yakut türküdür. Yakutların sayları az olsa da, qədim türk inanclarını, dillərini və xalq ədəbiyyatlarını qoruyub günümüzə qədər gətirmələri çox diqqət cəlb edir. Yakut dilinin çağdaş türk dillərindən kəskin fərqlənişi bizləri çaşdıra bilər. Etimoloji təhlillər, müqayisəli tədqiqlər göstərir ki, yakut dili türk dilləri ailəsindən ilkin ayrılan dillərdən olub. Hətta dillərimiz arasında saylar üzərindən oxşarlığa nəzər salmaq da yakut dilini digər mənşələrə aid edənlərə tutarlı cavab olar: biir – 1, ikki – 2, üs – 3, tüört – 4, bies- 5, alta – 6, sette – 7, ağis – 8, toğus – 9, uon – 10.
Tarix boyunca yakutlar demək olar ki, bütün Lena hövzəsi boyunca yarı uruqlarda (kiçik tayfalar) yaşayıblar. Bu uruqlar yakut dilində “con” adlanırdı və hər icmanın öz bəyi (toyonu) olurdu. Toyon/toyun qədim türk ləqəbidir, avarlar və xəzərlərdə də mövcud olub. Xəzərlər vasitəsilə ruslara keçdiyi, XVII əsrə qədər gəldiyi məlumdur. Rusların Sibirə gəldiyi dövrdə yakutların bir hissəsinin Tigin adlı toyonun hakimiyyəti altında yaşadıqları barədə şayiələr var. Tigin/tegin qədim türkcə sözdür, mənası isə “şahzadə”-dir. Bütün yakutların başında duran hökmdar böyük toyon adlanırdı.
Ruslar xarici bazarlarda çox məşhur olan xəz ticarətini tamamilə ələ keçirmək üçün Sibir bölgəsinə doğru irəliləməyə başlayırlar. 25 sentyabr 1632-ci ildə onlar Lena çayının mərkəzi hissəsində Lena qalasını (indiki Yakutsk şəhərindən 70 km aralıda) tikirlər. Beləliklə, rusların yakutlar üzərində hökmranlığının ilk addımı atılır. Ruslar dəstə-dəstə bura gələrək müxtəlif yerlərdən yakutların arasına girərək xəz yığırlar. Manqazaydan (Manqazeya) göndərilmiş rus (kazak) dəstəsi 1633-cü ilin yazında Yakutsk şəhərindən göndərilmiş başqa bir rus dəstəsi ilə qarşılaşır. Rus kazakları və ya “iş adamları” bəzən isə özləri üçün xəz almaq üçün yakutların arasına girirlər. Beləcə, bütün Yakut eli Rusiya tərəfindən talan edilir.
«OLONXO» DASTANI
1632-ci ilə qədər – Saxa türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də «Olonxo» dastanı, onun boyları, yaxud qollarıdır. Bu örnəklər unikal bir ənənəyə malikdir, bir çox fərqli hekayələrdən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə adlandırılır və onların olonxohut adlı xüsusi rəvayətçiləri var.
Qəhrəmanlıq dastanlarına, demək olar ki, hər bir cəmiyyətdə rast gəlinir, onlar şeir formasında olduğu üçün daha maraqlıdır, həm də cəmiyyət arasında əzbərlənib yadda qalması daha asan olur. Yakut ədəbiyyatındakı «Olonxo»-lar uzunluğu və bənzərsiz hekayə quruluşu ilə diqqəti cəlb edir. Onların həcmi minlərlə, hətta on minlərlə sətir ola bilər.
Olonxohutlar tarixi ənənəni qoruyaraq qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcazlarla, metaforla bəzəyir, qədim Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonxohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və sanki «Olonxo»-nun həlqəsinə düzülür. İndiyə qədər toplanmış ən məşhur «Olonxo»-lar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl), alqıs (alqış, ilahi), ırıa (bayatı, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur. Ruslar bu əlifbadan xristianlığı yaymaq, həmçinin folklor materialları tərtib etmək üçün istifadə etmişlər.
E.K.Pekarski özünün yakutca-rusca lüğətində «Olonxo»-nu belə tərif edir: “Qəhrəmanlıq dastanı, Bahadırların qəhrəmanlığını yad edən nəğmə, ölçülü qəhrəmanlıq şeiri, nağıl, uydurma hekayə, tarix, əfsanə”.
«Olonxo» dastanı yakut folklorunda mərkəzi yer tutur, yakutlar tez-tez “Olonxo” bədii rəvayət gecələri keçirirlər. Hətta 20-ci əsrin əvvəllərində hər Yakut kəndində bir neçə «Olonxo» rəvayətçisinin olduğu müəyyən edilmişdir. Bu rəvayətçilər Olonxosut adlanır. Yakut dilində dastan söyləmək “oloqolo-”, “olonxolo-” feli ilə qarşılanır. «Olonxo» oxuyanların xüsusi məharətli aktyorluq və improvizə ritorikası bacarıqları olmalıdır. «Olonxo» dastanları musiqi müşayiəti ilə ifa edilə bilər. “Nuyurgun Boğotur” yakut «Olonxo»-larının ən məşhuru, həm də ən uzunudur, poeması 36000 misradan ibarətdir. «Olonxo»-lar 2005-ci ildə YUNESKO-nun “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri” siyahısına daxil edilmişdir.
«Olonxo»lorda danışılan hekayələrdə üç dünya var: Üst, Orta, Aşağı dünya. Üst dünya tanrıların evidir, orta dünya isə insanların yaşadığı hissədir. Aşağı dünya yeraltıdır. Kainatın ortasında “Aal Luuk Mas” var, onun kökləri Aşağı Dünyaya qədər uzanır. Onun budaqları göyə, tanrıların məskəninə qalxır.
Bu sözün mənşəyi hara söykənir bəs? Saxa türklərinin ən məşhur tədqiqatçılarından olan türkiyəli professor M.F.Kirişçioğlu qeyd edir ki, «Olonxo» sözünün qıpçaq dialektlərində işlənən ölöng “mahnı, xalq nəğməsi” sözü ilə həm formaca, həm də mənaca oxşarlığı var. Saxa dilçisi Antanovun fikrincə, sözün ikinci hissəsindəki -ko bütün türk dillərində “şeir, mahnı yazmaq” feilinin qalığıdır və buradan Saxaca kohuy- “şeir, mahnı yazmaq, oxumaq”, kohoon “şeir” (türkcə koşuğ “şeir, mənzumə”; köşak “tarixi mahnı”) sözləri törədilmişdir. Buradan bəlli olur ki, saxaca «Olonxo» (“toplanmış söz”) sözü çox qədim türkcə olan ölöng “mahnı” + kohoon “əsər” sözlərinin birləşməsindən yaranmışdır.
«Olonxo» saxaların milliləşməsi prosesində formalaşıb və mənlik şüurunun yaranmasını, inkişafını epik şəkildə sənədləşdirib. Qəhrəmanlıq rəvayətlərinin məzmununa nəzər salsaq, saxaların etnik şüuru tayfa quruluşunun getdikcə dağıldığı, hələ də patriarxal xarakterini qoruyub saxlayan erkən ictimai münasibətlərin yarandığı bir dövrdə formalaşmağa başladığını görərik. Bu dövrdə tayfa ideologiyasının geniş xalq kütlələri üçün xüsusi əhəmiyyəti vardı. Bu rəvayətlərdə tayfalar, icmalar arasında qarşıdurmaların yaşandığı, “tayfanın insanlara həm ayrı-ayrı tayfalardan olanlara, həm də özlərinə qarşı sərhəd yaratdığı” dövrdə bir növ birlik və həmrəyliyə çağırış görmək olar.
«Olonxo» dastanı yakut milli bayramı olan Isıaxda da ənənəvi şəkildə oxunuraq günümüzə gəlib çatmışdır…
YAKUT MİLLİ BAYRAMI – ISIAX
Bayramlar hər bir xalqın həyatında böyük rol oynayır. İnsan cəmiyyəti əsrlər boyu öz mədəniyyətini, adət-ənənələrini, folklorunu nəsildən-nəslə ötürür, yaşadır. Bu şəkildə tarixi ənənəni yaşadan bayramlardan biri də yakut türklərinin Isıax bayramıdır. Bu bayram ilin ən uzun günləri olan 21-22 iyun tarixlərində qeyd olunur. Yeni ilin, təbiətin oyanmasının, yayın başlanğıcının, xalqın birliyinin, bərəkətin simvoludur. Bu bayram Yakutiyanın hər yerində, hətta onun hüdudlarından çox uzaqlarda – Uzaq Şərqdə, Sibirdə, Moskvada, Sankt-Peterburqda, Rusiyanın yakutlar yaşayan digər şəhərlərində keçirilir.
Isıax bayramı şaman duası ilə başlayır. Bu həm qonaqları qarşılamaq, həm də bölgənin atəşinə və ruhuna təşəkkür etmək üçündür. Gün ərzində böyük ziyafətlər, müxtəlif şoular keçirilir, ənənəvi xalq rəqsləri ifa olunur, “toyuk” mahnıları oxunur, «Olonxo» dastanları danışılır. “Osuoxoy” rəqsi də bu ənənələrdən biridir. Yallı şəklində oynanılan bu rəqs günəşi təmsil edir. Müğənni mahnının sözlərini improvizə edir, rəqqaslar isə onları təkrarlayır. Bu rəqs dayanmadan səhərə qədər davam edir. “Toyuk” nəğmələri saxa türklərinin ənənəvi boğaz musiqilərindəndir. Bu mahnılar saxa türklərinin mədəniyyəti ilə həyat tərzini təsvir edir. Ixıax bayramında «Olonxo» dastanlarının oxunması da mühüm yer tutur. Günlərlə qocaman igidlərin həyatı, mübarizəsi, döyüşləri, uğurları həyəcanlı şəkildə danışılır. Bayram yerlərində soy-köklü ailələr tərəfindən “balaqan” adlanan ənənəvi yurtalar yaradılır. Burada milli xörəklər bişirilir, həmin milli xörəklərlə qonaqları qarşılayırlar. Ənənəvi yeməklər adətən ət və süd məhsullarından hazırlanır. Bunlara “subai”, “köürçex” və s. daxildir. Bayram zamanı saxa türklərinin ən müqəddəs içkisi hesab edilən qımız arzu tutularaq içilir. Sonra qiymətli əşyalarının üstünə qımızı səpirlər ki, çoxalsın, bərəkətli olsun. Bayrama hazırlıq il boyu aparılır. Gənc qızlar, qadınlar bayram üçün xüsusi milli geyimlər tikir, ən gözəl zinət əşyalarını taxırlar.
Yalnız qadınlar deyil, kişilər də bayrama hazırlaşır. Kişilərin güc yarışması “Dıqın oyunları” adlanır. Dıqın oyunları iki gün davam edir. Bura yeddi fərqli oyun növü daxildir. Bunlardan birincisi “Xapsağay”-dır. Xapsağay ənənəvi saxa güləş oyunudur. Bundan əlavə, oxatma yarışları keçirilir. Bayramın ən həyəcanlı məqamlarından biri də at yarışıdır. Bu yarışlar həm tamaşaçılara, həm də yarışçılara böyük həyəcan verir.
Bayramın sonunda camaat toplaşıb günəşə dua edir, onu qarşılama mərasimi keçirir. Üzlərini günəşə çevirib əllərini uzadaraq qarşıdakı uzun və çətin il üçün günəşdən güc alırlar.
Ədəbiyyat:
В.Т.Петров, Роль Фолклора в Зарождении Якутской Литературы. Якутск, 1972. Н.В. Емельянов. Сюжеты якутских олонхо. Москва, 1980. Антонов Н.К. Материалы по исторической лексике якутского языка. Якутск, 1971. F.Kirişçioğlu. Saha Kahramanlık Destanı “Olonko”. https://100yakutia.ru/kultura-yakutii/traditions/38-prazdnik-belogo-izobiliya-yuryung-tunakh-ysyakh https://100yakutia.ru/kultura-yakutii/traditions/36-yakutskij-geroicheskij-epos-olonkho
Neçə gündür Ehtiram İlhamdan ismarıc var ki, qarşıdan əzizimiz Xaqani Qayıblının 60 yaşı, yubiley günü gəlir, mən də bir ovuc söznən təbrik karvanına qoşulumamı istədilər.
Di gəl indi bu yükün altına gir, görüm! Hardan başlayaram, mövzuya hardan açar taparam? Bu qədər yaxından tanıdığın, bildiyin adam üçün, sənin bildiyini də yüzlərlə bilənlər bilirsə, sən təzə nə yazarsan, hə? Könül qapısının bu qədər açıq olması möcüzədir axı!
Allahyar Əyyubla danışıram telefonda, ordan-burdan… Bizim vatsap üzərindən bir dostluq qrupumuz var, dedik-güldük. Söhbət Xaqandan düşür, məlum olur ki, Allahyar müəllim də, Həmid Ormanlı da mənim kimi bu mövzuya, bu təbrikə “giriş açar” axtarışındadirlar!
Mən Xaqanla ilk görüşdə illərin tanışı, sirdaşı kimi və ya illərin ayrılmışı kimi görüşdük, bağır basdıq, kövrəldik. Bu görüşlərin, bu dostluqların, bu sevdaların əsas addamancı, körpüsü, səbəbkarı, komutanı isə birmənalı olaraq Çiçək xanımdır! Bu danılmazdır!
Xaqani Qayıblı Şəms Təbrizinin, Mövlana Cəlaləddinin, Xızırın dərvişlibas müridlərindən, səma adamı, ayağının birinin burda, birinin isə yeri, məkanı, mənzili bilinməyən, dünyanın hər yerində olan ruh adamlarındandır. Şəmsin qırx kuralının otuz doqquzu Xaqaninin canında, qanında, dilində, beynində, onun kövrək könlündə, bir andaca göllənən gözlərində, yanaqlarına tərəf uçunan göz yaşlarında köklənmiş, kök atmışdır. Kimsə bilə bilməz, seçə bilməz ki, Xaqani onu başqasından fərqli düşünür, sevir, hörmət qoruyur, sevgi bölüşür, dərdləşir. Bu mümkün deyil!
Düşünürsən ki, İlahi, bu qədər sevda, enerji, inam-etibar, səmimiyyət hardandı? Təbii ki, onun fərqində olduğu, sevdası üstün olduğu, içdən özününkü olanlar var… Amma, bunu digərindən saxlamaq, qorumaq, bildirməmək ya bir istedad istər, ya da saxlanc yeri nə qədər nəhəng olmalıdı, yahu?!
Xaqani Qayıblının, həm də, maraqlı təhsil alma, davam etmə, artırma yolu, xəritəsi var. Orta, tam orta, ali orta, ali və s. Məsələn, bizim kənddə onun traktorist peşəsi üzrə üç-dörd tələbə yoldaşları var. Bir dəfə söhbət zamanı onlar Xaqandan fəxrlə, qürurla danışdılar. Bu gün onun hansı mərtəbədə olduğu isə bəlli, gün kimi görünməkdədir.
Vallah yazdım e, yazmağına! Amma, onu bilirəm ki, onun haqqının yüzdən birini də bu yazıda çatdırammadım. Bir ovuc sözlə Xaqanın həndəvərinəmi hərlənmək olar? Bircə onu diləmək istəyirəm ki, balalarının başından əskik olmasın. Turanın özü istədiyi, arzuladığı kimi, Qaraçöpdən bir qızla, elə Qaraçöpdə də toyunda Xaqanın başına dolanaq, pərvanə misal!
60 il haqqın-halalın olsun, Xaqanım!
Üzümə tutalğac dördcə xana şeir də sənin şərəfinədi, XAQANIM!
Buna bax, gözüm yol çəkir,
Kimdəsən, nəydəsən, gəl çıx!
Kimin bəxtinə çıxıbsan,
Xandasan, bəydəsən, gəl çıx!
Söhbəti, gapı açıqdı,
Özünü tapın, açıqdı!
Yenə də qapın açıqdı…
Çöldəsən, öydəsən, gəl çıx!
Bu hava oynatdı məni,
Sonradan göynətdi məni,
Nəydi ki, inlətdi məni,
Sazdasan, neydəsən, gəl çıx!
Oyanırsan günəşmisal,
Yeriyirsən yürüşmisal,
Sən hardasan dərvişmisal,
Yerdəsən, Göydəsən, gəl çıx!
Sənin müdrik, işıqlı, yaraşıqlı simanda göyü, səmanı, təbiəti, cümlə dünyanı görmək arzusuyla, mən, qardaş bildiyin MÜBARİZ QARAGÖZLÜ.
Yusif Savalan
Qarabağ qazisi
Gərək ki, Yusif Səmədoğlu “Qətl Günü” romanında belə deyirdi:”Dərd dünyanın belinə dolanmış bir kəndirdir ki, hamı bu kəndirdən tuta-tuta bir-birinə yaxınlaşır”.
Xaqani Qayıblının şeirlərini oxuyub onun dərdinin mənim dərdimə qardaş olduğuna əmin olandan sonra bu böyük kişiylə görüşmək ehtiyacı ruhuma qənim kəsildi.
Sağ olsun əziz qardaşım, gor dostum Həmid Ormanlı, murazımı gözümdə qoymadı,-
“Yaşanası yer deyilmiş,
Tfu, qürbətin üzünə!” deyən şairin uzaq Estoniyadan vətənə növbəti səfərlərinin birində nəhayət, görüşdürdü bizi.
O məclisdə gördüm ki, duyğularımda qətrə də yanılmamışam. Həsrəti ürəyimə qor salan o dağlarda, dərələrdə qoyun-quzuya yellədiyim çomağımı saza çevirib zümzümə etdiyim havalar onun da ağzının havasıymış, danışdığı söhbətləri uşaq vaxtı qoca-qoca babalardan da eşitmişəm, dediyi şeirlər elə nənəmin oxuduğu qımqımılar imiş.
Ürəyimin sinəmdə necə böyüdüyünü hiss edirdim, eşqim kükrədi. Məni saxlamaq olmazdı daha.
Akif Səməd deyirdi :
“Ay həzarat, mən oynayan deyildim
Birdən-birə havalanıb oynadım”.
Bu eşqin yüyənini özüm də çəkmək istəmədim. Dedim eeh, kim bilir, bir də ruhum nə vaxt göylərə pərvazlanacaq…
Soyuq qürbətin saçına dən saldığı 60 yaşlı Xaqani Qayıblının bundan sonrakı ömrünə qoy ulu Tanrımız gün salsın.
Mən o günü salamlayıram.
“Məmməd İsmayılın vəziyyəti heç ürəkaçan deyil. Görkəmli şairimizin bu halda olması, ömrünün bu çağında ona qarşı laqeyd münasibət heç birimizə başucalığı gətirməz”.
Bu sözləri “Kulis”ə açıqlamasında şair Ehtiram İlham deyib. O qeyd edib ki, Məmməd İsmayılın səhhəti ilə bağlı lazımi qurumlar təşəbbüs göstərməlidir:
“İnanın, Məmməd İsmayıl heç vaxt giley-güzarını dilə gətirməyib. İndi də dişini dilinə sıxıb ağrılarla mübarizə aparır. Amma onun bu vəziyyətinə biganəlik mənim kimi neçə-neçə qələm adamını məyus edir. Açıq deyim, əlimizdən də nəsə gəlmir. Gözümüz görə-görə Məmməd İsmayılın iztirablar içində sonunu gözləməsi faciədi. Ağrılara dözümü qalmayıb”.
E.İlham aidiyyatı qurumları Məmməd İsmayılın səhhətini nəzarətə götürməyə səsləyib: “Məmməd İsmayıl təsadüfi şəxsiyyət deyil. Hər şeydən əvvəl o, Azərbaycanın sevimli şairidir. 1966-1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976-1980-ci illərdə “C.Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri, 1988-1992-ci illərdə “Gənclik-Molodost” jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” komitəsinin sədri vəzifələrində çalışıb. Bədii yaradıcılıqla yanaşı, Məmməd İsmayıl uzun illər Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub, professor dərəcəsinə qədər yüksəlib.
Şükür Allaha ki, dövlətimizin hər cür imkanları var. İndiyə qədər onlarla dəyərli sənətkar, qayğıya ehtiyacı olan mədəniyyət xadimi müalicə olunub, onlara xüsusi qayğı göstərilib. Heydər Əliyev Fondu xüsusən bu məsələlərdə diqqətcil olub, humanistliyini, yardımsevərliyini sərgiləyib. Mən həm öz adımdan, həm də qələm yoldaşlarım adından aidiyyatı qurumlardan xahiş edirəm ki, Məmməd İsmayılın qapısını döyüb vəziyyətinə şahid olsunlar, səhhəti nəzarətə götürülsün. İnanıram ki, səsimizə səs verəcəklər”.
