YENİLİKLƏR
DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçiriləcək (Qeydiyyat: s.16.00, açılış: s.17.00). “Şeir Axşamı”nda bölgələrdən gəlmiş (yaşı 30-dək olan) gənc şairlər öz şeirlərini oxuyacaq və münsiflər heyətinin müəyyənləşdirəcəyi 3 nəfər ödülləndiriləcək.
Yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan şair Mətləb Ağanın “11-ə qədər” adlı şeirlər kitabı işıq üzü görüb.
Ədəbiyyata ötən əsrin 90-cı illərində gəlsə də, “11-ə qədər” Mətləb Ağanın oxucularla ilk görüşüdür. Şairin “Qanun” nəşriyyatında çıxan ilk kitabında şeirlər 3 bölümdə təqdim olunub. Kitabın sonunda isə “Mətləb Ağa haqqında deyilənlərdən” bölümü yer alır.
16-17 noyabr 2013-cü il tarixdə qardaş Turkiyənin Antalya şəhərində “Türk Dünyası Ədəbiyyat Buluşması” düzənlənib. Buluşmaya 12 ölkədən 115 yazar qatılıb. DGTYB Təsisçilər Şurasının üzvü Təranə Turan Rəhimlinin də qatıldğı Buluşmada, Azərbaycandan habelə Qalibə Cəfərova, Aygün Akifqızı, Raifə Sərxanqızı, Adilə Nəzərova, Kubra Quluyeva, Nailə Yusufova və Qabil Ədalət də iştirak edib.
DGTYB Məsləhət Şurasının üzvü, bir sıra maraqlı tarixi yazıların yazarı CƏLALƏDDİNin (Cəlaləddin Qəzənfər oğlu Qasımov) oxucularla ikinci kitablı görüşü “Çingiz xanın xəzinəsi” adlanır. Eyni adlı romanda çağdaş yaşamla qədim tarixin xəyali vəhdəti mistik olaylar fonunda təsvir edilib. Əsərin əsas bədii məziyyətlərindən biri də orta yüzillər Doğusunun böyük hökmdarlarının xarakterik özəlliklərinin ustalıqla qələmə alınmasıdır.
AYB Muğan Bölməsi möhtəşəm kitab təqdimatı düzənlədi.
26 oktyabr 2013-cü ildə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin təşkilatçılığı ilə jurnalist Böyükağa Mikayıllının pedaqoji elmlər doktoru, professor ƏJDƏR AĞAYEVin yaşam və yaradıcılığından söz açan “İŞIQ” sənədli romanının təqdimatı keçirilib.
Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) Cümhurbaşqanı Dərviş Eroğlunun məsləhəti ilə qələmə alınan bu əsərdə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk coğrafiyası barədə ilginc faktlar açıqlanır və Türk Dünyasının gələcəyi ilə bağlı proqnozlar qeyd olunur.
Millət vəkili Qənirə Paşayevanın “Özümə yolçuluq” trilogiyasının ikinci cildi işıq üzü görüb
“O…” adlanan yeni kitabda xanım millət vəkilinin Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xəttlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir, desək yanlış olmazdı.
Ədalət Əsgəroğlu vəfat edib
Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin başçısı, şair Ədalət Əsgəroğlu dünən gecə vəfat edib.
Şairin dostu Sayman Aruzun verdiyi xəbərə görə Ədalət Əsgəroğlu insult keçirib. Onu şəfa evinə yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.


