Ana səhifə BAŞ YAZI Çağır məni, səssizlikdən ürpəndim…

Çağır məni, səssizlikdən ürpəndim…

Müəllif: Bizim Yazı
319 baxış

Faiq HÜSEYNBƏYLİ

MÜBARƏK

Mizrabını sinəm üstə oynadan
bir eşq ilən durulmağım mübarək..!
Sim üstündə ocaq çatıb ruhuma,
pərdə-pərdə kül olmağım mübarək..!

Bir ilahi eşqə varıb ürəkdən,
gözəlliyi görk elədim mələkdən…
Sevə-sevə öc almışam fələkdən,
çiliklənib qırılmağım mübarək..!

Qəm şələsi ağır gəlir sağrıma,
bir İlahi səs yetişər ağrıma…
Bu sevgini, eşqi basıb bağrıma,
dönə-dönə sarılmağım mübarək..!

Budur sözün məhəbbəti, nidası,
yaman olur işvə-nazı, ədası…
Min illərin yolçusuyam, qadası,
gəlib səndə yorulmağım mübarək..!

İKİ ƏLİM QANDA OLSA

Sənə gələn haqq yoludu, əfəndim,
kölə canım xan da olsa, gələrəm.
Çağır məni, səssizlikdən ürpəndim,
can üstündə can da olsa gələrəm.

Dilə gətir içimdəki rübabı,
bu quluna rəva görmə əzabı…
İki nədir, dünyaların hesabı,
beş də olsa, on da olsa gələrəm…

Lal olaram, quruyaram, axmaram,
qərq olaram Günəş kimi, çıxmaram.
Bu dünyanın nizamına baxmaram,
yaradılış sonda olsa, gələrəm.

Donub sənsiz ömrüm-günüm, hər anım,
həsrət dadır, qəm qoxuyur dörd yanım.
Çağır məni hüzuruna, sultanım,
iki əlim qanda olsa, gələrəm.
BƏHANƏ

“Gedirəm” söyləsəm, eşit, inanma,
Səndən qeyri sevgi, yar bəhanədi.
İnsan İlahinin sevgi halıdı,
Şeir yazmaq üçün qar bəhanədi.

Özü öz evini yıxıb, dedilər,
Başını bəlaya soxub, dedilər.
Faiq də abırdan çıxıb, dedilər,
Desinlər, o ismət, ar bəhanədi.

Məni kim susdurar, kim dilləndirər,
Eləyər könlümü mum, dilləndirər?
Taxta parçasını sim dilləndirər,
Kaman bəhanədi, tar bəhanədi.

Şükür İlahiyə, hələ sevirəm,
Almışam könlümü ələ, sevirəm.
Mən elə sevirəm, elə sevirəm,
İçimə saldığın qor bəhanədi.

Çıxardım sirləri dərindən üzə,
Gör necə qarışdı gecəm gündüzə.
Allah qüdrətini göstərir bizə,
İnsan bəhanədi, Yer bəhanədi.

Şeir ruh halıdı eşqin, sevginin,
Yağış bəhanədi, qar bəhanədi…

ƏZABA GÜLƏN ADAM

Dodağında təbəssüm,
gözlərində gülüş var.
Kim deyir ki, payızda
çiçək açmır arzular?

Ömür həmin ömürdü,
həyat həmin həyatdı:
Kədərdi, intizardı,
səadətdi, nicatdı…

Gül, gülüşün şüşə tək
cingildəsin, əziz dost!
Utandırsın qisməti
sözün, səsin, əziz dost!

Gülüş ömrü uzadar,
Gül, ömrün bahar olsun.
Sənin olsun gözəllik,
Tanrı sənə yar olsun!

Suallar qarşısında
dayanmışam lal kimi.
Xatirələr, ötənlər
bir yuxudu bal kimi.

Kim dəyişər düzəni? –
qəmlə süslənib odam.
Gülüşünə heyranam,
əzaba gülən adam..!
SEVMİŞƏM

Yüz gözəlin içindən
seçib sevmişəm səni.
Keçilməyən yolları
keçib sevmişəm səni.

Mən çəkəni sən də çək,
nə şübhə qalsın, nə şəkk.
Sərxoş başla şərab tək
içib sevmişəm səni.

Geyindim söz əynimə,
düz gəldi, düz əynimə.
Ruhunu öz əynimə
biçib sevmişəm səni.

Sən dənizsən, mən ada,
sevdim səni, ay adam.
Qəlbinə bu dünyadan
köçüb sevmişəm səni.
YOL

Bu yol hardan başlayır,
harda yetir sona yol?
Tutub bala küçənin
əlidən bu ana yol.

Azıb-itsə, qayıdar,
ömür bitsə, qayıdar.
Hara getsə qayıdar,
qayıdar tək Ona yol.

Kim ki, tənhadı, təkdi,
gözü yol çəkəcəkdi.
Yol var, güldü, çiçəkdi,
var ki, batır qana yol.

Yol budaqdı, yol yarpaq,
bir az dərə, bir az dağ…
Gah daş olur, gah torpaq,
girir dondan-dona yol.
GEDƏK UZAQLARA

Hicrana qəhqəhə çəkək,
gülüb gedək uzaqlara.
Ömrü dədə malı kimi
bölüb gedək uzaqlara.

Faş eləyək həqiqəti,
sevgi adlı təriqəti…
Kim yazıbsa bu qisməti,
silib gedək uzaqlara.

Ver Faiqə öz yükünü,
bir eləsin yüz yükünü.
Yaxınların söz yükünü,
bilib gedək uzaqlara.

Açılmaz sirr uzaqlıqdı,
ən gözəl yer uzaqlıqdı.
Ölüm də bir uzaqlıqdı,
ölüb gedək uzaqlara..!
YENƏ GEC GƏLƏCƏKSƏN

Qış ötsə, qar ərisə,
yaz olsa, nolacaq ki?
Alın yazım yenidən
yazılsa, nolacaq ki?

Nə dəyişər həyatda? –
hərf eyni, say eyni…
İl həmin il olacaq,
gün həmin gün, ay eyni.

Yenə gec gələcəksən,
Göz yaşı, Yağış və Yol…
Heç nə dəyişməyəcək,
Mən mən olum, sən sən ol…

Yenə həmin taleyi
bu Faiq yaşayacaq.
Başqa cür ola bilməz,
amma… lakin… və ancaq…

NİDAYLA BASDIRIN

Torpaqla, suyla pak edin,
odla, havayla basdırın –
Məni qədim şahlar kimi,
qalxanla, yayla basdırın.

Ey gülab qatan, ətrimə –
məst ol misrama, sətrimə…
Kimsə dəyməsin xətrimə,
nazla, ədayla basdırın.

Aşkar olar nələr, nələr,
qəmlə dolar piyalələr…
Ulduz-ulduz kəcavələr…
Günəşlə, Ayla basdırın.

Ruhumu sözdə axtarın, –
bakirə qızda axtarın.
Kamanda, sazda axtarın,
düyünlə, toyla basdırın.

Yar olmayan hər yar ilən,
mənəm, gedən rüzgar ilən.
Bu əhd ilən, ilqar ilən,
eşqə vəfayla basdırın.

Mən asiyəm sirr səsinə,
titrəyir göy-yer səsinə.
Qulaq verin Sur səsinə,
bu son nidayla basdırın!
SON

Çaparaq gəlmişəm mən bu ünvana,
ömrü əldən salıb yormağım da var.
Enişə-yoxuşa salıb yolları,
yıxılmağım da var, durmağım da var.

Mənzillər duymadı xoş niyyətimi,
söz ilə qurmuşam ünsiyyətimi.
Allah kəssin mənim xasiyyətimi,
ürəklər ram edib, qırmağım da var.

Dağları-daşları qum eləməyim,
xırdanı-xuruşu cəm eləməyim,
Hər sözü əridib mum eləməyim,
hər sözün sonuna varmağım da var.

İlahi göndərib, nə hədd daşına?
kim qoya bilər ki, sərhəd daşına?
Daha başım dəyib əlhəd daşına,
həyatı sonuna vurmağım da var.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.