Ana səhifə BAŞ YAZI ÇƏRPƏLƏNG (Mozaikalar silsiləsi)

ÇƏRPƏLƏNG (Mozaikalar silsiləsi)

Müəllif: Bizim Yazı
524 baxış

Yusif  GÜNAYDIN

1. Saqqal əmanəti
                                      Təvəkkül Səlimova

Ağır dövrlər gəldi, çox ağır! Qıtlıq, aclıq, pulsuzluq! Camaat evdəki son bəzək-zinət əşyalarını  bazara çıxarıb, dəyər-dəyməzə satmağa məcbur olurdu ki, çörək pulu əldə edə bilsin. Hamı borc içində idi. Borclular yolunu borc sahibinin məhəlləsindən salmamağa çalışırdı – birdən üz-üzə gələrlər, pərtlik olar – deyə. Kəndin əli iş tutan cavanları buraları tərk edib, qazanc dalınca quzeyə tərəf üz tutmalı olurdular. Çoxları orda tam müflis olub, məyus-məyus geri dönürdü, bəzilərinin isə özü yox, meyidi qayıdırdı. Bununla belə ruzi dalınca qürbətə getmək istəyənlərin sayı azalmırdı, hər kəs məhz onun işinin gətirəcəyinə imid edirdi. Buraları tərk etmək istəyənlərin arasında Məşdələkbər dayının cavan oğlu da var idi. Daimi işi olmayan, təsadüfi, xırda gəlirlərlə bir təhər baş girləyən gənci öz yanına çağıran əsgərlik yoldaşı Əlihüseyn idi. O qürbətdə ailə qurub, ev- eşik sahibi olmuşdu, işləri pis getmirdi, daimi, sanballı qazancı var idi. Yanına çağırdığı dostuna da xoş günlər vəd edirdi, bir şərtlə, o buralara əliboş gəlməsin, işə başlamaq üçün sərmayə gətirsin, işi düzüb-qoşmağı, qeydiyyat məsələlərini isə dostu öz boynuna götürürdü. Yazdığı məktublarda, ara-sıra yaratdıqları telefon ilişgilərində onu əmin edirdi ki, çox yox, üç-dörd aydan sonra “maya”nı çıxarıb, qazanca düşəcək, bəy kimi dolanacaq, qoca atasına da arxa, kömək olacaq. Məşdələkbər dayı ömrü boyu, halal zəhmətlə ailə dolandırmışdı, evinə bir haram tikə də gətirməmişdi, qızlarını da halallıqla köçürmüşdü. İnişil ömür-gün yoldaşını dəfn edəndən sonra saçı- saqqalı tam ağarmış, gözlərinin işiğı yarıbayarı itmişdi. Sonbeşik oğlunun fikrini edirdi. Ahıl yaşında aldığı ( daha doğrusu, vaxtı-vaxtında almadığı) pensiyası dava-dərmana olan ehtiyacını güclə ödəyirdi Təbii ki günlərini çayxanada keçirən oğlunu qürbətə, iş dalınca göndərməyə əlində pulu yox idi, gərək borc eləyəydi. Kənddə camaata borc verən imkanlı adam var idi, amma borc verəndə yerinə girov istəyir, əmanət tələb edirdi- ya qızıl, ya da malqara. MəşədƏləkbər dayıgıldə qızıl-mızıl qalmamışdı, hamısını satıb yemişdilər, həyət-bacasında üç-dörd toyuqdan başqa heç nə yox idi. Bir gün onu borc almağa təhrik edə-edə canını boğaza yığmış övladı  ilə ağsaqqal MəşədƏləkbər dayı bir daha ciddi söhbət etdi. Borcun məbləğini, ödəmə müddətini  dəqiqləşdirdi, bir qədər düşünəndən sonra, ehtiyat üçün borcun qaytarılacağı vədəni bir qədər də uzatdı. Sonra ayağa qalxıb, yuxarı başdakı  dolabdan atasından yadiğar qalan quranı götürərək, Hacağagilə yollandı. Məşdələkbər dayının el içində özünə görə hörməti var idi, o heç vaxt böyük iddialara düşməmiş, aza qane olmuşdu, qonum-qonşunun xeyrindən  şərindən heç vaxt yayınmamış, ən başlıcası, uzun ömrü boyu dilindən bir dəfə də olsun yalan söz çıxmamışdı. Odur ki, Hacağanın qapısını cəsarətlə açıb, dərdini ona danışdı. Söz girovun üstünə gələndə Məşdələkbər dayı  ayağa qalxıb,ağ saqqalından bir-iki tük qopardı, quranı  açıb, arasına qoydu, müqqəddəs kitabı öpərək, ev sahibinə uzatdı. Hacağa var-dövlət yiyəsi olana qədər başı daşdan-daşa dəymişdi, çoxlarını aldadıb müflis etmişdi, ona kələk gələnlər də az olmamışdı. Onun üçün həyatda müqəddəs sayıla biləcək heç nə yox idi. Amma vaxtı ilə atasından qədim kişilərin saqqal əmanəti deyilən bir adəti haqqında eşitmişdi, buna görə də saqqal sahibinin istədiyi məbləği sayıb ona verdi. Bir həftədən sonra sevinci yerə-göyə sığmayan övlad böyük arzularla ata evini tərk edib, qürbətə üz tutdu. Tezliklə ondan məktub gəldi, yazırdı ki, işləri yaxşı gedir, ondan nigaran qalmasınlar. Daha bir aydan sonra poçt şöbəsindən atası qürbətçi oğluyla telefonla danışıb, ona xatırlatdı ki, kişinin yanında söz verib, əmanət qoyub, borcu vədə tamam olandan bir qədər də əvvəl qaytarmaq yaxşı olar. Cavabından yenə də and-aman eşitdi …
Novruza az qalmışdı, havalar yavaş-yavaş düzəlirdi. Qonşu Müzəffər kişi oğlunu evləndirməyə hazırlaşır, indidən xırda-xırda toy tədarükü görürdü. Qonum-qonşudan ilk olaraq toya çağrılan Məşdələkbər dayı bu ərəfədə  bir də oğlu ilə telefon əlaqəsi qurdu, söhbətdən sonra kişinin qanı bərk qaraldı. Oğlu yenə and içirdi ki, borcu mütləq qaytaracaq, buna özü ilə yanaşı, evində qaldığı əsgərlik yoldaşı Alikin, onun arvadı Larisanın adından da zəmanət verirdi. Amma ortalığa bir-iki problem çıxdığından pulu zamanında qaytara bilməyəcək- “vaxtı, çox-yox, bir- iki ay uzatsaq, nə olacaq, dünya dağılmayacaq ki?…”
Atasının yalvar-yaxarına, hətta hədə-qorxusuna baxmayaraq,  o vəziyyətin gərgin olduğunu, borcu vaxtında ödəyə bilməyəcini əsəbi-əsəbi təkrarladı.
Səhəri gün qonşunun açıq qalmış qapısından içəri girən Müzəffər kişi gördü ki, otuz illik dostu Məşdələkbər dayı həyətin ortasındakı Qarağacın şah budağından özünü asıb. Dəfndən sonra Müzəffər kişi oğlunun toyunu qırx gün təxirə saldı…

2. Zəfəran şərbəti

Qonşunun azyaşlı uşağı parkın içindəki köşkdən bir daha su alıb içmək üçün anasından pul istəyir. Əvvəlcə xahiş edir, sonra xahiş təkidə keçir, başı rəfiqəsi ilə şirin söhbətə qarışan gənc anasının ona fikir vermədiyini görüb, zarımağa başlayır. Nəhayət qadın söhbəti davam etdirə- etdirə böyründəki alabəzək çantasını skamyanın üstündən qaldırıb,  açır, zəhləsini aparmış övladına pul verir. Sevincdən gözləri alacalanmış balaca Orxan pulu alıb, köşkə tərəf götürülür. Bütün televiziya kanallarında gecə-gündüz səylə reklam edilən ekzotik markalı qazlı şirin içkini alıb, elə oradaca başına çəkir, 500 qramlıq plastik qabın içindəki soyuq mayenin yarısını içir. Sonra nəfəsini dərib, anası ilə onun rəfiqəsinin əyləşdiyi skamyaya yanaşır, onların sağında əyləşir. Çox cəkmir ki suyun qalanın da bir nəfəsə içib, plastik qabı ayaqlarının altına atır.
Bir müddət sonra hər şey yenidən başlayır, uşaq əvvəlcə xahiş edir, sonra xahiş təkidə keçir, sonra…
Oğlunu danlamağa başlayan gənc ana bu susamanın, bu arası kəsilməyən yanğının səbəbini anlamır. Dərk edə bilmir ki, müxtəlif telekanallarda, dünyanın müxtəlif dillərində tez-tez suszluğun əlaçı kimi təqdim olunan bu əcaib içkilər əslində susuzluğu yatırmaq üçün yox, onu artırıb, şiddətləndirmək üçündür. İsti yay günləri daha çox satılan bu içkilər yalnız onları qurtumlayan zaman adamın susuzluğunu yatırır,qısa müddətdən sonra susuzluq yenidən baş qaldırır, şiddətlənib, yanğıya dönür. Az əvvəl onu içib, “həzz” almış insan yenidən əlini cibinə salıb, marketə üz tutmalı olur.
İnsanların suszuluq hissini şüurlu şəkildə istismar edən transmilli şirkətlər günü-gündən varlanaraq, gəlirlərinin bir hissəsini yeni reklam kompaniyalarına yönəldir. Müasir reklam ustaları bu içkiləri gah ekvatorial Afrikada, gah Antarktidada, gah da, az qala, Marsda bəhbəhlə içib, ləzzətlə ağzını marçıldadan dürlü irqlərə məxsus insanların bəxtəvərlikdən işıq saçan simalarını ekranlara gətirib, bunu gecə gündüz, ardıcıl şəkildə təkrarlayaraq, kütlənin iradəsinə hakim olurlar. Qonşunun uşağı da göz görə-görə bu kompanıiyanın qurbanına çevrilmiş milyonlardan biridir.
Yadıma uşaqlıq dünyasının illər ötdükcə korlaşıb, unudulmağa başlayan dadları, tamları, qoxuları sırasında anamın mənim ad günlərimdə, bayram axşamlarında hazırladığı zəfəran şərbəti düşür. Çox sadə “texnologiya” əsasında hazırlanırdı bu dadlı və faydalı işki. Qaynadılmış su hələ tam soyumamış ona məhdud miqdarda şəkər və hələ dünəndən armudu istəkanda dəmlənmiş ətirli zəfəran qatılardı. Daha sonra iri bir limonun yarısı sıxılıb,  şirəsi  ora əlavə edilər, o biri yarısı isə balaca, tünük dilimlərlə doğranıb şərbətin içinə atılardı. Son ştrix kimi bir neçə dənə keşniş toxumu da əlavə edilirdi bura. Toxumlar isti suda çırtdayıb açılır, öz ətrini, tərkibindəki faydalı qıda yağlarını  şərbətə ötürürdü. Soyuyana qədər ətri ətrafı buruyən şərbət, sonradan buz dolabına qoyulur, süfrənin açılmasına az qalmış dolçalara süzülüb, masaya düzülürdü. Min dərdin dərmanı olan zəfəranın tərkibindəki xeyirli maddələr yayda da, qışda da ürəklərə qüvvət verir, təzyiqi nizamlayır, turşməzə limon tamı suszluğu yatırır, keşniş toxumları şərbətə özəl bir dad və xoş qoxu verməklə yanaşı, köpün qarşısını alır, həzmi asanlaşdırırdı. Bu neməti böyük də, kiçik də  məmuniyyətlə nuş edirdi. Təbii ki, bu şərbət o vaxtlar heç yerdə reklam edilmirdi, rəhmətlik anam milli mətbəximizin bəzəyi olan bu şərbəti hazırlamağı vaxtı ilə ya öz anasından, ya da qaynanasından öyrənmişdi.
O illər Abşeronun kəndlərində keçirilən məclislərdə bu şux qızılı rəngli, ətirli şərbətə ara-sıra rast gəlmək olurdu, sonradan bu içki o süfrələrdən də çəkildi. Daha artıq təəssüf doğuran isə budur ki, anasının zəhləsini tökən balaca Orxan, onun yaşıdları zəfəran şərbətinin nə olduğunu bilməyəcək!

3. Aqava
                   Nəriman Həsənzadə

Ukraynanın Lvov şəhərində taksi saxladım, ön oturacaqda, sürücünün yanında əyləşib, yerimi rahatladım. Kefim kök idi. Bütün Sovet İttifaqında məşhur olan sanatoriyaya  istirahətə gedirdim. Sürücüyə ünvan deyəndən sonra böyük məmuniyyətlə bol gün işığına bələnmiş qədim, təmiz şəhərin maşınım sağ pəncərəsinə gələn  panoramını süzməyə başladım. Sürücü nəsə xatırlamış kimi mənə dedi ki, şəhər parkında  aqava ağacı çiçək açıb, əgər maraqlanıramsa, məni ora apara bilər. Düşündüm ki, məni, cənubda dünyaya gələn, şaftalı ağacının, heyva ağacının gül açıb, nur saçdlğını görə-görə, iydənin çiçəkləndiyi vaxt ətrafa yaydığı bihuşedici qoxunu duya-duya böyüyüb yaşa dolan bir admı hər hansı bir ağacın çiçəyə bürünməsi ilə təəccübləndirmək olarmı? Yəqin sürücü məni şəhərdə gəzdirib, artıq pul almaq fikrindədir. O isə fikrlərini  oxuyurmuş kimi mənə muraciətlə dedi ki, bilirsiniz də, aqava ağacı ömründə bir dəfə gül açır, bundan bir-iki gün sonra quruyur, adam kimi yıxılıb, ölür. Ağacın gül açmağı onun ömrünün sona çatmağının əlamətidir. Aqava on beş ildən sonra da çiçəkləyə bilər, əlli il yaşayandan sonra da. Hər ağacın insan kimi öz taleyi var. Bunları eşidəndən sonra qətiyyətlə maşını mərkəzi parka sürməyi xahiş etdim.
Aqava ağacının aqavakimilər fəsiləsinə aidliyini, onun vətəninin Cənubi Amerika olduğunu bilirdim, hardasa oxumuşdum ki, ağacın gövdəsindəki liflərdən ip, hətta kəndir hazırlanır, sıxılmış liflərin şirəsindən Meksikada populyar olan pulke, tekila kimi tünd içkilər hasil edilir. Amma aqavanı, yəni onun kolunu deyil, ağac növünü heç görməmişdim. Taksi parka yan alanda orda qələbəlik vardı. Yalan olmasın, yüzlərlə insan aqava gülünə tamaşa etməyə toplanmışdı. Yerli televiziya bu məkandan canlı efir rejimində reportaj ötürür, foto müxbirlər biri-birini qabaqlamağa çalışaraq, əlverişli rakurslar axtarırdı. Bu canlanma, bu basırıq mənə qəribə gəlir, hadisəyə olan marağımı artıraraq, ona xəfif bir həyəcan qatırdı. Müəyyən səylərdən sonra irəlidə özümə yer eləyə bildim. On, on iki metrlik boyu olan bu ekzotik ağac demək olar ki, başdan ayağa çiçəyə bürünmüşdü. Güllərin düm ağ ləçəkləri yarıdan yuxarı açıq çəhrayı rəngə keçirdi. Çox gözəldi çiçək açmış aqava! Bu gözəllik göz oxşayır, insanın könlünə həzin  bir rahatlıq yayırdı. Birdən bu şuxluğun, bu füsunkarlığın yaratdığı harmoniya itib, qeyb oldu, ağlıma gələn acı bir həqiqəti bütün çılpaqlığı ilə dərk etdim. Axı bu ağac həyatla vidalaşmaq  üçün belə gözəl don geyib, dünyanı tərk etmək üçün təzə gəlin kimi bəzənib, ətrafına xoş bir aura yaradaraq, bu görüşə toplaşanları duyğulandırır. Onunla vidalaşmağa gələnlərin xatirəsində bu ağac həmişə belə şux, belə cazibədar  qalacaq, təbiətin bu kiçik möcüzəsi onu görənlərin hafizəsində həmişə yaşayacaq, onu ananları həyat və ölümlə bağlı dərin düşüncələrə qərq edəcək, bu fani dünyada gözəllik yaradanların qədr-qiymətini bilməyə səsləyəcək!
Bilirsinizmi ağlıma nələr gəldi, nələr haqda düşünməyə başladım?
Kaş ki, yer üzərində yaşayan hər bir insanın da qəlbi ömür boyu heç olmasa bircə dəfə çiçəklənə biləydi, gül açmamış bar verməmiş ölən, özündən sonra xoş xatirə qoyub getməyənlər olmayaydı…
Bu hadisədən onilliklər ötsə də, ölüm qabağı bəzənib, onu ziyarətə gələnlərin üzünə gülən, onların könlünü oxşayan aqava ağacı, xatirimdən silinmir, məni onun görüşünə gətirən taksi sürücüsünü minnətdarlıqla xatırlayıram!

4. Çərpələng

İndi bir çox dükanlarda xaricdə istehsal olunan müxtəlif ölçülü, müxtəlif biçimli alabəzək çərpələnglər var. Bizim uşaqlıq çağlarımızda heç yerdə çərpələng satılmırdı. Bəlkə elə belə yaxşı idi. Çünki yay vaxtı ətraf bağlardan toplaşıb, bir araya gələn qonşu uşaqların öz əlləri ilə çərpələng hazırlanması, sonra onu göyə uçurması hamıya bayram əhval-ruhiyyəsi bəxş edən xoş bir məşğuliyyət idi…
Bizim bağla qonşumuz Qəzənfər əminin bağ sahəsinin quzeydən kəsişdiyi yerdə (o zaman Abşeron bağlarında hündür daş hasarlara çox nadir hallarda rast gəlmək olardı) üstündə qəcec və dəvətikanı kolları bitmiş hündür qum təpəsi var. Valideynimiz bizə o təpədən yan keçməyi tövsiyə edərdi, çünki qonşulardan kimsə, nə vaxtsa orada ilan görmüşdü. Təpənin zirvəsindən bir qədər aşağı, kolluqların arasında illərdir qonşu uşaqların yəqin, aşağı bağlardan haçansa havaya qaldırıb uçurduğu, hardasa sapını qıraraq “qəzaya” uğrayıb, uçub gözdən itən çərpələng quyruğunun bir parçası çırpınmaqdadır. Biz buraya köçdüyümüz ilk gündən çox güman, köhnə yorğan üzündən parça-parça kəsilib biri-birinə düyünlənərək calanmış çərpələng quyruğunun bir metrə yaxın bölümünü hündürlüyün üstündə əsən yellərin təsiri ilə qıvrılan gördüm… Qış fəsli ötəndən sonra yeni mövsümdə bura qayıtdıqda yenə də çərpələngin bu vacib müvazinət detalını tikanlığın içində görərdim, elə bil əlimlə qoymuşdum. Sadəcə yağmurların təsiri ilə rəngi bir qədər soluxmuş, qırmızı fondakı göy güllərə bənzər naxış fraqmentləri ağarmış kimi gözə dəyərdi…
Çərpələng uca, mavi göylərlə, uçmaq, yüksəlmək diləyi ilə, yeniyetmə qəlbini coşduran romantik ovqatla bağlı olduğundan, səmadan bizim  bağ sahəsinə enərək, burada məskən salan, kim bilir, nə müddətdir tikanlığın içində yatıb qalan, yalnız dənizdən əsən yellər ona çatanda oyanıb hərəkətə gələn bu “detal” uzaq uşaqlıq dünyasının məktəb tətilləri, barlı-bəhrəli yay mövsümü, ləpədöyənin uğultusu, dəymiş əncir qoxusu, təzə tutulmuş abqora tamı, aşağı bağlardan sakit yay gecələrinə yayılan həzin qarmon səsi, daha nələr, nələr ilə oyanan xatirələri mozaik bir panorama düzür; uşaqlıq, hətta gənclik yaşından çıxsam belə, ara-sıra yuxuma girir; emosinal yaddaşımın dərin qatlarınna varır..! Buludsuz, şux mavi yay səmasında üzən çərpələngi biz, onu yüksəkliyə buraxanlar aşağıdan həyəcanla süzdükcə, qəlbimiz köksümüzə sığmır, sanki çərpələngə qoşulub, dənizin sinəsindən qalxan sərin yellərin mavi ucalıqda yaratdığı saflığa qovuşurdu. Bu anlar mənə elə gəlirdi ki, illərdir göydən yerə düşmüş bu əlvan “detal” da, yenidən ənginliklərə qalxıb, çərpələngə çataraq, ona bağlanmaq, yer üzünü göylərdən seyr etmək üçün səylə çırpınaraq, tikanlıqdan qurtulmağa can atır…
Zaman ötdü. Uzun illərin ayrılığından sonra o yerlərə bir də qayıtmalı oldum. Payız çağı idi, yəqin ki, bir–iki günə havalar pozulacaq, yağışlar düşəcəkdi. Qəzənfər əminin evinin qapısı qıfıllı idi. Yiyəsiz qalmış evin səkisini üç tərəfdən kol-kos çevrələmişdi. Qəzənfər əminin çoxdan vəfat etdiyini bilirdim. O da, ömür gün yoldaşı, mehriban, şirindil Bilqeyis xala da bizimlə səhərdən-axşama qədər yorulmadan top qovan, çərpələng uçuran oğulları Şamilin Qarabağda, Daşaltıda itkin düşməsinə tab gətirə bilməyib, biri-birinin ardınca dünyadan köçmüşdülər… Qızları Səidə şəhərətrafı qəsəbələrdən birinə gəlin köçmüş, yoldaşı qazanc dalıyca qürbətə getdiyi üçün iki uşaqla tək qalmışdı. Qardaşının itkin düşməsi təbii, ona da ağır təsir etmişdi, deyilənlərə görə ara-sıra ürək keçmələri olurdu. Külək bizim də yiyəsziz qalmış evin damının qırıq şiferinin altına girib, onu dingildədir, adamın zəhləsini aparan bir taqqıltı, dalğa-dalğa ətrafa yayılırdı. Güney tərəfdən hündür daş hasarlarla çevrələnmiş iki-üç qatlı villalar artıq geniş bir ərazini tutmuşdu. Son hasardan bir qədər aralı, qrunt yolun kənarına bir xeyli daş gətirilmiş, çınqıl tökülmüşdü. Yəqin yaxın zamanlarda yeni bir imarətin özülü qoyulacaqdı. Mənə yaxın olan villanın qırmızı keramit damından azca yuxarıda ağır-ağır ləngər vuran bir çərpələng dəydi gözümə – qırıcı təyyarə biçimindəydi, hərbi komuflyaj stilində boyanmışdı…
Nəzərlərim qeyri-iradi olaraq üstü kolluqlu qum təpəsinə tərəf yönəldi və qəlbimə çökmüş məhzunluq şirin bir həyacanla əvəz olundu. Sanki çoxdan itirdiyim, qəlbimə əziz və məhrəm olan nəyisə burda tapcağıma bir inam hiss etdim, ürəyim tez-tez döyünməyə başladı. Bu illər ərzində qum təpəsi bir xeyli böyüyüb, ucalmışdı, gözdən itən tikanlıqların yalnız ucları görünürdü. Nə düşündümsə, topuqlarıma qədər quma bata-bata, çətinliklə də olsa təpənin üstünə qalxdım. Gözəyarı təxmin etdiyim yerdən ilıq qum qalağını əllərimlə eşələməyə başladım. Dəqiqələr ötdükcə daha inadla, daha israrla qazırdım, ilan-çayandan qorxduğum günlər çoxdan arxada qalmışdı. Tövşüməyə başlamışdım, bu anlar məni qıraqdan görən olsaydı, yəqin, ağlımın çaşdığını düşünərdi. Birdən barmaqlarımı qumun içində nəsə daladı. Tez əlimi çəkib, üzümə yaxınlaşdırdım, barmaqlarımın arasından qan sızırdı, ovcumun içinə də dəvətikanı iynələri sancılmışdı. İti ağrı bayaqkı inadımı yox etdi, psixoloji müvazimətimi özümə qaytardı. Anladım ki, bu işə nahaq yerə baş qoşmuşam, duydum ki, mənim axtardığım bir–iki qarışlıq ensiz, alabəzək çit parçası deyil. Mənim səylə axtardığımı zamanın sərt rüzgarları sapı qırılmış çərpələng kimi ora-bura çırpa-çırpa uzaqlara, çox uzaqlara aparıb. Onu tapıb geri qaytarmaq mümkün deyil..!..
Oradan ayrılarkən, ayaq saxlayıb, geriyə baxdım. Narın qumlar üzərinə həkk olunmuş ləpirlərim çuxurdan qalxıb, üstü kolluqlu qum təpəsinə doğru yönəlirdi. İndi xəfif-xəfif saçlarımı oxşayan xəzri gecə güclənərsə, sübhə qədər bu izləri silib aparacaq…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.