Ana səhifə YAZILAR “BÖLGƏLƏRDƏN SƏSLƏR 3” haqqında düşüncələrim

“BÖLGƏLƏRDƏN SƏSLƏR 3” haqqında düşüncələrim

Müəllif: Bizim Yazı
373 baxış

DGTYB-nin ən uğurlu layihələrindən biri olan “Bölgələrdən səslər” layihəsi çox sayda gənc yazarların yaradıcılıq fəaliyyətində önəmli rol oynamışdır. Layihədə yer alan gənclərin əksəriyyəti məhz “Bölgələrdən səslər” toplusu ilə ilk dəfə ictimaiyyətə təqdim olunub. Bu layihə, eyni zamanda bölgədə yaşayan istedadların yaradıcılığına verilən ən yüsək dəyərdi. “Bölgələrdən səslər-3” toplusunu incələdikcə qarşılaşdığım maraqlı fikirlər, yeni düşüncələr diqqətimi cəlb etdi. Bu bir daha onu sübut edir ki, Azərbaycan xalqı ədəbi zövqü və ədəbi düşüncəsi ilə hər zaman digər xalqlardan seçilib və həmişə də seçiləcək. Gənc yazarların istər nəzmdə, istərsə də nəsrdə qələmə aldıqları bir-birindən fərqli əsərlər gələcəkdə neçə-neçə püxtələşmiş, təcrübəli şair və yazıçıların yetişəcəyini göstərir. Digər sevindirici və deyərdim ki, ən vacib nüanslardan biri də budur ki, gənclərimizin ruhu vətənimizlə, xalqımızla döyünür. Onlar düşməni unutmur, ona olan nifrəti günü-gündən çoxalır.
Topludakı əsərlərin məna müxtəlifliyi kitaba özünəməxsus bir rəngarənglik qatır. Burdakı əsərlərlə tanış olduqca beynimdə canlanan maraqlı fikirləri belə bir yazı ilə oxucularla bölüşmək istədim.

CAHANDAR AYBƏR

Qarşımda nə qədər bir–birindən fərqli şeir və ya hekayə olsa da həmin yazıların içindən Cahandarın yazısını mütləq seçə bilərəm. Onun özünəməxsusluğu şeiriyyətə yanaşma tərzi, fərqliliyi və oxucunu özünə cəlb edərək düşündürməyi bacarmağındadır. “Quzğun” hekayəsi onun ən gözəl qələm nümunələrindəndir. Müəllif bu hekayədə birbaşa insanın daxili aləminə nüfuz edir. O, düşüncə aləminin dərin qatlarına varmağı bacarır və uğurlu ustalıqla müharibələrə, zorakılıqlara qarşı öz düşüncəsini sərgiləyir. Quzğun beynini didib yediyi əsgərin düşüncəsinə əsir olur, sonra gedib onun düşmənini parçalayır. Bu dəfə isə qarşı tərəfin əsgərinin qəlbini yeyir. Yenə də uğurlu bir keçidlə əsərin ən maraqlı hissəsinə yol alır – quzğun artıq müharibəni sevmir, o, tərk etdiyi yuvası üçün darıxmağa başlayır. Yuvasına bənzətdiyi evə gedib çıxır və orada ölümə salam deyir. Cahandar Aybərin qələminin ən parlaq nümunələrindən biri hesab edərdim mən bu əsəri.

ƏNTİQƏ SƏMƏNDƏR

Maraqlıdır Əntiqənin şeirə yanaşması. Öz yazılarına son dərəcə diqqətlə yanaşdığı misralardan bəllidir. Sərbəst şeirləri yer alıb bu topluda… Bu şeirlərdə o, çiliklənmiş gülüşlərə qərq olur, sonra şeirlərə köç edir. Son gedişi başlanğıca bənzədir. Onun şeirində bir qadın ağlayır. Bəzən şeirini itirir, bəzən öz – özünə özgələşir. Günahların dərdini çəkir, misralarda gizlənir… Əntiqənin uğurlu yanaşması şeirlərinə bir şirinlik və bədiilik gətirir.

ZAMİR ERKİN

İlk dəfə burda tanış olduğum bir imzadır. Şeirində şairin qəribə bir ruh halı hiss olunur. O, təklikdən şikayətlənir, “Sol yanının” ağrısını dilə gətirir.

AMİD İSMAYIL

Əsərin başlanğıcı maraqlıdır – bir yarpağın ucada dayanması, lakin dayandığı yerə baxmayaraq, yenə də cılız qalması ilk baxışdan oxucunun marağına səbəb olur. Maraqlı nüanslara toxunur, maraqlı gedişlər edir. Kəpənək ömrü arzulayır. Ümumilikdə, arzularını dilə gətirir. Gənc yazar üçün uğurlu bir yazıdır. Hadisələrarası keçidlər yerli-yerində olmasa da gənc yazar üçün DGTYB layihəsində yer almaq özü bir uğurdur.

ƏFSANƏ İMRAN

Əfsanə şeirlərində ayrılıq acısı çəkməyin də sevginin bir parçası olduğunu vurğulayır. Darıxmaqdan söz açır, itirdiyi sevgisini geri səsləyir, qəlbinin həsrətini dilə gətirir. Digər şeirində isə dünyanın sonsuzluğunu anladır.

KÖNÜL ELDAR

Gənc yazarlar arasında sərbəst şeirə daha çox üstünlük verildiyi bir dönəmdə Könül Eldarın “Ocağından küsmüşəm, külündən incimişəm” adlı 14 hecalı, 4 misralı, 7/7 bölgüsündə yazdığı şeir diqqətimi cəlb etdi. Şeir axıcı və dilə yatımlıdı, bədii üslub baxımından uğurlu bir nümunədir. Eləcə də, gənc qızın növbəti 7 heca, 4 misradan ibarət olan şeirində dilimizin ahənginə çox diqqətlə yanaşdığı hiss olunur. Sərbəst şeirində isə dil-üslub qaydalarını uğurla gözləyib.

RUSLAN DOSTƏLİ

Ruslanın şeirləri ilə sosial şəbəkələrdən və bir sıra saytlardan tanış olmuşdum. Maraqlı qələmi var. O, şeirlərində özünü fərqli təsvir edir, İlahi eşqdən yazır, özünü günahların içində mürgüləmiş görür. Topluda yer alan şeirlərinin içində “Yenə səksəndim, ay dəli” şeiri xüsusi xoşuma gəldi. Şeirin sonu ustalıqla qələmə alınıb:
Yenə səksəndim, ay dəli,
Belə qəfil yadıma
Düşməyi… yığışdır, getsin…
Ümumiyyətlə, Ruslanın şeirlərində axıcılıq və şirinlik var ki, oxucunu özünə bağlaya bilir. Onun ürəyi söz – söz üşüyür, ya da, onun üçün bir qız üşüyür. Digər bir şeirində isə ayrılıqdan söz açır, ayrılığı dilə gətirir.

ALLAHŞÜKÜR ÜMMAN

S.Vurğunun “Ola bilməz” qəzəlinin təsiri altında qələmə alınmış bir qəzəlin müəllifi kimi tanış oluruq bu gənclə. Gənclərimizin klassiklərimizi mütaliə etmələri və bu irsimizdən öz yaradıcılıqlarında istifadə etmələri sevindirici haldır.

BƏHRUZ XƏLİL

Sərbəst janrda yazdığı şeirlər məni çox düşündürdü. “Sevgilim” sözünün təsviri xüsusi diqqətimi çəkdi. Aydın sezilir ki, şair fərqli bir ruha sahibdir. O, ədəbiyyatı da fərqli sevir, sevdiyinə də fərqli dəyər verir. Oturduğu otağa sığmır, ölü görür – həyatı dərk edir. O, qarışqa olmaq istəyir. Əslində isə, şair zövq ala biləcəyi bir ünvan axtarır. Şairin sevgisi o qədər dərindir ki, onu bütün tarix boyu yaşadır. Şair sevgi şeirinin içində dünyanı təsvir etməyə çalışır.

Sən elə vaxt gəlmisən,
Danışan vaxtım deyil,
Susan yaşımdı mənim…
Ağzıma boylandıqca,
Bir də gözlərimə bax,
Hisslərimi gözümdən
Qusan yaşımdı mənim…

BƏHRUZ MİRABDULLA

Ana müqəddəsdir, ana toxunulmazdır, ana ilahi bir varlıqdır. Gənc şairin qəzəlində ana mövzusu ön plana çəkilib. Baxmayaraq ki, ana mövzusu hər bir şairin, yazıçının yaradıcılığında vardır, lakin, bu qəzəlin uğurlu yaradıcılıq nümunəsi olduğunu qeyd etməliyəm.

SƏRƏSTAN GUR

Gənc şairin ömürdən və dünyadan bəhs edən şeirləri yer alıb topluda. Maraqlı baxışları və düşündürücü yanaşması var:
Münsifi Allah olan,
Imtahandı bu ömür.
O, ömrü günah məkanına bənzədir, ömür yolunun kədər və qəmlə biçildiyini deyir. Dünyanı sınmış şüşəyə bənzədir. Bu nüans mənə maraqlı gəldi. Məncə, şair burda, əslində, günahsız insanların başına gələn ağrı – acıları bədii dildə ifadə etməyə çalışmışdır.

ZAUR SAHİL

“Qürbətdən məktub” çoxlarınnın ömür dəftərinə yazdığı bir məktubdur. Bir bəndlik şeirdə dərin məna gizlənir və bu da şairin uğurudur. Bundan əlavə olaraq, atanın sağ, ananın sol gözü olduğunu deyir. Və ana olan gözünün o dünyanı gördüyünü bildirməklə şair anasızlığın ağısını göstərmişdir. Gəncin bədii təfəkkürü, bədii dili çox maraqlıdır.

GÜLSADƏ İBRAHİMLİ

Şeirə və sözə özünəməxsus yanaşan, sözlə gəzintiyə çıxan, sözdən söz yaradan bir gənc yazar daha. Gülsadənin sərbəst janrda yazdığı şeirlərindəki təsvirləri çox ustalıqla işlənib. O, ayrılığı ifadə edən bir şəhərdə sağollaşır sevdası ilə… Sonra “Bir şeirlik ölüm” yaşayır. Tanrıdan bir qat aşağı, özündən bir qat yuxarı olan Əcəl adama səslənir. Başqa bir şeirində vağzal abu-havası yaradır:

…Dəli sevgisindən itkin düşdüyüm
o kişi bir oğlan atası olar,
Mənim saçlarımda səndən yadigar
taleyi naməlum ağ telim qalar…

Bəzən şeirlərində qaranlığa vurular, özünü zülmətə aşiq bir yarasa zənn edər, yırtıq cibinə hər həsrətdən bir ovuc götürər… Sonra özü kimi gedər. “Gedirəm” deyib yol alar özünə dorğu, şeirinə doğru…

MirŞAHİN ÜLVİ

İlk tanışlıqdan maraqlı şair təsirini bağışladı. O, şeirinin birində fikir dağınıqlığından şikayət edir, borclarının yükündən danışır. Öncə ataya, anaya olan borcundan söz açır, daha sonra şeirdə maraqlı keçidlər edərək, hətta, özünə belə borclu olduğunu deyir. Sonda bəşəri Yaradana borclu bilir. “Əl Üstə Kimin Əli” – Adəmin, Əlinin, Yaradanın və özünün… Şair burda bütöv yaradılışı göstərməyə çalışmışdır.

ORXAN SAFFARİ

Diqqətimi çəkən “Tanrı onu unudub” şeiri oldu. Misraları oxuduqca şairin qəhrəmanı gözümün önündə canlandı. Onun qəhrəmanı üşüyür, təkdir, ac qalır, ümidsizləşir. Bəlkə də, həqiqətən də, Tanrı onu unudub. Gənc yazarın axtarışda olduğunu hər misrada hiss etmək mümkündür.

TURAL SAHAB

Tural bölgədə yaşayan istedadlı gənclərdən biridi. Uğurlu nəsr əsərlərinin müəllifidir. Yaxınlarda “Ləman” adlı yeni bir romanı işıq üzü gördü. Bu topluda yer alan hekayəsi maraqlıdır. Tənha yaşayan bir həkimin təklikdən sıxılmış ruh halından bəhs edən hekayə insanda qəribə bir təəssürat yaradır – sanki, o dünyada təklikdən yorulmuş bir ruhla, bu dünyada tənhalıqdan yorulmuş bir ruhun xəyalən qovuşmasını seyr edirik.

CEYHUNƏ MEHMAN

Ceyhunənin yaradıcılığı çoxlarının könlündə özünə yer tapıb. Gənc olmasına və bölgədə yaşamasına baxmayaraq, kifayət qədər oxucu kütləsi toplaya bilib. Həlim, diləyatımlı, insanın ruhunun sarı siminə toxuna biləcək şeirləri ilə oxucunu düşündürür, bəzən də kövrəldir. Musiqili, axıcı, lirik şeirlərin müəllifi kimi Gəncənin istedadlıları arasında fərqlənir.

ŞƏFA VƏLİ

Olduqca çoxşaxəli bir yaradıcılığa malik yazardı Şəfa. Onun da ölkəmizdə kifayət qədər oxucusu var. Maraqlı nəsr nümunələri yazan Şəfa şeirdə də çox uğurludur. Onun şeirlərinin hər misrasında elə Şəfanın özünü, onun xüsusi yanaşmasını görmək mümkündür. İlin fəsillərini, hər gülü, hər çiçəyi, hətta, lazım gəlsə quşları, canlı-cansız nə varsa hamısını ustalıqla şeirə çevirməyi bacarır. O, şeirlərində obrazı ilə çox səmimi olur, ruhundan süzülən hər kəlməni asanlıqla sözə çevirib misralar yarada bilir.

Orda…
“Saranı apara bilmədi sellər…”
Gəldim ki…
Deyəm ki…
Bil ki…
Mən sənsiz heç nəyi yaşamadım ki!
Yaşamadım ki!

ZEYNƏB MÜNZƏVİ

Daha bir istedad, yeni bir nəfəs, maraqlı poeziya… Şair şeirində dünənki sevgisizliyi, bu günki sevgisini, sabah onu gözləyən unutqanlığı qələmə alır. Qəlbi küskün olsa da o, çox sevir, çox həsrət çəkir. Yarımçıq romanları sevmədiyi kimi, yarımçıq sevgi də yaşaya bilmir.

AYNURƏ İSMAYIL

Tanrı, Sən qara yazırsan
Başqa qələmin yoxdu?..

Yeni nəsil gənclərimizin əsərlərində Tanrıya müraciət forması xüsusi olaraq diqqətimi çəkir. Hər birində fərqli yanaşma tərzi ilə rastlaşıram. Gənclərin Tanrıya müraciətini ərkedərcəsinə qurmaları xoşa gələn bir haldır. Aynurənin də şeirindəki bu misralar onun Tanrıya müraciətinin maraqlı nüansıdır. Şairin topluda yer alan hər iki şeiri də ayrılıq mövzusundadır və hər iki şeirdə onun əhvalının rəngarəngliyini görə bilərik…

RƏVAN CAVİD

Sərbəst janra üstünlük verən şairin hadisələrə yanaşma tərzi fərqlidir. Yaşadığı şəhəri yad hesab edən, tozlu xatirələri beşmərtəbədən atan şair öz əzablarını içində boğmağa çalışır. “Sənsizlik”də şeirin sonluğu maraqlı alınıb:

Sənsizlik – kimsəsiz, yalqız harayın
İçində əbədi sükunətidir...

AYNUR VƏTƏNQIZI

Sevgi mövzusunda yazılan hər bir şeir öz ünvanını tapır, kimlərinsə qəlbinin gizli yollarını titrədir. Göz yaşı, ayrılıq, acı, kədər bu qəbildə yazılan şeirlərin ana xəttini təşkil edir. Torpaq və ana məfhumu əsrlərdir ki, ədəbiyyatımızda öz qüvvəsini qoruyub saxlayır. Son illər xalqımızın yaşadığı ağrılar ədəbiyyatımızda da öz izini qoyub. Yazılan vətən, torpaq, ana şeirlərinin hər birində bir kədər, bir özləm, bir nisgil duyulur. Aynurun da “Anam torpaq” şeirində bu sızıltılar sezilir. “Qızıl parçası”nda isə tam fərqli bir pəncərə açılır oxucunun gözündə. Qızılın dilə gəlməsi, onun dili ilə tarixi vərəqləmək çox maraqlıdır.

DİLQƏM ÜMİD DƏDƏLİ

Dilqəmin dilə gətirdiyi “Ata” şeiri hər kəsin nəzərini cəlb edə bilər. Bir ata üçün edilə biləcək ən gözəl duaları Dilqəm öz şeirinə sığdırmışdır. Qəzəllərində isə maraqlı misralara rast gəlmək olar.

HABİL RZA NUR

Habilin özü başdan ayağa şeirdi. Onun səsindən, danışığından şeir yağır. Bu şair öz sevgisinin ünvanını ziyarət etdiyi ocağa bənzədir, onun sevgisi Tanrının qucağı kimi safdır. Bəzən o qızlara şeir yazır –

Tanrının da qələmi var,
Bəlkə şeirlər də yazır.
Bəlkə də, biz xəbərsizik,
Büsbütün bəşərdi bu qız.
Bəlkə elə yazılmağı
Gözləyən əsərdi bu qız?

Habilin şeirlərində vətən yanğısını tam fərqli hiss etmək olur. O, standart vətən şeirlərinin sərhəddini öz şeirlərində ustalıqla aşıb keçir. Büsbütün şeirləşən şair, elə öz əsərlərində şeirləşməyi bacarır – o, acsa şeir yeyir, şeir geyinir, şeirlə görüşə gedir, şeirdən çəmən salır… İçindəki qəmini, dünyanın gileyini, bir ömür çapan atını elə səliqəli misralara düzür ki, bütün kəlmələri beyində canlandrmaq olur.

VÜSAL YURDOĞLU

Davranışı, ədəbi, dostluğa möhkəmliyi və təbii ki, ədəbiyyat aləmində şeirləri ilə fərqlənən daha bir şeirləşən şair. Vüsalın yaradıcılığı tam fərqli prizmadan inkişaf edir. Bu şair şeirində ölümə fərqli yanaşır, ölmək üçün fənd arayır. Əslində o, şeiri ilə intihara qarşı gəlir, onsuz da bu dünya yaşaya – yaşaya ölməkdir, amma, şeirin sonunda hadisələr qəfil dəyişir, sən demə, şeir sevdiyinə ünvanlanıbmış. Daha sonra, şair vidalaşmaqdan söz açır. Növbəti şeirində isə əksinə, sevdiyinə xoş təsir bağışlayan etiraf edir:

Səndən bir söz almaq üçün,
Yaddaşında qalmaq üçün,
Gülüm, xoşbəxt olmaq üçün
Dəri-qabıqdan çıxıram.

İSRAİL FƏRHAD

Sərbəst şeirə üstünlük verən daha bir gənc şair. Kiçik şeirlərə dərin mənalar yerləşdirə bilən maraqlı qələmi vardır. İstər yerin cazibə qüvvəsini, istər Yerin kürə şəklində olmasını bir sevgi ilə bağlamaq, təbii ki, qələm sahibi üçün cəsarət tələb edən bir nüansdır. Ayrılığı maraqlı dilə gətirir, itirdiyi sevgisindən sonra ona “xoşbəxt ol” deyərək incikliyini bildirir.

SAMİR ƏHLİMAN

Kəlbəcərin havasının, ruhunun təsiri onun şairlərinə də təsirsiz ötüşmür. Kəlbəcərdən olan şairlərin çoxu klassik şeir janrlarımıza müraciət edir və maraqlı ədəbiyyat nümunələri yaradırlar. Samirin də şeirində bu ənənəni sezmək çətin deyil.

VALEH QOCA

Şair hər misrasında sevgilisinə səslənir, onun röyasına qonaq olmaq, dəryasına dalmaq istəyir. Şair sevir, qısqanır… Klassik şeir növlərində maraqlı nümunələr yaradan şair ictimai və dünyəvi mövzulara da toxunur. Daha sonra unudulmaqdan gileylənir, eşqinin özündən böyük olduğunu qələmə alır. Həkim qıza səslənir, dərd söyləməyin də “Yeri var” deyir.

ANAR GÜLÜMSOY

Şair qəlbinin kədərini məharətlə misralara köçürür – ürək kimisən, külək kimisən, mələk kimisən…-deyir. Eyni zamanda, sevgisindən uzaq gəzir, bir addım yaxın ikən min il uzaq görür özünü. Eşqini çarmıxa çəkilmiş hesab edir, sevgisini Tanrıyla ruhunun arasındakı yol adlandırır. Burda, şair misralarda sevgisi ilə birlikdə şeirləşir… Digər şeiri də öz fərqliliyini nümayiş etdirir. “Qurd balası” kökümüzü, soyumuzu simvolizə edir. Anar burda tək bir baxışla türkçülüyü, mərdliyi ortaya qoyur. Varlığını şeirlərində məharətlə qorumağı bacaran az sayda şairlərdən biridir.

MAHMUD MƏSMALI

“Gün gələr” ümid verir, ağrılı bir həyatın içindən boylanan qaranquşa bənzər ümidləri. Sonra şair zamana edam cəzası verir, şaxtada dərd-qəminin buz bağlayacağına inanır. Tozlu gecələrin ləkələrini təmizləyir, küləklərin nəğməsini dinləyir. Sonra qorxuları oyanır, beynini qucaqlayır, gecələri əzablarla doldurur. Şairin gecələri sevməsi aydınlıqla hiss olunur. O, sadə bir dildə bir eşqin tarıxçəsini yazır.

MƏNSUR HƏSƏNZADƏ

Şair əzablarını dilə gətirir, onlara çarə tapa bilmədiyindən giley edir. Sevdiyi üçün darıxır, axtardıqlarını tapa bilmədiyindən şikayət edir. Şair eşqini qumru sədaqətinə, qu məhəbbətinə bənzədir, su tək ürəyindən buxarlandığını yazır.

QOŞQAR QARAÇAYLI

Öz dəsti-xətti ilə seçilən, fərqli bir gənc dostumuz daha. Qoşqarın şeirlərində səmimilik, axıcılıq və sözlərin ustalıqla seçilməsi diqqəti cəlb edir. Şairin lirik obrazı yağan yağışda sevgi ətri hiss edir. Hətta, yağış damlalarında işğal atında əzilən torpaqlarımızın qoxusunu hiss etməyə çalışır. Şair ayrılıqdan, həsrətdən söz açır… Xatirə dəftərindən danışır, nə vaxtsa qəlbində ilişib qalan sevgilisini xatırlayır, o qızı axtarır. Şair hisslərini, duyğularını məharətlə dilə gətirir, sevgi şeirlərinin ünvanını təqdim edir.

FİRƏNGİZ SABİRQIZI

Qəribə yanaşması var Firəngizin, “Sən bütöv bir şeirsən” , “Özün öz səsinə ağı deyərsən”, “Gözündən ox dəyib, sinəm deşilib” və s. Bu qız kipriyi ilə mirvarini sapa düzür, hörükləri tar simi adlandırır. Qəhrəmanını göyün üzündən gələn şeirə bənzədir. Tanrının əlçatmaz ətəklərinə baş vurmaq istəyir, xəyalında o, özünü qanadı qırılmış arıya, dünyanı isə şirin pətəyə bənzədir.

NAMİK XINALIQLI

Ən müqəddəs mövzu – VƏTƏN mövzusu, vətənin vəsfidir. Ana qucağı, ata ocağı, qardaşlıq məbədi, vətən üçün düzülən hər kəlmə fərqlidir, hər kəlmə ilahi ruha malikdir. Bütün yazarlarımızın ən məsuliyyətlə yanaşdığı mövzu elə məhz bu mövzudur. Namikin şeirlərində vətən sevgisi, vətən həsrəti hiss olunur. O, öz torpağını – ana, ata, qardaş kimi ən doğma əzizləri kimi sevir. Və ən önəmlisi də odur ki, şairin şeirlərində vətənimiz Bütöv Azərbaycandır. Onun şeirlərində Təbriz var, Dərbənd var, Qarabağ var. Şair hər kəlməsində vətənə olan sevgisini təsvir etməkdən çəkinmir.

ARZU HÜSEYN

Şeirlərindən həsrət yağır, unutmağın pillələrini sayır, hər gün bir az, hər an bir az unudur – qəlbi yanır, darıxır, az-az ölür, az-az unudur. Öz-özünü ovudur, zülmətə çıraq tutur, ruhunu qopararaq hər gün bir az unudur. Növbəti şeirində isə sevdiyini, əslində, necə sevdiyini təsvir edir.

O, mənimçün dağ döşündə bir lalədir,
Qıyıb dərə bilmədiyim.
Bir gün belə geri dönmək istəmədi,
Dayanmadan gözlədiyim…

XƏLƏF AZƏR

Xələfin qələmə aldığı “Dilə sən” şeirində maraqlı yanaşmalar var. Şair burda sevdiyinin dərd-qəmini azaltmaq, onun simasında az da olsa təbəssüm görmək istəyir. Eyni zamanda, özünün də ayrılıqdan sonra əzab içində olduğunu məharətlə misraya düzür. “Ayrılıq”da isə həsrətin gətirdiyi əzabdan söz açır, öz yarı ilə barışmağı arzulayır.

Kiprikdən od alıb, yanaqdan küsən,
gözlərdən süzülən yaş, barışaydı.

İLTİMAS SƏMİMİ

Sözü ilə fərqlənən, şeiri ilə misralara köklənən şair dostum. İltimasın şeirlərinin hər birində onun ürək çırpıntsını hiss etmək olar. “Köhnə şəhər”də olduğu kimi, şair xaraba qalmış bir şəhərin keçmişini və bu gününü maraqlı ədəbi fəndlərlə qarşılaşdırır. Sonra şair sevdiyinin qəlbində arzu olmaq istəyir, ona uzaqdan – dənizə baxdığı kimi baxılsın istəyir. Digər şeirində isə şair dünyanın yaddaşına baş vurur – insanlığın elə əslində dünyanın yaddaşı olduğuna inanır. İltimas şeirlərində metafizikaya toxunur. O, Günəşin ətəyində kölgə axtarır, ulduzların arasından özünə dost seçir və Günəşi itirdiyi üçün harda olduğunu bilmir. Onun fikrincə, yalnız Tanrı onun harda olduğunu bilir.

MƏLİK CAHAN

Gənc şairin şeirindəki qəribə yanaşma elə ilk misralardan diqqətimi çəkdi. Şeir qəlbinin qəbristanlığından başlayır. Və bu məzarların qatili də özüdür. O, ürəyində bir heykəl gəzdirir, sevdiyinin heykəli. Sevdiyindən cəsarət istəyir, onun gözlərinə baxması üçün, ruhunun söküntüsünü göstərmək üçün.

Eşq belədir: məsafələr böyüdükcə
Həsrət özü ölməz olur.

Bir gənc şair üçün çox uğurlu yanaşma tərzidir.

ELVİR NADİR

Digər maraqlı gənc şair, ilk şeirində sükutdan giley edir, ayrıldığı sevgilisinin səssizliyindən şikayətlənir. Sevdiyinə kölgə salan ağacın onun üçün dar ağacı olduğunu vurğulayır.

AZƏR ELŞADOĞLU

“Bir bazar günü” şeirini oxuduqca qəribə hisslər keçirdim. Kədərə, qəmə köklənən şeir maraqlı bənzətmələri ilə məni təsirində saxladı. Səmimi etiraflarla zəngin nəzm nümunəsi ayrılığın verdiyi əzablardan söhbət açır:

Məhlədə qadınlar dedi,eşitdim;
Mən sənsiz çox yetim görünürmüşəm.

ŞƏFA NUR

Şəfa ümidlərə həsr etdiyi şeiri ilə topluda yer alıb. Şair xanımın düşüncəsində, hətta, yoxa çıxmış ümidləri belə mübarizə apararaq geri gətirmək olar. Ümid etmək gözəl hissdir, ümid insanın yaşam səbəbidir, yaşamaq arzusudur. Daha sonra isə “Vaxt qalmadı” adlı şeiri ilə də şair öz fərqliliyini ortaya qoyur. Burda o, heca vəznində öz məharətini göstərib.

MƏTANƏT ELÇİN

Rənglərin sehrini elə rənglərin dili ortaya qoyur. O, dünyanın rəsmini çəkir – onun çəkdiyi dünyada silah, göz yaşı, əzab-əziyyət yoxdu. Onun dünyasında yalnız xoşbəxlik var.

ALLAHŞÜKÜR AĞA

Misrasında şairləşən şair dostum. Allahşükürün şeirlərində düşündürücü nüanslar çox olur. Bəzən hər misrası fərqli, lakin, bir-biri ilə uyğunluq təşkil edən fikirlərlə zəngin olur.

Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.

Düşünürəm ki, bu iki misra şairin dərin düşüncəsinin məhsuludur. Və tək bu misra cəmiyyəti düşünməyə vadar edəcək gücdədir. Ya da ki, növbəti şeirində o, pulu çiçəyə çevirir. Əslində, şair bununla insanlığın bacarıb qura biləcəyi zəngin dünyanı göstərmək istəyir. Topluda nəşr olunan ən düşündürücü şeiri, məncə, “Ayaqların xatirəsinə” adlı şeiridir. Şeir, iki sevgilinin susması haqda olan düşüncələrlə başlayır. Lakin misralar irəlilədikcə beynimizdə canlanan mənzərə də dəyişir. Şeir alt qatda müharibə mövzusuna toxunur və şair burada insanlığın susmasına olan etirazını məharətlə qələmə alır.

NÜSRƏT HƏSƏN

Gənc şair sevgilisinin ruhundan aldığı ilhamla şeir yazır, şeirə ürəyini qoyur. Hətta, özünü sevdiyinin yanında borclu hiss edir, çünki, şeirlərini yaşadan səbəbin məhz sevdiyi olduğunu qeyd edir.

ÜMİD SADƏ

Dost tələsindən giley edir, müşküllərin içində ümidlərini itirməkdən, məhəbbətin kəsdiyi şərtdən şikayətlənir. Sonrakı şeirində isə sevgilisinə xitab edir. Küsüb-barışmağın onların sevgisinə xələl yetirəcəyindən çəkinir.

QIZBƏSTİ SULTAN

Toplunun, demək olar ki, ən gənc şairlərindən biridir Qızbəsti. Böyüyüb boya-başa çatdığı şəhərinə olan sevgisini qələmə alır. Öz yurdunu dünyada hər şeydən üstün tutduğunu söyləyir, daha sonra isə sevgilisinə xitab etməklə şeir bitir.

ELVİN NURİ

Gənc şair ayrılıqdan gileyli, kədərə həbs olunmuş bir ürəklə misraları sıralayır. Həsrətdən şairin ruhu zülmətə qərq olub, məhəbbətinin rəngi saralıb. O, sevdiyinə çəkdiyi əzablardan danışır… “Qayıtma bu şəhərə…!” adlı şeiri isə fərqli məna aşılayır.

ƏFSANƏ RƏVAN

Əfsanənin topludakı ilk şeiri ana ilə bağlıdır. Bütün şairlərin müqəddəs hesab edərək, çox diqqətlə və məsuliyyətlə qələmə aldığı bir mövzuya toxunub Əfsanə; ana mövzusuna. Ana adı harda gəldi, axan sular durur. Şeirdə anasından bağışlanmasını istəyir, onu üzəcəyindən duyduğu məyusluğu dilə gətirir. Sonrakı şeirlərində lirik notlara toxunur, sevdiyindən incikliyini dilə gətirir, lakin onu sevdiyi üçün həmişə bağışlayan tərəf olur. Daha sonra isə sevgilisinə həlim suallar verir: “Ürəyində necəyəm?”

BƏNDALI COŞQUN

Gənc yaşda qəzələ müraciət etmək həmin gənc şair üçün cəsarət tələb edir. Coşqunun bu cəsarətini yüksək qiymətləndirmək lazımdı. Heca vəznində yazmış olduğu şeir də uğurlu sayıla bilər. Qəzəlin maraqlı hissəsi də ondan ibarətdir ki, şair özü öz əsərinə tənqidi yanaşır:

Soruşsalar əgər, nə cür qəzəl yazır bu Bəndalı,
“gözəl yazır” demə, dostum, denən ki, ortabab yazır.

MƏHƏMMƏD TURAN

Parlaq gələcəyi olacaq gənc şairlərdən biri… Məhəmmədin qələmi və ruhu əsl şair ruhudur. Maraqlı fikirləri, qəribə yanaşmaları, ədəbi zövqü və savadı onun uğurlu bir şair olacağının göstərcisidir. Məhəmməd şeirlərində yuxu uydurur, sevdiyinin xəyalına sarılır, darıxmağı təsvir etmək üçün kölgəsi ilə oynayır. Ayrılığı dilə gətirir, sevdiyindən ayrılmağı gecə istəyir. Hardasa həsrətini ovutmaq üçün ayrılıq anından xəbərdar olmaq istəmir. “Bircə yol görüm özümü…”, “Sən bir köhnə evsən indi” və digər şeirlərində də Məhəmmədin fərqliliyi hiss olunur. Məhəmməd şeirlərində yeniliklərə can atan şairlərdəndir.

MƏTANƏT QÜDSİ

“Göz yaşı”… Bu şeir çox maraqlı və fərqli gəldi mənə. Kədərə köklənmiş, dərin hisslərlə qələmə alınmış bir şeir. Mətanət öz əzmkarlığı və mənəvi gücü ilə seçilir gənc şairlər arasında. “Məktub” şeirində fərqli yanaşma və daxilən gələn hisslərlə yazıldığı hiss olunur.

Gəl dərləşək,
Göz yaşı…
Sən naşı,
Mən naşı...

TURAL TURAN

Sərbəst şeir, çağdaş ədəbiyyatımızın ən geniş yaylmış janrıdı. Turalın şeirlərində müasirlik, fərqlilik hiss olunur. “İşıqlar üstümə irişir”, “Foto-teleqram”… Adı belə fərqlidir bu şeirlərin. Mənə maraqlı gələn şeirlərindən biri də BİR İLANLIQ HƏVƏS misrası ilə başlayan şeiridir. Uşaqlıq duyğusunu maraqlı lövhələrlə qələmə alır və şair oğluna öz uşaqlığından söz açır.

ƏLİ RÜZGAR

Gəncin ürəyə ünvanlanmış şeirində maraqlı fikirlərə rast gəlmək olur. Təbii ki, gənc şair öz hisslərini həsrətli ifadələrlə çatdırmağa çalışır. Əzablarının bitəcəyini sanır, amma, bitməyən əzabın içində özünün bitdiyini düşünür. Digər şeirinin adı belə çox maraqlıdır – “Göz yaşlarım yanğın yeri”.

Bu cəhənnəm çıxarsa bu bədəndən,
İki cahan yanacaqdır közümdə...

NİZAMİ HƏSƏN

Şair insanı eşq məzarına bənzədir, sevənin arzu-istəyindən danışır, xatırlamaq üçün yaddaşın olduğunu, unutmaq üçün heç nəyin olmadığını dilə gətirir. Ürəyinin qismətinin dəyişik düşdüyündən söhbət açanda maraqlı bir bənzətmə ilə izahat verir:

Mənim taleyimi yazan mələyin,
Bəlkə də, xətti çox səliqəsizmiş...

Cəmi bir şeirlə tolpuda yer alan Nizaminin elə bir şeiri ilə də fərqlənməyi bacardığını düşünürəm.

MƏRHƏMƏT ƏLİYEV

Sevdiyi qadına səslənir şeirində, ayrılmış, lakin, hələ də bir-birini sevən iki insanın ayrılıq iztirablarını dilə gətirir. Onun sevdiyi həsrətdən xəlvəti ağlayır, hər ikisi də eyni acını çəkir. Onun sevdiyinin gözlərinə bədbəxtlik çəkilib, həmin qadın sevgisini ilmə-ilmə tikib şairin ürəyinə…

GÜNEL BAYRAMSOY

Şair keçib gedən günlərin axtarışına çıxır misralarında. Gündüzləri tapmayanda gecələrdən mədəd umur, ümidləri üzüləndə yuxularına üz tutur. Axtardıqca xəyala dalar, uzaqlara gedər, xəyal dünyasında itib qalar və sonda özünü axtarar. Digər şeirində isə həyata, dünyaya səslənir. Acılı-şirinli hər üzü olan həyatı təsvir etməyə çalışır.

TOĞRUL KƏRİMLİ

Heca vəznində yeni fikirlər ilə zəngin olan şeirlər sərgiləyib Toğrul. İlk şeiri məni çox təsirləndirdi. Onun qəhrəmanı nakam bir qadın, çox maraqlı fikirlərlə zəngin bir poeziya nümunəsidir.

Tanrının gözləri niyə görmədi
Içindən özünü öldürən qızı..?

Növbəti şeiri təzadlarla zəngindir, şair burda suları daşa döndərir, daşları su kimi əridir. Torpaqda adamların kökünü axtarır. Daha sonra içindəki günahlardan danışır. Günahların onun qəsdinə gəldiyini bildirir. Başqa bir şeirində bir insanın ömrünə min roman sığdırır. Mənə ən maraqlı gələn şeiri isə “Günah daşıdıq” adlı şeiridir. Onun fikrincə, insanlıq elə yarandığı bir gündən Tanrının evinə günah daşımışdır.

TURANƏ TURAN

Şeirlərində özünəməxsus fərqlilik sərgiləyən gənc şair. O, xəyal dünyasına üz tutar, bəzən bu yollarda üşüyər, bəzən isinər, bəzən kədərlənər. Hətta, vaxtsız itirdiyi atasına belə baş çəkər misralarında. Başqa bir şeirində isə ümid dolu nüanslara toxunar, sevdiyi gözlərin hardasa onu gözlədiyini dilə gətirir.

AYTAC MƏMMƏDLİ

Aytacın hekayəsi məni kövrəltdi. Kiçik bir həcmdə geniş məna çalarları yaratmağı bacarmışdı. Onun hekayəsində həm oğulun anaya olan məhəbbəti, həm ata həsrəti, həm də, Qanlı Yanvarın xalqımızın ürəyində açdığı dərin yara öz əksini tapmışdı. Əsərdə Lalənin timsalında atasızlığın ən ağrılı nüanslarına toxunulmuşdu.

SƏFAİL AQİL

Səfailin “Bağlı pəncərə”sinin gözəlliyini elə onun misralarına baxdıqda görmək olur. Onun pəncərəsini gözəlləşdirən onun sevdiyidir. Digər şeirində isə ürəyinin sözləri qələminə tökülür, göz yaşları əllərində hönkürür, qalın geyinib, lakin üşüyür. Şair şeirində azır, yolları itirir, hər kəs yatan zaman şair ayılır, misralara sarılır.

SƏRVƏR KAMRANLI

İstedadı, fərqli poeziyası ilə yanaşı, xoş xasiyyəti, möhkəm dostluğu və yüksək mədəniyyəti ilə şair dostlar arasında seçilir Sərvər. Özünəməxsus yanaşma tərzi ilə zəngin misralara ev sahibliyi edir onun qələmi. O, “Sənsizliy”in təsvirini çox bacarıqla qələmə almışdır. Onun fikrincə, hər gün geyilməkdən yamaq-yamaq olan yollarda yolunu azmaqdı sənsizlik, ələ qələm alıb kağızlara ləkə salaraq günaha batmaqdır sənsizlik. Başqa bir şeirində o, yer üzündən inciyir, göylərlə qucaqlaşır, qocalaraq uşaqlaşır. Sonra kəndinə üz tutur, yolları əyninə geyinib uşaqlaşmağa gedir. Digər bir şeirində Bakıya səslənir, sevdiyini ona əmanət edir. Sərvər mənim düşüncəmdə gənc şair dostlar arasında uğurlu bir qələmə sahib olan gənclərimizdəndir.

Gülnarə SADİQ (GƏNCƏ, avqust-2017)Gulnare Sadiq

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.