Ana səhifə İCTİMAİ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Müəllif: Bizim Yazı
356 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli imzalayıblar.

Bizimyazı.az xəbər verir ki, sənəd özündə Türk dövlətlərinin Ali musiqi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilələrin yaradılması, eləcə də Türk Dünyasının musiqisinin beynəlxalq səviyyədə tanıdılması yönündə əməkdaşlığı ehtiva edir.
Mərasimi giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, onları Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin ocağında görməkdən şad olduğunu bildirib. O, Bakı Musiqi Akademiyasının ümumi fəaliyyətindən söz açaraq, Akademiyanın məzunlarının Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil etdiklərini vurğulayıb. Rektor Bakı Musiqi Akademiyası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun imzaladığı Memorandumu türk dövlətlərinin musiqi sənətinin bir araya gətirilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Fərhad Bədəlbəyli Türk Dünyasının sənət adamlarının eyni kökdən olan türk xalqları arasında müasir dövrdə mədəni əlaqələrin gücləndirilməsinə dəstək vermək üçün hər zaman hazır olduqlarını bildirib. Rektor Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, təşkilat ilə birgə əməkdaşlığın ümumtürk musiqisinin və incəsənətinin inkişafına önəmli töhfələr verəcəyinə inandığını qeyd edib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yaşı 100 ildən artıq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycanda peşəkar musiqiçi kadrların yetişməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Günay Əfəndiyeva mərasimin Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” fəxri statusunu daşıdığı ilə təsadüf etməsinə diqqəti çəkib. Fondun prezidenti Şuşanın bütün Türk Dünyasında zəfər və qürur rəmzini ifadə etdiyini vurğulayıb. O, təşkilat tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə təbliği yönündə başladılan geniş miqyaslı layihələrdən söz açıb. Günay Əfəndiyeva ötən il Fondun ilk dəfə Azərbaycanın hüdudlarından kənarda – Türkiyənin Bursa şəhərində həyata keçirdiyi “Şuşa Günləri”nin yaxın zamanda Özbəkistanın paytaxtı Daşkənddə davam etdiriləcəyini bildirib. O, türk xalqlarının dünya xalqları ilə yaxınlaşdırılmasının Fondun əsas məqsədləri sırasında yer aldığını qeyd edib. Fondun prezidenti təşkilatın musiqi sahəsində fəaliyyətindən bəhs edib. Günay Əfəndiyeva bildirib ki, imzalanan Anlaşma Memorandumu birgə layihələrin keçirilməsi, fərqlənən tələbələrə mükafatların verilməsi, Akademiyanın müəllim heyətinin mütəxəssis şəklində təşkilatın tədbirlərinə cəlb olunması və digər bu kimi məsələlərə imkan yaradır. O, Fondun əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük .əbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasının, qarşılıqlı mədəni-mənəvi mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.
Tədbir Bakı Kamera Orkestrının və Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyətinin ifasında türk bəstəkarlarının musiqilərindən, mahnılarından ibarət konsert proqramı ilə davam etdirilib.
Mərasimdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Fonda üzv və digər ölkələrin səfirləri və nümayəndələri, Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.