Ana səhifə TÜRK DÜNYASI Başqırd Toğan və Azərbaycan – ARAŞDIRMA

Başqırd Toğan və Azərbaycan – ARAŞDIRMA

Müəllif: Bizim Yazı
740 baxış

Zəki Vəlidi Toğan haqqında

Türk Dünyasının aydınlarından, gəncliyi ruslarla mübarizədə keçən Zəki Vəlidi Toğanın yaşamının müəyyən dövründə Bakıda gizləndiyini, Azərbaycan tarixinə aid əsər yazmasını nəzərə alaraq bu dəyərli şəxsiyyətin yaşamının bəzi nüanslarını nəzərinizə çatdıracağam. 2010-cu il TÜRKSOY tərəfindən Toğanın 120 illiyi ilə bağlı olaraq “Zəki Vəlidi Toğan” ili adlandırılıb, həmin ilin 28-30 aprelində Bakıda geniş konfrans keçirilib.

Kim idi Zəki Vəlidi Toğan?

Zəki Vəlidi Toğan 1890-cı ildə dekabrın 10-da Başqırdıstanın İsterlitamak mahalının Küzen kəndində doğulub. İbtidai və orta təhsilini əvvəlcə Küzendə, sonra dayısı Həbib Nəccarın Utəkdəki mədrəsəsində alır, 1912-ci ildə Kazan Universitetinin tarix və ədəbiyyat fakültəsində ali təhsil almağa başlayır, ancaq ali təhsilini axıra çatdıra bilmir. O, universitet təhsilini uzun müddətdən sonra, 1931-1935-ci illərdə Vyanada tamamlayır. Kazanda təhsil aldığı müddətdə tanınmış şərqşünaslar N.AŞmarin və N.Katanovun təşəbbüsü ilə Zəki elmi tədqiqatlara başlayır, “Türk və tatar tarixi”nin ilk cildini 1912-ci ildə Kazanda nəşr etdirir. Bu əsər onun Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinə üzv qəbul edilməsinə səbəb olur.

1914-cü ildə o, Rusiya EA tərəfindən Fərqanə və Buxara bölgələrinə göndərilir, 1914-cü ildə “Qeyri-rus məktəblərində rus dili müəllimi” kursundan imtahan verir və dəvət edildiyi Ufa Şəhərinə gedərək Osmaniyyə mədrəsəsində türk dili müəllimliyinə başlayır, həmçinin burada siyasi fəaliyyətə qoşulur, Dumaya deputat seçilir, 1917-ci il noyabrın 29-da qurulan Milli Başqırd hökumətinin daxili işlər naziri olur. Ancaq 1918-ci il yanvarın 18-də Orenburq bolşeviklər tərəfindən işğal edildikdən sonra Zəki Vəlidi həbs olunur, başqırdlar və qazaxlar üstünlüyü əldə aldıqdan sonra o, həbsxanadan çıxır, 1918-ci il iyunun 7-də Milli Başqırd hökumətini yenidən bərpa edir.

Bu hökumət 1920-ci ilin iyunun 29-na kimi həm sovetlərlə, həm də ağqvardiyaçılarla müəyyən məsafə saxlaya bilir, lakin 1920-ci il iyunun 29-da Toğan gizlicə Türküstana keçir, 1920-1922-ci illər arasında 3 ilə kimi gizli mübarizə aparır. 1923-cü ilin fevralın 21-də İrana keçir və Əfqanıstan yolu ilə Hindistana gedir, burada bir müddət qaldıqdan sonra 1923-cü il noyabrın 1- də gəmi ilə Bombeydən Türkiyəyə yola düşür, lakin vizaları olmadığı üçün ölkəyə buraxılmır, yenidən İzmir yolu ilə Avropaya gedir, Paris və Berlində yaşayır. 1925-ci ilin martın əvvəllərində Türkiyənin maarif naziri Doktor Rza Nur Berlində olarkən Zəki Vəlidi ilə görüşür, onu Türkiyəyə dəvət edir. Zəki Vəlidi və dostu Ə.İnan 1925-ci ilin mayın 20-də Ankaraya gəlirlər. 1927-ci ildə Toğan İstanbula gedir və İstanbul Universitetində müəllimlik etməyə başlayır. 1932-ci ilin iyulunda Ankarada keçirilən Türk Tarixi Tədqiq Cəmiyyətinin birinci konqresində onun fikirləri tənqid olunur, ali təhsili olmadığına görə günahlandırırlar. Ömrünü elmə həsr edən Toğan buna dözməyərək 1932-ci il iyulun 8-də İstanbul Universitetində tutduğu vəzifədən istefa edir, ali təhsilini tamamlamaq və doktorluq üzrə mövzu müdafiə etmək üçün Vyanaya gedir. O, Vyana Universitetində həm universitet təhsilini tamamlayır, həm də 1935-ci il iyunun 7-də “İbn Fadlanın Səyahətnaməsi” mövzusunda doktorluq işi müdafiə edir, Bonn və Gettingen universitetlərində “Orta Asiya tarixi və islamiyyət” sahəsində müəllimlik edir.

İkinci Dünya müharibəsi zamanı Türkiyə ilə SSRİ arasında münasibətlər gərginləşən dönəmdə Z.Vəlidi 1944-cü il mayın 15-də “turançılıq təbliğatı ilə Türkiyədə SSRİ əleyhinə hərəkatda olması” ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum olunur, 1945-ci ilin oktyabrında azad edilir. Z.V.Toğan 1970-ci il iyulun 26-da İstanbulda vəfat edir, Qaracaəhməd məzarlığında dəfn edilir. Ondan geridə “Xatirələr”, “Tarixdə üsul”, “Ümumtürk tarixinə giriş” və “Türkün müqəddəratı üzərinə” kimi dəyərli əsərlər qalır.

Xatirələrlə Zəki Vəlidi Toğan

1969-cu ildə Zəki Vəlidi Toğanın 1925-ci ilə qədərki həyatını əks etdirən “Xatirələrim” adlı kitabı nəşr olunur, təəssüf ki bu kitabın davamı olmur. Əsər on hissədən ibarətdir. “Gəncliyim” adlanan ilk bölmədə Zəki nəsil şəcərəsindən, uşaqlıq dövründən, ziyalı dayısının evində yaşadığı günlərdən, yüksək təhsil almaq istəyinin necə yaranmasından bəhs edilir. “1908-16-cı illərdəki ilk elmi araşdırmalarım” adlı ikinci bölmə Zəkinin Başqırdıstan, Kazan, Fərqanə, Peterburq və Buxaraya səyahətlərindən danışılır. Bu hissədə verilən maraqlı bir məlumata görə, bir dəfə Zəki onu zorla evləndirməyə çalışan atasına “təhsil almaq istəyindəyəm, evlənmirəm” cümləsindən ibarət məktub yazır, evdən qaçır, bir rus kəndində ilk dəfə tans edir, lakin bundan peşman olaraq “bir daha kafirlərin arasına girməməyə” qərar verdiyini yazır. Bu dövrlərdə Zəki bütün şüurlu insanların birləşib ortaq bir din yaratmalarının perspektivləri haqqında düşünür, bu ideyası ailəsi tərəfindən kəskin qarşılansa da, o özünü müdafiə edir, fikirərinin haqlı tərəflərini sübut edə bilir. İlk elmi araşdırmalarını əhatə edən bu dövrdə o dövrün tanınmış şərqşünasları Radlov və Bartold tərəfindən qiymətləndirilir. Üçüncü hissə “1916- 18-ci illərdəki siyasi fəaliyyətim” adlanır. Toğan bu bölmədə Çar Rusiyasında gedən siyasi mübarizələri izləməsindən, dumaya deputat seçilməsindən, Maksim Qorki ilə tanışlığından bəhs edir. Dördüncü hissə “Sovetlərlə 15 ay iş birliyi” adlanır. Bu bölmədən məlum olur ki, Başqırd hökuməti ilə Rusiya arasında bağlanan anlaşmaya görə daxili və iqtisadi müstəqillik qalır, Başqırd ordusu isə sovet ordusuna birləşdirilir. Bu dövrdə o, Trotski, Lenin və Stalinlə məcburi görüşmələr aparır, Leninin təkliflərini dəyərləndirir, lakin sonunda görüşmələrdən imtina edərək üsyan qaldırır. Beşinci bölüm belə başlayır: “29 iyun 1920-ci ildə Lenini tərk edir, üsyan bayrağını qaldıraraq Türküstanın dağ və çöllərinə çəkilirəm”. Zəkinin məqsədi Xarəzm və Kaşğarı əhatə edən böyük təşkilat yaratmaq idi. Bu məqsədlə o, Türküstanı dolaşmağa başlayır, qızıl ordu əsgərinin forması ilə gizlicə Bakıya gəlir. 1920-ci ildə Bakıda keçiriləcək “Şərq xalqlarının konqresinə” qatılacağı güman edildiyindən Toğan Bakıda axtarışa verilir, lakin ələ keçmir. O, konqresdə bilavasitə iştirak etməsə də, Bakıda yaşadığı gizli evdə konqresin fəaliyyətini izləyir. Belə ki, Zəki Bakıda Türk Kommunist Partiyasının təşkil etdiyi evdə gizlənir, konqresə öz təkliflərini verir. Konqres fəaliyyətini bitirdikdən sonra Buxaraya gedir, burada Ənvər paşa ilə birlikdə ruslara qarşı mübarizə aparır, Ənvər paşanın 1922-ci ildə şəhid olmasından sonra türküstanlıların mübarizə əzmi geriləyir. Zəki Türkütsndan ayrılaraq mübarizəni kənarda aparmağa qərar verir. Altıncı hissədə Toğanın İranda yaşadığı yeddi həftədəki yaşantılarından bəhs edilir. Burada o Türkiyənin konsulu Sami bəyə məktub verir, bu məktubun Yusuf Akçuraya, Ziya Gökalpa, Əhməd Ağaoğluna, Fuad Köprülüyə çatdırılmasını xahiş edir. Məktubda Türküstandakı durum izah edilir. Bu dövrdə o, Məşhəd kitabxanasından itmiş hesab edilən ərəb səyyahı İbn Fədlanın əsərini tapır. Yeddinci hissə Zəkinin dostu Ə.İnanla Əfqanıstanda, səkkizinci bölmə isə Hindistanda olduğu dönəmi əhatə edir. Doqquzuncu bölmə Avropada, sonuncu bölmə isə Türkiyədə yaşadığı dönəmi ehtiva edir. Sonucu bölmədə ən maraqlı hissə Toğanın Türkiyə vətəndaşı kimi Atatürklə görüşməsidir. Belə ki, 31 iyul 1925-ci ildə Qurban bayramı günü, bayram namazından sonra Toğan TBMM-ə gəlir və Mustafa Kamalı təbrik edir. Mustafa Kamalın ona “nə üçün bu qədər gecikdiniz” sualına Toğan belə cavab verir: “Gələrkən üzərimdə türk nüfus cüzdanının olmasını gözlədim”. Xatirələri bu cümlələrlə bitir.

Azərbaycan tarixşünaslığında Toğanın dəyəri

Zəki Vəlidi Toğanın Azərbaycan tarixşünaslığındakı önəmli yeri onun Azərbaycanın tarixi etnoqrafiyasını öyrənən ilk xarici şərqşünas olmasıdır. O, 1927-ci ildə “Azərbaycan etnoqrafiyasına dair” məşhur əsərini dərc etdirir. Bu araşdırma 1933-cü ildə “Azərbaycan Yurd bilgisi” dərgisində yenidən nəşr olunur. Müəllif həmin dərgidə nəşr etdirdiyi “Azərbaycanın tarixi coğrafiyası” məqaləsi və “Ümumtürk tarixinə giriş” əsərində Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə geniş yer ayırıb. Onun Azərbaycanla bağlı əsərlərindən biri də Türkiyədə “İslam ensiklopediyası”nda çap etdirdiyi “Azərbaycan” məqaləsidir. Azərbaycan tarixinin mükəmməl icmalını özündə əks etdirən bu məqalə aşağıdakı mövzuları əhatə edir:

1) Azərbaycanın bugünkü coğrafi və etnoqrafik vəziyyəti;
2) Azərbaycanın adı və tarixi sərhədləri
3) Ərəb istilası dövrü;
4) Azərbaycana gələn ilk türklər;
5) Ərəblər dövründə türklər;
6) Səlcuqlar dövründə türklər;
7) Azərbaycanda qıpçaq ünsürü;
8)  İlxanilər dövründə Azərbaycanın türkləşməsi;
9) Azəri türk etnik qrupunun türkləşməsi;
10) İlxanilər dövründə ticarət yolları;
11) Ərəb və türk hakimiyyəti dövründə Azərbaycanın iqtisadi vəziyyəti;
12) Səlcuqlar və İlxanilər dövrünün Azərbaycanın mədəni həyatına təsiri;
13) XVI-XVIII əsrlərdə Azərbaycan;
14)Azərbaycana Osmanlı səfərləri;
15) Nadir Şahdan sonrakı vəziyyət və rus istilası;
16) Azərbaycanda son dövr fikir və siyasi cərəyanlar.

Dilqəm ƏHMƏD

Qaynaq:
1. Z.V. Toğan: “Azərbaycanın tarixi coğrafiyası”- Bakı, 2009
2. Seyfullah Esin: “Prof.dr. Zeki Velidi Toğanın “Hatıralar” adlı eseri (İstanbul, 1971, məqa

//www.kulis.az/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.