Ana səhifə İCTİMAİ Azad Ağalıda ilk imza günü

Azad Ağalıda ilk imza günü

Müəllif: Bizim Yazı
184 baxış

“Böyük Qayıdış”ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb. 01.12.2023-cü il tarixdə Zəngilan rayon Ağalı kənd tam orta məktəbində gənc şair, AYB-nin üzvü, prezident mükafatçısı Elvin Əlizadənin “-29” adlı şeirlər kitabının imza günü keçirilib.

Zəngilan ziyalılarından olan Ceyhun Həsənov tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlayıb müəllifin həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamları bölüşərək tədbiri aparmaq üçün sözü şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya verdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirə aparıcılıq edən Xəyal Rza Şərqi Zəngəzurun Azərbaycan ədəbi mühitinə bəxş etdiyi şəxslərdən, ölkənin ictimai həyatındakı əhəmiyyətindən söz açaraq Elvin Əlizadənin də mədəniyyət sahəsində fəaliyyətindən bəhs etdi. Daha sonra çıxış edən tanınmış yazıçı Əyyub Qiyas müəllifin Sumqayıt ədəbi mühitindəki rolundan, vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərdən danışaraq şairin “Zəngilan” şeirini səsləndirdi. Eyni zamanda müəllifi olduğu bəzi kitabları Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə etdi. Qonaqlardan MİHİ Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, tanınmış şair Vüqar Rahi və Babək Məmmədli kitab haqqında fikirlərini oxucularla bölüşüb Zəngilana ilk dəfə səfər etməyin sevincini dilə gətirdilər. Tanınmış xanəndə, “Xalq ulduzu” yarışmasının qalibi Tural Salmanovun müəllifin şeirlərinə bəstələdiyi mahnılardan ifa etməsi qonaqlar tərəfindən maraqla qarşılandı. Daha sonra çıxış edən müəllifin atası, Ağalı kənd sakini Nurəddin Əliyev tədbirdə iştirak edən kənd sakinlərinə, Elvin Əlizadənin qələm dostlarına öz minnətdarlığını bildirdi və oğlu ilə fəxr etdiyini vurğuladı. Aparıcı sonda sözü Elvin Əlizadəyə verdi. Müəllif öz şeirlərindən səsləndirib 2021-ci ildə Ağalı kəndinin təməlqoyma mərasimi zamanı etdiyi ilk səfər xatirələrini bölüşərək tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi. Tədbirin sonunda müəllifin imzalı kitabları oxuculara hədiyyə edildi və xatirə şəkli çəkildi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.