Ana səhifə BAŞ YAZI ASİF ATA İSA MUĞANNA HAQQINDA NƏ YAZIRDI?

ASİF ATA İSA MUĞANNA HAQQINDA NƏ YAZIRDI?

Müəllif: Bizim Yazı
365 baxış

Isa MugannaMÜHİT VƏ ŞƏXSİYYƏT

Adi həqiqətdir ki, sənət əsərlərində təsvir olunan hər bir şəxsiyyət ilk növbədə müəyyən mühitin içərisində yetişir, onun təsirinə məruz qalır.
Şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir (böyük mühit). Lakin onunla yanaşı, onun ziddiyyətli təzahürü olan mikromühit (balaca mühit) də mövcud ola bilər ki, orada şəxsiyyət öz imkanlarını aşkara çıxara bilməz, iztirabların közündə yanar, fəaliyyəti imkanlarının müqabilində çox cılız görünər. Bu mühit şəxsiyyəti qanadlandırmaz, əksinə, onun qanadlarını qırar, böyütməz, əksinə, kiçildər, fərdiləşdirməz, əksinə, eyniləşdirər. Bu kiçik mühitin mövcudluğunu qeyri-mövcudluğa çevirmək üçün biz onun simasını təyin etməli, mahiyyətini aşkara çıxartmalı, qeyri-ideallığını, qeyri-estetikliyini təsdiq etməliyik. Sənət yalnız tərənnüm deyil. Sənət eyni zamanda bədii təhlildir.
Bu baxımdan yazıçı İ.Hüseynovun vaxtı ilə mübahisələrə səbəb olan və yeni əsərlərinin üzərində dayanmağı lazım bilirik.
“Yanar ürək” romanının qəhrəmanı Səməd Əmirli uzun müddət qəddar despot olan raykom katibi Sultan Əmirli ilə açıq mübarizə apara bilmir, iztirablar aləminə qapılır, öz insani mənliyini təsdiq edə bilmir.
Sultan Əmirlinin rəhbər mövqe tutduğu rayonda əhalini işgüzarlığı, fədakarlığı, qüdrəti sanki özgələşmiş bir şəxsiyyətin mahiyyətinə çevrilmişdir. Daha doğrusu, bütün bu keyfiyyətləri bir nəfər mənimsəmiş və buna görə də özü insani məziyyətlərdən məhrum olmuşdur.
Belə şəxsiyyət zənginləşməz, əksinə, yoxsullaşar; dərinləşməz, əksinə, səthiləşər; böyüməz, əksinə, kiçilər.
Belə mühitdə yaşayıb düşünən Səməd qanadlıdır, lakin uçmayır. Axar çay kimi coşğundur, lakin bu çay müəyyən müddət buzla örtülü olur. Bu mühitdə Səməd məhdud da olsa, fəaliyyət göstərir: əmisinin üzünə həqiqəti söyləməkdən çəkinmir, Rəhimli kimi bədnam kolxoz sədrini ifşa edir. Ağakişiyev kimi intriqa ustasıyla mübarizəyə girişir. Oxucu bilir ki, bu, azdır. Bəli, bu, doğrudan da azdır. Öz şəxsi məziyyətlərinə görə Səməd daha çox iş görə bilərdi. Burada dağ siçan doğmuşdur. Lakin bu, dağın günahı deyil. Odlu bir dağ püskürməyəndə yanar ürəyə çevrilir.
Əsərin axırına yaxın mühit dəyişdikdə, Sultan Əmirlilər haqqında haqq sözü deyildikdən sonra Səmədin əhvali-ruhiyyəsi dəyişilir, fəaliyyət çərçivəsi genişlənir, məziyyətləri daha bariz şəkildə meydana çıxır. Qartala səma gərəkdir, yoxsa o, öz qartallığını necə sübut eləyə bilər? Geniş səma olmayanda qartallar sərçələrə bənzəyər.
Şəxsi mənliyini xalqın mənliyi hesabına təsdiq etməyə çalışan Sultan Əmirli kimi adamlar mənəvi iflasa uğrayır, bir şəxsiyyət kimi yüksələ bilmirlər. Bu da aydındır.
Şəxsiyyətlər – xalq adlanan coşğun çaydan axıb gələn arxlardır. Əvvəl-axır onlar yenə həmin çaya axır və onun hissəsinə çevrilərək bəşəriyyət adlanan dənizə qovuşur. Buna görə də xalqdan ayrı düşmüş insan heç vaxt şəxsiyyət səviyyəsinə yüksələ bilməz. Çaya axmayan gölməçələr quruduqları kimi, xalq axınından ayrı düşən fərd də mənəvi iflasa uğrayır. Çünki o, bəşəriyyət adlanan dənizə tək özünü yox, içərisindən çıxdığı xalq adlanan çayın ahəngini, axarını, hərarətini gətirir.
Bu cəhətdən Sultan Əmirlini müəyyən mənada faciəvi qəhrəman hesab etmək olar.
Sultan Əmirli ona görə faciəvi qəhrəmandır ki, ömrünün axırına qədər özünün faciəli vəziyyətini dərk edə bilmir, xalq həyatı adlanan axından uzaq düşdüyünü anlamır… Yalnız bircə dəfə o, özünün dostsuz, həmdəmsiz, yalqız adam olduğuna acıyır.
Lakin əsl həqiqəti o, heç vaxt dərk etmir. Dərk etmir ki, bacarıqlı, işgüzar olduğuna, yuxusuz gecələr keçirdiyinə baxmayaraq, insanların dostu, dilbiləni, yol göstərəni yox, düşməni olmuşdur.
Sultan Əmirlinin fəaliyyətində yalnız bircə şey çatışmırdı – humanizm ideyası. Sultan Əmirli insanlara məqsəd kimi deyil, vasitə kimi baxırdı. Buna görə də onun qəbri indi gözdən, könüldən uzaq bir yerdə kabus kimi qaralır. Buna görə də onun övladını camaatı sevmir. Balaca Mədədin böyük Sultan olacağı fikri adamları vahiməyə salır. Bu cür faciələrə estetikada “bilməzlik” faciəsi deyilir.
Həyatda ən böyük ideya – insan ideyasıdır. Bu ideyadan məhrum olan hər cür fəaliyyət özünün əksinə çevrilir. Humanizm hissi ilə bağlı olmayan hər cür niyyət öz nəcibliyini itirir, eybəcər mahiyyət kəsb edir.

***
“Saz” povestinin qəhrəmanı Qılınc Qurban kənd camaatının namusunu qorumaq kimi nəcib niyyətə qulluq edir. Lakin bu niyyət şübhəçiliyə çevrilərkən eybəcərləşir. İnsanlara arxa olmaq məqsədi ilə fəaliyyət göstərən bir şəxs labüd şəkildə camaata yad və zidd qüvvəyə çevrilir. Qurbanın insanlara münasibəti İsfəndiyar kişi ilə aşağıdakı söhbətində aşkar olur: “…Kimin üzünə baxıram, şeytan görürəm”. Bu əhvali-ruhiyyə Qılınc Qurbanı camaatdan ayırır. Camaat ilə Qurban arasında keçilməz uçurum yaranır.
Müəllif inandırıcı surətdə göstərə bilmişdir ki, insana inam hissi xalqın (povestdə – kənd camaatının) ən ümdə, ən dərin hisslərindən biridir. Xalq müdrikliyinin ilkin əlamətlərindəndir.
Bu baxımdan əsərin digər qəhrəmanı İsfəndiyar kişi çox səciyyəvidir. Əsərdə o, Qılınc Qurban fəlsəfəsinə zidd olan xalq fəlsəfəsinin ifadəçisi kimi çıxış edir. Onun fəaliyyətinin qayəsini insanlara inam təşkil edir.
Bu inam davamlı və sarsılmaz olduğundan İsfəndiyar kişinin qollarına güc, ürəyinə mətanət gətirir. O, Qılınc Qurban kimi bir adamla toqquşmaqdan belə çəkinmir, zavallı Hacını onun caynağından qopardır, insana inamın böyük hikmətini təsdiq edir. Əsərin sonunda İsfəndiyar kişinin haqlılığı, Qılınc Qurbanın haqsızlığı üzə çıxarkən biz insana inam fəlsəfəsinin insana şübhə fəlsəfəsi üzərində qələbəsinin şahidi oluruq.
Qılınc Qurban da, İsfəndiyar kişi də öz fəaliyyətlərinin düzgünlüyünə sonsuz dərəcədə inanan adamlardır. Mübarizədə İsfəndiyar kişinin əqidəsi qələbə çalır. Qılınc məğlub olursa, bu, o deməkdir ki, İsfəndiyar kişi bir şəxsiyyət kimi ucalır, Qılınc Qurban isə kiçilir.

***

Bu mülahizələri İ.Hüseynovun “Tütək səsi” əsərinə də aid etmək olar.
Sultan Əmirli ilə “Tütək səsi” povestindəki Cəbrayıl arasında daxili bənzəyişi duymamaq olmaz. O da Sultan Əmirli kimi xalq etik normalarını tapdalayan kobud və xudpəsənddir. O da öz şəxsi mənliyini neçə-neçə insanların mənliyi bahasına təsdiq edir: kənd əhalisinin gözü qarşısında dul əsgər arvadının evinə soxulur, uşaqları və böyükləri insani ləyaqətdən məhrum etmək istəyir. Sultan Əmirli kimi o da qorxunc, heybətli və güclüdür.
“Tütək səsi” povestinin qəhrəmanlarından biri olan Cümrü Səməd Əmirliyə nə qədər bənzəyir! Pəhləvan cüssəli, cəsur qəlbli, yaşıdlarının fəxri, idealı sayılan bu gənc atası evinə soxulmuş bir həyasızı, çağırılmamış qonağı qapısından qova bilmir.
O, tütəyin naləli, kədərli səsində öz nifrətini, nisgilini, arzusunu, ümidini, üzə çıxmamış və buna görə də bütün vücuduna, mənəvi aləminə ağır yük olmuş imkanlarını ifadə edir.
Səməd səadət gününü, Sultan Əmirli üzərində çalınan qələbə gününü görür, onun bir şəxsiyyət kimi inkişaf etməsi üçün yeni geniş üfüqlər açılır. Cümrü isə öz mikromühitinə sığmayan, lakin o mühitdən kənara da çıxa bilməyən, məhv olan bir insandır. Əsərin bir yerində Nuru Cümrü haqqında Tapdığa deyir: “Cümrü dərd çəkən adama oxşayır. Tapdıq, sənin, mənim kimi yox, lap ayrı cür dərd çəkən adama oxşayır”.
Tapdığın Nuruya dediyi sözlər də çox mənalıdır: “Mənim qorxum bircə şeydəndir, Nuru. Qorxuram, onun zalımlığına öyrəşək (Söhbət Cəbrayıldan gedir – A.A.). Uşaqlıqda mənim bir qırğı quşum vardı. Bir az tüklənən kimi qanadlarını sapnan bərk-bərk bağlamışdım. Sonra sapı açanda uçammadı”.
Cümrü ona görə faciəvi qəhrəmandır ki, o, dərin məzmunlu, ayrı cür dərd çəkən adamdır, ədalətsizliyə öyrəşən kəs deyil, uçmaq üçün yaranmışdır.
Lakin uça bilmir.
Qartal kimi uça bilmir, ancaq koramal kimi də yerlə sürünmür. Tütək çalır.
Tütək səsi! Qollu-qanadlı, idraklı, arzulu mərd insanın fəlakətli günlərdə yeganə təsəllisi. Tütək səsi! Coşğun çaylar kimi axmağa, şimşək kimi çaxmağa, dağı-daşı lərzəyə salmağa qadir bir ürəyin həzin nəğməsi.

Tütək səsi!
Neçə dəniz göz yaşının,
Neçə təmiz göz yaşının,
Neçə əziz göz yaşının,
Müqəddəs bir xatirəsi.

Tütək səsi! Bu günümün dünənimlə, yetkinliyimin körpəliyimlə, kamilliyimin sadəlövhlüyümlə vidalaşan dəqiqəsi!
Tütək səsi! Müharibənin dəhşətli illərində çörəyin, suyun, ülfətin, nifrətin, dostluğun, düşmənçiliyin, yalanın, gözəlliyin mənasını dərindən dərk etmiş bir nəslin hafizəsi.

SƏNƏT VƏ ÖZÜNÜDƏRKETMƏ

MÜQƏDDƏSLİK

İ.Hüseynovun “Quru budaq” povesti müqəddəslik duyğusunun, qayəsinin böyük mənasına həsr edilmişdir. O, müqəddəsliyi qorumağa, müqəddəslik uğrunda mübarizəyə çağırır. Şövkətlə Molla Gülən təzadı – müqəddəsliyə, ata-ana xatirəsinə tapınma duyğusu ilə “müasir” xəbis inkarçılıq arasındakı mübarizəni əks etdirir. Bu mübarizə, eyni zamanda, həqiqətlə yarımhəqiqətin, mübarizliklə liberallığın, əsl humanizmlə saxta humanizmin toqquşması ilə səciyyələnir. Şövkət üçün həyatda ülvi, əziz, doğma nə varsa – o müqəddəs bir xatirəylə, atası Tahir müəllimlə bağlıdır. Bu, Şövkətin həyata baxışını, insanlara münasibətini təyin edən əsas amildir.
Müqəddəslik hissi – gözəl hissdir. Bu hisslə yaşayanlarda kiçik eybəcərlik, ən adi haqsızlıq güclü etiraz, hiddət yaradır. Şövkətin məktəbin dostlarına, ətrafdaklara, qardaşı Nuruya məhəbbəti müqəddəslik duyğusunun tələbi ilə müəyyən olunur. O şey ki, müqəddəslik adlı ülviyyətə yaddır, o, eybəcərdir, o şey ki, həmin ülviyyətlə həmahəngdir, o, gözəldir, qiymətlidir. Şövkətin həyat devizi belədir. Ona görə də Şövkət öz ata əvəzi qardaşı Nuruyla, inqilab timsalı hesab etdiyi Qılınc Qurbana yad olur.
Əsərdə Tahir ruhu – əsl məhəbbət, insan ləyaqəti, əsl həqiqət uğrunda mübarizə rəmzinə çevrilir. Şövkət ilə mühiti arasında daim genişlənən, dərinləşən uçurum – müqəddəsliyə ardıcıl inamla ona sadəcə hörmət, yaxud biganəlik, qətiyyətlə yarımqətiyyət, həqiqətlə yarımhəqiqət arasında barışmaz ziddiyyətdən yaranır. İlk baxışda Şövkətin sevgilisi Ruqiyyəyə münasibəti ilə Tahir ruhu arasında elə bir yaxınlıq yoxdur. Lakin əslində məhəbbəti qorumaq əzmi – müqəddəslik duyğusunun təzahür formalarından biridir. Təmiz ürəklə ülviyyətə bağlananlar təmin ürəklə də məhəbbətə bağlanırlar. Bu səbəbdən də başqalarının gözündə eybəcər görünən Ruqiyyə Şövkətin gözündə misilsiz məhəbbətə layiq bir xilqətdir. Şövkətin Ruqiyyə uğrunda mübarizəsi – müqəddəslik uörunda mübarizənin timsalı kimi qiymətləndirilməlidir.
Molla Güləni əsərdə sevən azdır. Lakin başqaları üçün adi bir bədbəxt kimi görünən bu şəxs, Şövkət üçün mənfur, qara bir kabusdur. Bu kabus hər yerdə, hər zaman onu izləyir, onun ən gözəl anlarını zəhərləyir.
“Gecə deyildi, nağıl idi. Ocağımızın çatıltıları ilə başladı, düzənlikdə, yulğunluqlarda, torağayların, xoruzların səsi ilə qurtardı”.
“- Ə, hələ buradasınızmı?
…Uşaqlar attestatlarını alan kimi dağılışıblar. Təkcə mən burda sinfin pəncərəsi qabağında dayanmışam. Bir də o iki nəfər (Molla Gülən və oğlu – A.A.) təsərrüfat otağında qurdalanır. Mən onlara baxmaq istəmirəm. Onlara çox baxanda o toz-duman içində pis gülüşün, soğan əkmək söhbətinin uzun müddət yadımdan çıxmayıb mənə əziyyət verəcəyindən, o gülüşlə, o soğan söhbəti ilə birlikdə beynimə hücum çəkən uzaq və uzaq olduğu qədər də yaxın hadisələrin məngənəsindən qorxuram”.
Molla Gülənin niyyəti bir səmtə yönəlib. Tahir ruhunu ürəklərdən silmək, maarif yurdunu xarabazara döndərmək və rahatlanmaq, nəşələnmək.
Molla Gülənlik bizcə çox ciddi ictimai-psixoloji hadisədir. O, istedadsızların, məhvə məhkum olanların, eybəcərlərin – gözəlliyə, böyüklüyə, təmzliyə qarşı hiddəti, kinidir. Alçaqların, naqislərin, bəsitlərin, qaraqəlblilərin munisliyə, qeyri-adiliyə, ucalığa, ülviliyə qarşı qəddar üsyanıdır, gözəllikdə ayıb, böyüklükdə kiçiklik axtaran və tapdıqca sevinən, nəşələnən xainliyin, iblisliyin əsl mövcudluğudur.
Molla Gülənin mənfur və təhlükəli mahiyyəti Molla Güləndir!
Molla Gülənlik yalnız Tahir ruhuna qarşı qəddar nifrət deyil, həm də Şövkətin anasının ayaqlarına dəyən zərbələrdir: “Çarpayımdan nə vaxt atılmışdım? Ayaqqabıları Nurunun sinəsinin üstündən alıb, öz sinəmə sıxıb arakəsmənin dalına gəldiyim dəqiqədən nə qədər, neçə gün keçmişdir? Bilmirəm. Ancaq onu yəqin bilirəm ki, o günlərdə mən nə bir şey yeyib-içdim, nə də yuxu yatdım. Anamın ayaqqabılarını gah dzilərimin üstündə, gah da sinəmdə tutub dururdum. Sonra yenə də hər şey dumana bürünür, yoxa çıxırdı. Qarşımda ayaqqabılar. Dərisindəki qırışlar. Qırış deyildi onlar, anamın dabanındakı ömrü boyu qövr eləyən, ilbəil açılıb təzələnən, sağalmaq bilməyən yara idi, anam özü getsə də, yarası qalmışdı, mən onu sığallayırdım, sağaltmaq istəyirdim.
Qırış deyildi onlar, bütün dünyada təkcə mənim oxuya bildiyim heroqliflərdi. Səlim müəllimin şəxsi kitabxanasından aldığım şeir kitablarının əvəzinə indi mən heroqliflə çap olunmuş həyatın özünün yazdığı, oxuduqca qurtarmayan bir roman oxuyurdum”.
Şövkətin qəlbində yaranan hisslərin hamısı bir səmtə – Molla Kələntərlə hiddət və nifrət çayına axır. “Antişöşü qrupunun” nümayəndələrinə, pıçı-pıçı və dedi-qodu pəhləvanları Kömbə və Köpüşlərə, küt və sırtıq Sıpa Ramazana hiddət və Molla Gülənlərə nifrət eyni bir ehtirasın müxtəlif ifadələridir. Həmin ehtiras Şövkətlə əzizləri, doğmaları arasında barışmaz, dramatik münaqişə yaradır. Qəhrəman süni bir xülyadan, illüziyadan, saxta ülvilikdən xilas olur. Onlarla əbədilik vidalaşır. Bu vidalaşma əsl, böyük həqiqətlə yarımhəqiqətin mübarizəsi şəklində təzahür edir.
Şövkət Molla Gülənə güzəşt fəlsəfəsi ilə heç cür barışa bilmir. Bu fəlsəfənin “dialektik müdrikliyini” qəbul etmir. Bu “fəlsəfənin” birinci dəlili odur ki, “zamana dəyişmişdir, yaxşıyla bərabər pislə də yola getməlisən”. İkincisi odur ki, “həyat mürəkkəbdir, çox dik yerimək olmaz, belələrini həyat sındırar”.
Üçüncüsü: “Maksimum ədalətpərəstlik pis şeydir, bu həqiqətlə həyatda yaşamaq olmaz”.
Dördüncüsü: “İnsan birtərəfi olmamalıdır, gərək başqalarını da duymağı bacarasan”.
Qəribə fəlsəfədir! Həyat mürəkkəbdir, ona görə yarımmərd, yarımkişi, yarımtəmiz, yarımigid ol! Duymağı bacar – yəni yarımdüşmən, yarımdost, yarımməhəbbət, yarımnifrət ol!
Zamana dəyişib, ona görə pisə yaxşı, yaxşıya pis de, hisslərini qəlibə sal, insanlara yarımmünasibət bəslə! Bir sözlə, həqiqəti yarımhəqiqətlə əvəz elə.
Şövkət yarımhəqiqət fəlsəfəsini rədd edir. Şövkətlə müəyyən adamlar arasında uçurum yaranır. Adam düşünür: görəsən, Şövkət böyük həyatda da əsl həqiqətə məhəbbət və yarımhəqiqətə nifrət hissini qoruyub saxlaya biləcəkmi? Görəsən, mübarizlik alovu onun qəlbində həmişə alışacaqmı? Görəsən, mübarizliyin əzabı, çətinliyi, tülkü xislətli yarımdost və yarımdüşmənlərin fəaliyyəti Şövkəti yolundan çəkindirməyəcək ki?
Görəsən, yaşlı Şövkət gənc Şövkətə həmişə oxşayacaqmı? Şövkət həmişə özü olaraq qalsa, o, gözəl bir vətəndaş kimi yetişər, gərəkli bir oğul olar.
Ən çətin anlarında Şövkətin pənah gətirdiyi qüvvə Tahir ruhunun timsalı olan quru budaqdır. Əsərdə nədənsə Tahirin xatirəsi quru budaq rəmzilə səciyyələnir. Biz bunu əsərin başlıca ideya-estetik qüsuru hesab edirik. Bəzən yazıçı təsvirilə tənqidçi təhlili arasında müəyyən fərq, hətta ziddiyyət də olur. Bəlkə də, müəllifin istəyi və tənqidçinin əsər vasitəsilə dediyi fikirlər tamam başqa şeylərdir?
Bəlkə biz əsərdə qəlbimizin həyəcanlandıran, fikrimizi narahat edən cəhətləri, axtardığımızı tapmışıq. Lakin quru budaq rəmzi əsərdə cərəyan edən hadisələrin mənasına heç uyğun deyil.
Quru budaq atılmalı, kəsilməli olan bir şeydir. Mübarizə ruhu ölməz və əbədidir.

***
Burulğan

İnsanın İdeal tapmaq, İdeala tapınmaq haqqı var.
Bu haqq – Əzəli, Zəruri, Daxili haqdır, xəyalda yaranan.
İnsan həyatda arayır İdealı və sarsıntılı həyəcanlar, düşüncələr, tərəddüdlər, ümidlər burulğanına düşür.
Xəyalda görünən İdeala bənzəmir həyatdakı İdeal, mürəkkəb, ziddiyyətli bilinir.
Uzun, çətin yol keçir İnsan İdeala yetməkçün və özü yetkinləşir, ideallaşır bu yolda.
İsa Hüseynovun “İdeal” romanının qəhrəmanı Səməd İdealını gah tapır, gah itirir, keşməkeşli, düyünlü daxili münaqişələrdə İdealını tanıyır.
Kimdir Sultan Əmirli, Səmədin İdeal saydığı insan: polad iradli əqidə fədaisimi, yoxsa səadət qatilimi, xalqsevərmi-mənsəbpərəstmi, xeyirxahmı- bədxahmı?
İkiləşir Səmədin gözündə ideal saydığı: ikiləşdikcə toranlaşır, kölgələşir, heyrət miskinləşir, qürur məyus olur:
“Çox gərgin yaşayırdı…
Yataq otağında “adam kimi” yatdığı gecələrdə rahatlanmayıb, yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin, ətindən ət çəkiblər”.
“Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o gecələrdə necə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan çanağına döndüyünə tamaşa edərdi və təkcə Mirqəzəb kəlməsindən körüyə dönən köksü atlana – atlana əmisinin canındakı alovu öz canında duyardı…”
“Qapıları, pəncərələri taybatay açıq yataq otağında stolüstü lampanın işığında arxası üstə uzanıqlı Gülgəzin elə bil son nəfəsdə iqamətə tikilmiş işgəncəylə dolu gözləri parıldayardı. Balıncın üstündə dağılmış qara hörüklər arasında Sultanın çal tükləri işıldayırdı.
Kişi töyşüyürdü”.
Xalqını inildəyə-inildəyə dəhşətdən qoruyan, əsilli-nəsilli, o taylı-bu taylı fədai özündən 30 yaş kiçik qızı yatağına gətirməyə necə qıyır, gözü gördüyündən necə qəddarcasına göz kirəsi istəyir, vəhşi dərəbəyliyi insafına necə sığışdırır?
“Qurğudur!” – deyirlər, “keflənmişdi” – deyirlər, “ani haldır” – deyirlər, ancaq Gülgəzlər fəlakəti göz önündən çəkilmir, tapdalanmış İnsan haqqı, sevmək, sevilmək, nişanlısına qismət olmaq haqqı göz önündən çəkilmir və Sultan Əmirli – sultanlaşır, qəddarlaşır, qatilləşir, fədailiyilə qatil yanaşı dayanır və fədailik qətl olunur.
“O balıncının üstündə dəbərə qalan, işgəncəylə dolu gözləri, o qara saçların arasında işıldayan çal tükləri xəyalından uzaqlaşdırmağa, eşitdiyi tövşüyü və o sözləri qulağından çıxartmağa çalışdı, mümkün olmadı.
O gözlər daha da böyüdü, dəhşət dünyanı tutdu və Səmədin “qaraçı gözəli”, Gülgəz adında qara tikanlı, gur tikanlı, qara ağaclı, gur ağaclı düynyası ilə birgə Sultan Əmirli adında məhtəşəm dünyası da yoxa çıxdı”.
Yoxa çıxan möhtəşəmlik Səmədin daxilində təzədən var olur, xalqın başının üstünü almış fəlakəti duyduqca, xalqın fəlakətinə qarşı Sultan Əmirli duruşunu duyduqca, böyük əməllər sultanını tanıdıqca Gülgəz fəlakəti kölgələşir, yoxa çıxır.
Xalq fəlakətinin yanında bir Gülgəz fəlakəti nəymiş ki?
Xalqa qıyanlarla ölüm-dirim döyüşünə çıxmışın bir Gülgəzə qıyması nəymiş ki?
Sultan Səmədin qəlbində ideallığını saxlayır, Sultan Səməd və yazıçı hökmündə tam bəraət qazanır, alqışlanır, ülviləşir.
“Əlləz oğlunun qızı da qurban olsun Sultan Əmirliyə, mənim eşqim də qurban olsun Sultan Əmirliyə, özüm də qurban olum Sultan Əmirliyə!” – deyir Səməd. “Atam, Mədədim; o tayım, bu tayım, parçalanmış vətənim. Qurbanın olum, qurbanın olum!” – deyib göz yaşı tökür tabutunun üstündə, “İdealımsan!” – deyir dəfələrlə…
Gülgəz fəlakətini unutmaq istəyirlər.
Unutmaq omaz Gülgəz fəlakətini, bir insanın fəlakətindən başlayır xalq fəlakəti, bir insanın qətlindən başlayır xalq qətli; çünki bir insan miniatürdə xalqdır, hər bir fərd xüsusi, əvəzsiz, xəlqi bir dünyadır; “milyonları səadətə çıxarıram, ona görə yüzlərini qətl eləyirəm!”- fəlsəfəsi görünməmiş fəlakətlər yaratdı, sağalmaz yaralar vurdu bəşərin sinəsinə, Gülgəzə qıyan – xalqına da qıyar, bir dəfə zorakılıq eləyən yüz dəfə də eləyər, İnsan haqqından kənarda Xalq haqqı da yoxdur.
Gülgəz adlı bir dünyanı məhv etdi Sultan və bunu heç bir ülvi niyyətlə doğrultmaq olmaz.
Elə buna görə də təbiiliyilə seçilən yazıçı bu romanında hadisələri öz arxasında “sürüyür”, istəyinə uyğunlaşdırır, yazıçı niyyəti bu əsərdə çox qabarıq aşkara çıxır, hadisə axını “fikir sxeminə” tabeləşdirilir. Romanın gücü – xalq aqibətinə qatil kəsilən amansız, qəddar və pozğun Zorun təsvirində və xalq həyatının Ruhani mənasının təsdiqindədir.
Əsərdə xalqın ömrünə-gününə daraşmış canavar xislətli Zor bütün mənfur möhtəşəmliyiylə, fitnə-fəsad məharətiylə, qəddar qatilliyilə, zülmətiylə, qanlı özünəinamıyla və zəhərli şübhəsiylə, yağılıq həvəsiylə, dağıtmaq eşqiylə, yas nəfəsiylə canlandırılır…
Zorun xalqa gətirdiyi müsibətin sayı-hesabı, həddi-hüdudu varmı?
Vaqona basılıb sürgün edilən yetim – yesir yiyələri.
Başları xurcunda gətirilən fəlakətlilər.
Venasını kəsən qeyrətkeşlər.
Yandırılan binalar, söndürülən ocaqlar.
Pozulan tarix.
Qırılan talelər.
“Ayna bacı yox, Qarışqa qarıdan da quru, ömrü – günü qurtarmış, ağsaçlı bir qarı cəhrə ilə paltar maşınının arasında divara söykənib, oturduğu yerdəcə keçinmiş kimi, heç nəfəs də almırdı…”
“O zərif durna boğazı yoxdur; o zərif çənə, zərif dodaqları da yoxdur, əriyib, itib-batıb, o zərifliklərə bir az xətər gətirən qabarıq alnının altında dərindən baxan gözlər isə elə quyuya düşüb ki, o bir cüt quyudakı qarayanıq dərinin altında göz olduğu da bilinmir”.
“Fəlakət, fəlakət” – deyə ölür Nəcəfoğlu.
“Boğulurlar” xalislər, təmizlər.
Parçalanır, paralanır, qərib düşür müqəddəsatımız.
Məşhər ayağına çəkilir yurdumuz!
Xain üsüllarla:
Axtarılan, tapılan, ixtira edilən, iftira günahlar (“Şah tərəfdarlarından töhfə alırsınız”.)
Axtarılan, taplan, ixtira edilən, iftira “dəlillər” (o taydakı əmirlilərin mülklərini, öz şəkillərini çəkmək!).
Öldürmək məqsədilə “diriltmək”, alçaltmaq məqsədilə “ucaltmaq”, ayağa salmaq məqsədilə “başa çıxarmaq…”
“Məhv etmək istədiyi adamı əvvəlcə qaldırır. Bir tərəfdən ulduz taxır döşünə Sultan əmiyin, yastıq qoyur başının altına, o biri tərəfdən də podpolkovnik Xudiyevi çağırıb zağ-zağ əsdirib hüzurunda: “Dövlət təhlükəsizliyiylə yox, əmir törəmələrinin, şeyx qardaşlarının himayədarlığıyla məşğulsan!” – deyirdi.
“Dişli” İşlər: (“çax-çuxun köməyiylə beş ildə Pers yekə bir “delo” hazırlayıb»).
“Gözlənilməz” Qəzalar: (“Dümdüz yerdəcə maşın aşmışdı”)
“Xəlqi” cəsuslar: “Nəcəf oğlunun bağbanı”.
Gizli canilik: Quyuya tullanmış meyid.
Çapılan ruhaniyyat: Kitab qətli.
Nəslə, kökə qəsd: “Ot bitdi fədai ocağında, ot bitdi!”
Nəyə yağıdır Zor, kimə yağıdır Zor?
İnsan haqqına və xalq haqqına.
Hər bir insana və xalqa…
İnsanın xalqlaşma haqqına…
İnsanı kiçik görmək istəyir Zor, xalqı kiçik görmək istəyir Zor.
Bu səbəbdən də insanın başını kəsir, xalqın dilini kəsmək istəyir.
Baqdayı soldurmaq istəyir.
Ərlərsiz qoymaq istəyir Yurdu, itirmək istəyir Qədimliyimizi, özümüzdən ayırmaq istəyir bizi.
Əzəli ruhani mahiyyətimizdən ayrı salmaq istəyir sabahımızı.
Alabaydaq eləmək istəyir Baydaqlarımızı!
Özü böyük görünmək üçün kiçik görür böyük olanları.
Yerə-göyə sığmayan əzəli mənanı danır!
Baydaqlıq, ərodluq, oddaşlıq siqlətinə yağı kəsilib Zor!
Parçalanan, paralanan qüdrətin təzədən bütövləşmək imkanından qorxur Zor.
Onun böyüklüyü üçün Baydaqlıqdan, Oddaşlıqdan möhtəşəm təhlukə yoxdur.
Zor özündən başqa böyüklük tanımır, görmür, istəmir; tanısa, görsə, istəsə o, Zor olmaz. Ona görə Nəcəfoğulları Qana qəltan eləyirlər, dünyamızı üzümüzə qapıyırlar, Midilərdən yapışırlar, yazılarımızı pozurlar.
Bu səbəbdən də romanda hərarətlə səslənən: “Müqəddəsatımız uğrunda döyüş ideyası”, “Bağday haqqında ruhani bədiyyat” – əsil sözdür, xalis sözdür, gərəkli, idraklı, sabahlı sözdür!
Ancaq düşmən kimidir, Zor kimidir, müsibətlərin səbəbi nədədir, kimdədir?
Yazıçı iki tip cinayətkar, baiskar qrupu tanıyır: Mirqəzəb, Pers, Xudiyev güruhu və Qudalılar tayfası.
Birincinin məqsədi – Pəhləvi hökmranlığına xidmət, ikincinin məqsədi – xalqı çapıb – talamaqdır.
Hər iki məqsəd antixəlqilik yönündə birləşir və bu səbəbdən də yağılar əl –ələ verirlər, fəaliyyətləri bir olur canilərin.
Zənnimcə, romanda Zor nümayəndələrinin tarixi ünvanı düzgün göstərilsə də, Zor fəlakəti bütöv izah olunmur.
Təbiidir ki, dövr, zaman Zora öz hökmünü verəcək və bu hökm, hərtərəfli izah vaxt tələb eləyir.
Bizcə Zorun arxasında tək Pəhləvilik niyyəti yox, ümumən şovnizim deyilən – “böyük xalqların” “kiçik xalqlar” üzərində hökmranlıq meyli durur.
Zənnimcə, Mirqəzəblər tək Pəhləvizmə yox, həm də ümumən şovnizmə xidmət edirdilər və bu xidmətdə canfəşanlıq edirdilər, əldən gedirdilər, özlərinin bugününü və sabahını həmin xidmətdə görürdülər.
Mirqəzəblərdə xəlqi şüur anadangəlmə yox idi, sonradan onun yaranması üçün də mənəvi və maddi zəmin olmamışdı, onlar beynəlmiləlçiliyi antimilliik kimi duymuşdular, bu səbəbdən də millətin ölümünü bəşər üçün itki saymamışdılar, bəşərin gələcəyini şovnizmin qələbəsində görmüşdülər.
Persizm – Mirqəzəblərin çərəziydi, xörək şovnizim idi.
Mirqəzəblərin baxtlarından ölkədə vahimə iqlimi yaranmışdı, xalqı qorxutmaq – prinsip səviyyəsinə qaldırılmışdı və bu prinsip Mirqəzəblər üçün geniş imkan açmışdı, belə bir iqlimdə Mirqəzəblərin cinayətləri mükafatlandırılırdı; Mirqəzəblər yüksəlirdilər bu iqlimdə.
Onu da qeyd edək ki, İsa Hüseynovun əvvəlki əsərlərində bütün dolğunluğuyla təsvir olunan və “İdeal”da gözəlləşdirilən Qılınc Qurbanlar, Sultan Əmirlilər bu iqlimin yaradıcıları idilər və bu səbəbdən də insan haqqını tapdalamaqda onların şəksiz xidmətləri var; “Yanar ürək” romanından imtina etmək mümkün deyil, o, həyatımızın müəyyən dövrü haqqında həqiqi bədii hekayətdir, həmin dövrü ömrümüzdən silə bilmədiyimiz kimi, həmin əsəri də duyğularımızdan, təsəvvürlərimizdən silə bilməyəcəyik.
Əsərin də insan kimi yaşamaq haqqı var və bu haqqı sənətkar özü belə onun əlindən ala bilməz!
…Səmədin qəlbində tüğyan edən burulğan kəsmir.
İnsan haqqı göyündən buludlar əskik olmur.
İnsanın başının üstünü alan təhlükə sovuşmur…

Tarixə çatmaq

ƏNƏLHƏQLİYİMİZ

FATEH ƏMƏLSİZLİYİ

Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yırtıcılıqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanilik yoxdur; Zəbt eləyir dünyanı Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanilik yoxdur; Gücünə baş əydirir Dünyanı – ancaq gücsüzdür, çünki gücündə İnsanilik yoxdur, Dəhşət törədəndir – barsızdır, bəhrəsizdir – dəhşətdə İnsani Əməl bitmir, vəhşi əməlsizlik bitir; zülm yaradır, işgəncə yaradır, qan tökür – Böyüklük yaranmır Yırtıcılıqdan.
Dəhşətli naşılıqdır əslində Teymurlənglik – baş kəsməklə Baş olmurlar; məhəbbətsizlikdə miskinlik var; əzazillik – ruhani zəlillikdir, qan üstündə qurulan nə varsa uçur.
“Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, Toxtamışla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb, Bağdada qədər gedib çıxmış, İldırım Bəyazidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini Zəncanda qoyub Bəyazidin qulağının dibində Ərməndə qışlamağa gəlmişdi”.
Bu qanlı kəhkəşan ən adi Mərhəmin, Mehrin, Sözün, Nəfəsin, Doğmalığın yanında bir heçdir; İnsanilikdən məhrum olan Qüdrət yoxdur; əsl Allahlıq – İnsanilikdir, İlahiliklə döyüş – Həqarətdir; İlahiliyi tapdamaq – Rəzalətdir.
Teymur sərməstdir Zorunda; ayılmayıb, ayılmayacaq Zor meyindən; bu səbəbdən də bilmir Dünyanı, İnsanı, öz dünyəvi əməlsizliyini dərk eləməyib, eləməyəcək: çapacaq atını dörd yana, nəşələnəcək qılıncının Zəhmindən, Bəla gətirəcək Dünyanın başına, qansızlığından həzz alacaq:
“Sayca çox ordu ilə bərabər Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı.
İnsan başından minarələrin, xəndəklərə tökülüb diri-diri basdırılan minlərlə adamın sorağını alan hakimlər Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsiyir”.
Əslində adamlığın ən zəif, ən zəlil məqamıdır – Teymurlənglik; quduzluğun mənəviyyat, iradə, ağıl üzərində qələbəsi, Vicdanın təslimi; mənəvi fərarilikdir əslində fatehlik – cahangirlik vüqarı insaniyyətdən xilas olmaq bədxahlığıdır; Ağalıq – ruhani köləlikdir – Qəddar.
“Diri-diri divarlara hörülən bədənlər”.
“Başlardan təpə”.
“Xəndəklərə tökülən meyitlər”.
“Saysız-hesabsız uşaq əlləri”.
Fateh İradəsi – Ruhsuzdur, Fateh İdrakı – Nursuzdur.
Fateh – İnsan tanımır; itaətçi tanıyır, rəiyyət tanıyır – mütilik üzərində ucalır – alçalır əslində.
Teymurlənglər İnsan tanımırlar, Qılınca tapınırlar; Qılınca tabe edirlər dünyanı, vicdansızlığa əyilirlər.
Qatil özünü qətl eləyir əslində, öz insaniliyini qətlə yetirir – Teymurlənglik – dünyəvi qatillikdir, dünyəvi özünüqətldir.
“Divan tutdum Allahın yolundan azanlara” – deyir Teymur, – özünün insani mahiyyətinə divan tutduğunu demir.
“İnsan zülmə tabedir” – deyir Teymur, – özünün insani mahiyyətinə zülm elədiyini demir.
“Kəllə yığdım başlardan!” – deyir Teymur, – yırtıcılığı başa çıxartdığını demir.
Hakimlik əzəmətindən məmnun olur Teymur, ancaq İnsani ləyaqətdən məhrum olduğunu görmür.
“Minbaşılar ikiqat olur, hökmdar aralanana qədər qədlərini düzəltmədən, hərəkətsiz qalırdılar”.
“Üzüqoylu döşənmiş şəxsi qulları, qaravaşları, kənizləri”.
Həşəmətdə xeyir alçalır, şər yüksəlir, həşəmət ölümlə dostdur – həyatla düşmən; həqarətlə dostdur – ülviyyətlə düşmən.
“Şahın köməyiylə Fəzlullahı tutub Əlincə qənşərində edam etmək, doqquz şəhərdə doqquz ocağı tapıb dağıtmaq, xəlifələrlə müridlərin hamısının boynunu vurub, hürufilərin kökünü kəsməyi əmr etmişdi”.
Teymurlənglikdə Qanla suvarılan, kəsik başlar, meyitlər, zəncir, ah-nalə, fəğan bahasına yaranan yalançı Özünütəsdiq var.
Hərcayi özünütəsdiq üçün İnsanilikdən keçirlər cahangirlər – hər şey olurlar istəklərində, xülyalarında, zaman həddində, heç şey olurlar Həqiqətdə, Əbədiyyətdə.
“O, üçü sağı, üçü solu, üçü arxasınca yeriyən cavan bahadırlarının müşayiəti ilə gəlirdi.
Nəhəng gövdəsi, sağ ayağını çəkib ayağının yanına qoyduqca diksinməyə bənzəyən dingilti əmələ gətirən əzablı yerişi, alov rəngində qısa, sivri saqqalı, qartal burnu və qartal gözləri ilə haman Teymurdu”.
Bu zabitəli əzəmət bütün zahiri təntənəsiylə Füzuli kasıblığının, sufi məsumluğunun yanında bir heçdir əslində, ancaq zəmanə Teymura baş əyir və Teymur zəmanə qiymətini naşıcasına həqiqət sayır.
Teymurləng zəmanə cəhalətindən yaranır və zəmanə cəhalətinə yarayır; o, zəmanə cəhalətindən bəhrələnib, cahangirliyi Allahlıq kimi anlayıb və qılıncıyla, siyasətiylə, məharətiylə bunu dünyaya təlqin eləyib, dünyayla birgə olub Teymur, dünyaya hakim olub, dünyanın fövqündə durmayıb, zamandan kənara çıxmayıb idrakında, inamında, iradəsində, bu səbəbdən də əməlsizliyini görməyib.
“İnsan başından minarələr qurmaq” – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır.
“İnsanı diri-diri torpağa basdırmaq, saman tüstüsündə boğdurmaq» bədəməl olduğu dərəcədə Əməlsizlikdir – yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır. Ləyaqəti tapdamaq – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Sabahsızlıqdır.
“Rumdan qayıdanda o, Bəyazidi dəmir qəfəsdə arabaya qoyub öz yanında aparırmış, gündə bir dəfə atını arabaya yaxın sürüb, qəfəsin dəmirləri arasından onun – Bəyazidin üzünə tüpürürmüş”.
…Teymurləng cahangirliyin insani məğlubiyyət olduğunu bilmirdi; bilsəydi İnsanı tanıyardı, İnsana inanardı – Teymurləng olmazdı.

HÜRUFİ ƏMƏLİ
Nur Əməllidir Hürufilər – İnsaniliyi təsdiq edirlər, İnsandan böyük Tanrı tanımırlar, İnsan üçün özlərindən keçirlər, Dövrdən üstündürlər – bu səbəbdən də haqdırlar, Həqiqətə çatmışlar, məhəbbətli, vəcdli, heyrətlidirlər – Etiqadlı, Mənalı, Mahiyyətlidirlər;
Ruhaniyyatla, Mənəviyyatla məğlub edirlər Yağını, Ülviyyət toxumu səpirlər ömürlərə, Qala tikirlər Etiqaddan, Allah qatili sayırlar cahangirləri, Daxilən İşıqlanırlar – Mənaya çatırlar, Vəhdətə qovuşurlar, İkilikdən ayrılırlar, İlahiliklə birləşirlər – İlahiləşirlər, İnsandan başqa Allah tanımırlar – Allahdan başqa İnsan; – Ocaq qalanır Teymur Qışında – Həmişəlik, «Ənəlhəq» səslənir – ölənlər, itənlər, divara tikilənlər kökündə – Haqq əməli yaranır – İlahi!
“…Biri-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurd-yuvasız, ac-yalavac insan selinə qarışıb, uçuq divarlar mətərəsində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular; qan-qarğış içində dinə, Allaha, Peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə “Ənəlhəqq” qışqıran dəstə-dəstə allahlar yaranmasına səbəb olurdular.
Teymurləngin öldürdüyü dünyanı hürufilər dirildirdi, Teymurləngin ağalığını heç eləyirdi; “Allaha ağalıq eləmək olmaz!” – deyirdi – Teymurləng səlahiyyətini heç eləyirdi; “Qılıncda güc yoxdur!” – deyirdi – Zəmanə Hərcayiliyini heç eləyirdi.
“Qüdrət daxildə bitər – əsrarlı, Göy İnsanın qəlbindədir, böyüklük – batində yetişər” – deyirdi.
“Ruhaniyyatdan məhrum olan İdrak – İdraksızlıqdır, İradə – İradəsizlikdir – deyirdi, İnsansızlıqdan böyük Allahsızlıq yoxdur. İnsan özü xaliqdir, xaliq – zərrələrdən yaranıb”.
“Həqqtəala Adəm oğlu özüdür!” – deyirdi.
Hürufilər İnsan Etiqadı yaratmışdılar, İnsana Etiqad edirdilər, səcdə qılırdılar. Bu misilsiz etiqad idi; – Hürufilərdən başqa heç kəs İnsanı Allah saymayıb – bununla da Fatehliyin əsası darmadağın edilirdi; əgər İnsan Allahdırsa – ona sahib olmaq olmaz, əl qaldırmaq olmaz – bu baxımdan Zorçuluq Günahdır; İnsanilikdən böyük İlahilik yoxsa, deməli, İnsani məziyyətlərdən də böyük Allahlıq yoxdur – məhəbbətdən, ülviyyətdən; – İnsan başı kəsmək Allah başı kəsməkdir, daş-qalaq olunanlar əslində allahlardır; – Fəttahlıq – naşı, qəddar küfrdür.
Bu səbəbdən də Hürufilərin silahı kitab idi. Müqəddəs Kəlam; – ürək adlanan Qeybdən gələn, İnsanın Allahlığı haqqında Təlim, – Vəcddən, Vəhydən süzülən haqq.
“Dünya elmlərinin məcmusundan yaranmış “Cavidannamə” ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan üstün tuturdular” hürufilər.
İnsanı Allah saydıqları dərəcədə Allaha bənzəyirdilər, Allah sifət, Allah qüdrət, Allah mətanət, Allah sədaqət idilər, ilahi qorxmazlıq, doğmalıq, müəllimlik, tələbəlik səviyyəsinə yüksəlmişdilər, vəhdəti-vücuda çatmış, ikiliyi aradan götürmüşdülər, daxilən İşıqlanmış, İşıq olmuşdular.
“Günəştək uca, torpaq kimi zəngin, yeltək azad idilər”.
Sifət adlı Quran yaranmışdı ruhani məlahətdən.
“Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli edirdi.
O məlahəti yaxından gördükdə, Nəsimi hər şeyi unutdu”.
Zor bilmirdilər, həm də Ağrı bilmirdilər.
Silah işlətmirdilər, ancaq hökmlüydülər, daxili – ilahi hökmlə; – özləri özlərini yaratmışdılar – Allah olmuşdular.
Ürəklərdə məskən salmışdılar, “ötəri qayğılardan yüksək və hər şeyin fövqündə” idilər; hikmətlərilə cahangirləri sarsıdırdılar, “doqquz şəhərdə doqquz Həqq ocağı yandırmışdılar”.
“Ulu babaları Zərdüştlə Məzdəkdən, Cavidanla Babək Xürrəmidən, Mənsur Həllacla Əxi Fərruxdan ona – Fəzlullaha keçən ruha” aşiq idilər.
Yun didə-didə, keçəçilik edə-edə sərvət yığıb mədrəsə açanda da, papaq qəlibinə od kimi isti keçə geydirə-geydirə dünyanı götürmüş talançılığın, qan-qırğının və cəmi bəlaların cahillikdən və yalançı etiqaddan törədiyini isbat edirdi Nəimi.
Bənzərsiz imkan idi Hürufilik – İnsanilik, İlahilik İmkanı ən imansız bir dövrdə – bu səbəbdən də Böyük idi…
“Əql və Ehtiras vəhdəti idi”.
Ruhani Söz Qadir idi.
İnsanlara “Həqq sizin varlığınızda əyandır!” – deyirdilər hürufilər.
“Yer üzündə axırıncı Hökmdar qurşağına taxta qılınc bağlayana qədər elm yayılmalıdır” – deyirdilər.
Sözdən İlahi Əməl törəyirdi.
“Fəzl-Həqqin bir səltənəti var – o da cəmi Yer üzünün səltənətidir!” – deyirdilər.
Ruhani irsiyyətə inanırdılar, inandırırdılar.
“Cavidan öldü, Həqiqət Bəybak Xürrəmidə zühur etdi, Bəybak öldü, həqiqət Həllacda zühur elədi; Həllac öldü, həqiqət Əxi Fərruxda zühur etdi” – deyirdilər.
“Vəhdətin minillik yolunda silaha istinad naqislikdir” – deyirdilər.
“Qan tökmək bətninizi dəyişdirər, İnsana etiqadınızı sındırıb, əqidənizi məhv edər, qələbəniz məğlubiyyət olar” – deyirdilər.
“Böyük və əbədi silsiləyə qovuşmaq” diləyirdilər insanlara.
Karvanı idrak yoluyla aparmaq əzmindəydilər.
Cəmi bir ovuc, bir qom insandılar, bütöv xalq, bəşəriyyət idilər əslində; xalqı, bəşəri təmsil eləyirdilər – İnamı, İdrakı, Mənəviyyatı, İradəni, çünki Müqəddəs idilər, Haqqı tapmışdılar, Haqqa tapınmışdılar, bu səbəbdən də bətnə təsir edə bilirdilər.
“Həqq” kəlamı daşı da göyərtməlidir!” – deyirdilər və buna nail olurdular.
“Səmərqənddən Anqaraya qədər, Təbrizdən Bağdada, Hələbə qədər hər yerdə türk, fars, ərəb, əcəm içində əsnafla birgə minlərlə məscid əhli də “lailahəilləllahın inkarına durub”.
“Qalx, ey həq» – deyə yıxılanları qaldırırdılar.
“İnsanın bir Həqqi, qibləsi var, o da insan özüdür” – deyə car çəkirdilər, ilahi mövqeyə yüksəlirdilər.
“Mən elə bir mövqedəyəm ki, o mövqedə nə rəhm diləyərlər, nə də hədələyərlər”. (Nəsiminin Teymurləngə dediyi sözlər).
“Aləm və İnsan birdir!” – deyə hayqırırdılar.
Haqqa qovuşan Kamillər qorxudan azad olmuşdular, «vücudları vəcddən titrəyirdi», özlərinə çatmışdılar.
“Sən insanı cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan, Fəzl isə eşqi ilə, insana ləyaqət və ucalıq bəxş etməklə hökmrandır”. (Nəsiminin Teymurləngə sözü).
Bütöv bir İşıq idilər – Səbatlı, Sabahlı – Zor yaran.
“Dağlardan enən İşıq sahibi-zəman Fəzlin Həqq İşığı idi; bir-birinə qovuşanda, Yer üzündə hökmranlıq iddiasına düşmüş üç cahangirin üçünün də gözünün işığını alırdı”.
Ağac-ağac, hal-hal, ocaq-ocaq artırdılar, yayılırdılar; ürəklərə səpilirdilər, ağıllarda açılırdılar.
“Hürufi ocağı olmayan yer qalmamışdı; məscidlər, minarələr də sanki bəyaz xirqəyə bürünüb, sehrli zəhmlə Fəzlullahın hakimiyyətini təsdiq edirdi”.
Gözlərinə ilahi nur düşmüşdü Mahiyyətdən, qeyri-adilik sirri yaranmışdı Batində, ruhsuza ruh verə bilirdilər “bətni nurlular”, cəmi Yer üzündə Həqq səltənəti qurmaq istəyiylə yaşayırdılar və ölürdülər.
Teymurləng Yer allahı olmaq istəyirdi, hürufilərin Göyü Yer idi – Allahlarla dolu.

AĞLIĞIMIZ

Ağıq Şumer Ağlığıyla, Zərdüşt Ağlığıyla, Babək Ağlığıyla, Qorqud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağlığıyla, Saz Ağlığıyla.
Ağ İşıq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyatlarında, İradələrində Ulularımız, İşıq olmağa çağırmışlar Dünyanı; İşıqdan yoğrulubmuşlar; “İşıq Səltənəti” yaratmaq istəyiylə yaşayırmışlar, Həqiqət İşığına bürünürmüşlər, “Ağ üz”, “Ağ əl” olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar”.
“Hər yerdə inanırmışlar ki, İnsan ərəndən – işıqdan yaranıb; kim safdısa, öləndən sonra Ucaya, Ruha çevrilib, müqəddəs məkanda məskən salır”.
Əminmişlər ki, “Bəşəriyyət Ağ işığın qüdrətini biləndən sonra kamilliyə çatacaq”.
Oddaşlaşırmışlar, odmənləşirmişlər, oddinləşirmişlər.
Ər – İşıq demək imiş Dillərində, Müqəddəs Məna ağacı yetirirmişlər; – əsas olmuşuq, özül olmuşuq, mahiyyət olmuşuq Bəşərə; Bağban olub – İşıq Bağı becərmişik, Zülmət Qovan olmuşuq, Qapı açmışıq Aləmə.
Bilmişik ki, “Əhli-bəşərin bətninə zülmət çökəndə çərxi-fələk tərsinə fırlanır, həqiqət ərşi-əlaya çəkilir, yalan hakim olur Yer üzündə”.
Şumer Ağlığıyla Ağıq – ilk Mədəniyyət, Ruhaniyyat, Bədiiyyat Ağıyla, Zərdüşt Ağıyla Ağıq – Əhrimənə qalib gəlmək İnamıyla, Söz Ağlığı, Fikir Ağlığı, Mənəviyyat Ağlığı, Əməl Ağlığıyla.
Babək Ağlığıyla Ağıq – Yenilməzlik Ağlığıyla.
Qorqud Ağlığıyla Ağıq – Ağsaqqallıq Ağlığıyla.
Nəsimi Ağlığıyla Ağıq – İnsani İlahilik Ağlığıyla.
Füzuli Ağlığıyla Ağıq – İlahi Eşq Ağlığıyla.
Muğam Ağlığıyla Ağıq – Mütləqə Qovuşma Ağlığıyla.
Saz Ağlığıyla Ağıq – İgidliklə Zərifliyin vəhdəti Ağlığıyla.
Bir Dünya Ağlığımız var – Əzəli, Əbədi.

(Təqdim etdi: Nurtəkin Atalı)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.