Nazilə GÜLTAC
Ürəyimdə bir bayraq yellənir
Ürəyimdə bir bayraq yellənir –
rəngi nura boyanıb.
Nurundan dan oyanıb.
Bir mayakdır,
qaranlıqda yol azana.
Ona dayaqdır məhəbbətim,
həqiqətim.
Bir bayraq yellənir ürəyimdə-
düşmən qarşısında
vüqarla yüksələn,
təmiz sevgiyə baş əyən.
Təbriz-Bakı,
Bakı- Təbriz.
Bir ucu torpaqdı,
bir ucu dəniz.
Sağı Araz, solu Araz.
Arzu bəyaz, ümid ayaz.
Xan Araz, suları qan Araz.
Çiliklənmiş istəkləri,
Xəzərdə uyuyan Araz.
Sahillərin həsrətindən
boz qayalar qırış- qırış.
Yamacların üzü- gözü
ağlamaqdan ovulmuş…
Qartalların qıyyasından
dərələrin yuxusu qaçmış.
Bakı- Təbriz,
Təbriz- Bakı.
Biri muğamdı,
B iri bayatı.
TÜRKİYƏM
Mən vurğunam
yovşan qoxulu çöllərin,
Ağrı dağına.
Qara dəniz gözlərim,
Mərmərə baxışlarım.
Eniş- yoxuş yollarda
əbədiyyət karvanna
sarvansan.
Məhmətlərin qanı ilə yoğrulan
alınmaz bir qalasan.
Azərbaycan, Türkiyəm –
ürəyimdə qalasan!